“Azərbaycanda da xüsusi tələbə kartlarının
vaxtı çatıb”
Elçin Həsənzadə: “Universitetdə
ixtisasım
üzrə ilk azərbaycanlı tələbə olduğum üçün
müəllimlərim mənimlə
daha çox
maraqlanırlar”
Azərbaycanlı
gənclərin dünyanın dörd bir yanında ali təhsil üçün
çalışdıqları barədə dəfələrlə
məlumatlar və müsahibələr
yayımlamışıq. Onlar arasında
müxtəlif mədəniyyət və adətlərə məxsus
ölkələrdə təhsil alan gənclər
də çoxdur. Belə gənclərdən
biri Baltikyanı ölkələrdən
birində ali təhsilini davam
etdirən Elçin Həsənzadədir.
Bu savadlı və bacarıqlı gəncimizlə
olan müsahibəni oxuculara
təqdim edirik.
-Özünüz
barədə məlumat verərdiniz.
- Mən, Həsənzadə Elçin 1994-cü il sentyabrın 9-u Bakı şəhərində anadan olmuşam. 2000-ci ildə Bakının Sabunçu rayonu Z. Bəhmənov adına 68 saylı tam orta məktəbə daxil oldum və 2011-ci ildə buranı normal qiymətlərlə bitirdim. Ali təhsillə bağlı xaricdə təhsilimi davam etdirməyi seçdim. Beləcə, Litvanın Vilnüs Dövlət Universiteti, Kaunas Texnologiya Universiteti və Vytautas Magnus Universitetinə qəbul olmaqla deyə bilərəm ki, ali təhsillə bağlı addımlarım uğurlu olub. İxtisasımın daha əlverişli olmasını nəzərə alaraq Vytautas Magnus Universitetini qəbul etdim.
- Yəqin əvvəldən-orta
məktəbdən başqa bir ölkədə ali təhsil
almağı planlaşdırırdınız.
- Düzü, məndə xaricdə təhsil almaq istəyi hələ 9-cu sinifdə oxuyarkən yaranmışdı. Allaha şükürlər olsun ki, ən böyük istəklərimdən birinə nail oldum. Bu işdə mənə ilk növbədə ailəm, Könül xanım, Murad və Cavid müəllim kömək oldular. Hər bir gəncə belə bir uğura nail olmağı arzu edirəm və düşünürəm ki, indi orta məktəbdə oxuyan şagirdlərimizin yarı qismi bu barədə düşünməlidir. Ali məktəbə öz ölkəmizdə qəbul olduqdan sonra başqa bir ölkəni seçmək də uğurlu addım sayıla bilər.
-Oxuduğunuz
ali məktəb barədə söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?
- Ümumiyyətlə, Litvada
təhsil inkişaf edib, desəm yanılmaram. Təhsil aldığım universitetin təhsil sistemi çox gözəldir. Misal olaraq bütün ev tapşırıqlarını
və s. onlayn olaraq yaradılmış
“moodle” sistemində etmək olur. Bu həm asandır,
həm də tələbə vaxtını
itirmir. Gələcəkdə isə Erasmus tələbə
adını aldıqdan
sonra İtaliya, Avstriya və ya Almaniyada təhsilimi
davam etdirməyi düşünürəm.
-Bir qədər də yaşadığınız yerin
insanları haqqında
söz açardınız?
- Kaunas əhalisi sayca 250 min nəfərdir. Bura çox vaxt
“Tələbə şəhəri”də
deyirlər. Paytaxt şəhərdən
sonra Kaunas, ikinci ən böyük şəhər sayılır.
Buranın insanları çox
sadədirlər. Qanunlarını da çox bəyənirəm
və bəzən bu şəhərin insanlarına “Nemes” deyirlər. Adət və ənənələrinə
gəldikdə isə,
yerli əhalinin özlərinə məxsus
qeyri-adi adətləri
var. İxtisasımdan əlavə
Litva mədəniyyəti
və həyatı adlı fəndən qədimlərdən özlərinə
məxsus olan adətləri öyrənirik.
-Diaspor sahəsində və ictimai işlərdə necə, aktivsinizmi?
- İnşallah, bu
ilin sonuna “European Youth
Organization” birliyinə qatılmağı
düşünürəm. Burada bir
çox tədbirlərə
azərbaycanlı tələbələrimizlə
qatılıram. Ümumilikdə isə tam aktiv gənc sayılmıram.
Amma qeyd etdiyim kimi,
ictimai işlərdə
aktivliyimi artırmağı
düşünürəm.
-Azərbaycanlı tələbələr
necə, aktivdirlərmi?
Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti
barədə də söz açardınız.
- Bəli. Bir çox dövlət
və universitet tədbirlərinə qatılırıq.
Tələbələrimizin fəallığını qənaətbəxş saymaq
olar. Bayramlarda, Azərbaycanla bağlı
müəyyən matəm
və digər tədbirlərdə bir yerə toplaşırıq,
təbliğatlar aparır,
müzakirələr, əcnəbi
gənclərlə ünsiyyətlər
quraraq Vətənə
xeyirli işlər görməyə çalışırıq.
- Azərbaycan gəncliyinin hazırkı
durumunu necə xarakterizə edərdiniz?
- Təəssüf hissi ilə deyə bilərəm ki, ürəkaçan deyil. Bu sözü hamıya
da şamil etmirəm. Demək olmaz ki, ümumilikdə gəncliyimiz
inkişaf etmir. Sadəcə,
gənclərin bir qismi biz istədiyimiz istiqamətə tam yön
ala bilməyib. Ümid edirəm
ki, hökumətin yürütdüyü siyasət
nəticəsində gəncliyimiz
ən ideal səviyyəyə
qalxacaq. Ümumilikdə isə öncəki illərlə müqayisədə
vəziyyət yaxşıdır.
-Son illərdə
ali təhsil
ocaqlarında oxuyan tələbələrimizin xarici
ölkələrdə təhsillərini
davam etdirməsi halları çoxalıb.
Bununla bağlı dövlət proqramları da həyata keçirilir.
Bunu necə dəyərləndirərdiniz?
- Çox gözəl dəyərləndirirəm. Yuxarıda da qeyd etdim ki, dövlət gənclərimizlə bağlı təqdirəlayiq addımlar atır. Əslində dövlət proqramına bir neçə əlavələr də olsa, bu, tələbələr üçün çox yaxşı olar. Misal üçün, Avropada “Erasmus Student Network” var ki, 1 və ya 2 (istəyinə görə) semestr istədiyin Avropa ölkəsini seçib oxumaq hüququn var. Qəbul olduğun müddətdə hər ay təqribi 1000 avro tələbəyə pul verilir ki, bu da çox yaxşıdır. Əgər bizdə də belə tələbə mübadiləsi olsa, inanıram ki, təhsilimizin səviyyəsi daha yaxşı olar.
- Bəs,
ümumilikdə ölkədə tələbələr üçün yaradılan şərait sizi qane edirmi?
- Avropada qane edir. Azərbaycana gəldikdə isə o qədər də yox. Yeni təhsil siyasəti həyata keçirilməyə başlanılıb. Ümid edirik ki, bu, özünü tələbələrlə bağlı işlərdə də göstərəcək. Tələbələr üçün müəyyən addımların atılmasını istərdim. Xüsusi tələbə kartları olması daha yaxşı olardı. Bununla da fikrini yalnız təhsilə yönəldən və maliyyə gəlirləri olmayan gənclərimiz tələbə olaraq lazım olan endirimlərdən faydalana bilərdi. Burada tələbə üçün gediş haqqı 50-80 % endirimlədir. Geyim, tədbir və s. ilə bağlı güzəştlər isə təqribi olaraq 10-40 % arası dəyişir. Bu da xaricdən gələn tələbələri daha çox qane edir. Azərbaycanda da belə addımların atılacağına ümid edirəm.
-Azərbaycanda
ixtisasınız üzrə hazırkı durum
sizi qane edirmi?
-İxtisasım Kompüter
mühəndisliyi və
IT-dir (İnternet Texnologiyaları). Qane edir,
amma hər şey təhsildən başlayır. Bu ixtisas üzrə yüksək təhsil olsa əla olar.
Burada təhsil səviyyəsi bizim təhsildən daha üstündür, desəm yanılmaram.
Misal olaraq, oxuduğum ixtisasda mən ən yeni proqramlaşdırmanı
öyrənirəm. Azərbaycanda
isə bir neçə il
əvvəl olan proqramlaşdırmadır. Bir qədər
də dərinliyə
getsəm, sırf ixtisasım üzrə bizdə hələ öyrəniləsi çox
məqamlar var.
-Gələcək planlarınız
barədə də söz açardınız.
- Oxuduğum universitetdə öz ixtisasım üzrə ilk azərbaycanlı
tələbə olduğum
üçün müəllimlərim
mənimlə daha çox maraqlanırlar. Dərslərdən əlavə onlayn
və kitabxanada müəllimlərimlə əlavə
proqramlaşdırma öyrənirəm
ki, bu da
mənə çox kömək olur. Hazırda “Microsoft” və
“Dream Spark”da qeydiyyatdan
keçmişəm və
dərslərimdə daha
çox uğur əldə etsəm, inşallah, gələn il “Microsoft”da
müəyyən vaxtlıq
təcrübə etmək
imkanım olacaq. Universiteti bitirdikdən sonra Azərbaycana dönüb ixtisasıma uyğun dövlət və ya özəl şirkətlərdən birində
çalışmağı düşünürəm. Əgər
“Microsoft” tərəfindən qəbul edilsəm, təbii ki, “Microsoft”da işləməyi
düşünürəm.
Tural Tağıyev
Palitra.-2014.-16 oktyabr.-S.5.