Hazırda respublikada 40 minə yaxın uşaq və yeniyetmə şahmatla məşğul olur

 

Gənc nəslin fiziki-mənəvi inkişafında mühüm rol oynayan şahmat üzrə Dövlət Proqramının 5 il müddətinə artırılması gözlənilir

 

Azərbaycanda tarixən şahmat geniş yayılmış ənənəvi oyunlardan biri olub və xalqımızın mədəniyyətində özünəməxsus yer tutub. İntellektual idman növü kimi şahmatın inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük diqqət göstərilib. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilib, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılıb. Görülən tədbirlər nəticəsində şahmat oyununa maraq kütləvi xarakter alıb və Azərbaycanın şahmat məktəbi formalaşmağa başlayıb. Dünya çempionatlarında, beynəlxalq turnirlərdə şahmatçılarımızın qələbələri respublika şahmatsevərlərinin sayının artmasına, müvafiq məşqçi kadrların yetişməsinə təkan verib. Bu inkişafın bəhrələri özünü xüsusilə müstəqillik dövründə göstərib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu idman növünün uşaq və yeniyetmələr arasında yayılması, onların fiziki-mənəvi və zehni inkişafında oynadığı rola toxunacağıq.

Qeyd edək ki, bu gün Azərbaycan öz şahmatçılarının uğurları ilə haqlı olaraq fəxr edə bilər. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəbində və həmçinin ümumtəhsil məktəblərində 40 minə yaxın uşaq və yeniyetmə şahmatla məşğul olur. Müstəqilliyini bərpa edənədək Azərbaycanda beynəlxalq ada sahib cəmi 5 şahmatçı olduğu halda, hazırda 15 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 9 FİDE ustası və 6 beynəlxalq dərəcəli hakim var. Son illər ərzində şahmatçılarımız müxtəlif beynəlxalq yarışlarda, dünyaAvropa çempionatlarında Vətənimizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 72 medal, o cümlədən 24 qızıl medal qazanıblar. "Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında" Prezidentin 1998-ci il 18 dekabr tarixli sərəncamı şahmata göstərilən yüksək diqqətin təzahürü olub və şahmatçılarımızın beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradıb. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında Dünya Çempionatının Naxçıvanda keçirilməsi isə Azərbaycanda şahmatın beynəlxalq miqyasda etirafı kimi qiymətləndirilir. Bu gün şahmat oyunu Azərbaycanda xeyli populyardır. Şahmatla məşğul olanların əksəriyyətinin uşaq və yeniyetmələrdən ibarət olması onların fiziki-mənəvi, zehni inkişafı baxımından əhəmiyyətlidir. Bu işdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında Dövlət Proqramı böyük rol oynayır.

Dövlət Proqramı ölkəmizdə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələri şəbəkəsinin getdikcə genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssis korpusunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi kimi nüfuzunun artırılması üçün böyük imkanlar açıb. Hazırda respublikamızın təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərində minlərlə məktəbli şahmatın sirlərinə yiyələnir. Dövlət Proqramının təsdiqindən ötən müddət ərzində həmin məktəblər Təhsil Nazirliyi tərəfindən müvafiq mebel, elektron şahmat saatları və şahmat fiqurları, nümayiş lövhələri, televizor, kompüter və digər zəruri vəsaitlərlə təmin olunub. Hər il ayrı-ayrı yaş qrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropadünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz şahmat məktəblərinin yetirmələri qazanıblar. Bütün bunlarla yanaşı, Dövlət Proqramına uyğun olaraq, ümumtəhsil məktəb şagirdləri arasında şahmatın geniş təbliğ edilməsi, mədəni səviyyənin yüksəlməsində mühüm rol oynayan bu idman növünə onların meyil və marağının gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memorandumda şahmatın ümumtəhsil məktəblərində tədris fənləri sırasına daxil edilməsi nəzərdə tutulub. Bununla əlaqədar həmin fənnin tədris proqramının, müvafiq dərslik, dərs vəsaiti və metodik tövsiyələrin hazırlanması, 2012-ci ildən başlayaraq pilot layihə olaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərsləri tədris olunur. Bu barədə qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaşintellekti inkişaf etdirməsi, şagirdlərdə problem həlletmə, qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi mənəvi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzi keçirmələrinə zəmin yaratması, habelə dünyanın bir çox ölkələrində şahmatın bir fənn kimi artıq məktəblərdə tədris olunması və digər arqumentlər əsas tutulub. Respublikamızda hər il uşaq və yeniyetmələr arasında müxtəlif turnirlər keçirilir. Belə turnirlər uşaqların idmanı sevməsində, onların fiziki-mənəvi inkişafında böyük rol oynayır. Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Balakəndə şahmat üzrə yeniyetmələr arasında respublika birinciliyinin seçmə yarışları keçirilib. Şəhərdəki Gənclər evində keçirilən yarışlarda respublikamızın 10 şəhər və rayonunu təmsil edən 126 şahmatçı oğlan və qız mübarizə aparır. Yarışların baş hakimi Vaqif Ocaqverdiyev olub. Altı yaşdan 17 yaşadək şahmatçıların iştirak etdiyi yarışlarda ilk 3 yeri tutan idmançılar diplommedallarla mükafatlandırılıb, həmçinin respublika birinciliyinin noyabrın 1-də Qubada başlanacaq final mərhələsinə vəsiqə qazanıblar. Respublika Şahmat Mərkəzində isə uşaqlar arasında beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan , Rusiya və Fransanı təmsil edən 40-dan çox şahmatçı iştirak edib. “Gənclik” şahmat klubunun direktoru, Əməkdar məşqçisi Gennadi Gelman bildirib ki, İsveçrə sistemi üzrə keçirilən turnir yeddi turdan ibarət olub. Azərbaycan şahmatçısı Andrey Mustafin 6,5 xal toplayaraq, yarışların qalibi olub. Fərid Aslanov liderdən yarım xal geri qalıb. Kamal QocayevinQurban Bayramovun hərəsinin aktivində 5,5 xal var, lakin əlavə göstəricilər nəzərə alınmaqla bürünc medalın sahibi K.Qocayev olub. Azərbaycanı təmsil edən qızlar arasında Nigar Mustafazadə ən yaxşı nəticə göstərib. Nigar 4,5 xal toplayaraq 6-cı yeri tutub. Onu da qeyd edək ki, bir neçə gün əvvəl Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turniri keçirilib. Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, gənclərin mənəvi tərbiyəsində, fizikizehni inkişafında mühüm vasitə olan idmana da həmişə böyük diqqət göstərib. Bildirilib ki, idmanın bu növü üzrə ilk Dövlət Proqramı məhz Azərbaycanda imzalanıb. Prezident İlham Əliyevin şahmatın inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramı uğurla həyata keçirilməkdədir. Məhz bunun nəticəsidir ki, kişi şahmatçılardan ibarət millimiz iki dəfə Avropanın ən güclü komandası seçilib. “SOCAR-Azərbaycan” klubu iki dəfə Avropa kubokuna sahib çıxıb. Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov belə bir turnirin yenidən ölkəmizdə keçirilməsinin xoş bir ənənə, bütün idmançılar üçün sevindirici hal olduğunu qeyd edib. O, bütün nailiyyətlərə verilən beynəlxalq qiymətin məhz birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, FİDE-nin 2012-ci ildə İstanbulda keçirilən konqresində 2015-ci ildə Dünya Şahmat Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində təşkil olunması qərara alınıb. FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxışında turnirin yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, FİDE-nin 180-dan artıq üzvü arasında şahmatın inkişafı üzrə xüsusi Dövlət Proqramı ilk dəfə qəbul etmiş yeganə dövlət Azərbaycandır. K.İlyumjinov vurğulayıb ki, Prezident İlham Əliyevin idmanın, xüsusilə şahmatın inkişafına göstərdiyi diqqət digər ölkələrə də nümunə olmalıdır. Elman Rüstəmov jurnalistlərə açıqlamasında bilidirb ki, FİDE prezidenti Kirsan İlyumjinov ilə söhbət zamanı Azərbaycan Prezidentinin şahmatın inkişafına dair imzaladığı Dövlət Proqramı müzakirə edilib: “Artıq Proqramın icrası həyata keçirilib. Kütləvilik, şahmatın daha da populyarlaşması üçün işlər görülüb. Millimiz bu illərdə iki dəfə Avropa çempionu oldu, “SOCAR” klubu sayəsində iki dəfə Avropa Kubokunu qazandıq. Dövlət Proqramının daha 5 il müddətinə artırılmasına zərurət yaranıb. Bəzi məsələlər var ki, onları reallaşdırmaq lazımdır. Şahmatın daha yüksək səviyyədə təqdim olunması üçün bu, vacibdir. İnfrastruktur artıq yaradılıb. Ölkədə 65 uşaq şahmat məktəbi fəaliyyət göstərir. Eyni zamanda, FIDE rəhbərliyini əmin etdik ki, Azərbaycan gələn il Dünya Kuboku yarışlarını, 2016-cı ildə isə Şahmat Olimpiadasını yüksək səviyyədə keçirəcək”.

 

Anar Miriyev

Palitra.-2014.-21 oktyabr.-S.10.