İradə Yaqubova: “Bəstəkarları
uşaq mahnıları mövzularına qaytarmaq lazımdır”
“Yeni uşaq mahnıları-2013”
müsabiqəsinin qalib mahnılarının not albomu və
audiodiskdən ibarət toplumu məktəbəqədər,
orta və məktəbdənkənar təhsil müəssisələrinə
paylanacaq
Uşaq və gənclərin mənəvi inkişafında mədəniyyətimizin mühüm rolu var. Mədəniyyətimizi daha yaxından bilən uşaq və gənclər onu yaşatmaq üçün daha dərindən öyrənməli, yaşatmalı və onlar da gələcək nəsillərə çatdırmalıdırlar. Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi dünən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Pezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını keçirdi. Uşaq yaradıcılıq mərkəzlərinin rəhbərləri və Bakı şəhəri orta təhsil məktəblərinin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə layhənin yekun təqdimatı ilə yanaşı, ELS-in 2013-cü ildə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomları və audiodiskdən ibarət toplumun təqdimatı oldu.
Layihə ilə bağlı dünən keçirilən təqdimat mərasimi “ELS”-in təşəbbüsü və maliyyə dəstəyi ilə ilk dəfə olaraq “Bənövşə” Uşaq Xorunun ifasında səsləndirilən dövlət himni ilə başladı və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın çıxışı ilə davam etdi. İ. Yaqubova bildirdi ki, “ELS” 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinə başlayıb. Layihə çərçivəsində uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu və audiodiskdən ibarət toplumun tərtibi və buraxılması nəzərdə tutulub. Toplum Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər, orta və məktəbdənkənar təhsil müəssisələrinə bilavasitə çatdırılacaq. “ELS” gənc nəslin cəmiyyətimizin hərtərəfli inkişaf etmiş bir vətəndaşı kimi formalaşması istiqamətində apardığı fəaliyyət ərzində Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı problemlərlə üzləşib, onların aradan qaldırılmasına dair təkliflərini dəyirmi masalarda ictimai müzakirələrə çıxarıb.
İ.Yaqubova bildirdi ki, 2011-ci ilin fevral ayında “ELS”-in “bəstəkar və şairlər, xüsusən də gənc bəstəkarlar arasında uşaq mahnılarının bəstələnməsinə marağın artması məqsədilə uşaq mahnısı müsabiqələri təşkil edilməli, qalib mahnılar isə disklərdə buraxılmalıdır” təklifindən irəli gələn təşəbbüs 2 ildən sonra real işlə nəticələndi: “ELS” 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi elan etdi. İyulun 2-də layihənin təqdimatının müzakirəsi zamanı maraqlı fikirlər və təkliflər səsləndi, məsələn, bəstəkar Oqtay Zülfüqarov 20 ildən artıqdır Azərbaycanda uşaq mahnılarının yazılmadığını və bu layihənin təqdirəlayiq olduğunu, şair İlyas Tapdıq uşaq mahnıları sahəsində vəziyyətin acınacaqlı olduğunu və dönüş yaratmağın vaxtının çatdığını dilə gətirdi. Şair Vahid Əziz bu layihənin cəmiyyətdə tərpəniş yaradacağını, bəstəkarlar Gövhər Həsənzadə və Nailə Mirməmmədli isə bu təşəbbüsün hansısa bir başlanğıcın olduğunu, layihəyə dəstək verəcəklərini və yeni uşaq mahnılarının ərsəyə gəlməsi prosesində iştirak edəcəklərini söylədilər”.
Qeyd edək ki, müsabiqənin ümumrespublika miqyasında ictimailəşdirilməsi üçün telekanallarda anons roliki nümayiş etdirilib, elektron və çap KİV-in imkanlarından geniş istifadə olunub. İlk mərhələdə müsabiqənin Təşkilat Komitəsi yaradılıb və müsabiqənin keçirilməsi şərtləri müəyyənləşdirilib. Şərtlərə görə, müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak etmək hüququ qazanır, müsabiqəyə təqdim olunan mahnılar uşaqların gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri əhatə etməli, müsabiqəyə təqdim olunan vaxta qədər heç yerdə səslənməməli və s. Bir ay ərzində Azərbaycanın Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Azərbaycanın Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin həmsədrliyi ilə tanınmış incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti seçim apardı və müsabiqəyə 19 müəllifin təqdim etdiyi 77 mahnıdan 10 mahnı, o cümlədən birinci yer “Xoş gəlmisən Novruzum” (sözləri və musiqisi Səadət Fərziyevanın), ikinci yer - “Rəssam olacağam” (musiqisi Zabitə Məmmədova, sözləri İsmayıl Dadaşovun) və “Vətən hissi” (musiqisi Cahangir Zülfüqarov, sözləri Yusif Həsənbəyin), üçüncü yer - “Yeddi çiçək, yeddi gül” (musiqisi Məryəm Əlibəyli, sözləri Zümrüdxanım Ağayevanın), “Qaçma dayan” (musiqisi Nazim Quliyev, sözləri Abdulla Şaiqin) və “Qaranquşum” (sözləri və musiqisi Səadət Fərziyevanın), dördüncü yer - “Günəş” (musiqisi Məryəm Əlibəyli, sözləri Sevinc Nuruqızının), “Uşaq bağçamız” (musiqisi Natiq Qəzənfəroğlu, sözləri İsmayıl Dadaşovun), “Qiymətlərim 5” (sözləri və musiqisi Elşən Nəzərovun), “Dostluq” (musiqisi Cahangir Zülfüqarov, sözləri Aysel Nəcəfzadənin) mahnıları qalib seçildi. Eyni zamanda müsabiqənin nəticələrinə görə, “Laylalar” nominasiyasında da “Ana laylası” (musiqisi Səadət Fərziyeva, sözləri İlyas Tapdıqın) mahnısı qalib müəyyən edilib. Müsabiqənin əsas məqsədinin gənc bəstəkarlarda uşaq mahnılarının yazılmasına marağın oyadılmasını nəzərə alaraq “Yeni nəsil” nominasiyası təsis edilmiş və bu nominasiyada müsabiqəyə mahnılarını təqdim etmiş gənc bəstəkarlar Nərminə Nağıyeva və Səbinə Haqverdiyeva diplomlara layiq görülüblər. Nəhayət, 2013-cü il dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Yeni uşaq mahnıları-2013» Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi. Müsabiqənin qalib mahnılarını Azərbaycan Dövlət Televiziyası QSC-nin Əfsər Cavanşirov adına “Bənövşə” Uşaq Teatrının xoru, Bakı şəhəri Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivinin mahnı qrupu, “Gülən notlar”, “Kəpənəklər” və “Nağıllar” mahnı kollektivləri, “Aysel” mahnı teatrı və digər kollektivlərin solistləri ifa etdilər. Gecənin qonaqları Azərbaycan Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin Hərbi Orkestri, Azərbaycan Dövlət Kukla Teatrının aktyorları, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Cücələrim” mahnı və rəqs ansamblı, Bakı şəhəri Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivinin rəqs qrupu, “Təbəssüm” rəqs qrupu maraqlı musiqi nömrələri ilə çıxış etdilər”.
İ.Yaqubova onu da bildirdi ki, bundan dərhal sonra “ELS” layihənin davamı kimi «Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək» layihəsi çərçivəsində «Yeni uşaq mahnıları-2013» Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərcini reallaşdırmaq üçün AR-nın Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etdik: “2014-cü ilin fevral ayında 217 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərarda “ELS-ın layihəsi də qaliblər sırasında yer aldı. Beləliklə, not albomuna müsabiqədə ilk 15 yeri tutan mahnıların notlarını daxil etmişik. Bu, ”Xoş gəlmisən Novruzum” (sözləri və musiqisi Səadət Fərziyevanın), ”Rəssam olacağam” (musiqisi Zabitə Məmmədova, sözləri İsmayıl Dadaşovun), “Vətən hissi” (musiqisi Cahangir Zülfüqarov, sözləri Yusif Həsənbəyin), “Yeddi çiçək, yeddi gül” (musiqisi Məryəm Əlibəyli, sözləri Zümrüdxanım Ağayevanın), “Qaranquşum” (sözləri və musiqisi Səadət Fərziyevanın), “Qaçma dayan” (musiqisi Nazim Quliyev, sözləri Abdulla Şaiqin), “Günəş” (musiqisi Məryəm Əlibəyli, sözləri Sevinc Nuruqızının), “Uşaq bağçamız” (musiqisi Natiq Qəzənfəroğlu, sözləri İsmayıl Dadaşovun), “Qiymətlərim 5” (sözləri və musiqisi Elşən Nəzərovun), “Dostluq” (musiqisi Cahangir Zülfüqarov, sözləri Aysel Nəcəfzadənin) və “Ana laylası” (musiqisi Səadət Fərziyeva, sözləri İlyas Tapdıqın), “Dostluq himni” (sözləri və musiqisi Səadət Fərziyevanın), “Bağçamız” (musiqisi Elşən Nicat, sözləri Gülzar İbrahimovanın), “Heyvanların qonaqlığı” (sözləri və musiqisi Səadət Fərziyevanın), “Səhər nəğməsi” (sözləri və musiqisi Nərminə Nağıyevanın) mahnılarıdır”.
İ.Yaqubovanın sözlərinə görə, uşaq və gənclərimizin mənəvi inkişafı ilə bağlı problemlərin aradan qaldırılması vacib amildir. Bunu nəzərə alaraq “ELS” tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə ölkə başçısına müraciət ünvanlayıb. Daha sonra Prezidentə təkliflər ünvanlayıb. Həmin təkliflərdə, uşaq televiziya kanalının, veb-saytın yaradılması kimi amillər öz əksini tapıb. Bu sahədə həyata keçirilən tədbirlərdən biri kimi “ELS” tərəfindən “meneviservetimiz.az” adlı uşaq internet portalı fəaliyyət göstərir. İ.Yaqubova onu da bildirdi ki, bu istiqamətdə tədbirlər davam etməlidir və bu gün bəstəkarları uşaq mahnıları mövzularına qaytarmaq lazımdır.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə isə bildirdi ki, həqiqətən də bu gün uşaqların mənəvi inkişafı istiqamətində bu cür işlərin görülməsinə ehtiyac var. Bu istiqamətdə görülən işlər gələcək nəsillərin tərbiyəsində mühüm rol oynayır.
Bakı Musiqi Kollecinin rektoru Nazim Kazımov bildirdi ki, bu mahnılar gələcək
nəsillər üçün çox önəmlidir: “Yeni
mahnılar yazılmalıdır. Çünki
son zamanlar televiziya və radioda səslənən
əcaib mahnılar uşaqların musiqi zövqünü korlayır. Milli
ruhda mahnılar yazılmalı və uşaqlar onları dinləməlidir. Ölkədə
fəaliyyət göstərən 4500 orta
məktəb və mindən çox bağça var. “ELS” tərəfindən
hazırlanan bu vəsaitin tirajını
çoxaldıb həmin məktəblərə
çatdırmaq lazımdır”.
Nigar Abdullayeva
Palitra.-2014.-22 oktyabr.-S.11.