“Bədii ədəbiyyatın gənclərin mənəvi tərbiyəsinə çox böyük təsiri var

 

Ülvi Kazım: “Azərbaycanda uşaq ədəbiyyatı uşaqlara lazım olan tərbiyəni tam aşılaya bilmir

 

Uşaq və gənclərin mənəvi inkişafında bədii ədəbiyyatın rolu danılmazdır. Ona görə də uşaq və gənclər mütaliəyə böyük vaxt sərf etməlidirlər. Bəs, bu gün gənclər mütaliəyə necə maraq göstərirlər? Bu və digər sualların cavabını elə gənc yazar Ülvi Kazımla axtaracağıq. Qeyd edək ki, Ü. Kazım eyni zamanda “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədridir. O, 1984-cü ildə Bakıda doğulub. 2000-ci ildə “Zəkalar” liseyini bitirib. 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Sonra ABŞ-ın Texas ştatında psixologiya sahəsində 6 aylıq kurs keçib. Bundan əlavə olaraq 19 yaşından BMT-nin Azərbaycan nümayəndəliyində 6 il müddətində müxtəlif vəzifələrdə çalışıb. Həmçinin 2010-2011-ci illərdə Milli QHT Forumunda icraçı direktor işləyib. 2011-ci ilin sonunda Avropa-İqtisadi-Ticarət-Kommersiya və Sənaye Palatasında Diplomatik Məsələlər və Beynəlxalq Əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Həvəskar olaraq rəssamlıqla da məşğuldur.

- Gənclərin mənəvi inkişafında mütaliənin rolunu necə qiymətləndirirsiz?

- Əslində nəinki gənclərin, bütün cəmiyyət üzvlərinin mütaliəsi onların həyat fəaliyyətində öz əksini tapır. Oxumaq insanda dünyagörüşünü artırır. İnsan oxuyanda başqa insanların, başqa mədəniyyətlərin nələrə dəyər verdiyini, ümumi yazarların ortaq dəyərlərinin nə olduğunu anlayır və o, insan üçün meyar olur. Ədəbiyyatçılar həqiqəti, düzgünlüyü, saflığı, etibarı, dostluğu, sevgini, ümumiyyətlə, müsbət nə varsa onu tərənnüm edirlər və dəyərlərə söykənirlər. Hər bir yazıçının ortaq dəyəri var. Yazıçılar o dəyərlərə istinad edərək əsərlərini ərsəyə gətirirlər. Hər bir dramatik, yumor, satiras. janrlarda yazılan əsər özündə bir həqiqət gizlədir. Əslində yazıçı pafoslu ifadələrlə bir həqiqəti oxucusuna çatdırmaq istəyir. Sadəcə olaraq onu maraqlı formada çatdırır ki, həm oxucunu cəlb etsin, həm də həqiqəti anlatsın. Qum saatının ortası nazik, yuxarısı isə geniş olur. Amma bütün qumlar hamısı gəlib ortadakı nazik yerdən keçir. Yuxarıdakı qumların sayı bəlkə milyonlarladır. Amma ortadan qumlar bir-bir keçir. Bu onu aşılayır ki, haqq, həqiqət birdir. Bizlər də bu gün o həqiqətdən danışırıq. Ona görə də hər bir insanın, xüsusilə gənclərin oxumağı çox vacibdir. Niyə? İnsanın bəzən özünə pis gəlir ki, kimsə ona dərs verir. Amma hər hansı bir cansız vəsaitdən, kitabdan o dərsləri alanda bəziləri var ki, ayılır, düzgün yola gəlir. Mən şəxsən oxumağı çox sevirəm. Oxuduğum yazıçıların həyatı, düşüncə tərzləri, keçirdiyi hisslər həmin kitablarda mütləq ki özünü əks etdirir, burada böyük bir dünya var.

- Konkret bədii ədəbiyyatın gənclərin mənəvi tərbiyəsində nə kimi rolu var?

- Bədii ədəbiyyatın nəinki gənclərin mənəvi tərbiyəsinə, eyni zamanda düşüncələrinin formalaşmasında çox böyük bir təsiri var. Gənc həyata atılan yeni bir fərddir. Bu fərd öz düşüncə silahlarını bədii ədəbiyyatdan, elmdən qaynaqlanaraq hazırlayıb yola çıxırsa, o artıq heç bir problemə təslim olmayacaq. Amma cılız bir düşüncələr, savadsız formada öz gələcəyini quran gənclərin haradasa patronu qurtarır. Çünki dəyər yoxdur, axı. Ona görə gənclərimiz milli-mənəvi dəyərlərimizə üstünlük verməlidirlər. Bu dəyərləri də ədəbiyyatımız çox gözəl şəkildə aşılayır. Milli dəyərlərə bağlılıq insanı mənəvi inkişafa aparan ən düzgün yoldur.

- Gənclərin hər hansı çətinliyə qarşı dözümlülüyü necədir?

- Gənclərin bəlli bir yaş dövrü var. Bu dövrdə yüzdə on faiz gənc özü düzgün qərar qəbul edərək həyatını davam edir. Yerdə qalan doxsan faizi isə mütləq ki, səhv yollara düşə bilir. Bunun baş verməməsi üçün birinci növbədə valideyn - istərsə güc tətbiq etməlidir, istərsə mədəni yolla başa salmalıdır - öz övladlarının bu keçid dövrünün sağlam şəkildə keçməsini təmin etməlidir. Yeniyetmələrin keçid dövrünün yaşanılmasında yüz faiz valideyn cavabdehlik daşıyır. Bunu mən dəyişməz olaraq deyirəm. Çünki bu yaş dövründə yeniyetmələrin özləri də anlamadan xoşagəlməz istəkləri olur. Valideynlər buna qarşı çıxmalıdır. Yəni onların bu keçid dövründə səhv etmələrinə imkan verməməlidirlər. Həyatı dərk edən vaxtı onlar valideynlərinin onlara düzgün yol seçdiyinin fərqinə varacaqlar. Amma onları boş-boşuna buraxanda təbii ki, yeniyetmə dövrüdür, həyatı dərk etmirlər, deyə onun beynində çoxlu cavabı olmayan suallar var. Onun beynində hisslərinə cavab verəcək çılğınlıqlar var. Onun qarşısını öz dərrakəsi ilə ala bilmir. Çünki onda məntiq hələ formalaşmayıb. Ona görə də valideynlərin övladlarına nəzarəti vacibdir.

- Azərbaycan gənci mənəvi inkişaf səviyyəsinə görə nə dərəcədə Qərb gənci ilə müqayisə oluna bilər?

- Mən bizim gəncləri dünyanın heç bir ölkə və ya regionunun gəncləri ilə müqayisə etmək istəmirəm. Bizim qanımızda axan illərlə hiss etmədiyimiz, içimizdə boğduğumuz dəyərlər var. Bunlar bizim milli gen kodumuzdur. Bu dəyərlər bizim gənclərə nə aşılayır? Oğlanlarımıza mərd, ailəcanlı, valideynlərinə sahib çıxmağı, cəmiyyətdə düzgünlüyü tərənnüm etməyi aşılayır. Qızlarımıza isə incə olmağı, həyat yoldaşının sözündən çıxmamağı, onu heç kimə dəyişməməyi, xeyirli övladlar böyütməyi aşılayır. Bu dəyərlərimizlə biz dünyaya nümunəyik. Amma bu gün bəzi xoşagəlməz nüanslara da rast gəlirik ki, həmin gənclərə baxanda bu dəyərlərdən söhbət gedə bilməz. Amma müsbət keyfiyyətləri özündə saxlayan gənclərimiz də çoxdur. Mən istərdim ki, belə gənclərimiz daha çox olsun. Bu, bizim sabahımız, uşaqlarımızın gələcəyi üçün heç bir pis şey vəd edə bilməz. Hər hansı bir cəmiyyət parlaq gələcək istəyirsə, öz gəncliyinin qeydinə qalmalıdır. Xüsusən də gənclik öz-özünün qeydinə qalmalıdır. Bu gün gənclər bilməlidir ki, onlar uzun, şərəfli ömür yaşamaq istəyirlərsə, sırf mənəvi dəyərlərə bağlı olmalıdır.

- Bugünkü Azərbaycan ədəbiyyatı gənclərə və uşaqlara mənəvi tərbiyəni lazımi qədər aşılaya bilirmi?

- Azərbaycan ədəbiyyatı çox mükəmməl bir formadadır. Ümumiyyətlə, incəsənətdə mənfi bir şeydən söhbət gedə bilməz. Hər bir kəs çalışır ki, o sahəni pisya yaxşı bacarmasından asılı olmayaraq hər hansı bir dəyəri aşılasın. Yəni bundan kimin necə yararlanması, artıq bu, sual altındadır. Bugünkü təcrübə göstərir ki, cəmiyyət oxumağa meyilli deyil. Cəmiyyətimiz vizual sahələrə daha çox maraq göstərir. Televiziya verilişləri maarifləndirmə işini yetərincə həyata keçirmir. Qeyd edim ki, bu gün bütün sahələr biznes maraqları üzərində qurulub, deyə sahibkarlar oradan mənafe güdməyə çalışır. Mənafe güdülən yerdə də keyfiyyətdən söhbət gedə bilməz. Ümumiyyətlə, kəmiyyətə çox fikir verilən yerdə keyfiyyət arxa plana keçir.

- Bəs, uşaq ədəbiyyatının səviyyəsi necə, inkişaf edib?

- Azərbaycanda uşaq ədəbiyyatı yox səviyyəsindədir. Uşaq ədəbiyyatı yalnız vizual, zərli, şəkli olan kitablardan ibarətdir. Xaricdə kinolardakı kimi psixoloji yükü olan cizgi filmləri çəkirlər. Xaricilərin körpələri o cizgi filmlərini dərk edirlər. Bizdə isə cizgi filmlərində həyat hadisələrini çox sadə şəkildə izah etməyə çalışırlar. Yəni uşağı, olduğu səviyyədən də aşağı tərbiyələndirməyə başlayırıq. Eləcə də uşaq ədəbiyyatı uşaqlara lazım olan tərbiyəni tam aşılaya bilmir.

- Bəs, nə etmək lazımdır?

- Psixoloji yükü artırmaq lazımdır. Uşaqları yaşına görə bir az kiçik görmək lazım deyil. Belə cılız kitablarla uşaqların başını aldatmayaq. Onlara reallığı çatdırmalıyıq. Bu, eyni zamanda uşaqların gələcəkdə xarakterinin formalaşmasına da böyük təsir edər.

- Gənc yazar olaraq hazırda hansı kitab üzərində işləyirsiz?

- Mən 4 kitabın müəllifiyəm. Hazırda beşinci kitab üzərində gedir. Kitab "Səssizlik çığırır" adlanır. Kitab özü üç dilə (Azərbaycan, ingilisrus) tərcümə olunur. Ona görə bunun çapı yay mövsümü ərəfəsində olacaq. Burda əsasən həqiqətdən, haqdan, dəyişməz olan dəyərlərdən danışmışam. Kitab gənclərimizi düzgünlüyə, saflığa çağırır.

- Siz həm də “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədrisiz. Təşkilat olaraq ədəbiyyatla bağlı hansı layihəniz var?

- Bu istiqamətdə çoxlu layihələr həyata keçirmişik. Onlardan biri də yaradıcı gənclərin əsərlərindən ibarət nəşr etdirəcəyimiz topludur. Belə ki, “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin təşəbbüsü ilə Gənclərin 6-cı Forumuna həsr olunmuş “Azərbaycanın altun gəncliyi" adlı Azərbaycan, ingilisrus dillərində möhtəşəm kitab çap olunacaq. Kitabda yazarlar, şairlər, rəssamlar, bəstəkarlar, heykəltəraşlar, modelyerlər və s. incəsənətlə məşğul olan azərbaycanlı gənclərin avtobioqrafiya və əsərləri yer alacaq. Kitabın 10 ölkədə təqdimetmə mərasimi keçiriləcək və elə həmin ölkələrdə də yayımlanacaq.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-23 oktyabr.-S.11.