Qarabağın süjetli
xalçaları
Qarabağ
xalçalarının motivləri öz bədii dəyərinə
və təsvirinin orijinallığına görə bənzərsizdir.
Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə toxunub,
mövzunun dekorativ cəhətdən mənimsənilməsi əsl
xalq manerasında qurulub. Əvvəllər Qarabağ
xalçalarında gözəl rəsmlərlə
yanaşı, ovçuluq süjeti əsaslıq təşkil
edirdisə, sonralar xalçaçılığın
ovçuluq süjetinə marağın azaldığı
aydın görünür.
Onlarda
dinamik ov səhnələri demək olar ki, yoxdur,
ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi.
Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin
ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox
olur, öz yerini bir-birilə ancaq kompozisiya baxımından əlaqəli
heyvan təsvirlərinə verir. "Şəddə"
tipli xalçaların xovlu xalçalara təsiri məhz
bununla izah edilir.
Qədim
xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən
ibtidai, üfüqi simmetriyanın prinsipi üzrə qurulur və
birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız
təkrar edilir. Bitkin ovçuluq motivlərinə
marağı itirən xovlu xalça ustaları həmin bədii
prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin
axırlarında Qarabağda "Atlı-itli",
"İtli-Pişikli", "Marallı-Ceyranlı" və
s. xovlu xalçalar toxunub. Bu kompozisiya baxımından heyvan təsvirləri
olan üfüqi zolaqlardır.
Xalq
dastanının qəhrəmanı, Şərqin böyük
şairi Firdovsinin "Şahnamə" poemasında baş qəhrəman
Rüstəmə həsr edilmiş Qarabağ
xalçaları xüsusilə gözə dəyəndir.
Rüstəm və Söhrab xalçalar seriyası
miniatür rəngkarlığı üçün ənənəvi
kompozisiya prinsiplərinin xalq ruhunda təfsiri ilə diqqətəlayiqdir.
Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə
xalq xalçaçılıq sənətinin sözün əsl
mənasında tayı-bərabəri olmayan inciləridir.
Qarabağ
məktəbində süjetli xalçaçılıq
özünəməxsus üslubda inkişaf edib. Qərbi
Avropa rəngkarlığının təsvirindən azad olan
bu xalçaçılıq sənəti kökləri əsrlərin
dərinliklərinə, xalqın psixologiyasına gedib
çıxan dekorativ tətbiqi sənətin təşkilinin
əzəli bədii prinsiplərini bərqərar edirdi.
Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində
təfsirindən şüurlu surətdə imtina edilməsi
simvolik və həyat hadisələrinin qrafik şərhinin
güclənməsi-bunlar Şimali Azərbaycan, xüsusilə
Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.
Qarabağ
xalçalarında təsvir edilən bitki elementləri öz
formalarına görə iki növə bölünür:
1. Həndəsiləşdirilmiş elementlər;
2. Əyri xətli elementlər.
Həndəsiləşdirilmiş elementlər,
əsasən, xalça
kompozisiyasında doldurucu
elementlər kimi və yaxud köməkçi,
bağlayıcı rolunu
oynayırlar. Bu elementlər
Azərbaycanın digər
bölgələrinə nisbətən,
Qarabağ qrupuna daxil olan xalçalarda
daha çox işlədilir.
Əyrixətlilər həndəsiləşmiş
bitki elementlərinə
nisbətən daha da stilləşmiş formada olur. XVXVI əsrlərdə Təbriz
xalça məktəbinin
nümunələrində daha
çox tətbiq edilən bu formalar, nəinki “Qarabağ”, hətta Yaxın Şərq və Kiçik Asiya xalça məktəbinə də qüvvətli təsir göstərib.
Qarabağ xalçalarında müxtəlif
heyvan təsvirlərinə
- ev heyvanlarına, vəhşi heyvanlara, o cümlədən quş və həşərat təsvirlərinə rast gəlmək olur.
Qarabağ xalçalarında tez-tez
rast gəlinən maral bütün türklərin eyni rəmzi mənası olan ümumi totem idi. Türkdilli xalqların təsəvvüründə
maral yüksəliş
rəmzi və böyük güc nişanəsi idi. Maralın dövri olaraq təzələnən
ağacabənzər buynuzları
cavanlaşdırma, daima
təzələnmə və
zamanın gedişini genişləndirmə rəmzi
kimi yozulur.
Azərbaycanın bir çox bölgələrində toxunan
xalçalarda təsvir
edilən at fiqurlarına
Qarabağ bölgəsinin
xalçalarında da
tez-tez təsadüf edilir. At köçəri
oğuz qəbilələrində
əsas totemlərdən
biri olunub.
Şumerlər (Altay türklərinin Mesopotamiyada məskunlaşmış
nəsilləri hesab olunur) arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona at qoşmuşlar.
At toteminə sitayiş
Günəş ilə
əlaqədar idi. Oğuz türklərinin məskunlaşmış olduğu
yerlərdə ata böyük ehtiram olub və onların
ata sitayiş etməsi haqda çoxlu faktlar vardır. Altay ailəsi qəbilələrinin buğa,
şir, at, pələng,
qartal, əjdaha, maral, qurd kimi
totemləri dini rəmzləri məlumdur.
Su mənşəli sayılan
buğa (öküz) qüvvət və qüdrəti təcəssüm
etdirən totemdir. Buğanın qədim təsvirləri Şumerdə,
Qafqaz Albaniyasında və Mərkəzi Asiyada tapılıb. Ay səcdəgahı sayılan
buğa (öküz) surəti XV əsr Şirvanşahlar dövlətinin
gerbinin mərkəzini
bəzəyir. Buğa
surətinin ay mənşəli
olmasına bir işarə olaraq onun buynuzları bilərəkdən aypara şəklində verilib. Qarabağ xalçalarında
təsvir edilən pələng türk xalqlarının anlayışında
qüvvə təcəssümü,
insana xas olan bütün hisslərin daşıyıcısı
idi. Qədim Azərbaycanda, Mərkəzi
Asiyada, Altayda, Yeniseydə pələng qəbilələrin genealogiyasının
təşəkkülündə böyük rol oynayıb və əsas totemlərdən biri idi. Pələng
fiquru da qədim Altay astronomik təqvimində yer alıb.
Qarabağ xalçalarında rast
gəlinən qartal (tərlan) Günəş,
işıq mənbəyi
totemidir. Türk xalqlarının incəsənətində
qartal Günəş,
od, ildırım və şimşək hökmdarı sayılır.
Qarabağ xalçalarında
tez-tez rast gəlinən əjdaha totemi Azərbaycanda, Türkmənistanda, habelə
Sibir ərazilərində
xalqların məişətində
və incəsənətində
geniş yayılmış
mifik heyvandır. Əjdaha totemi insanın həyatının
uğurlu keçməsi
üçün ona yardımçı olan heyvan ruhudur. Əjdaha güclülük,
çeviklik, müdriklik,
uzaqgörənlik təcəssümüdür.
Şaman mərasimlərində
əjdahaların həmişə
irəlidə gedib yola işıq saldıqları təsəvvür
edilirdi. Qədim insanlar əjdahanın mövcudluğuna inanırdılar.
Qarabağ xalçalarında şir
təsvirlərinə də
təsadüf edilir. Şir Şərqdə ta qədimlərdən Günəş, od, aydınlıq və qüdrət təcəssümü
kimi qəbul olunub. Şumerlərin müharibə Allahı qanadlı şir şəklində təsvir
edilirdi.
Qarabağ xalçalarında ümumi
kompozisiyada əsas yer tutan və
ən çox gözə çarpan elementlər bütün xalça kompozisiyalarında
olduğu kimi beş qrupa bölünür:
a)Butalar. Azərbaycan ornamentlərində çox
geniş istifadə olunan buta Qarabağın
həm xovsuz, həm də xovlu xalçalarında təsvir edilir. Azərbaycanın müxtəlif
bölgələrində xalça
kompozisiyasında kök
salmış buta Qarabağ xalçalarında
da müxtəlif formalarda işlənib. Qarabağın “Şabalıd
buta” adlanan kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrin “buta” təsvirli xalçalarından
seçilir.
b)Kətəbələr. Xalça
kompozisiyasında kətəbə
doldurucu rolunu oynayır. Adətən uzunsov kətəbələrin
üzərində toxucular
müxtəlif yazılar,
süjetli kompozisiyalar
və yaxud müstəqil quruluşlu
ornametlər yerləşdirirlər.
c) Anagüllər. Xalça
kompozisiyası üçün
xarakterik olan bu elementlərin xalçaların adlarının
müəyyənləşdirilməsində
əsas və əhəmiyyətli rolu vardır. Qarabağın
“Qoca” adlı xalçasında “anagüllər”
çox təkrar olunur.
ç) Göl və ya kiçik xonçalar. Qarabağ xalçalarında tez-tez rast gəlinən “göl”, “xonça”, “padnos” istilahları medalyon mənasını daşıyır. Azərbaycanın
bütün bölgələrində
toxunan xalçalarda təsadüf edilən göllər öz formalarına görə müxtəlif olduğu kimi, Qarabağda toxunan xalçalarda da müxtəlif formalarda təsvir edilirlər.
d) Qubbalar. Qubbalar əsas elementlər qrupuna daxildir və adətən xalça kompozisiyasında
böyük göllərin
başında (qurtaracağında)
yerləşdirilir. Toxucular
bu elementləri “başlıq“ və yaxud “heykəlbaşı”
adlandırırlar.
Haşiyə bəzəyinin elementləri
iki növə bölünür:
1) Haşiyənin qarışlarını
təşkil edən elementlər;
2) Haşiyə qurşağını
təşkil edən zolaqlar.
Haşiyə qarışlarını təşkil edən elementlər haşiyələrin
kompozisiyasını təşkil
edir və qarışları əmələ
gətirir. Bu elementlər
qarışyanı, bağlayıcı
və ya qarışortası vəzifəsini
daşıyır. Haşiyə
qurşağını təşkil
edən elementlərə
“su”lar, “siçandişilər”,
“mədaxillər”, “zəncirələr”,
“bala haşiyələr”,
“ara haşiyələr”,
“cağ”lar aiddir.
Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri
şux və parlaq olur. Bu rənglər Qarabağın
təbii coğrafi şəraiti, gözəl
mənzərələri, bağları,
meşələri və
yaşıl çəmənlikləri
ilə əlaqədar
olaraq meydana gəlmişdir. Bu bölgədə
qırmızı və
çəhrayı rənglər
boyaq (“marena”) bitkisindən və qırmızı rəng bəzən “qırmız”
adlanan qurddan, sarı və sarımtıl rənglər
sarıçöp, sarıgüldən,
noxudu və ya şəkəri rənglər soğan və alma qabığından,
palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər təbii indiqodan alınırdı.
Qarabağda təbii rənglərin
boyama qabiliyyətini artırmaq məqsədilə
toxucular arasında çox tətbiq edilən zəy, duz, mal sidiyindən və başqa bərkidici maddələrdən
istifadə edirdilər.
XIX əsrin axırlarından
başlayaraq Azərbaycanın
bir çox bölgələrində olduğu
kimi Qarabağda, xüsusilə Şuşada
bəzən saxta boya (sabit olmayan)
ilə boyanan xalçalara da təsadüf edilirdi. Əlbəttə, Azərbaycan
xalçalarına xas
olmayan bu boyaq üsulu xalçaların bədii
xüsusiyyətini azaldırdı.
Qarabağ xalça sənətinin
rəng xüsusiyyətlərindən
biri də budur ki, xalq
ustaları tonların
isti-soyuqluğunu, kontrastlılığını,
rəng ahəngdarlığını,
qanunauyğunluğunu yaxından
hiss ediblər və nəticədə göz oxşayan, xoşagəlimli
rəng palitrası yaradıblar.
Günay Qasımxanlı
Palitra.-2014.-16 oktyabr-S.13.