Fəzail Vəliyev: “Etnoqrafiya
elmi gənc nəslin milli-mənəvi və
maddi dəyərlərimizə hörmət
ruhunda tərbiyəsində mühüm rol
oynamalıdır”
“Gənclik
xalqın etnik simasını dünyada özünə layiq
şəkildə tanıtmalıdır”
Bu gün məktəblilərin, yeniyetmə və gənclərin mənəvi inkişafında onların tarixi-etnoqrafik biliklərə yiyələnməsi böyük rol oynayır. Bu mövzuda müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Fəzail Vəliyevdir.
-Fəzail müəllim,
etnoqrafiya elmi nəyi
öyrənir və onun tədqiqat
predmetinə nələr daxildir? Gənclərin
bu elm barədə məlumatlı
olmalarının vacibliyini necə izah edərdiniz?
-“Etnoqrafiya” yunan sözü olub, «etnos» - xalq, «qrafos» - öyrənmək, təsvir etmək kimi mənalandırılır. Xalq adlanan etnik birliklər elmi ədəbiyyatda «etnos» adı ilə məlum olduğundan, etnoqrafiya sözü də elə buradan yaranıb. Uzun illər elmi ədəbiyyatda bu termin həm də «etnologiya» («etnos» - xalq, «loqos» - elm») kimi işlədilib. Özünün əhatə dairəsinə və elmin mahiyyətini daha dolğun əks etdirdiyinə görə, etnologiya termini uzun müddət elmin tarixşünaslığında başlıca termin kimi qorunub saxlanıb.
Bəşərin əski yaranış çağlarından üzü bəri öz mövcudluğunu qoruyub saxlayan və saxlaya bilməyən hər bir xalq (etnos) dünya mədəniyyəti xəzinəsinə orijinal maddi və mənəvi dəyərlər bəxş edib. Həmin xalqlar (etnoslar) etnoqrafiya elminin tədqiqat obyekti, etnosların yaratdığı və nəsildən-nəslə keçirərək təkmilləşdirdiyi mədəniyyət isə tədqiqat predmetidir. Mədəniyyət cəmiyyət və insanın özünün inkişafının tarixən müəyyən səviyyəsi olmaqla, formaca milli, məzmunca beynəlmiləl və ümumbəşəri, humanist, tarixi keçici, diskrutiv və sinkret xarakter daşıyır, üstqurum hadisəsi kimi təzahür edir. Dünya mədəniyyəti panteonunda özünün maddi və mənəvi dəyərləri ilə seçilən türk mədəniyyəti və onun tərkib hissəsi olan Azərbaycan mədəniyyəti mükəmməl maddi təməl üzərində pərvəriş tapıb, uzun əsrlərin əməli vərdişləri, empirik bilik və təcrübələri ilə zənginləşib, mədəni irsimizin mühüm sahəsi olub. Buna görə xalqımızın qədim və çoxçalarlı maddi və mənəvi mədəniyyətinin, təsərrüfat və ailə məişətinin, eləcə də etnik tarix, etnogenez və etnik proseslərin öyrənilməsi Azərbaycan etnoqrafiyası elmi qarşısında duran ən vacib və aktual problemlərdəndir. Gənclərimiz, məktəblilərimiz də milli inkişaf tariximizi öyrənərkən həm də etnoqrafiya məsələləri ilə bağlı yetərincə maraqlanmalıdır. Bu, onların intellektual səviyyəsini, tarixi-etnoqrafik bilgilərini daha da artırmış olacaq.
-Azərbaycan
etnoqrafiyası-milli-mənəvi və maddi
dəyərlərimiz-azərbaycançılıq milli ideologiyası anlayışlarının daxili məna tutumunu necə
izah edərdiniz?
- Azərbaycan etnoqrafiyası elminin bütün yuxarıda sadaladığımız problemləri xalqımızın milli-mənəvi dəyərləri sistemində əsas yerlərdən birini tutur. Milli-mənəvi sərvətlərimiz isə azərbaycançılıq milli ideologiyasının əsas hissəsi kimi dövləti səviyyədə dəyərləndirilir. Bu gün Müstəqil Azərbaycan Respublikasının milli-mənəvi və maddi dəyərlərinin daha çox diqqət mərkəzinə çəkildiyi, milli-mənəvi irsə dövlət səviyyəsində qiymət verildiyi, milli-mənəvi şüura qayıdışın çağdaş milli varlığın təsdiqi kimi reallaşdığı, azərbaycançılıq milli ideologiyasının artıq formalaşma prosesi keçirdiyi bir tarixi zaman kəsiyində hər bir azərbaycanlının, azərbaycanlı gəncin qarşısında özünün tarixi keçmişinə, soykökünə, maddi və mənəvi dəyərlərinə daha diqqətlə və vicdanla yanaşmaq, onları xüsusi bir yanğı ilə öyrənmək vəzifəsi durur. Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev öz çıxış və nitqlərində daim milli-mənəvi dəyərlərimizə vətəndaşlıq mövqeyindən yanaşıb, onların həqiqi elmi qiymətini verib: ”Milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, fəaliyyətində formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Hər bir xalq, hər bir etnos dünya mədəniyyəti xəzinəsinə bu və ya digər dərəcədə öz töhfəsini verir və bunlar ümumbəşəri mədəniyyətin tərkib hissəsinə çevrilir. Bizim çox böyük milli-mənəvi dəyərlərimiz var. Bunlar, ilk növbədə, maddi və mənəvi dəyərlərdir. Maddi dəyərlərə bizim abidələrimiz, yaşayış məskənlərimiz, şəhərlərimiz daxildir və bu maddi dəyərlər min illərlə xalqımızın zəhməti ilə qurulub. Buraya eləcə də xalq geyimləri, xalq nəqliyyatı vasitələri, bəzək əşyaları da aiddir. Bütün bunlar maddi dəyərlərin ayrılmaz tərkib hissələridir. Bundan başqa, milli dəyərlərin mənəvi tərəfi də vardır. Bunlar şifahi xalq yaradıcılığı, folklor, dastanlar, mifologiya və əsatirlərimizdir. Mənəvi dəyərlərə həmçinin din, elm və təhsil, tərbiyə mənəviyyatı, milli oyun-əyləncələrimiz, bayramlarımız, qonaqpərvərliyimiz də aiddir. Bunların hamısı bütövlükdə xalqımızın mənəvi dəyərlərinin tərkib hissəsidir. Bu dəyərlər böyük zəhmətlə yaranıb, nəsillərdən-nəsillərə ötürülüb və kamil bir maddi-mənəvi mədəniyyət abidələri kimi bu günümüzə ərməğan edilib. Azərbaycançılıq ideologiyası məhz bu təməl üzərində qurulub ki, etnoqrafiya elmi də bunları araşdırmaqdadır.
-Xalqımızın
etnoqrafiyasının tədqiqat predmeti olan milli-mənəvi və maddi
dəyərlərin təbliği və qorunub
gələcək nəsillərə
çatdırılmasında Azərbaycanda nə kimi tədbirlər həyata keçirilib?
- «Qafqazda mədəniyyət yayan hesab olunan» (E.Reklü - XIX əsr fransız sosioloqu və coğrafiyaşünası) xalqımızın zəngin qonaqpərvərlik adətləri, dünya xalqlarına örnək ola biləcək oyun və əyləncələri, öz kamilliyi ilə seçilən sənət yaradıcılığı, xalça kolleksiyaları, nəsillərdən-nəsillərə ötürülən və mənəvi təfəkkür yaradıcılığı olan Novruz adətləri, geyim mədəniyyəti, folklor örnəkləri və s. bu gün dünya xalqlarını da heyran etməkdədir. Bizim həm də zəngin musiqi mədəniyyətimiz var. Gənclik bunları çox yaxşı öyrənməlidir. Üzeyir Hacıbəyov haqlı olaraq qeyd edib ki, musiqi mədəniyyətimizin iki qolu var - birincisi muğamdır, digəri isə xalq aşıqlarının yaratdığı aşıq sənətidir. Bunların hər ikisi musiqi mədəniyyətinin paralel qollarıdır. Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun xətti ilə muğam sənətimiz dünya miqyasında çox böyük uğur qazanıb və YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. Orta əsrlərdən üzü bəri xalqımızın istifadəsində olan, türk etnik-mədəni mühitində yaranıb formalaşan çövkən oyunu da bu siyahıda özünə yer alıb. Eləcə də milli ornamentli xalçalarımız bu siyahıda görünməkdədir. Bu gün dövləti səviyyədə çalışmalıyıq ki, aşıq sənətimizi də bu səviyyəyə çatdıraq. Zaman dəyişir və hər şeyi də özünə uyğun dəyişdirir, zamanın diqtəsi ilə mədəniyyətlər inkişaf edir. Buna görə də biz öz mədəniyyətimizi qorumalı, toxunulmaz saxlamalıyıq ki, həm bugünkü gənc nəsil, həm də yüz illərdən sonra gələn nəsillər Azərbaycan etnosunun necə formalaşdığını, bugünkü inkişaf mərhələsinə necə çatdığını, hansı maddi-mənəvi dəyərlərə sahiblik etdiyini bilsin. Biz bu gün çalışmalıyıq ki, maddi-mənəvi sərvətlərimizə aid olan, lakin yaddan çıxan hər xırda element, məsələn lətifələrimiz belə itib getməsin. Lakin çox təəssüflər olsun ki, son dövrlərdə bədnam erməni «qonşularımız» tərəfindən ərazilərimiz işğal olunduğu kimi, musiqi mədəniyyətimiz, milli mətbəximiz, xalq geyimlərimiz, bir sözlə, xalqımıza məxsus, onun milli müəyyənlik göstəricəsi olan milli-mənəvi və maddi dəyərlərimiz də talan olaraq özgəninkiləşdirilir, dünya mədəni şüuruna yanlış sırıdılır. Buna görə də etnoqraf-alimlərimiz, mədəniyyət məsələləri ilə məşğul olan bütün əlaqədar qurumlar hərbi cəldliklə işləməli, xüsusilə bu işdə gənclərimizi milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməlidirlər ki, bu cür halların qarşısına onlar da gələcəkdə sədd çəkə bilsinlər. Bu gün güclü elmi potensiala və analitik təfəkkürə malik çoxsaylı yaradıcı gənclərimiz yetişməkdədir. Onların milli-mənəvi və maddi dəyərlər üzərində köklənməsində etnoqrafiya elmi və etnoqraf-tədqiqatçılar mühüm işlər görüb və bundan sonra da bu yönümdə fəaliyyətlərini davam etdirməlidilər ki, xalqımıza məxsus dəyərlər qorunsun, gələcək nəslə zədəsiz, tam şəkildə çatdırılsın.
-Bəs, ümumdünya qloballaşma
prosesinin milli-mənəvi və maddi sərvətlərimizə təsirini necə
dəyərləndirirsiniz?
- Son dövrlərin qloballaşma problemləri ilə üz-üzə qalan milli-mənəvi dəyərlərimiz ciddi sınaq qarşısındadır. Məlumdur ki, qloballaşma proqramı dövrün, bu günün reallığının layihəsidir. Yəni, artıq dünya mədəniyyət və sivilizasiyaları bir-birinə qovuşur. Elə bir zaman gəlib çatıb ki, bu zaman milli-mənəvi dəyərləri özündə ehtiva edən böyük bir proqram yaradıb. Qloballaşma dedikdə o başa düşülməməlidir ki, biz milli-mənəvi dəyərlərimizdən imtina etməliyik və bunu dünya mədəniyyəti xəzinəsinə verməliyik, özümüz də adımız olmadan (yəni bu mədəniyyəti hansı etnos yaradıb? - anlamında) bu prosesin içində itməliyik. Hesab edirəm ki, qloballaşma prosesi lazımdır, sivilizasiyalar bir-birinə qovuşmalıdır, bir-birindən nəsə alıb (dəyər nöqteyi-nəzərindən) nəsə verməlidir. Tarixi təkamül budur. Amma bununla belə, hər bir xalq ona məxsus milli-mənəvi dəyərləri böyük qloballaşma çərçivəsində qoruyub saxlamalıdır. Bu zaman hər bir etnosa məxsus dəyərlər bu prosesdə xüsusi bir ad altında verilməlidir. Qloballaşma prosesinə birmənalı yanaşmaq düzgün deyil. Bütün bunları gələcək göstərməlidir.
-Bu
gün ali və orta məktəblərdə etnoqrafiya
elminin tədrisi hansı vəziyyətdədir?
Gənc nəslin tərbiyəsində bu elm sahəsinin potensialından necə istifadə
olunur?
- Xalqı öyrənən elm,
xalqşünaslıq elmi olan
etnoqrafiya elminin müasir dövrümüzdə tədrisi, təəssüflər
olsun ki, o qədər də ürəkaçan deyil. Belə ki,
bir neçə dövlət ali məktəblərini çıxmaq şərtilə,
əksər dövlət və özəl ali
təhsil müəssisələrində, eləcə də orta ümumtəhsil məktəblərində
bu elm sahəsinin tədrisi
demək olar ki, həyata
keçirilmir. Xalqın
etnik xüsusiyyətlərini, etnogenezini, təsərrüfat və ailə məişətini,
sənət yaradıcılığını, adət-ənənələrini,
maddi və mənəvi mədəniyyətini
kompleks şəkildə öyrənən
etnoqrafiya elmi
xalqın etnik simasını ortaya qoyur, milli
müəyyənlik göstəricilərini aşkara çıxarır, etnosa
məxsus məişət və mədəniyyətin tarixi inkişaf mənzərəsini
göz önündə canlandırır.
Xalqımıza məxsus və uzun
əsrlərin empirik bilik,
təcrübə və vərdişləri sayəsində cilalanaraq bu
günümüzədək gəlib çatmış bir çox dəyərlərimiz
- süfrə mədəniyyətimiz, qonaqpərvərliyimiz,
sənət yaradıcılığımız, geyim mədəniyyətimiz, oyun və əyləncələrimiz,
xalq təqvimimiz, təsərrüfat məişətilə
bağlı el sınamalarımız, ev tikintisi ilə
bağlı xalq adətlərimiz, ailə,
nikah, toy və dəfn
adətlərimiz, xalq təbabətində
əldə etdiyimiz nailiyyətlər,
qarşılıqlı yardım formaları və xalq inamlarımız,
ağsaqqallıq-ağbirçəklik kimi
etnoqrafik dəyərlərimiz, musiqi sərvətimiz və s.
etnoqrafiya elmi vasitəsilə
nəsillərimizə aşılanır. Müasir
gəncliyin şəxsiyyət kimi
formalaşmasında, milli-mənəvi dəyərlərə
hörmət ruhunda tərbiyəsində bu dəyərlərin rolu
olduqca böyükdür.
Buna
görə də belə hesab edirəm ki, ali və orta məktəblərdə digər elm sahələri kimi etnoqrafiya elmi də əsaslı
şəkildə tədris olunmalı, milli-mənəvi və
maddi dəyərlərimiz xalqın
övladlarına bütün gerçəkliyi
ilə çatdırılmalıdır. AMEA
Arxeologiya və Etnoqrafiya
İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin əməkdaşlarının
səyi ilə işıq üzü
görən üçcildlik «Azərbaycan
etnoqrafiyası» fundamental nəşri Azərbaycançılıq
milli ideologiyasının təbliği
kontekstində qələmə alınaraq milli-mənəvi və
maddi dəyərlərimizin etnoqrafik salnaməsi kimi
təqdirələyiqdir. Burada həllini tapan problemlər həm
məişət və mədəniyyət sahəsində
xalqımızın keçmiş olduğu tarixi təkamül
və inkişaf yolunu
hərtərəfli bərpa etmək baxımından, həm
də milli-mənəvi və maddi dəyərlərimizi
müasir gəncliyə və gələcək
nəsillərimizə toxunulmaz
çatdırılması baxımından böyük
əhəmiyyət kəsb edir. Müasir gənclik
də bu dəyərləri mənimsəməli,
xalqımızı ləyaqətlə təmsil etməli,
xalqın etnik simasını dünya miqyasında özünə layiq şəkildə tanıtmalı, bu ruhda köklənərək
mənsub olduğu xalqa
başucalığı gətirməlidir.
Etnoqrafiyanın bir elm
kimi tədqiqi, təbliği və tədrisi
də biz etnoqraf-alimlərdən məhz
bunları tələb edir.
İlkin AĞAYEV
Palitra.-2014.-14 oktyabr.-S.11.