Cənubi Koreya ilə
təhsil sahəsində əməkdaşlıq genişlənir
Dünyaya inteqrasiya yolunu tutan, qloballaşma və texnologiya, tərəqqi əsrinin tələblərinə cavab verməyə çalışan Naxçıvan Dövlət Universitetində son iyirmi ildə, tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən, “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi də Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olmaqla bu sahədə atılan mühüm addımdır. 2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetinə ezam olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun iştirakı ilə sistemin təqdimatı keçirilib, müzakirələr aparılıb, yerli mütəxəssislər məlumatlandırılıb. 2013-2015-ci illəri əhatə edəcək layihənin həyata keçirilməsinə KOICA tərəfindən 3 500 000 ABŞ dolları həcmində vəsait ayrılıb. Layihə çərçivəsində universitet rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd proqramı təşkil edilib. May ayında universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surənin rəhbərliyi ilə bir qrup nümayəndə on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunub, layihə ilə bağlı təlim keçiblər. Bu günlərdə isə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun rəhbərliyi ilə nümayəndə heyəti Cənubi Koreyada olub.
Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev, beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov, Həmkarlar İttifaqı Komitəsinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov, Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimovun iştirak etdiyi səfərdə məqsəd Naxçıvan Dövlət Universitetinin Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı bilikləri möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış olmaq və ölkələrarası əməkdaşlığa töhfə verməkdən ibarətdir. Bir həftəlik səfər çərçivəsində KOICA-nın baş ofisində rəsmi qəbul zamanı Cənubi Koreya və “KOICA” ilə bağlı təqdimat keçirilib. Qeyd etmək yerinə düşər ki, KOICA-nın tərəfdaşlıq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur. Bu şirkət Azərbaycanda da qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirməkdədir. Azərbaycan Texniki Universitetində həyata keçirilən, informasiya texnologiyaları ilə bağlı layihə təhsil sahəsindəki uğurlu layihələrdəndir. Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Azərbaycanda milli təhsilin inkişafı, müasir texnologiyaların tədrisdə və təhsildə tətbiqi əsas strateji sahə hesab olunur, dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Rektor xatırladıb ki, adıçəkilən layihə universitetdə uğurla yekunlaşmaq üzrədir. Hazırda Naxçıvana ezam olunan koreyalı mütəxəssislər portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, elektron təlim sistemi üçün kontentlərin hazırlanması ilə məşğuldurlar.
Təhsil İnformasiya Sisteminin inkişafı mövzusunda keçirilən treninq zamanı bu sahənin inkişafının başlıca istiqamətləri müzakirə olunub, bilik və təcrübə mübadiləsi aparılıb. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun universitetdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, bu sahəyə göstərilən dövlət qayğısı və dəstəyi ilə bağlı prezentasiyası olub. Prezentasiyada universitetin İnformasiya-Kommuniasita Texnologiyaları Mərkəzinin, elektron kitabxana və müxtəlif internet mərkəzlərinin fəaliyyətləri, virtual əməkdaşlığın inkişafı məqsədilə online bağlantılar, beynəlxalq videokonfrans və simpoziumların təşkili istiqamətində görülən işlər işıqlandırılıb.
Layihənin icraçı şirkəti “Donqvon CNS”-nin rəhbəri Mun-seo Park heyəti qəbul edərək layihənin Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin qurulması, onlayn təhsilin təşkili baxımından faydalı olacağına əminliyini bildirib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Nümayəndə heyəti Cənubi Koreyanın ali təhsil müəssisələrini ziyarət edib, buradakı ali təhsil sistemi, tədris prosesi ilə yaxından tanış olublar. Səfər Kimçonq Universiteti ilə əməkdaşlığın möhkəmlənməsi baxımından da faydalı olub. Xatırladaq ki, Kimçonq Universiteti ilə əlaqələr 2010-cu ildə yaradılıb, 2011-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu gün hər iki universitet arasında elmi təcrübə və tələbə mübadiləsi, səfərlər qarşılıqlı əlaqələr sahəsində aparılan səmərəli işin uğurlu davamıdır. Rəsmi görüş zamanı rektor, xanım Sunq Ae Kanq Kimçonq Universiteti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, universitet 2007-ci ildə 1978-ci ildən fəaliyyət göstərən Kimçonq Biznes kollecinin əsasında yaradılıb. Ailə idarəçiliyi prinsipinə əsaslanan bu ali məktəbdə 20-dən artıq fakültə fəaliyyət göstərir. Universitetdə ingilis dili, tibb, beynəlxalq turizm və otelçilik, incəsənət sahəsi üzrə tədris yüksək səviyyədədir. «Dünyanı sevgi yolu ilə qazanaq!» ideyasını rəhbər tutan bu ali məktəbdə dünyanın dörd qitəsindən təhsil alanlar var. Naxçıvan Dövlət Universitetindən Tərcümə (ingilis dili- Azərbaycan dili), Hüquqşünaslıq, Stomotologiya ixtisası üzrə 3 nəfər birinci kurs tələbəsi də 2012-2013-cü tədris ilinin ikinci semestrində tələbə mobilliyinə əsasən ali təhsillərini Koreyanın Kimçonq universitetində davam etdirib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkələrarası əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolundan danışıb, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlığında dost, tərəfdaş universitet olan Kimçonq universiteti ilə əməkdaşlığın bundan sonra da davamlı olmasını arzulayıb. Naxçıvanlı qonaqlar universitetdə müasir texnologiyalarla təchiz olunmuş, xüsusi səliqə-sahmana malik auditoriyalarda olub, koreyalı tələbələrlə görüşüblər. Burada Hava yolları, Otelçilik və turizm fakültəsində restoran və hava yolları xidmətinin əyani şəkildə öyrədilməsi, stomotologiya və diş texnikliyi, ali təhsilli tibb bacıları hazırlanan fakültələrdə auditoriyalardakı müasir tibb avadanlıqları, mulyajlar, xüsusi stomotoloji kabinələr, laboratoriyalar, qida sənayesinin tədris olunduğu fakültədə şərabçılıq, meyvələrin çeşidlənib xüsusi soyuducu anbarda saxlanılması, şərab istehsalı prosesi, burada hazırlanan, yüksək keyfiyyətli, müxtəlif çeşidli şərabların sərgisi maraq doğurub.
Koreya Kiber Universitetində universitetin rektoru, professor Choong Soon Kim heyəti qəbul edərkən dünyada ilk kiber universitet olan bu ali təhsil ocağının Koreya Chungang Təhsil Vəqfi ( KCEF ) altında Koreya Universiteti ilə birlikdə fəaliyyət göstərdiyini, Koreya ali məktəbləri sırasında birinci onluğa daxil olduğunu bildirdi. Bir çox xarici universitetə əməkdaşlığa malik olan universitet Koreya tarixinin və mədəniyyətinin təbliği məqsədilə rəsmi səfərlərin təşkili ilə məşğul olan Koreya fondu ilə əlaqəli fəaliyyət göstərir, 2013-cü ildən etibarən Koreya dilinin pulsuz və sürətli onlayn tədrisini həyata keçirən "Korean Quick" proqramını uğurla həyata keçirir. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Görüşdə universitetlərarası əməkdaşlığın inkişafı ilə bağlı təkliflər səsləndirilib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin xatirə dəftərinə ürək sözlərini yazıb. Cənubi Koreyanın POSCO poladtökmə şirkəti ilə tanışlıq, buradakı ağır sənayenin müasir texnologiyalar hesabına inkişaf etdirilməsi xüsusi maraq doğurub. Səfər zamanı qonaqlar paytaxt Seul şəhəri ilə yanaşı Kimçonq, Qyunju, Bulquska şəhərlərində, Qyungbok sarayında olub, Koreya Mili Muzeyinə və digər tarixi yerlərə ekskursiya etmiş, ölkənin tarixi, şəhərsalma mədəniyyəti, sosial şəraiti ilə tanış olunlar. Yekun tədbirdə KOICA şirkətinin sertifikatları təqdim olunub, layihənin uğurla gerçəkləşməsi, əməkdaşlığımızın davamlı olması ilə bağlı fikirlər səsləndirilib.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri
Palitra.-2014.-9 oktyabr.-S.12.