Müasir məktəb yalnız bilikverici yox, həm də inkişafetdirici funksiya yerinə yetirməlidir”

 

Psixoloq Tünzalə Verdiyeva: “Təhsildə psixoloji xidmət uşaq və gənclərin mənəvi inkişafında mühüm rol oynayır”

Gələcək nəslin sağlam formalaşması istiqamətində hərtərəfli addımların atılması vacibdir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Psixologiya elmi fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənən elm olub, Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvəllərində işlənməyə başlanıb. Son illər ölkəmizdə bu sahənin daha da inkişafı istiqamətdə addımlar atılmağa başlanılıb. Psixoloqlara olan tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi bu gün ali tədris ocaqlarında psixologiya fakültələri fəaliyyət göstərir. Eləcə də psixologiya mərkəzlərinin sayı getdikcə artır. Həmin mərkəzlərə, psixoloqlara müraciət edənlərin sırasında gənclərimiz də var. Bu gün orta məktəblərdə xüsusi psixoloqlar fəaliyyət göstərir ki, bu da təhsil alan uşaq və gənclərin mənəvi inkişafında mühüm əhəmiyyət kəsb edir. Müsahibimiz psixoloq Tünzalə Verdiyeva da uşaq və gənclərin mənəvi inkişafında psixologiyanın rolunu bu cür dəyərləndirdi:

- Təbii ki, cəmiyyət həyatında baş verən dəyişikliklər təhsil sisteminə öz təsirini göstərir, onun yeniləşməsini zəruri edir. Digər tərəfdən cəmiyyətin hansı istiqamətdə, necə inkişaf edəcəyi təhsil sisteminin uğurlarından asılıdır. Çünki təhsil körpəlik yaşından başlamış yetkinlik yaşınadək böyük bir dövrü əhatə edir və şəxsiyyətin formalaşdırılması prosesini əks etdirir. Şəxsiyyətin formalaşdırılmasında təlim-tərbiyə özünəməxsus rol oynayır. Təhsil sisteminin ayrılmaz sahəsi olan təhsildə psixoloji xidmət uşaq və gənclərin mənəvi inkişafında mühüm rol oynayır. Cəmiyyət həyatında dəyişiklik baş verəndə insan amilinə, mənəvi-əxlaqi keyfiyyətlərinə, daxili aləminə maraq artır. Əgər son dövrlərədək qarşılıqlı münasibətlər sistemində monoloji ünsiyyət üstünlük təşkil edirdisə, şagirdlər təhsilin obyekti hesab olunurdusa, onda hansı keyfiyyətlərin formalaşdırılmasını müəllimlər, valideynlər müəyyənləşdirirdisə, indi şagird öz qabiliyyəti, maraq dairəsi, arzu və istəkləri olan subyektdir. Münasibətlər sistemində indisubyekt-obyekt” münasibətləri deyil, “subyektsubyekt” münasibətləri üstünlük təşkil edir. Müasir dərs yeni pedaqoji təfəkkür ölçüləri ilə qiymətləndirilir. Ənənəvi “hafizə məktəbi” “təfəkkür məktəbi” ilə əvəz olunur. Müasir məktəb yalnız bilik vermək yox, həm də inkişafetdirici funksiyanı yerinə yetirməlidir.

Təhsilin humanistləşdirilməsi pedaqoji prosesdə şagirdlərdə tolerantlıq, sinergizm, rəqabətəqabillik, risk etməyi bacarmaq, sərbəst düşünmək kimi keyfiyyətlər formalaşdırılmalıdır. Bütün bu deyilənlər, eləcə də digər çoxsaylı amillər təhsilin psixolojiləşdirilməsini zəruri edir. Bu prosesdə təbii ki, təhsildə psixoloji xidmətin, praktik psixoloqun rolu və əhəmiyyəti artır.

- Bugünkü gəncləri psixoloji baxımdan necə dəyərləndirirsiniz?

- Cəmiyyət həyatında gedən proseslər, yeniləşmə yalnız iqtisadi, hüquqi, ideoloji sahələrlə məhdudlaşmır, gənclərin düşüncə və davranış tərzinə, özünə və başqalarına münasibətinə təsir edir. Cəmiyyətin demokratikləşdirilməsi, humanistləşdirilməsi, azad bazar iqtisadiyyatının formalaşması bir tərəfdən bu sistemin tələblərinə cavab verən şəxsiyyətlərin formalaşmasını zəruri edirsə, digər tərəfdən də insanların bu prosesdə necə iştirak etməsi onun həyata keçməsini şərtləndirir. Bugünkü gəncləri psixoloji baxımdan iki qrupa bölərək dəyərləndirərdik. Birinci qrup yaranmış imkanlardan bəhrələnib, keyfiyyətli təhsil, mükəmməl tərbiyə alıb, özünü inkişaf etdirərək müasir dünya vətəndaşına çevrilən milli dəyərlərə hörmətlə yanaşan kosmopolit gənclərdir. İkinci qrup isə bəzən zərərli vərdişlərə meyil edən, öz təhsilinə və gələcəyinə qeyri-ciddi münasibət göstərən cinayətə meylli gənclərdir. Birinci qrup optimist, pozitiv və inamlıdır. İkinci qrup pessimist, neqativ düşüncəli və inamsızdır.

- Bu gün gənclərimizin fiziki, mənəvi inkişafı üçün vacib olan amillər hansılardır?

- Əsas amil sağlam həyat tərzidir. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm onun fiziki, psixoloji sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Fiziki sağlamlığa təsir edən əsas amillər əsasən sistemli qidalanma, fiziki fəaliyyət, gigiyena s. Psixi sağlamlıq isə insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyat boyu olan münasibətlərində özünü büruzə verir. Sosial ruhi sağlamlıq isə ailə içindəki münasibətlərlə yanaşı, həm ailənin sosial vəziyyəti, cəmiyyətlə insan arasında olan sosial psixoloji uyğunluqlardan asılıdır. Sadaladığımız bütün komponentlər ümumilikdə insanın fiziki mənəvi inkişafına böyük təsir göstərir.

- Bir çox ölkələrdə psixologiya elminə gənclərin marağı çoxdur. Bizdə bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

- Son dövrlərdə bizim ölkəmizdə də psixologiya elminə gənclərin marağı olduqca artıb. Belə ki, onlar psixoloji ədəbiyyat əldə edərək oxuyurlar və həmyaşıdları ilə müzakirə edirlər. Əgər əvvəllər gənclər daha çox detektiv janrında ədəbiyyata üstünlük verirdilərsə, indi psixoloji ədəbiyyat oxumaqfikir mübadiləsi etmək prestij hesab olunur. Təlim, treninqseminar mövzularına nəzər yetirsək ən çox maraq cəlb edən psixoloji mövzular olduğunu görərik. Müxtəlif ixtisaslarda təhsil alan tələbələrin məhz psixologiya dərsində tam davamiyyətlə iştirakı da bu maraqdan xəbər verir. Son illərdə psixoloji mövzularda seminar və təlimlər təşkil edən bir mütəxəssis kimi tam əminliklə deyə bilərəm ki, iştirakçıların 99%-i gənclərdir.

- Məktəblərdə psixoloqlara ehtiyac duyulur. Sizcə, bu sahədə psixoloqların sayının artırılması məktəblərdə şagirdlərin mənəvi inkişafında hansı rol oynaya bilər?

- Təhsilə psixoloji xidmətin yaranması, onun keçdiyi inkişaf yolu, dünyada qazanılmış təcrübənin ümumiləşdirilməsi, Azərbaycanda təhsildə psixoloji xidmət sahəsində vəziyyətin təhlili, müqayisə edilməsi belə bir mənzərə yaradır. ABŞ, Qərbi Avropa, Rusiya və digər ölkələrdə təhsildə psixoloji xidmət sahəsində böyük bir inkişaf yolu keçilib, mühüm nailiyyətlər əldə edilib, təcrübə toplanıb.

Bu ölkələrdə psixoloji xidmətlə bağlı fəaliyyətin səmərəli təşkil olunması məqsədilə çoxsaylı hüquqinormativ sənədlər qəbul edilib, assosiasiyalar, birliklər yaradılıb. Bu isə psixoloq, müəllim, valideyn, şagird arasında münasibətlərin tənzim olunmasını təmin edir. Azərbaycanda isə təhsildə psixoloji xidmətin yaranmasından ötən 30 il ərzində müəyyən işlər görülüb, nailiyyətlər əldə edilib, təcrübə qazanılıb, kadr hazırlanması sahəsində ciddi addımlar atılıb. Ötən dövr ərzində praktik psixoloqların daha keyfiyyətli bilik qazanmaları, peşəkarlıqlarının artırılması məqsədilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisası yaradılıb. Lakin respublikamızda təhsildə psixoloji xidmətin təşkil olunması, fəaliyyətin səmərəliliyinin artırılması, monitorinqinin aparılması və s. tənzim edən hüquqi normativ sənədlər olmadığından xaotik vəziyyət yaranır. Praktik psixoloqlar psixoloji maarifləndirmə, psixoprofilaktika, psixodiaqnostika, psixokorreksiya işi ilə məşğul olmalı olduqları halda, onlar yalnız psixodiaqnostika ilə məşğul olurlar. Məktəb psixoloqları daha fəal şəkildə uşaqların I sinfə qəbulu prosesində iştirak edir, uşağın təhsilə yararlı olub olmadığını müəyyənləşdirirlər. Bu, kökündən səhv olan bir yanaşmadır.

 

Nigar Abdullayeva

Palitra.-2014.-15 oktyabr.-S.11.