“Azərbaycana səfər edənlər onun dostlarına çevrilirlər”

 

Ramil İsmayılov: “Hər il ənənəvi olaraq universitetlərarası mini-futbol turnirləri, bilik yarışları və yay aylarında gəzintilər təşkil edirik”

 

Gənclərin mənəvi inkişafında onların mədəni səviyyəsi böyük önəm daşıyır. Yalnız yüksək mədəni səviyyəyə malik olan insanlar istədikləri mənəvi inkişafa nail ola bilərlər. Elə “Azərbaycan-rus mədəniyyət və həmrəylik mərkəzi”nin prioritetlərindən biri də xaricdəki gənclərimizə bu istiqamətdə dəstək göstərməkdir. Mərkəzin İnkişaf üzrə direktoru və Gənclər İttifaqının sədri Ramil İsmayılov qəzetimizə müsahibəsində bu və digər məsələlərlə bağlı məlumat verdi. Onunla söhbətimizə ilk olaraq özü haqda danışması ilə başladıq:

 

-Mən 1980-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşam. Atam Nurəddin İsmayılov Şəki şəhər 1 saylı orta məktəbin hərbi hazırlıq müəllimi, anam Leyla İsmayılova isə Şəki şəhər Təhsil Şöbəsində uzun illərdir mühasib vəzifəsində işləyir. Orta məktəbi 9 saylı rus orta məktəbində başa vurmuşam. Elə o vaxtdan ailəm məni Ukraynaya, əmimin yanına təhsil almaq üçün göndərmək istəyirdilər. Amma SSRİ dağıldı və mənim xəyallarım xəyal olaraq qaldı. O vaxt heç ağlıma da gəlməzdi ki, illər keçəcək və mən Rusiyada Azərbaycan mədəniyyət mərkəzinin rəhbər vəzifələrindən birində işləyəcəyəm. Uşaqlığım və gəncliyim müstəqil Azərbaycan Respublikasının ilk illərinə təsadüf etdiyinə görə, özümü çox xoşbəxt hiss edirəm. O vaxt yaşım o qədər çox olmasa da, o illərin qəhrəmanlarının həyat hekayələrini canlı şəkildə seyr edirdim. Düşünürəm ki, Vətənimə, xalqıma və dövlətimə sədaqətimin əsasında da, o dövrdə şahidi olduğum hadisələr, yaşadığım duyğular yatır. Azərbaycanda yaşadığım illərdə işlərimlə əlaqəli olaraq Bakıda, Gəncədə, Mingəçevirdə, Şirvanda, Sumqayıtda və s. yaşamış, Vətənimizin gözəl guşələrini qarış-qarış gəzmişəm. Onun üçün müxtəlif rayonlarda bir çox dostlarım, tanışlarım var. Bircə Qarabağda olmaq qismət olmayıb. Ümidvaram ki, o da bir gün qismət olacaq. Və hiss edirəm ki, obir güno qədər də uzaqda deyil.

-Nə vaxtdan Moskvada yaşayırsız?

- Moskvaya 2010-cu ildə gəlmişəm və o gündən bəri “Azərbaycan-rus mədəniyyət və həmrəylik mərkəzi”ndə işləyirəm. İşim həm məsuliyyətli, həm də zövqlüdür. Çünki etdiyim hər işin Vətənim üçün olduğunun şüurundayam. Burada vəzifəmlə əlaqəli olaraq, Moskvanın beynəlxalq sahədə fəaliyyət göstərən təşkilatları və ictimai xadimləri ilə görüşür, əməkdaşlıq edir, mərkəzimizin gənclər birliklərinin fəaliyyətləri ilə məşğul oluram. Qeyd etmək istəyirəm ki, mərkəzimizdə çox gözəl kollektiv ilə birlikdə işləyirik. İcraçı direktorumuz - Mehman Şükürov, Qadınlar Birliyinin sədri - Kəsirə Vəliyeva və jurnalist Aytac Həsənova ilə birlikdə bu maraqlı və məsuliyyətli işin öhdəsindən gəlməyə çalışırıq.

- “Azərbaycan-rus mədəniyyət və həmrəylik mərkəzi” nə zaman yaradılıb?

-“Azərbaycan-rus mədəniyyət və həmrəylik mərkəzi” ictimai təşkilatı 2009-cu il dekabr ayının 31-də Rusiyada yaşayan gənc azərbaycanlı adamları tərəfindən təsis edilib. Təsis edilmə tarixi və təşkilatın adından da göründüyü kimi mərkəzimizin əsas məqsədi Rusiyada yaşayan həmyerlilərimiz arasında həmrəylik duyğusunun inkişafı, milli-mədəni dəyərlərimizin burada təbliğ edilməsi və Rusiya ilə Azərbaycan arasında olan mədəni əlaqələrin daha da inkişaf etdirilməsidir. Mərkəzimizin təsisçiləri və bizə maddi-mənəvi dəstək verən buradakı azərbaycanlı adamları inanırlar ki, mərkəzimiz, 200 illik əlaqələri olan bu iki xalq arasında dostluq körpüsü rolunu oynayır. Belə məsuliyyətli işi yerinə yetirdiklərinə görə bu işdə kiçikolsa payı olan hər kəs özünü çox xoşbəxt hiss edir.

- Mərkəzin əsas fəaliyyət istiqamətləri hansılardır?

- Mərkəzimiz əsas 3 istiqamətdə fəaliyyət göstərir. Bunlar Rusiyadakı Azərbaycan diasporu, Rusiya mədəni və ictimai təşkilatları və gənclərlə işin aparılmasıdır.

Bildiyiniz kimi, Rusiyada çoxsaylı Azərbaycan diasporu mövcuddur. Onlarla birlikdə müxtəlif bayram tədbirlərinin, tarixi günlərin qeyd edilməsi mərkəzimizin ənənəvi fəaliyyətlərinə çevrilib. Hər il Moskvanın böyük konsert zallarında keçirdiyimiz Novruz bayramı və 28 May - Respublika Günü hamının səbirsizliklə gözlədiyi tədbirlərdir. 2014-cü ildə isə hər zamankindən fərqli olaraq hər iki xalqın bahar bayramı olan "Novruz" və "Maslennitsa" bayramlarını eyni gündə qeyd etdik. Bu təşəbbüsümüz insanlar tərəfindən çox təqdirəlayiq bir şəkildə qarşılandı. 20 Yanvar, 31 Mart, 8 Mart Beynəlxalq Qadınlar Günü, Müəllimlər Günü, Analar Günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü isə ənənəvi olaraq qeyd etdiyimiz tədbirlərdir. Qeyd etmək istəyirəm ki, 9 May - Faşizm üzərində Qələbə Gününü Rusiyada çox böyük coşqu ilə qarşılayırlar. Bizbundan istifadə edərək II Dünya müharibəsində əldə edilən qələbədə Azərbaycanın və azərbaycanlıların çox böyük rolunun olduğunu Rusiya ictimaiyyətinə çatdırırıq. Yekun olaraq onu demək olar ki, Rusiya xalqı Azərbaycan haqqında doğru məlumatları öyrəndikcə, onuonun xalqını daha çox sevir, daha çox təqdirlə qarşılayırlar.

Mərkəzimiz yarandığı gündən bəri fəaliyyətlərini Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin xeyir-duası və mənəvi dəstəyi ilə həyata keçirir. Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK), Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) isə bizim ən böyük dostlarımızdır. Bununla birgə mərkəzimiz Moskva şəhərində yerləşən bir çox diaspor təşkilatı ilə birlikdə müxtəlif layihələrə imza atıb. “Azərbaycan kino günləri”, “Bəxtiyar Vahabzadə ədəbi gecəsi” hər kəsin sevərək iştirak etdikləri proqramlardır. Rusiyanın aparıcı ictimai təşkilatları ilə əməkdaşlığımızın da əsasında Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə düzgün çatdırılması, millətimizin düzgün şəkildə təmsili və iki millətin arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi dayanır. Ən böyük partnyorlarımız arasında A.S. PuşkinNekrasov adına Dövlət kitabxanaları, Moskva şəhər Veteranlar Şurası, Rusiya Xalqları Assambleyası və "Avrasiya birliyi" ictimai təşkilatını saymaq olar. Müslüm Maqomayev və Rəşid Behbudova həsr olunmuş konsert proqramları, Azərbaycan kinosu günləri, Rusiya-Azərbaycan diplomatik əlaqələrinin yaranmasının ildönümləri, M. F. AxundovNekrasov ədəbi proqramları Rusiya ictimai təşkilatları ilə birgə keçirdiyimiz maraqlı proqramlardan bəziləridir.

Mərkəzimizin ən əsas fəaliyyət sahələrindən biriburada yaşayan və təhsil alan gənclərimizdə milli-mədəni dəyərlərin inkişafına və gələcək karyeralarına köməklik etməkdir. Moskvanın bir çox böyük ali təhsil müəssisələri ilə əməkdaşlıq edən mərkəzimizin nəzdində gənclər üçün öz ixtisaslarına uyğun olaraq 4 tələbə birliyi fəaliyyət göstərir: a) Mədəniyyət və incəsənət klubu. B) Azad hüquqşünaslar birliyi. C) Gənc həkimlər birliyi. D) Gənc iqtisadçılar birliyi. Bu birliklərdə gənclər öz ixtisaslarına uyğun olaraq müxtəlif layihələr həyata keçirir, treninqlər, seminarlar, elmi toplantılar edirlər. Mərkəzimizin əsas məqsədlərindən biribu birliklər vasitəsilə gənc mütəxəssisləri professional mütəxəssislərlə görüşdürmək və onların həyat və təcrübələrindən istifadə etmələrinə nail olmaqdır. Mərkəzimiz hər il 15 nəfər yaxşı oxuyan və ehtiyacı olan tələbəyə təqaüd də verərək, onların təhsil həyatında az da olsa, rahat olmalarına çalışır.

Biz gənclərin fiziki və mənəvi inkişafını da daim diqqətdə saxlayırıq. Belə ki, hər il ənənəvi olaraq universitetlərarası mini-futbol turnirləri, bilik yarışları və yay aylarında gəzintilər təşkil edirik. Qeyd etmək istəyərdim ki, bu tədbirlərə adətən Moskvada fəaliyyət göstərən 15-20 ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı və rus tələbələr qatılır. Bu tədbirlər tələbə birliklərinin ən çox yadda qalan tədbirlərdir.

- Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün hansı tədbirlər təşkil edirsiz?

- Mərkəzimiz yay aylarını da səmərəli bir şəkildə keçirir. 2014-cü ilin yay aylarında Moskvanın bir neçə ali təhsil məktəbinin və ictimai təşkilatının rəhbərlərindən ibarət 10 nəfərlik nümayəndə ilə birlikdə Azərbaycana 5 günlük səfərə çıxmışdıq. Bu qısa zaman içərisində ADA, Slavyan Universiteti kimi ali məktəblərin rəhbərlikləri ilə görüşlər təşkil etdik, Yazıçılar İttifaqının sədri Anarla, Azərbaycan Milli Kitabxanasının rəhbərliyi ilə görüşərək gələcəkdə əməkdaşlıq adına danışıqlar etdik. Qalan boş vaxtlarımızda isə Bakının tarixi yerlərini gəzdik, Sahil bağında və dənizdə istirahət etdik. Bir sözlə, dəyə bilərəm ki, qonaqlarımız müasir Azərbaycana vuruldular. Onlar Azərbaycanda olmadan da, dövlətimizi və xalqımızı sevirdilər. İndi isə Azərbaycanın əsl dostlarına çevriliblər və getdikləri hər bir ictimai yerlərdə bizim Azərbaycanın və Azərbaycan xalqının gözəlliyindən danışırlar. Tələbələrə də yay aylarını səmərəli keçirə bilmələri üçün hər il Bakıda öz ixtisaslarına uyğun təcrübə həyata keçiririk. Bakıda yerləşən dövlət və qeyri-hökumət təşkilatlarında əvvəlcədən razılaşma yolu ilə tələbələrimiz həm ali təhsil müəssisələrində öyrəndikləri bilikləri nümayiş etdilər, həm də gözəl təcrübə əldə etdilər.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-10 oktyabr.-S.11.