Azərbaycanın filmi İtaliya mətbuatında

 

Dünyanın bir sıra aparıcı KİV-lərində rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabatfilmi barədə silsilə məqalələr çap olunmaqdadır. İtaliyanın məşhur “Artslifeonlayn jurnalında yer alanNabat: Müharibəyə qarşı mübarizə aparan tənha qadın” sərlövhəli məqalə də bu qəbildəndir.

Məqalədə vurğulanır ki, cari ilin sentyabrında keçirilmiş 71-ci Venesiya film festivalının “Üfüqlər” bölməsində təqdim olunanNabatfilmi çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Rejissor Venesiyaya bir qadının öz kəndinə olan sevgisindən, oğlu da daxil olmaqla Vətənin ən yaxşı oğullarını ölümə sürükləyən müharibəyə qarşı apardığı ağrılı mübarizədən bəhs edən hekayə ilə gəlib.

Yazıda filmin bütün süjet xətti verilməklə yanaşı, rejissorun da məharəti, bacarığı önə çəkilib. Vurğulanıb ki, filmdəki hadisələrin hansı ölkədə baş verməsindən asılı olmayaraq törətdiyi faciələrə görə müharibəni rədd edir.

Qeyd edək ki, “Nabatfilmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilib. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

Tammetrajlı bədii filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:

 

Tural

Palitra.-2014.-17 oktyabr.-S.16.