Uşaq və yeniyetmə güləşçilərin inkişaf proqramı təsdiqlənib

 

Gənc güləşçilərin yığma komandalara cəlb olunması, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilməsi onların fiziki-mənəvi inkişafı baxımından əhəmiyyətlidir

 

Ölkə daxilində idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub. Yəni, bu gün idman sahəsində böyük yeniyetmə və gənclər ordusu cəmləşib ki, bu, dövlətin həyata keçirdiyi idman siyasətinin ana xəttini təşkil edir.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri olan İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək, fiziki-mənəvi baxımdan sağlam yetişdirmək çox mühüm yer tutur. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən idman siyasəti həm ölkəmizin idman ölkəsi kimi tanınmasını təmin edib, həm də ölkədə idman ətrafında böyük gənclik ordusu toplayıb. Bu məsələdə bölgələrdə inşa edilərək yerli sakinlərin istifadəsinə verilən müasir Olimpiya Kompleksləri böyük rol oynayır. Dünyada az belə ölkə tapıla bilər ki, qısa müddət ərzində demək olar ki, bütün bölgələrini müasir idman qurğuları ilə təmin edə bilsin. Azərbaycada dövlət başçısının həyata keçirdiyi siyasətin əsas özəlliklərindən biriondan ibarətdir ki, müasir idman qurğuları inşa edilərkən kompleks şəkildə işlər həyata keçirilərək müasir infrastruktur yaradılır. Bu amillər isə yeniyetmə və gəncləri idmana istiqamətləndirir. Layihə çərçivəsində təqdim edəcəyimiz yazıda bu siyasət nəticəsində gənclərin idmana, o cümlədən güləşə axınına toxunacağıq.

 

"Gələcəyin Olimpiyaçıları" yeni istedadlar üzə çıxaracaq

 

Ölkədə idmana göstərilən diqqət və qayğı bu sahəyə gənc nəslin böyük axınını təmin edib. Bu sahədə güləş idmanı çox seçilir. Güləş Federasiyasının proqram əsasında həyata keçirdiyi aşağı yaş qrupları üzrə yeni nəsil güləşçilərin formalaşmasını təmin edib. Yeniyetmə güləşçilərin idmana, güləşə cəlb edilməsi onların fiziki-mənəvi inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Güləş Federasiyasında yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçiləri ilə keçirilən görüşdə də bu məqamlara diqqət yetirilib. Görüşdə cari ilin ötən ayları ərzində qazanılan nailiyyətləri təhlil edilib, yığma komandaların hazırkı vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb, məşqçilərin fəaliyyəti qiymətləndirilib. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov kiçik yaşlılar arasında perspektivli güləşçilərin diqqətdə saxlanmasının vacibliyini bildirib.

Görüşdə qeyd edilib ki, il ərzində qazanılan nailiyyətlər nə idmançılarımızda, nə də məşqçilərimizdə durğunluğa səbəb olmamalıdır. Bu nailiyyətlərin davamlı olması üçün maksimum çalışmaq lazımdır. Xüsusilə ehtiyat qüvvələrin aşkarlanması və diqqətdə saxlanılması vacib məsələdir.

Bildirilib ki, federasiyanın rəhbərliyi kiçik yaşlı uşaqların hazırlığına xüsusi diqqət yetirir. Məhz bu məqsədlə federasiyanın prezidenti Fazil Məmmədov tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və uğurla icra edilir. Perspektivli güləşçilərin yığma komandalara cəlb olunması, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilməsi onların fiziki-mənəvi inkişafı baxımından əhəmiyyət kəsb edir. Bu işlər fasiləsiz davam etdirilməlidir. Görüşün yekunu olaraq yığma komandalara ehtiyat qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması məqsədilə federasiya rəsmilərindən və məşqçilərdən ibarət nümayəndə heyətinin bölgələrə səfərləri qərara alınıb. Uşaq və yeniyetimələrin güləşə cəlb olunmasında müxtəlif turnirlərin keçirilməsi əhəmiyyətli rol oynayır. Həmin turnirlərdən biri bu yaxınlarda start götürəcək. Hövsan Olimpiya İdman Kompleksində kiçik yaşlı yeniyetmələr arasında baş tutacaq "Gələcəyin Olimpiyaçıları" açıq respublika turniri yeni istedadların üzə çıxarılmasını təmin edəcək. Turnirin məqsədi ölkəmizdə sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən, həmçinin xarici ölkələrin və MDB ölkələrinin idmançıları ilə dostluq əlaqələrini möhkəmlətməkdən ibarətdir. Yarışlarda müxtəlif çəki dərəcələrində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr iştirak edə bilər. 2002-ci il təvəllüdlü idmançılar valideynlərin razılığı və həkim arayışı ilə yarışa buraxılır. Turnirdə rəqabəti artırmaq məqsədilə Türkiyə, İran, Ukrayna, Qazaxıstan, RusiyaGürcüstan komandalarının iştirakı nəzərdə tutulub. Yarışın hazırlanmasına və keçirilməsinə Azərbaycan Güləş Federasiyası rəhbərlik edir. Yarış Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyasının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək. Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medalpul mükafatı ilə təltif ediləcək.

 

Yeniyetmələr üçün daha bir şans

 

2014-cü ilin təqvim planına əsasən, oktyabrın 27-29-da Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq respublika turniri keçiriləcək. Oktyabrın 12-dək turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona yarışlarına start verilir. Yarışın keçirilməsi həm də 2015-ci ildə keçiriləcək yeniyetmələrin AvropaDünya çempionatlarına hazırlıq məqsədi daşıyır. 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri tərəfindən keçiriləcək. 2000-ci il təvəllüdlü idmançılar bu dəfə də valideynlərin razılığı və həkim arayışı ilə yarışlarda iştirak edə biləcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. 3 saylı nümayəndəliyin seçim yarışları Qobustanda, 2 saylı nümayəndəliyin seçim yarışları Sumqayıtda təşkil olunacaq. Oktyabrın 11-12-də 4, 6 və 7 saylı nümayəndəliklərin seçim yarışları baş tutacaq, yarışlar müvafiq olaraq Sabirabad, Şəki və Şəmkirdə keçiriləcək. 1 saylı nümayəndəliyin seçim xarakterli Bakı çempionatında isə, oktyabrın 8-9-da sərbəst, 10-11-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə açıq respublika turnirində iştirak hüququ əldə edəcəklər. Göründüyü kimi turnirlərdə iştirak edəcək güləşçilərin əksəriyyəti yeniyetmələrdir. Bu turnirlərin Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə edilməsində hakimlərin təlimatlandırılması məqsədilə Olimpiya Güləş Mərkəzində milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib. Seminarda Dünya Güləş Birliyinin yeni təlimatları və qaydaları barədə hakimlər məlumatlandırılıb, Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Dünya çempionatından videogörüntülər izlədilərək qaydalar izah edilib. Mübahisəli məqamlar monitorda göstərilərək müzakirə edilib. Seminar zamanı, bir neçə ay əvvəl III dərəcəli beynəlxalq hakim almaq üçün imtahandan keçmiş 5 nəfər milli dərəcəli hakimə Dünya Güləş Birliyinin lisenziya vəsiqələri hədiyyə edilib. Qeyd edək ki, bu sahənin inkişafını təsdiqləyən faktlardan biriÇinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi uğurlu nəticədir. Yeniyetmə güləşçilərimiz inamlı mübarizə apararaq Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etdilər. Qazanılan bu uğur ölkəmizdə idmana, xüsusilə güləş idman növünə ən yüksək səviyyədə diqqətin və qayğının bariz nümunəsidir. Güləş yarışlarının ilk günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov finala qədər inamla irəliləyib. Finalda rəqibindən üstün olan İslambek Dadov qızıl medal qazanıb və Olimpiya çempionu olub. Cabbar Nəcəfov isə gümüş medala layiq görülüb. Yeniyetmə qızların mübarizəsində təmsilçimiz Leyla Qurbanova finala qədər inamla güləşib. Ancaq final görüşündə Yaponiyadan olan rəqibinə uduzub, Olimpiya Oyunlarını ikinci sırada tamamladı və gümüş medala layiq görülüb. Yeniyetmə güləşçilərimizin Olimpiya Oyunlarında qazandığı bu nailiyyət, bütövlükdə Azərbaycan Güləş Federasiyasının sistemlidüzgün istiqamətli fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunun göstəricisidir.

 

Anar Miriyev

 

Palitra. - 2014.- 1 oktyabr.- S. 11.