“Uşaqlarınızla ehtiyatla,
hörmət və məhəbbətlə davranın”
Limunət
Əmrahlı:
“Hər bir yaş dövründə uşağın əsas fəaliyyət növü dəyişir”
10 oktyabr Beynəlxalq Psixi Sağlamlıq Günüdür. Belə bir gündə uşaqların psixi inkişafı mövzusunda “Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı ilə müsahibəni təqdim edirik.
- Uşaqlarda
psixoloji inkişafın pozulması səbəbindən
hansı problemlər yaranır?
- Uşaqlıq dövründə bir sıra bioloji, fiziki, sosial amillərin təsiri nəticəsində psixi inkişafda ləngimə, yayınma və pozuntular baş verə bilir. Bu zaman uşağın psixi inkişafı üçün yaranmış maneələrin özü də analoji qaydada ləngidici amilə çevrilir. Məsələn, uşağın ana bətnindəki inkişafı dövründəki ləngimələr, yaxud doğuş travmalarının beyin hüceyrələrində yaratdığı funksional pozuntular, inkişafın sonrakı dövrlərində somatik və vegetativ sistemdə oksigen çatışmazlığı yaradır. Bu amil 2-3 yaşdan başlayaraq uşağın psixi fəaliyyətində özünü emosional bağlılığın zəif olması, davranış və hərəkətlərdə dağınıqlıq, diqqətsizlik, mərkəzləşmənin çətin getməsi, eləcə də nitq pozuntuları kimi nəticələr yarada bilir.
- Ailə
münaqişələrinin uşaqların psixikasına və
mənəvi inkişafına hansı mənfi təsiri var?
- Tədqiqatlar göstərib ki, uşaq dünyaya ünsiyyət tələbatı ilə gəlir. Ailə münaqişələri, ilk növbədə ya birbaşa, ya da dolayısı ilə valideyn-övlad münasibətlərində ünsiyyətin emosional baxımdan zəifləməsinə səbəb olur. Digər tərəfdən, insanın əzəl tələbatlarından biri məhəbbət və təhlükəsizlik, müdafiə olunmaqdır. Münaqişəli ailə, təbii ki, uşaqda təhlükəsizlik hissini möhkəmləndirə bilmir. Uşaq həm ailəyə, həm də mühitə etibar etmir. Özünüqiymətləndirmə, özünüəminlik zəifləyir. Yalnız iradəsi güclü olan, yüksək özünü reallaşdırma tələbatına malik olanlar, münaqişəli ailədə belə öz inkişaflarını təmin edə bilirlər. Təəssüf ki, belələri azlıq təşkil edir. A. Maslouya görə, yalnız 5-6 % insan münaqişəli ailə mühitinə, eləcə də əlverişsiz sosiuma qarşı dözümlüdürlər.
- Valideynlərin bu baxımdan nə kimi
maariflənməsinə ehtiyac var?
- Valideynin övlada verməli olduğu ilk və əsas şey məhəbbətdir. Uşaq üçün ən mühüm məsələ valideynlərin birgə olması, onun yanında böyüməsidir. Buna yalnız uşaq şıltaqlığı kimi baxanlar, yanılırlar. Valideyn 3 yaşa qədər uşağa ciddi şəkildə bələdçilik etməlidir. Əgər ailədə ər-arvad arasında münaqişə varsa və bu həll olunacaq vəziyyətdirsə, mümkün qədər uşaqdan gizlədilməlidir. Əgər mümkün deyilsə, onlar öz münasibətlərini sivil qaydada aydınlaşdırmalıdırlar. Ümumiyyətlə, elə ailələr var ki, valideynlər boşanıb, lakin uşaqlar bundan o qədər əziyyət çəkmirlər. Elələri də var ki, valideynlər bir yerdədir, ancaq onların münasibətləri uşaqları təngə gətirib. Deməli, əsas məsələ, valideynlərin davranışı, münasibətləri, onun mədəni səviyyəsi və emosional təzahürüdür. Mədəni davranış, səmimi münasibət, güzəştə getmək, övlada 3 yaşdan başlayaraq şəxsiyyət kimi yanaşaraq ona nümunə olmaq valideynlərin əsas borcudur. Təəssüf ki, bəzi ailələr belə mədəniyyətdən uzaqdırlar.
Ailə müqəddəs dəyərdir və yalnız hər kəsin özünə məxsusdur. Ailəni, övladı gecə-gündüz cəmiyyətə reklam eləmək onu hamı üçün adiləşdirmək, əlçatan etməkdir. Ailə yalnız və yalnız hər kəsin özü üçün əlçatan olmalıdır.
-
Uşağın vaxtından tez təlimə
cəlb olunmasının hansı neqativ nəticələri
olur?
- Hazırda cəmiyyətdə məktəbə hazırlıq və məktəb təlimi ilə bağlı günbəgün artan informasiya bolluğu, ziddiyyətli vəziyyət valideynlərdə də çaşqınlıq yaradır. Bəzi valideynlər “qonşudan geri qalmamaq”, bəziləri də uşağın artıq uşaqlıqdan çıxaraq böyüdüyünə, özünün isə qismən müstəqil olacağına əminlik üçün onun psixi inkişafını sürətləndirməyə çalışırlar. Bundan ötrü əllərindən gələni edirlər. Hələ 3 yaşdan bir neçə müəllim tutur, bir necə dil öyrətmə, həm idman, həm incəsənət, həm də məntiq sahəsində qabiliyyətlərini inkişaf etdirməyə səy göstərirlər.
Əslində, psixi inkişaf çox ciddi qanunauyğunluqlarla gedən bir prosesdir. Hər bir yaş dövründə uşağın əsas fəaliyyət növü dəyişir. Məsələn, 1 yaşa qədər uşaq valideynlərlə emosional -intim ünsiyyətdə olmalıdır. 1 yaşdan başlayaraq əşyalarla manipulyativ fəaliyyət önə keçir. 3-6 yaş rollu oyunlar dövrüdür. 5-6 yaşda isə uşağın aparıcı fəaliyyəti süjetli-rollu oyundur. O, sosial həyat hadisələrini rollarda sınayır. Hansı rolu necə ifa edə bildiyini rol davranışda sınaqdan çıxarır. Təsəvvür edin, toya gedirsiz. Bunun üçün təzə kostyum almısız. Onu geyinib əyninizdə necə durduğuna əmin olmadan tələsik evdən çıxarsız. Bütün məclis boyu özünüzdə narahatlıq hiss edəcəksiz. Uşaq da belədir. O, təlim fəaliyyətinə oyunda hazırlanmalıdır. Burada digər dərin və ciddi məsələlər də var. Qısaca bunu deyə bilərəm ki, təlim hərəkətlərini yerinə yetirməsi üçün uşağın böyük və kiçik motor sahəsində fefleksiv hərəkətlər tənzimlənməlidir. Ona görə də psixologiyada tezləşdirilmiş təlimə ödənilməmiş tələbatlar kimi baxılır.
- Valideynlər uşaqların daha tez böyüməsinə niyə can atırlar?
- Əlbəttə, hər bir valideyndə övladı ilə qürur duymaq, onun hamıdan üstün və yaxşı olduğuna əmin olmaq istəyi var. Bəs, övlad necə!? Onun nəyi istəməsi və nəyi necə bacarması çox zaman valideynləri maraqlandırmır. Uşaqlıq dövründə ona verilməli olan şeylər budur - sevgi, təhlükəsiz mühit, zəngin emosional və həyati təəssüratlar, yaxşı təmin edilmiş sosial inkişaf şəraiti. Uşaq onsuz da böyüyəcək. İnkişafı tezləşdirməklə valideynlər nələrisə itirmiş olurlar. Bu itirilənlər psixi inkişafın sonrakı mərhələlərində bumeranqa çevrilərək müxtəlif problemlər formasında təzahür edir.(Biz, yeniyetmələrin valideynlərə qarşı bu tipli iradları ilə tez-tez qarşılaşırıq. “Sən uşaqlıqda ....belə eləsəydin...indi belə olmazdı!”.)
- Uşaqlarda
aqressiya nədən yaranır?
- Aqressiyanın yaranma səbəbləri çoxdur. İlk və əsas səbəb somatik problemlərdir. Uşağın orqanizmində hansısa xəstəliklərdən narahatlıq yaranır. O, başqalarının tələb və tapşırıqlarına əməl etmək istəmir, ya da bunu bacarmır. Həmin narazılıqlar neqativ emosional hərəkətlərlə üzə çıxır. Bu, özünü davranışda aqressiya formasında göstərə bilir. İkinci səbəb bilavasitə psixi xəstəliklərdir: nevroz, şizofreniya, autizm, hiperativlik və s. Üçüncü səbəb - sosial-psixoloji və pedaqoji problemlərdir. Həmin problemlərə yaş böhranlarını, yaşlılar və həmyaşıdlarla ünsiyyət və münasibətlərin pozulmasını, 5-6 yaşdan başlayaraq şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələri göstərmək olar. Xüsusilə 3 yaşlı uşaqlarda və yeniyetmələrdə aqressiyanın təzahürü, əhatə dairəsi daha genişdir. Eləcə də, fərdi-psixoloji xüsusiyyətlərə görə aqressiya fərqli şəkildə təzahür edir.
- Uşaqların
kiçik yaşlarından
aldıqları psixoloji travmaları necə
aradan qaldırmaq olar?
- Hər şey ailədə baş verdiyindən əsas həlledici rolu da ailə oynamalıdır. Bunun üçün ailədə uşağa münasibət dəyişməli, problem aydınlaşdırılmalı və həll edilməlidir. Əksər valideynlər bu imkanlara və bacarıqlara malik deyillər. Sivil ölkələrdə belə hallarda ailə psixoloquna müraciət olunur. Onun köməyi ilə ailə korreksiyası aparılmalı, ailə üzvlərinin uşağa, yeniyetməyə, gəncə münasibəti dəyişməlidir. Bunun üçün uzunmüddətli korreksiyalar təyin olunur. Kiçik yaşlarından uşaqların aldıqları psixoloji travmalar daha çox emosional sahədə, təəssüratlarda iz qoyduğundan əsas korreksiya işi də buna yönəldilir. Yaş və ailə mühitinə münasib metodikalar, psixotexnikalar seçilərək tətbiq edilir. Belə problemlər həll olunmadıqca ailə dramalarının sayı da artacaq. Baxın, hər gün mətbuatdan nə qədər ailə faciələri haqqında məlumatlar alırıq, çünki bəzən uşaqlıqda vurulmuş bir şillə böyüyəndə valideynin ürəyinə güllə olub çaxıla bilir. Ona görə də valideynlərə tövsiyəm budur - uşaqlarınızla ehtiyatla, hörmət və məhəbbətlə davranın. Unutmayın ki, siz şəxsiyyət böyüdürsüz. O şəxsiyyət ki, öz tələbatları, istəkləri, maraqları var. Bunların heç biri sizdəkinin əsli deyil, onun özünə məxsusdur.
Bir məsələni də
qeyd edim ki, cinsi inkişafında disbalans olan uşaq və yeniyetmələrin sayı
gözlənildiyindən daha çoxdur. Biz Y. İbadovun "Mücərrəd kompozisiyalar" tədqiqatını test etdik. Bu
tədqiqat bizə narahat doğuracaq
nəticələr verdi. Bu
inkişafın tibbi-psixoloji
diaqnostikasını hələ 6 yaşdan
apararaq aşkar edilmiş feminizasiya-maskulinizasiyanın
qarşısını almaq mümkündür. Bu sahədə
problemi olan uşaq və yeniyetmələr Təhsil
Problemləri İnstitutunun "Psixogigiyena və tibbi-psixoloji
diaqnostika" laboratoriyasına müraciət
edə bilər. Diaqnostika sadə, asan və operativ
aparılır. Nəticələrə görə transpersonal psixoterapiya və
korreksiya tətbiq edilir.
Fuad Hüseynzadə
Palitra.-2014.-11 oktyabr.-S.11.