“İstanbul,
Ankara, İzmirdən sonra
Uşak azərbaycanlı tələbələrin
ən çox olduğu
şəhərdir”
Gülnar Məmmədova: “Azərbaycanlılarla
bağlı toplu qurmaq
istəsəm də hələ ki icazə
verilmir”
Xaricdə təhsil
alan gənclərlə bağlı
rubrikamızın budəfəki qonağı Məmmədova
Gülnardır. Gülnar xanım
Türkiyədə ali təhsil alır və
bu ölkədə ictimai
tədbirlərdə kifayət qədər aktivlik
göstərməklə yanaşı, tələbələrimiz
arasında koordinasiya qurması ilə də
seçilir.
Bu aktiv gəncimizlə
olan müsahibəni oxuculara
təqdim edirik.
-Gülnar
xanım, Türkiyədə təhsillə bağlı
çətinlikləriniz olurmu? Ümumiyyətlə,
tələbəlik illəriniz necə keçir?
- Öncə onu bildirim ki, biz xaricdə təhsil alan gənclərə diqqət göstərib mətbuatda yer ayırdığınız üçün sizə və rəhbərliyinizə böyük təşəkkürümü bildirirəm. Təhsillə, dərslərlə bağlı işlər isə qaydasındadır. Hər şey normaldır, oxuyuruq, dərslərə ciddi yanaşırıq, müəllimlərin tapşırıq və tövsiyələrinə də diqqətlə yanaşırıq. Bura Türkiyədir. Burada təhsilə xüsusi önəm verilir. Xaricdən gələn tələbələrin üzərinə isə xüsusi yük düşür. Yəni əgər mən Azərbaycandan bura gəlmişəmsə, təhsilimi uğurla davam etdirməli və ölkəmizi də burada yaxşı istiqamətdə təmsil etməyi bacarmalıyam. Tələbəlik illəri də maraqlı keçir, amma Vətənin yerini heç bir məkan verməz. Təbii ki, bu seçimi etmişiksə, dözməli, bəzi xırda çətinliklərə sinə gəlməli, darıxanda bunun üstündən keçməliyik. Bayramlarda tətillərdə Azərbaycana dönüb bu darıxmaq hissini geridə qoyuruq. Qısası, təhsillə bağlı problemlər yoxdur. Amma bəzən bəzi ictimai işlərlə bağlı çətinliklər olur.
-Nə kimi çətinliklərdir onlar?
- Mən Anadolu Universitetini 2 il
oxudum, bitirdim, indi isə 4 illik Uşak şəhərində olan
Uşak Universitetində
oxuyuram. Burada yeganə çətinliyim
o oldu ki, toplu qurmaq istəsəm
də bəzən süni problemlərlə üzləşirəm. Məsələn rektorluq mənə köməklik edəcəyini
söz versə də imtina edirlər. Onu da vurğulayım
ki, ümumilikdə universitetimiz səviyyəli
təhsil ocağıdır.
2006-cı ildə qurulmuş universitetdir.
Şəhərimiz Türkiyədəki şəhərlər arasında
son 3 ildə güclü
inkişaf edib, öndə gedir. İstanbul,
Ankara, İzmirdən sonra
Uşak azərbaycanlı
tələbələrin ən
çox olduğu şəhərdir. Azərbaycanla yanaşı, türkmən
və özbəklər
də çoxluq təşkil edirlər.
Belə bir inkişaf etmiş şəhərdə
aktiv olmaq vacibdir. Bunun üçün isə dərgilər, topluların olması vacibdir. Hazırda az-çox aktivlik
göstərən tələbəyəm
və söz sahibiyəm. İndi burada
öz toplumu qurub başqan olmaq istəyirəm.
Müəllimlərimiz də aktivliyimi
görürlər və
barəmdə ətraflı
məlumatlıdırlar. İki il öncə
millət vəkilimizlə
burada konfransda aktiv iştirak etdiyimi və ümumilikdə bu kimi işlərdə fəal olduğumu bilirlər, amma ki, bir qədər
soyuq münasibət
var. Xoş sözlər
deyib bildirirlər ki, sənin fikirlərin, ideyan yaxşıdır, amma başqan olaraq söhbət gələndə
buna müsbət yanaşılmır. Bildirilir
ki, hər şeyi sən et, amma başqan
başqası olsun. Amma bütün ideyalarımı
reallaşdırmışam, bu günəcən arzularıma çatmışamsa
niyə də bunu etməyəm. Ola bilər ki,
xanım olduğum üçün və ya başqa məqamlara
görə də mənim topluluq yaratmağım arzuolunan görünmür. Çətinlik yalnız budur.
- Türkiyədə son zamanlar
Azərbaycan üçün
arzuolunmaz bir məqam yenidən gündəmə gəlib-
Ermənistanla sərhədlərin
açılması məsələsi.
Bu məsələ gənclər arasında müzakirə olunurmu?
- Bəli, tələbə olsaq da siyasi prosesləri
burada çox yaxından təqib edirik. Amma hazırda
bizim üzərimizə
düşən iş
təhsildir. Fikirlər haçalanır, müzakirələr olur, hər millətdən olan gənc fərqli düşünür.
Amma onlara izah edəndə ki, bu savaşda,
bu ədavətdə ədalətli tərəf
bizik, hiss olunur ki, gənclər yanlış məlumatlandırıldıqlarının
fərqinə varırlar.
Konkret olaraq sərhədlərlə
bağlı məsələyə
gəldikdə isə
bu təklif dəfələrlə gündəmə
gəlib. Türkiyədə
xeyli sayda erməni ola
bilər, erməni qarışıqlı türklər
ola bilər, amma bu o demək
deyil ki, Türkiyədə ermənilərin
xeyrinə qərarlar olacaq. Əminəm ki, bu dəfə də Ermənistanın arzusu gözündə qalacaq.
- Azərbaycandan ötrü
darıxdığınızı dediniz. Vətənə dönəndə nə kimi işlərlə
məşğul olursunuz?
- Bəli, qürbətdə olanlar gözəl bilirlər ki, burada ən
dadlı yemək, ən xoş gün belə sənin öz ölkəndə olanların
yerini vermir. Darıxırıq, bu da təbiidir. Bəzən azərbaycanlı tələbələrlə bir
yerə toplanıb Vətənin qoxusunu, Azərbaycanın “havasını”
udmağa çalışırıq.
Təbii
ki bu havanı
yalnız öz yerlilərinin söhbətindən,
onların isti münasibətindən hiss edə
bilərsən. Ancaq düşünəndə
ki, uzaq Yeni Zelandiyada və ya Kanadada
azsaylı azərbaycanlı
tələbələr koordinasiya
oluna bilməyəndə
hansı hisslər keçirirlər, Türkiyədəki
çoxsaylı azərbaycanlılarla
bir yerdə olmağın kefini çıxarırsan. Vətənə dönəndə də bir yerdə durmur, tədbirlərə
qatılmağa çalışıram.
Eləcə də Türkiyədə
bir yerdə olduğumuz tələbələrlə
də əlaqə saxlayıb Azərbaycanda görüşürük.
- Artıq Türkiyədə
ali təhsil
aldığın ikinci
universitetdir. Başqa bir ölkədə
təhsil sənə nə verir?
- Türkiyədə
təhsil mənə çox şey verdi. Daha doğrusu,
hələ ki verməkdə davam edir. Sərbəst həyata atılırıq.
Çətinliklərlə üz-üzə qalanda valideyn qayğısına yox, öz gücümüzə
arxayın oluruq.
Yeni-yeni biliklər əldə edirik. Fərqli təhsil sistemi
ilə rastlaşırıq.
Başqa
bir mədəniyyət,
mentalitet ilə bir yerdə yaşayırıq. Bütün bunlar
həyat təcrübəsidir.
Gənc yaşlarından bunların
içində olmaq çox gözəldir.
Təsəvvür edin
ki, bizim xaricdə təhsil alan gənclərlə
bağlı siyasətimiz
passiv olsaydı, tələbələrimiz, gənclərimiz
nə qədər itirərdilər.
- Yəqin ki, Azərbaycana qayıdandan sonra da aktivliyini saxlayacaqsan...
- Bu suala belə cavab verərdim ki, əvvəllər bizdə
xanımın aktivliyi
bir qədər problemli idi. İndi şükürlər olsun
ki, cəmiyyətimiz xeyli inkişaf edib. Ali təhsilini
bitirən xanımı
mütləq ailə həyatı gözləyirdi
ki bu da
yaşın ötməməsi
ilə bağlı idi. Ailə həyatı başlayanda
isə müxtəlif
çətinliklər və
problemlər meydana gəlirdi. Bu mental dəyərlərlə də
bağlı olurdu, süni şəkildə də yaranırdı.
İndi isə hər şey fərqli istiqamətdə və müsbət yöndə gedir. Düşünürəm ki, mən də karyeramı bəzi məqamlara qurban verməyəcəm.
Vətəndə çox işlər
görmək istəyirəm.
Qazandığım təcrübəmi ölkəmizdə tətbiq
edəcəyəm. Uğur formulunun
sirlərini özümdə
saxlamayıb, gənclərlə
paylaşacağam. Amma başqa
bir ölkədə də gələcək planlarını qurmaq daha yaxşı olardı. Təsəvvür edin ki, elə Türkiyənin özündə dediyim kimi topluluq qurub
bütün Uşakda
olan tələbələrimizi
vahid mərkəzdə
birləşdiririk. Bunun nə
böyük güc olduğunu dil ilə demək mümkün deyil. Hər şey birliyə bağlıdır. Birlikdə
hərəkət edirsənsə,
sən gücsən!
- Sonda bizə sözünüz və ya doğmalarınıza çatdırmaq istədiyiniz
fikirlər varmı?
- Anamla danışıram. Doğmalarımla əlaqələrim kəsilmir. Amma əzizlərimizə mətbuat vasitəsilə fikirlərimizi, təşəkkür və salamlarımızı çatdıranda bunun ayrı dəyəri olur. Anam əminəm ki baxıb fərəhlənir. Sizə də sözüm odur ki, daim belə öndə gedəsiniz və sizə dövlət maraqlarına xidmət edən bir mətbu orqanı olaraq yalnız nailiyyətlər diləyirəm. Böyük bir media holdinqi olmağınızı arzu edirəm. Xaricdə təhsil alan gəncləri önə çəkmək sizin işinizə nə dərəcədə peşəkar yanaşmağınızdan xəbər verir. Bütün digər sahələrdə hər kəs yazır, maraqlanır. Bu işlərə isə siz baş vurmaqla böyük işlər görürsünüz. Bir daha təşəkkür edirəm!
Tural Tağıyev
Palitra.-2014.-27 noyabr.-S.7.