“Müstəqilliyimizin yaratdığı imkanlar əvəzsizdir”
Vüqar Nuriyev: “20 il öncəki
gənclərdən fərqli olaraq müasir Azərbaycan gəncləri
azad və müstəqil düşüncə
daşıyıcısıdır”
Bugünkü vətəndaşlarımızın,
o cümlədən gəncliyin ən böyük xoşbəxtliyi ondadır ki, müstəqil ölkədə
yaşayırlar. Hazırkı Azərbaycan vətəndaşları
ölkəsinin müstəqilliyini hər şeydən uca tutur. Elə, müsahibimiz Vüqar Nuriyev də şəxsi həyatını, ictimai-siyasi fəaliyyətini məhz bu düşüncə üzərində qurub. YAP Ağsu Rayon Təşkilatının, eləcə də
Diaspor Jurnalistləri Birliyinin
üzvü və fəalı olan Vüqar Nuriyevlə
söhbətimiz bu mövzudadır.
-Azərbaycan
dövləti və xalqının yenidən müstəqilliyə
qovuşduğu günləri necə
xatırlayırsız?
- Gənclik və tələbəlik illərim həmin dövrə təsadüf edib. O illərin ağır, amma dəyərli xatirələrini daşımaqdayam. Həmin dövrdə vətənpərvər gənc olaraq “müstəqillik” anlayışını dərk edir, onun işartılarını hiss edirdim. Ümummilli lider müstəqillik arzularımızı alovlandırdı. Çətinliklə olsa da, Azərbaycan dövləti və xalqını müstəqilliyə qovuşdurdu. Bütün xalqın, xüsusən o dövrdəki gənclərin itməkdə olan arzu və gələcəyə ümidlərini qaytardı. Müstəqil Azərbaycan dövləti və hakimiyyətinin xalqa, xüsusən gənclərə inanaraq etibar etdiyini söylədi. O dövrdə gənclərdə özünəinam hissi formalaşdırmaq lazım idi. Bu, ümummilli liderin fədakar və əzmli fəaliyyəti sayəsində mümkün oldu. O, xalqın, xüsusən gənclərin yüksəlişi yolunda fədakarcasına xidmət nümayiş etdirdi. Onun əzmkar fəaliyyətindən hər kəs, xüsusən gənclər bəhrələndi. Təhsil, elm, bilik əldə etməyin vacibliyini dərk edən gənclər ordusu yarandı. Peşə və yaradıcılığa meyillər yüksəldi. Ən vacibi müstəqil Azərbaycanı müdafiə edən, qoruyan ordu quruculuğu həyata keçirildi.
- Müstəqilliyimizin
yenidən bərpa olunmasında görkəmli şəxsiyyətlərin
və siyasətçilərin nə kimi rolu olub?
- Zaman və tarixin ən ağır yükü yüz ildə bir doğulan fenomenal şəxsiyyətlərin çiyinlərində daşınır. 20 il öncə biz bir daha bu tarixi gerçəkliyin şahidi olduq. Həmin illər Azərbaycan tənəzzül və iflasa sürüklənirdi. O zaman ümummilli lider Heydər Əliyev öz xalqının çağırışına cavab verdi. Onun hakimiyyətə qayıdışı xalqımızı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycanı uçurumun bir addımlığından bugünkü inkişaf və tərəqqiyə yönəltdi. Müasir azad və müstəqil Azərbaycanın memarı Heydər Əliyevdir. Onun fədakar və əzmli fəaliyyəti yüksəlişimizin fundamental əsası oldu. Ulu öndər ölkəmizin inkişafı üçün möhtəşəm dayaqlar yaratdı. Azərbaycanı həmin dayaqlar üzərində qurdu və qorudu. Həmçinin gələcək dövrlər üçün perspektivlər təyin etdi. Bu gün Azərbaycan həmin dayaqlar üzərində inkişaf yolundadır. Bu tarixi gerçəkliyi bütün dövrlərdə gənclərimiz və xalqımız unutmayacaq.
-Müstəqillik
gənclər üçün hansı imkanlar yaratdı?
- Müasir və formalaşan Azərbaycan gəncləri bilməlidir ki, bugünkü müstəqilliyimiz çətinliklə qazanılıb. 1993-cü ildən başlayaraq müstəqillik yolunda ciddi addımlar atıldı. Ümummilli liderin uzaqgörən siyasəti, fədakar səyləri öz bəhrəsini verdi. Ölkəmiz müstəqillik qazanaraq müasir inkişafa nail oldu. Müstəqillik hər kəsin, o cümlədən gənclərin inkişafına çoxşaxəli yollar açdı. Azad və dinamik düşüncə tərzinin formalaşmasına təkan verdi. Dünyaya və beynəlxalq aləmə inteqrasiyada müstəqilliyimizin yaratdığı imkanlar əvəzsizdir. Ən əsası, gənclər arasında yaradıcı, kreativ, sağlam rəqabət formalaşdı. Bu gün müasir Azərbaycan gəncləri suverenliyimizin yaratdığı bütün imkanlarından layiqincə bəhrələnir. 20 il öncəki gənclərdən fərqli olaraq müasir Azərbaycan gəncləri azad və müstəqil düşüncə daşıyıcısıdır. Onların hər biri bu gün qürurla “mən müstəqil Azərbaycan gənciyəm” deyə bilir. Bu haqqı qazandıqları üçün öyünməli, tariximizi daha ciddi araşdırmalı və öyrənməlidirlər.
- Müstəqilliyi
qorumaq və yaşatmaq
üçün bugünkü
gənclikdən nə tələb olunur?
- Müstəqilliyin bərpası və təminatının
çətin əldə olunması haqda
danışdıq. Bu gün
müstəqil Azərbaycan vətəndaşları, xüsusən
gənclər öz məsuliyyətini dərk
edir. Bu, son dərəcə önəmlidir. Azad gələcəyimiz naminə hər zaman müstəqilliyi qorumalı və
yaşatmalıyıq. Azərbaycan gəncləri çətin
qazanılan dəyərlərin qorunmasına, daha
da inkişafına
çalışmalıdır. Hər zaman,
hər yerdə öz ciddi
səylərini nümayiş etdirməlidir.
Bu fəaliyyət şərəfli olduğu üçün
davamlı və ardıcıl aparılmalıdır. Təkcə
gənclər deyil, hər bir
Azərbaycan vətəndaşı bu
şərəfli məsuliyyətin
daşıyıcısıdır. Dinamik
düşüncə əldə etmiş
müasir Azərbaycan gəncliyi müstəqilliyimizin
yüksək dəyərini bilir. Elm, təhsil, texnologiyanın bugünkü
imkan və nailiyyətlərinə sahib olan gənclər öz uğurları ilə ölkəmizin
inkişafına xidmət edir. Ümummilli liderin azərbaycançılıq
ideyaları yolunda çalışan Azərbaycan
gəncləri fəxrimizdir. Onlar öz fərdi inkişafları ilə birbaşa müstəqilliyimizin qorunması və
yaşadılmasına xidmət etdiklərini bilməlidir.
Fuad Hüseynzadə
Palitra.-2014.-18 oktyabr.-S.6.