“Hər bir kəs
tarixini bilməlidir”
Qəhrəman Ağayev:
“Şahtaxtında
il boyu arxeoloji qazıntılar aparılmalıdır”
Müsahibimiz Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, Şahtaxtı arxeoloji abidələr kompleksinin rəhbəri
Qəhrəman
Ağayevdir:
- Qəhrəman müəllim, 2015-ci
ilə planlaşdırdığınız arxeoloji tədqiqatlar
hansı ərazidə olacaq?
- Hər il aparılan tədqiqat işləri, ondan əvvəlki
ildə aparılan tədqiqatların nəticəsindən
sonra müəyyənləşdirilir. AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutu Şahtaxtı arxeoloji
ekspedisiyası mütəmadi olaraq, Naxçıvan MR Kəngərli
rayonunun Şahtaxtı kəndi ərazisində olan qədim
yaşayış kompleksində tədqiqat işləri
aparır. Bu il, yəni, 2014-cü ildəki
arxeoloji tədqiqat işləri də həmin qeyd olunan ərazidə
aparılıb, bir neçə müddət bundan öncə
isə builki tədqiqat işlərini
yekunlaşdırmışıq. Çox
güman ki, 2015-ci ilin arxeoloji tədqiqat işləri də həmin
ərazidə aparılacaq.
- Şahtaxtı arxeoloji abidələri haqda geniş məlumat
verməyinizi xahiş edirik.
- Qeyd edim
ki, Şahtaxtı abidələri çox qiymətli, tarixi əhəmiyyətli
arxeoloji kompleksdir. Təsadüfi deyil ki, bu abidə hələ
XX əsrin əvvəllərindən tarixçiləri
maraqlandırıb və bu səbəbdən 1936-cı ildə
el arasında Gavurqala adlanan yaşayış yerində və
onun yaxınlığında olan nekropolda Azərbaycanın
görkəmli arxeoloq-etnoqrafı Ə. Ələkbərov tərəfindən
kəşfiyyat xarakterli tədqiqat işləri
aparılıb və bu abidənin Son Tunc - İlk Dəmir
dövrünə, yəni, e. ə. II minilliyin sonu - I minilliyin
əvvəllərinə aid olduğu qeyd olunub. Sonrakı
dövrlərdə də bu abidəyə böyük maraq
olub və qeyd etdiyim tarixi dövr təsdiqlənib. Şahtaxtı arxeoloji abidələr kompleksində
geniş halda qazıntı işlərinə 1979-cu ildən
başlanıb. 1979-1988-ci illər ərzindəki
tədqiqat işlərini AMEA Tarix İnstitutu Arxeologiya və
Etnoqrafiya Sektoru və Naxçıvan Elm Mərkəzi birlikdə
aparıblar. Bu illər ərzində
aparılan tədqiqatların nəticəsi olaraq, abidənin
daha qədim dövrlərə aid olması ehtimalları
yaranıb. 1989-2003-cü illər ərzində
məlum və məlum olmayan səbəblər üzündən
ərazidə qazıntı işləri
dayandırılıb. Bunun nəticəsində qədim
yaşayış yeri qismən, 15 hektara yaxın olan nekropolun
12 hektardan çoxu isə, demək olar ki, tamamilə
dağıdılıb. Bu dağıntılar əsasən,
1990-cı illər ərzində baş verib.
Ulu öndər H. Əliyevin tariximizin inkişafı ilə
bağlı 2000-ci ilin əvvəllərində verdiyi məlum
qərarla bağlı Azərbaycan ərazisində yenidən
arxeoloji tədqiqat işlərinə geniş yer verildi.
Möhtərəm Prezidentimiz İ. Əliyev qədim
tariximizin daha dərindən öyrənilməsi, diqqətin
artırılması baxımından AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutuna respublika ərazisində arxeoloji tədqiqat
işlərinin daha geniş miqyasda aparılması
üçün lazım olan maliyyə vəsaitinin
ayrılması haqqında sərəncam imzalayıb. Bunun nəticəsidir
ki, indi demək olar ki, Azərbaycanın bütün bölgə
və rayonlarında arxeoloji tədqiqat işləri
aparılır. Şahtaxtı arxeoloji abidələr
kompleksi də həmin abidələrdən biridir. Şahtaxtı abidələrində 2003 və
2006-cı illərdə kəşfiyyat xarakterli tədqiqat
işləri aparılıb, 2007-ci ildən etibarən isə,
abidədə geniş halda tədqiqat işlərinə
başlanılıb. Son illərdə aparılan tədqiqat
işlərinin nəticəsi olaraq, məlum olub ki, bu abidə
daha qədim dövrlərə aid olmaqla, nəinki Azərbaycanda,
Qafqazda, Yaxın Şərqdə, bəlkə də
dünyada yeganə qədim yaşayış yeridir ki, ərazidə
intensiv həyat tərzi yaşanmış və bu gün də
həmin həyat tərzi yaşanır. Şahtaxtının
qədim insanları özlərindən əvvəl
yaşamış tayfalara hörmətlə yanaşaraq,
onlardan qalan maddi-mədəniyyət qalıqlarına dəymədən
öz maddi-mədəniyyətlərini yaradıblar ki, bunun da
nəticəsində çox təbəqəli qədim
yaşayış yeri yaranıb. Aparılan
tədqiqatlarla məlum olub ki, Şahtaxtı tayfaları ərazidə
Eneolit, yəni, Mis-daş dövründən məskunlaşıb
və bu gün də heç bir yerdəyişmə etmədən
həmin ərazidə yaşayırlar. Yalnız
orta əsrlər dövründə çox güman ki,
coğrafi şəraitlə əlaqədar olaraq, əhali nisbətən
cənub-şərq, “İydəli Pir” deyilən əraziyə
köçüb və sonralar qismən yerdəyişmə
etməklə, həmin ərazidə indi də
yaşayırlar. Ola bilsin ki, bu qədim
yaşayış yeri daha qədim dövrlərə aiddir.
Belə ki, yaşayış yerində dərinlik 5,2 m-ə çatdırılsa da, mədəni
təbəqə sona qədər izlənilməyib. Buna səbəb isə abidənin altına axan qrunt
sularıdır ki, bu da müəyyən dərinliklərdə
güclü nəmişlik yaratmaqla, abidənin
stratiqrafiyasını izləməyə imkan vermir. Bu çətinliyi aradan qaldırmaq
üçün qədim yaşayış yerinin
şimal-şərq və şərq hissələrində
drenajlar-çalalar qazılmalıdır ki, abidəyə axan
qrunt sularının qarşısı alınsın ki, abidədə
bizə qaranlıq qalan məqamları tədqiqata cəlb etmək
mümkün olsun. Gələcəkdə
aparılan tədqiqatlar zamanı çox güman ki, abidəyə
gözlənilən köməkliklər sayəsində bu
çətinlikləri aradan götürə biləcəyik.
- Şahtaxtı abidəsinin
tədqiqindən sonra nəticəsini necə
görürsünüz?
- Qeyd etdiyimiz
kimi, Şahtaxtı arxeoloji abidələr kompleksi yeganə
abidələrdən biridir ki, burada insanlar Eneolit
dövründən, yəni, Mis-daş dövründən bu
günə kimi ərazidə intensiv həyat tərzi
yaşamış və bu gün də yaşayırlar.
Şahtaxtı Azərbaycanın yeganə kəndlərindən
biridir ki, o nəinki Azərbaycana, eyni zamanda dünyaya
böyük şəxsiyyətlər bəxş edib və
indi də edir.
Dahi Hüseyn Cavid, tanınmış alim, oftalmoloq, akademik Z.
Əliyeva, tanınmış iqtisadiyyatçı alim Ə.
Mahmudov, məşhur Şahtaxtınskilər, Seyidovlar məhz
bu kənddə doğulub və Azərbaycanımızın
dünyada tanınmış şəxsləri olublar.
Şahtaxtı
və əlbəttə ki, Şahtaxtı arxeoloji abidələr
kompleksinin Böyük İpək Yolunun kənarında,
İran İslam Respublikası ilə Azərbaycan arasında
olan sərhəd-keçid məntəqəsinin
yaxınlığında yerləşməsini də nəzərə
alsaq, tədqiqat işlərimizin nəticəsi olaraq,
Şahtaxtı arxeoloji abidələr kompleksinin açıq
muzey kimi dünya ictimaiyyətinə nümayiş etdirilməsinin
necə vacib olduğu məlum olar. Bunun üçün,
Şahtaxtı arxeoloji abidələr kompleksində qazıntı
işlərini genişləndirmək və il
boyu tədqiqat işləri aparmaq lazımdır. Bu işdə
bizə Şahtaxtının iş adamları
yardımçı olmalıdır. Çünki institutumuzun
hər il qazıntıya
ayırdığı vəsaitlə yalnız bir-iki aylıq
qazıntı işləri aparmaq mümkün olur. Ona görə
də ürəyi Şahtaxtı ilə bağlı olan hər
bir iş adamlarından bu işə imkanları daxilində
müəyyən köməklik göstərmələrini
arzu edirik.
Onu da qeyd
etmək lazımdır ki, bu işlərin aparılmasında
Naxçıvan MR Ali Məclisinin sədri, çox hörmətli
V. Talıbov başda olmaqla, Muxtar Respublikanın bu işlə
bağlı təşkilatları və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi, şəxsən
idarənin rəisi, polis general-mayoru M.Seyid mənəvi dəstək
göstərirlər.
- Şahtaxtı kəndi ətrafında
kəşfiyyat xarakterli qazıntı işləri
aparılırmı?
-
Arxeologiyada arxeoloji qazıntılarla bərabər, arxeoloji kəşfiyyat
işləri də əsasdır. Şahtaxtı
arxeoloji abidələr kompleksinin yaxınlığında olan
bütün ərazilərdə demək olar ki, kəşfiyyat
xarakterli qazıntı işləri aparılıb. Bunun nəticəsidir ki, abidənin şimal,
şimal-şərq və qərb hissələrində 15
hektara yaxın böyük nekropol aşkar edilib. Abidənin şərq hissəsində isə, orta əsr
yaşayış yeri və onun nekropolu aşkar edilib. Bu
il aparılan kəşfiyyat xarakterli
qazıntılar nəticəsində aşkar edilən labirint
formalı qəbir abidəsi böyük marağa səbəb
olub. İlkin tədqiqat işlərinə
görə, bu qəbir abidəsinin labirint formalı
olduğunu söyləyirik. Unikal
görüntüsü olan bu qəbir abidəsinin tədqiqini
vaxt darlığına görə sona çatdıra bilmədiyimiz
üçün hələlik dəqiq elmi fikir söyləyə
bilməmişik. Ancaq müəyyən
elmi fikir söyləmək mümkün olub. Belə ki, qəbirlərin birindən tapılan
boyalı küpə bu qəbir kompleksinin hələlik, Orta
Tunc dövrünə aid olmasını söyləməyə
imkan verir.
- Qəhrəman müəllim, gənc
arxeoloqların sənətə baxışlarını necə
dəyərləndirirsiniz?
- Arxeologiya tarix elminin bir qolu olmaqla, onun əsasını təşkil edir. Arxeologiya elmi torpağın altında və üstündə olan maddi-mədəniyyət qalıqlarını aşkar edib, öyrənməklə məşğuldur. Bir sözlə, bu elm xalqın qədimliyini araşdırmaqla, tarix yazır.
Biz də Şahtaxtı kimi abidələrimizdə arxeoloji qazıntı işləri aparmaqla, qədim tariximizi aşkar edib, tədqiq etməklə, gələcək nəsillərə ötürürük.
Bu gün gəncliyimizin arasında mənən yüksək inkişaf etmiş, Vətənini, millətini sevən çoxlu cavanlarımız var. İnstitutumuzda çalışan gənc arxeoloqlar bu işə ürəklə yanaşırlar. Bu isə bir arxeoloq kimi məni çox sevindirir.
Mən ömrümün 37 ilini arxeoloji
qazıntılarla yaşamışam. İndi də
yaşayıram və bununla fəxr edirəm. Gənclərimizə
dünyanın ən qədim tarixinə malik dövlətlərdən
biri olan Azərbaycanımızın qədim tarixinin daha dərindən
araşdırılması baxımından, arxeologiya elminə
həvəs göstərmələrini məsləhət
görürəm.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-21 oktyabr.-S.13.