“Müəllimlərin
ehtiyacına uyğun kurslar
təşkil olunmalıdır”
Meliha Əsədova: “İndi şagirdlər
eşitməkdən çox
gördüklərini, izlədikləri faktları yadda saxlamağa meyillidirlər”
5 oktyabr
- Beynəlxalq Müəllimlər Günüdür.
Müəllim peşəsinin ictimai
nüfuzunun artırılması, onun yüksək maddi və
mənəvi motivasiyası, pedaqoji təhsilə
istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil
islahatlarının uğurla həyata
keçirilməsi üçün ən
vacib amillər hesab edilir. Dövlətimiz həmişə
müəllim adını, müəllim əməyini
yüksək tutub. Bugünlərdə
ölkə başçısının sərəncamı
ilə təltif olunan müəllimlərimizin
əməyinin yüksək qiymətləndirilməsi və
onların ən yüksək adlara layiq görülməsi bunun
bariz nümunəsidir. Təhsil sistemində
yeniliklər, mövcud vəziyyət və
problemlərlə bağlı müsahibimiz
Rövşən Nəsirov adına 111 saylı Nəsimi rayonu tam orta
məktəbin müəllimi Meliha Əsədovadır:
-Artıq bir müddətdir ki, yeni tədris ili başlayıb. Bu tədris ilində bir çox yeniliklər olacağına ümid edirəm. İstər İKT-nin məktəblərdə tədrisiylə bağlı, istərsə də digər sahələrdə. Bildiyimiz kimi kurikulumun tətbiqi indiyə qədər 5-ci və 6-cı siniflər üzrə aparılırdı. Bu il isə 7-ci siniflər üzrə davam edir və bu siniflərdə yeni dərsliklər nəşr olunub. Bundan başqa həyata keçirilən tədbirlərdən biri kimi Təhsil Nazirliyi tərəfindən yeni elektron dərslik portalı istifadəyə verilib. Həqiqətən də təhsil müəssisələrinin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər tələbəyə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən tələbə olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.
- Yeni tədris ilinə hazırlıq məqsədilə hansı təlim, yaxud kurslarda iştirakçı olmusunuz?
- Bir təlimçi olaraq Azərbaycan dili və ədəbiyyatı fənni üzrə təlimçiyəm. Artıq 3 ildir ki, təlimçi olaraq çalışıram. Bu il Zaqatala, Göyçay və Bakıda təlimlərin aparılmasında iştirak etdim. Təhsil Nazirliyinin "Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması" təlimiylə bağlı elan olunmuş təlimdə iştirak etmək üçün seçildim. Bu təlim oktyabrın 7-11 tarixinə qədər Qubada keçiriləcək. Mən də bu iştirakçıların sırasındayam. Bu təlimin məqsədi ibtidai sinif səviyyəsində təhsil alan şagirdlərə oxuyub anlama bacarığını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır. Bu təlimdə iştirak etmək mənim üçün daha bir uğurdur.
-Yerlərdə təlimlərdə müəllimlərin iştirak səviyyəsini necə qiymətləndirirsiniz?
- Müəllimlər bu təlimlərdə fəal iştirak edirlər. Lakin onların fəaliyyətində qarşılaşdıqları bir problem məni daha çox narahat edir. Belə ki, bölgələrdə bir çox müəllimlərin İKT savadı zəif və ya demək olar ki, heç olmadığından onlar Fənn kurikulumuyla bağlı yenilikləri öyrənirlər, lakin dərslərin İKT -də yığılmasında çətinlik çəkirlər. Onların İKT savadının artırılması üçün bir sıra tədbirlər görülməlidir. Bu, mütləqdir. Çünki müasir dövrümüzdə dərslərin İKT-də şagirdlərə nümayiş etdirilməsi daha məqsədəuyğun hesab edilir. Yəni, artıq buna doğru böyük inkişaf var. Təbii ki, bunu bütün bölgə müəllimlərinə aid etmək olmaz. Amma bir çox müəllimlər bu problemləri yaşayır.
- Ümumiyyətlə, belə təlimlər müəllimlər üçün hansı imkanlar açır?
- Müəllimlərin Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə Təlim kursunda iştirak etmələri və onların fənn kurikulumuyla bağlı yeni fəal təlimin mərhələlərini və bir çox digər yenilikləri öyrənmələri təqdirəlayiq haldır. Məni sevindirən digər mühüm məqam isə bir çox müəllimlərin bu kursda iştiraklarından sonra onlarda şagirdlərə qarşı münasibətin dəyişməsi yaxşı mənada özlərini tam bir faslitator rolunda görmələri çox xoş haldır. 10 gün müddətində onlarda bu müsbət dəyişikliyi görmək mümkündür. Sonda özlərinin fəal iştirakları ilə fəal təlimin mərhələlərinə uyğun dərs nümayiş etdirə bilmək qabiliyyətləri onların yeni uğurlarından xəbər verir. Mən çox xoşbəxtəm ki, xalqıma bu işdə bir faydam və yardımım dəyir. Bunu böyük qürur hissi ilə qeyd edirəm. Təlimçi kimi müəllimləri maarifləndirməkdə faydam və yardımım dəyir.
Təlimlərin bölgələrdə keçirilməsi məni daha çox sevindirir. Çünki şəhərdə işləyən müəllimlər yeniliklərdən xəbərdar ola bilir. Lakin bölgələrdə bu o qədər asan deyil. Bölgələrdə bu kursların təşkil olunması təqdirəlayiq haldır. Mən təklif edərdim ki, müəllimlərin ehtiyacına uyğun kurslar təşkil olunsun. Onlar daim maariflənsinlər. Belə kurslar mütəmadi təşkil olunsun.
- Müəllim kimi ötən müddətdə siz hansı yenilikləri əldə edib, tətbiq etmisiniz?
- Təlimçi olaraq daim hər bir yeniliyi izləyirəm və çalışıram yenilikləri öyrənim. Mütəmadi olaraq müxtəlif kurslarda istər kurikulumla bağlı, istərsə də İKT və digər sahələr üzrə keçirilən kurslarda daim iştirak edirəm. Son nailiyyətim isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun və "Demokratik Gənclər" İctimai Birliyinin ümummilli lider Heydər Əliyevin 91 illik doğum günü münasibətilə birgə həyata keçirdikləri "Ən yaxşı bloq" müsabiqəsində "Ən yaxşı veb resurs" nominasiyası üzrə 4-cü yerə layiq görüldüm və “UGUR” diplomu ilə təltif olundum.
-Son zamanlar tətbiq olunan yeniliklərdən biri kimi müəllimlərin sınaq qiymətləndirməsi keçirildi. Siz müəllimlərin fəaliyyətində bunun rolunu necə dəyərləndirirsiniz?
- Müəllimlərin sınaq qiymətləndirilməsi təqdirəlayiq haldır. Çünki müəllim özündə daha çox məsuliyyət hiss edir, bu imtahan üçün mütaliə edir. Müəllim özü haqqında bir qənaətə gəlir və sanki özünü yenidən kəşf edir. Belə imtahanlar davamlı olsa yaxşı olar. Müəllimlərin məsuliyyəti birə beş artar. Mən də bu sınaq qiymətləndirməsində iştirak etdim. Şükür ki, nəticə müsbətdir.
-Şagirdlərin yeni ildə təhsilə marağını necə dəyərləndirirsiniz?
- Mən hələ ki, passivlik hiss etmirəm. Dərs ili
yeni başlayıb. Düşünürəm ki, şagirdlər
təhsildə olan yeniliklərdən xəbərdardırlar
və məsuliyyətlərini
hiss edirlər. Çünki məsuliyyət olmasa, nəticə olmaz. İkinci bir müsbət halı təqdirəlayiq hal hesab edirəm
və təhsil nazirinin şagirdləri bədii qiraətə cəlb etmələri üçün verdiyi qərar məni çox sevindirir. Çünki şagirdlərin mütaliəsi nəticəsində
onlarda nitq inkişafı, oxuyub anlama qabiliyyətləri daha da inkişaf
edəcək.
-Bugünlərdə
belə bir məlumat açıqlandı
ki, ölkədə orta statistik məzun məktəb proqramının 50-76 faizini
mənimsəmir. Bu, ümumtəhsil müəssisələrinin
böyük qismində
tədris prosesinin
normal aparılmamasından, tələbkarlığın zəifliyindən,
ən başlıcası
isə müəllimlərin
çoxunun peşəkarlıq
səviyyəsinin aşağı
olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalardan istifadə edə bilməməsindən
irəli gəlir.
Bununla bağlı nə deyərdiniz?
- Mən bunu bütün məktəblərə və
müəllim kollektivinə
şamil etməzdim. Bu boşluqların aradan qalxması üçün hər bir müəllim öz vicdanının səsilə və peşəsinin məsuliyyətini
dərk edərək fəaliyyətində aktiv
olmalıdır. Hər bir
müəllim şagirdləri
çalışdırmalı, onların maraq dairəsinə uyğun dərslər qurmalı və sinfin səviyyəsini, şagirdlərin
fəaliyyətində irəliləmə
və geriləmə prosesini izləyərək
bu boşluqları aradan qaldıra bilər. Mən arzu edərdim
ki, bütün məktəblərdə siniflər
kompüterlə təchiz
olunsun və interaktiv dərslər qurulsun. Bunun üçün əlverişli şərait
olmalıdır. İndi şagirdlər
eşitməkdən çox
gördüklərini, izlədikləri
faktları daha çox yadda saxlamağa meyillidirlər.
Digər şəkildə
hər bir müəllim öz məsuliyyətini hiss etməlidir.
Çünki söhbət gənc
nəslin inkişafından
gedir. Biz bu yolda bir
bənna rolunu oynayırıq. Mən inanıram
ki, istər psixoloji dəstək baxımından, istərsə
də fəaliyyətlərində
onlara veriləcək stimul baxımından müəllimlərin faslitator
olaraq öz mövqelərindən şagirdlərə
yanaşma prinsipi dəyişəcək.
Nigar Abdullayeva
Palitra. -
2014.- 4 oktyabr.- S. 7.