Asif Səlimov: “Avropa Oyunları gəncliyin ölkəni təbliğ etməsi üçün bir fürsətdir”

 

“Azərbaycanda beynəlxalq tədbirlərin sayı olduqca artıb və bu işdə könüllü gənclərin töhfəsi böyükdür

 

Son bir neçə ildə Azərbaycanda aparılan gənclər siyasəti öz nəticələrini verməkdədir. Artıq xeyli sayda perspektivli kadr kimi formalaşan gənclərimiz var ki, onlar ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Belə gənclərdən biriAsif Səlimovdur. Bu aktiv, savadlı və bacarıqlı gənclə müsahibəni oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz.

- Mən - Səlimov Asif Sahib oğlu 1993-cü ilin fevral ayının 25-də Bakı şəhərində anadan olmuşam. 2011-ci ilədək Cəmil Niftəliyev adına 233 saylı orta məktəbdə orta təhsilimi almışam və məktəbdə ictimai tədbirlərdə aktiv olmuşam. 2011-ci ildə bu orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil oldum.

-Orta məktəbdə aktiv şagird olduğunuzu dediniz. Ali məktəbə qəbul olduqdan sonra necə, ictimai tədbirlərdə aktiv oldunuzmu?

-10-cu sinifdən ictimai fəaliyyətə maraqlı olmuşam və həmin ildən “İrəli” İctimai Birliyinə üzv olaraq müxtəlif layihələrin iştirakçısı və rəhbəri oldum. Universitetə daxil olandan sonra isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) fakültəmiz üzrə sədri, İrəli İctimai Birliyinin Bakı Dövlət Universiteti üzrə nümayəndəsi olmuşam və YAP Gənclər birliyinin fəalı olmuşam. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 4 qrant müsabiqəsinin qalibi olmuşam. Litva, Latviya, Türkiyə, Gürcüstan, NorveçÇexiyada beynəlxalq layihələrdə Azərbaycanı təmsil etmişəm. Prezident seçkiləri ərəfəsində cənab Prezidentimiz İlham Əliyevə dəstək kampaniyaları olan “Mənim Prezidentim” və “Səs ver” kampaniyalarının koordinatoru olmuşam. Ümumilikdə isə 12 beynəlxalq, 100-ə yaxın yerli layihənin iştirakçısı və 25 layihənin rəhbəri olmuşam. 2013-cü ilin may ayının 10-daYeni Nəsil” Gənclərin İctimai Birliyini təsis etmişik və hazırda həmin təşkilatın sədriyəm.

-YAP Gənclər birliyinin fəalı olmusunuz dediniz. Hakim partiya son illərdə gənclər siyasətində xeyli uğurlar əldə edib. Partiyanın gəncləşmə siyasətini necə xarakterizə edərdiniz?

-Bəli fəal olmuşam və hazırda da Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bildirmək istəyirəm ki, YAP-ın son illərdə gənclərə olan diqqət və qayğısı birmənalı olaraq Prezident İlham Əliyevin adı ilə bağlıdır. Mənim üçün bu təşkilat adi bir gənclər birliyi deyil, fikrimcə, YAP Gənclər birliyi ümummilli lider Heydər Əliyev irsinin gənclər tərəfindən qorunub saxlanması və gələcək nəsillərə uğurla ötürülməsi deməkdir. Eyni zamanda YAP Gənclər birliyinin sədri Seymur Orucovun da təşkilatın aktivliyi uğrunda rolu böyükdür. Hörmətli sədrin və ümumilikdə təşkilat aktivlərinin səyi nəticəsində YAP Gənclər birliyi hazırda yalnız Azərbaycanda deyil, bütün regionda ən böyük gənclər birliyinə çevrilməkdə, sevilməkdədir.

-Bəs ümumilikdə Azərbaycan gəncliyinin hazırkı durumunu necə dəyərləndirərdiniz?

-Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 26 iyul 1994-cü il tarixli fərmanı ilə yaradılan Gənclər , İdmanTurizm Nazirliyi yarandığı dövrdən gənclərin sosial təşəbbüslərinin reallaşmasına və ictimai fəaliyyətinin artırılmasına xidmət etməkdədir. Bununla yanaşı, 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanı kimi fəaliyyətə başlayıb. Prezidentimiz İlham Əliyev gənclərin hər zaman yanında olub və gəncləri dəstəkləyib. Bunun bariz nümunəsidir ki, hörmətli Prezidentimizin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yarandı. Gənclər üçün fondun yaradılmasını Azərbaycan gəncliyinə verilən böyük töhfə adlandırmaq olar. Onu da deyim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaranmasında məqsədi gənclərin dövlətə və cəmiyyətə əhəmiyyət kəsb edən layihələrinin dəstəklənməsi, gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanması və həyata keçirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin dəstəklənməsi, gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətinin və ictimai təşəbbüskarlığın dəstəklənməsidir. Prezident yanında Gənclər Fondunun yaranması ilə gənclər müxtəlif ideyalarını reallaşdırmağa, beynəlxalq tədbirlərdə dövlət hesabına iştirak etməyə və təşkilatlanmağa nail oldular. Bunları nəzərə alaraq deyə bilərəm ki, yaxın illər ərzində Azərbaycan gəncliyinin dünya ölkələri ilə müqayisədə özünəməxsus şəkildə inkişafı göz qabağındadır.

-Son illərdə ölkəmizdə beynəlxalq tədbirlərin sayı artıb. Belə tədbirlərdə daha çox gənclər töhfə verirlər. Gələn il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında gənclərimizin hansı rolu ola bilər?

-Həqiqətən də vurğuladığınız kimi, Azərbaycanda son illərdə beynəlxalq tədbirlərin sayı olduqca artıb və bu işdə könüllü gənclərin töhfəsi böyükdür. “Bakı 2015” Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Bubu tip beynəlxalq yarışların və tədbirlərin Azərbaycanda keçirilməsi dünyada yalnız idmançı və bacarıqlı gənclərimizi deyil, ən əsası odlar yurdu Azərbaycanımızı tanıdır. Fikrimcə, “Bakı 2015” Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də Azərbaycan gəncliyinin dövlətimizi dünyaya lazımi şəkildə tanıtması üçün verilən bir fürsətdir. Biz bu fürsətdən maksimum dərəcədə yararlanmalı və ölkəmizə qonaq gələn insanları Dağlıq Qarabağ, ölkəmizin zəngin mədəniyyəti, musiqisi, mətbəxi, böyük şəxsiyyətləri və liderli haqqında daha çox məlumatlandırmalıyıq. Qısası, gənclərimizi belə tədbirlərdə aktiv olmağa çağırıram və ümumilikdə onlara daim dövlətimiz və cəmiyyətimiz üçün yararlı işlər görməyi, ölkəmizin adına ziyan gətirəcək əməllərdən uzaq olmağı, ictimai fəaliyyətlə məşğul olmaqla özünü inkişaf etdirməyi və Azərbaycan gəncliyinə göstərilən etimadı doğrultmağı məsləhət görürəm.

-Hər bir gənc gələcəklə bağlı müəyyən planlar qurur. Gələcək planlarınız barədə də söz açardınız.

-İctimai fəaliyyətə başladığım vaxtdan tək amalım dövlətimiz və cəmiyyətimiz üçün yararlı işlər görmək və müsbət keyfiyyətlərimlə seçilmək olub. Düşünürəm ki, 6 illik fəaliyyətim bu istiqamətdə mənim başlanğıc mərhələmdir. Gələcək üçün isə fəaliyyətimdə tutduğum postdan asılı olmayaraq planlarım dəyişməzdir: ümummilli lider Heydər Əliyev irsini qorumaq, Azərbaycan gəncliyinə olan diqqət və qayğıdan maksimum dərəcədə istifadə edərək inkişaf etmək və Azərbaycan gəncliyinin dünyaya nümunə gənclik olaraq inkişaf etdirilməsində iştirak etməkdir. Sonda şəxsən sizə və eyni zamanda bütünPalitra” qəzetinin kollektivinə təşəkkürümü bildirirəm. “Palitra” qəzetinin gənclərlə maraqlanması və onlara diqqət göstərməsi çox sevindirici haldır. Bütün kollektivinizə işinizdə böyük nailiyyətlər arzu edirəm.

 

Tural Tağıyev

 

Palitra. - 2014.-  2 oktyabr.- S. 6.