Uşaqlar vətənpərvərlik
ruhunda tərbiyə almalıdır
“Bu gün
dünyada qloballaşma
prosesi gedir. Bunun həm
mənfi, həm müsbət tərəfi
var. Mən çox istəyirəm ki, uşaqlarımız məhz
milli ruhda böyüsünlər, Vətənə,
xalqa bağlı olsunlar. Öz milli ənənələrinə
sadiq və dəyərli vətəndaş
olsunlar”
Qloballaşmanın geniş vüsət aldığı müasir
dövrdə milli-mənəvi
dəyərlər sisteminin
qorunması, gənc nəslə aşılanması
çox böyük əhəmiyyət kəsb
edir. Müasir cəmiyyətin, dövlətin inkişafını
yenliklərdən kənarda
təsəvvür etmək
mümkün deyil.
Elm-mədəniyyət, təhsil, sosial və digər sahələrdə tədbirlərin
görülməsi ilk növbədə
durmalıdır ki, xalqın mənəvi və mədəni dəyərləri sarsılmalara
məruz qalmadan qloballaşmanın gətirdiyi
sürprizlərə qarşı
müqavimət göstərərək
özünü qoruya
bilsin. Elə bir texnologiya
dövründə yaşayırıq
ki, istəsək də, istəməsək
də, qloballaşmanın,
yəni dünyada gedən proseslərin tərkib hissəsi olmalıyıq və oluruq da.
Bunun müsbət tərəfləri
ilə yanaşı bir çox mənfi cəhətləri
də var ki, onlardan özümüzü,
əsasən də gənc nəsli qorumalıyıq. Müasir dövrdə uşaq
və yeniyetmələrin
milli ruhda tərbiyəsi, fiziki-mənəvi
inkişafı çox
aktualdır. Bu gün respublikamızda milli-mənəvi dəyərlərin
qorunması və təbliği istiqamətində
bir çox işlər görülür.
Qədim
tarixə malik olan Azərbaycan xalqının çox zəngin mədəni dəyərləri var və bizim xalqın
bütün dövrlərdə
milli kimliyini qoruması məhz bu milli-mənəvi, mədəni dəyərlərimiz
sayəsində mümkün
olub. Bu gün
həmin dəyərləri
təbliğ edib gənc nəslə aşılamaq bəlkə
də heç vaxt indiki qədər
vacib və aktual olmayıb. Bu məsələdə məktəblərin
üzərinə çox
iş düşür.
Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda uşaq-yeniyetmələrin
fiziki-mənəvi inkişafında
məktəblərin üzərinə
düşən vəzifələrə
toxunacağıq. Qeyd edək
ki, son illərdə dövlət başçısının
rəhbərliyi altında
ölkədə həyata
keçirilən təhsil
islahatları uğurla
davam etdirilir. Müasir dünyada təhsil hər bir ölkədə
inkişaf konsepsiyasının
mühüm tərkib
hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə
təhsilin inkişafı
ilə bağlı həyata keçirilən
tədbirlər deməyə
əsas verir ki, Azərbaycan öz gələcəyini
daha etibarlı və inamlı görmək istəyir.
Son illərdə dövlət başçısının
ölkədə məktəblərin
maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun
olaraq yüzlərlə
məktəb binası
tikilib və ya təmir olunub.
Təhsil ocaqlarının kompüter texnologiyaları
ilə təchiz olunması ilə bağlı sərəncam
və tapşırıqlara
uyğun olaraq ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları
ilə təminatı
gücləndirilib. Ucqar bölgələrdə
müəllim çatışmazlığını
aradan qaldırmaqla bağlı hökumət
müvafiq proqram qəbul edib. Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr
dövlət səviyyəsində
icra olunan fəaliyyət proqramına
güclü dəstək
verib. Fondun “Yeniləşən Azərbaycana
yeni məktəb” və “Təhsilə dəstək” layihələri
çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam
etdirilir.
Ailələrdə və
məktəblərdə tərbiyə
düzgün aparılmalıdır
Prezident Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın açılışında qeyd edib ki, təhsil prosesinin keyfiyyəti çox önəmlidir: “Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir. Bu gün bizim gözəl ölkəmizdə - sürətlə inkişaf edən ölkədə hər bir vətəndaş üçün bütün imkanlar var. Çünki ölkəmizin dinamik inkişafı, yeni iş yerlərinin, yeni istehsalat sahələrinin açılması əlbəttə ki, hər kəs üçün imkan yaradır. O insanlar ki, böyük biliklərə malikdirlər, onlar həyatda öz layiqli yerini tuta bilərlər. Ona görə, yaxşı oxumaq həm ölkənin gələcəyinə verilən töhfədir, eyni zamanda, hər bir insan üçün önəmlidir. Yaxşı bilikli insan həyatda yaxşı iş də tapa, yaxşı dolanışıq da qura bilər, həm də öz ölkəsinə, xalqına daha da böyük xidmət göstərmiş olar. Ona görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir. Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər”. Dövlət başçısı bildirib ki, uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar: “Bizim gənclərimiz müstəqillik illərində formalaşır. Müstəqilliyin üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı, dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik bizim ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Əlbəttə ki, ölkəmizin uğurlu gələcəyi cəmiyyətin intellektual potensialından asılıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, məhz o ölkələrdə ki təhsilə, elmə, texniki tərəqqiyə diqqət verilir, o ölkələr inkişaf edir. Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz və bu gün dövlətimizin inkişafında öz rolunu oynayan gözəl gənclərimiz var. Bizim gənclərimiz, dediyim kimi, vətənpərvər olmalıdırlar və milli ruhda tərbiyə almalıdırlar. Bu gün dünyada qloballaşma prosesi gedir. Bunun həm mənfi, həm müsbət tərəfi vardır. Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu prinsipləri rəhbər tutacaq”.
Mənəvi-əxlaqi tərbiyə uşaq
vaxtından başlayıb ömrün sonuna qədər davam etməlidir
AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Əli Nuriyev hesab edir ki, mənəvi-əxlaqi keyfiyyətləri qoruyub saxlamaq və inkişaf etdirmək üçün bütün dünyəvi və milli mənəvi-əxlaqi keyfiyyətləri öyrədən və təbliğ edən tərbiyə üslubu formalaşdırılmalıdır. Elmi, əqli tərbiyə kimi mənəvi-əxlaqi tərbiyə də uşaq vaxtından başlayıb ömrün sonuna qədər davam etməlidir: «Çünki həyat göstərir ki, bütün ən yaxşı insani keyfiyyətlər qismən nəslən keçsə də əsasən təhsilin və tərbiyənin, xüsusilə əmək tərbiyəsinin məhsulu kimi meydana gəlir. Tərbiyə zamanı ümumbəşəri dəyərlərin dünya xalqları tərəfindən qəbul olunmuş, tarixin sınaqlarından keçmiş və sağlam ruhlu şəxsiyyətin formalaşmasına müsbət təsir edən, eyni zamanda bizim milli-mənəvi dəyərlərlə ziddiyət təşkil etməyən formalarını təbliğ etmək xüsusilə vacibdir. Eyni zamanda bizim milli-əxlaqi dəyərlərimiz geniş təbliğ edilməlidir. Tərbiyənin tarixin sınaqlarından keçmiş köhnə və yeni üsullarını birləşdirmək vacibdir. Belə bir mövqe insanlara aşılanmalıdır ki, insanlığın əsas göstəricisi insanın əməlləridir, cəmiyyətə göstərdiyi xeyirxah xidmətlərin məcmuudur». Ə. Nuriyev bildirir ki, mənəvi-əxlaqi keyfiyyətlərin formalaşmasında tarixən ailə, ailə tərbiyəsi mühüm rol oynayıb: «Sağlam ailə sağlam cəmiyyətin, möhkəm dövlətin əsas dayaqlarından biri, bəlkə də birincisidir. Demokratik cəmiyyətdə insanlara qanun çərçivəsində həyat və fəaliyyət azadlığı verildiyindən insanın Vətənə, torpağa bağlılıq, insanlığa, milliliyə, böyüyə, kiçiyə hörmət ruhunda ailə tərbiyəsinə ehtiyac artır. Uşaqlar birinci növbədə Vətənə və anaya hörmət ruhunda tərbiyə olunmalıdır. Bu hörmət birinci növbədə valideynlərin özlərinin qarşılıqlı münasibətindən asılıdır. Uşaq atasının böyüklüyünü, ailənin başçısı olduğunu anasının ona münasibətində, ona qayğıkeş xidmətində, anasının böyüklüyünü və əzizliyini atasının ona qayğısında, məhəbbət və nəvazişində görməlidir». Onun sözlərinə görə, yeni nəslin tərbiyəsində, milli mənəvi-əxlaqi keyfiyyətlərin qorunub saxlanması və inkişafının ən mühüm vasitəsi təhsildir: «Təhsilin ümumiliyinə fikir verilməli, təhsilin və tərbiyənin qarşısına aydın məqsəd qoyulmalıdır. Çalışmaq lazımdır ki, heç kim təhsildən kənarda qalmasın, məktəbdə təhsil və tərbiyə əlaqələndirilsin. Müəllim tərbiyə etmirsə onun təhsildə rolu azalır. Təhsildə Azərbaycan dilinin tədrisinə, öyrənilməsinə xüsusi diqqət verilməlidir. Bu məsələ xarici dillərdə təhsil alan orta məktəb şagirdləri üçün xüsusilə vacibdir. Gənclərimizdə alimlərə, müəllimlərə, ziyalılara, elmimizə, təhsilimizə hörmət hissi təbliğ etməliyik. Eyni zamanda təhsil müəssisələrinin ən yaxşı insani keyfiyyətlərini özündə birləşdirən müəllimlərlə təmin olunmasına çalışmalıyıq. Yaxşı şagird, mütəxəssis, vətəndaş yetişdirmək üçün əvvəlcə yaxşı valideyn və müəllim yetişdirmək vacibdir. Müəllim bilikli, yüksək əxlaqi keyfiyyətli və obyektiv olmaqla yüksək insani keyfiyyətləri öz yetişdirmələrinə aşılaya bilər”.
Anar Miriyev
Palitra. -
2014.- 2 oktyabr.- S. 11.