“Azərbaycan gəncləri həmişə
örnək olmağa çalışırlar”
İlahə Hüseynova: “Ölkəmizdə
gənclərin mənəvi-fiziki hazırlığı tam
ürəkaçan bir formada özünü büruzə
verməkdədir”
Layihə çərçivəsində
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinniç vilayətinin
sədr müavini İlahə Hüseynova ilə müsahibəni
təqdim edirik
- Öncə
çalışdığınız təşkilat haqda məlumat
verərdiniz.
- Çalışdığım Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 24 aprel 2010-cu ildə yaradılıb. Bu 4 il o qədər uzun müddət olmasa da, düşünürəm ki, az bir müddət də deyil. Bu müddət ərzində UAGB təşkilatlanaraq Ukraynanın 20 regionunda fəaliyyət göstərən 5 mindən çox gənci ətrafında birləşdirməyi uğurla bacarıb. Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, tariximizin, mədəniyyətimizin təbliğatı, gənclərimizin yaşadığımız ölkənin ictimai-siyasi, mədəni həyatına inteqrasiya olunması istiqamətində saysız-hesabsız tədbirlər və layihələr həyata keçirib. Azərbaycanlı gənclər olaraq çalışdığımız layihələr artıq öz bəhrəsini verməkdədir. Bu, təşkilatımızda olan hər bir azərbaycanlı gənc üçün sevindiricidir, qürurvericidir. Əlbəttə, bu uğurlar UAGB-nın bütün üzvlərinin birlikdə kollektiv olaraq çəkdiyi əziyyətlər hesabına başa gəlib. Amma əsas məqam ondan ibarətdir ki, xaricdə yaşayan və təhsil alan gənclər olaraq bizi gördüyümüz işdə həvəsləndirən Vətənimiz Azərbaycanın günü-gündən inkişafı, müasirləşməsi, lider bir ölkəyə çevrilməsidir. Prezidentimiz tərəfindən aparılan gənclər siyasəti gənclərə olan hörmət, qayğı, sevgidir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bizlərə ulu öndərimiz Heydər Əliyevin məşhur kəlamını qürurla deməyə imkan verir - Biz fəxr edirik ki, azərbaycanlıyıq! Biz doğrudan da çox şanslı gənclərik .
-Azərbaycan gəncliyi,
xüsusən xaricdəkilər bu gün nə dərəcədə
dövlətinə bağlıdır?
- Vətən,
anadır, sənin milli kimliyindir. Vətəndən
kənardasansa, Vətənə olan sevgi, bağlılıq,
sadiqlik isə ilk növbədə doğulduğun,
boya-başa çatdığın ailəndən
asılıdır. Sən özünü
dərk edib anlayana kimi düşünürəm ki, Vətəni
Vətənində yaşayaraq sevmək başqadır, Vətəndən
kənarda olub sevmək isə tamam başqadır. Bunu
xaricdə yaşayan, təhsil alan həmyerlilərim
təsdiqləyə bilər. Vətən
başqa bir aləmdir, bunu yaş ötdükcə insan daha
çox anlamağa başlayır. Amma bu sualınız
bir az məni düşünməyə
vadar edir. Çox təəssüf ki, bəzən öz həmyerlilərimin
haradan gəlməsi, kim olmasını,
hara, hansı tarixə, hansı mədəniyyətə aid
olmasını unutduğunun şahidi oluram. Və
bir anlıq düşünürəm ki, biz kimik, hara gedirik,
məqsədimiz nədir? Bu məni çox kədərləndirsə
də, Vətənimizi sevən, dəyər verən, bir an
olsa belə unutmayan, deyərdim ki, Azərbaycanla nəfəs alan o qədər gənc tələbələr
var ki ətrafımda. Azərbaycanın illər
sonra daha da inkişaf edib daha da yüksəklikdə
olacağına əminəm. Vətənsevər
gənclərimiz sayəsində kimisi yüksək, uğurlu
təhsili, kimisi proyektləri, kimisi mədəniyyəti,
kimisi milli musiqisi, kimisi milli mətbəxi ilə zəngin olan
Azərbaycanı təmsil edir. Mənim ətrafımda bu
tip vətənpərvər gənclər var və bu məni
olduqca çox sevindirir, gələcəyə daha inamla
baxmağa ümid yaradır.
- Gənclərimiz mənəvi
inkişaf baxımdan əsas nəyə diqqət etməlidir?
-
Düşünürəm ki, istənilən güclü
dövlətin arxasında onun güclü siyasətçisi
və sağlam gələcəyi olan gəncləri
dayanır. İlk növbədə ən önəmli
olan gənclərin fiziki və mənəvi
inkişafıdır ki, dövlətimiz tərəfindən gənclərə
bu diqqət və qayğı yetərincə göstərilir.
Bu gün ölkəmizdə gənclərin mənəvi-fiziki
hazırlığı tam ürəkaçan bir formada özünü
büruzə verməkdədir. Lakin ilk
olaraq yuxarıda qeyd etdiyim kimi hər şey ailədən
qaynaqlanır. Valideynlər də bu istiqamətdə
məsuliyyətli olmalıdırlar. Düşünürəm
ki, böyüyüb başa çatandan sonra gənc
özü öz üzərində işləməlidir.
Ölkəmizin güclü olması, yüksək
inkişaf etməsi sağlam ruhda böyüyən gənclərdən
asılıdır. Düşünən və
savadlı gənc hər bir dövlətin tərəqqisində
mühüm şərtdir və nə xoşbəxt Azərbaycan
xalqına ki, belə düşünə bilən gənclik
yetişdirir. Reallıqdan danışsaq, ola
bilər ki, bizim gənc nəsil digər ölkələrin gəncləri
ilə müqayisədə nisbətən zəifdir. Lakin ən önəmli şərt inkişaf və
yenə də inkişafdır. Bir prosesdə
olduğu kimi, gəncliyimizdə də mənfi cəhətlər
var. Təəssüf ki, çox sayda gənclərimiz məsuliyyət
hissini dərk etməməkdədir. Bir gənci
uğura aparan yol, dövlətin uğur yolunda mühüm əhəmiyyət
kəsb edir. İlk növbədə, gənc
özünü, öz gücünü dərk etməlidir, nəyə
qadir ola biləcəyini əvvəlcədən
müəyyənləşdirməlidir. Daha sonra
qarşısına məqsəd qoymalıdır və
özünə bu sualları verməlidir: Məqsədimə
çatmaq üçün mən nə etməliyəm? Mən hal-hazırda haradayam və hansı istiqamətə
getməliyəm? Bu yolla gənc
özünü inkişaf etdirə bilər. Bir gəncin inkişafı isə dövlətin
inkişafı deməkdir və bu yolla gənc bilavasitə
özünün və dövlətinin tərəqqisinə
yol açmış olur.
-Azərbaycan gəncliyi bu gün
hansı mənəvi keyfiyyəti ilə Ukrayna gənclərinə
örnəkdir?
- Azərbaycan
gəncləri həmişə imkan daxilində hansı
ölkədə olurlarsa olsunlar həmin o ölkəyə,
xalqa örnək olmağa çalışırlar. Fikrimcə, Azərbaycan xalqına, mədəniyyətinə
bu qədər sevgi, hörmət, maraq da elə bundan irəli
gəlir. Deməli, biz bacarırıq,
gördüyümüz işlər bəhrəsini verir.
Hər birimiz tariximiz, mədəniyyətimiz, təhsilimiz,
böyüyə, kiçiyə olan hörmətimizlə Azərbaycanı
təmsil edirik. Azərbaycan xalqına
marağı, sevgini, hörməti görəndə Ukrayna
xalqı tərəfindən hər bir gənc kimi mən də
fəxr, fərəh hissi keçirirəm. Bilirsiniz, insan Vətənini sevirsə, inanın ki,
elə də çox bir zəhmət çəkməyə
ehtiyac qalmır. Elə, sənin Vətənini
necə sevib dəyərləndirdiyini görən Ukrayna vətəndaşı,
əgər Vətənini sevmirdisə sevməyə
başlayır.
-Siz əslən
Qarabağdansınız. Lakin Qarabağı görmədən
qarabağlı olmaq, bu torpağın ab-havasını,
canında-qanında yaşatmaq nə dərəcədə
asandır?
- Bəli,
mənim əslim Qarabağın gözəl guşələrindən
olan Qubadlı rayonunun Həkəri kəndindəndir. Əslində, Qarabağı heç görməmişəm,
amma bir dəfə havası dəyib üzümə, bir dəfə
suyunu içmişəm. Bəlkə də
bu sevgi bundan irəli gəlir, bəlkə də atamın
(Ağamir bəyin) və Hüseynovlar ailəsinin həmişə
Qarabağı xatırlamasından, danışdıqları
xatirələrdən irəli gəlir. Bu
sevgi, bu bağlılıqdandır ki, görməsəm də,
xatırlamasam da mənim üçün çox doğma bir
yerdir Qarabağ. Söhbətimizin əvvəlində sizə
hər şey olmasa da uşağın formalaşmasında ailəsinə,
dövlətinə layiqli bir şəxsiyyət olmasında əsasən
valideynin rol oynadığını dedim. Böyüklərim
o qədər bizim yanımızda söhbət ediblər ki, Həkəri
kəndindən, mən yaşamasam da bilirəm kimin evi harada
yerləşib. Sanki, o eldə
yaşamışam. Sanki, o eldə gəzmişəm.
Düşünürəm ki, hər kəs haradan gəldiyini,
kim olduğunu heç vaxt
unutmamalıdır. Və bunun üçün
valideynlərimə minnətdarlığımı bildirirəm.
Onların Vətənlərinə olan sevgisidir,
mənə verilən tərbiyədir bu gün mənə bu
qədər Vətənimi sevdirən. İndi
isə sizin sualınıza tam cavab vermək istəyirəm.
Xeyir, mənim üçün heç çətin
deyil və hətta deyərdim ki, çox asandır bu
ab-havanı qanımda, canımda yaşatmaq. Çünki mən atamın və həmçinin
doğmalarımın üzünə baxanda Qarabağ elimi
görürəm. Hər söhbətlərdə,
hər yığıncaqlarda, hər xatirələrdə
bizim evimizdə Qarabağ yaşayır. Belə
bir ailədə yaşamaq hər gün Qarabağı
xatırlamağa, sevməyə, unutmamağa bir dəlildir.
Hər birimiz azərbaycanlıyıq və Vətənimizi
sevirik. Amma yenə də Qarabağ
yaralı yerimizdir, hətta Qarabağdan olmayanlar
üçün belə. Onda
düşünün elini-obasını, uşaqlıq xatirələrini,
dostlarını, yaxınlarını sevdiklərinin
böyük bir hissəsini itirmiş bir insan, ailə necədir?
Belə bir ailədə yaşamaq və
Qarabağı görmədən qarabağlı olmaq, bu
torpağın ab-havasını, canında-qanında
yaşatmaq nə dərəcədə çətindir?
Düşünürəm ki, yaxın bir zamanda
Qarabağı geri alacağıq və bu gözəl
torpaqlarda yaşayacağıq. Mən fəxr edirəm
ki, azərbaycanlıyam və ən əsası məhz qarabağlıyam !!!
-Vətəndən uzaqda yaşayan gənclərimizin
üzərinə əsas hansı məsuliyyət
düşür?
- Dövlətinə
yararlı olmaq istəyən gənc, ilk öncə
özündən başlamalıdır. Hər
bir gənc ictimai məsuliyyət hissini dərk etməlidir.
Gənclərimizdə bu təfəkkürü
formalaşdırmalıyıq: “Bu dövlətin hər bir
uğuru bizim uğurumuzdur”. Sadə bir misal gətirmək istəyirəm:
gənc yolla gedir və əlindəki tullantını yerə
atır. Lakin heç kim öz evində bu
hərəkəti etməz, ona görə ki, bu mənim
evimdir, niyə mən evimi-mənim olanı bu hala
salmalıyam. Deməli, problemin qaynağı məlum
olur. Bizim yaşadığımız torpağın hər
bir qarışı, yaşadığımız dövlətin
hər bir uğuru bizə məxsusdur,-deyə
düşünməliyik. Bizimdir! Mənimdir! Məhz
bu təfəkkürü özümüzdə
formalaşdırmalıyıq. Yalnız bu halda, biz Vətənimizə,
millətimizə daha yararlı ola bilərik.
“Mən” təfəkkürünü
özümüzdə yaratmalıyıq. Əgər
bu mənimdirsə, niyə pis olmalıdır və ya niyə
uğursuz olmalıdır, deyə düşünərək,
böyük uğurlara imza atmış olarıq.
- Ukraynadakı gənclərimiz Azərbaycanın
təbliği baxımdan aktivdirlərmi?
- Bəli,
aktivdirlər. Biz Azərbaycan gəncləri Vətəndən
uzaqda olsaq da, milli bayramlarımızı, matəm günlərimizi,
milli mədəniyyətimizi, tariximizi dünyaya
çatdırmağa çalışırıq. Və
elə çalışdığım təşkilat əgər
5 mindən çox azərbaycanlını ətrafında
toplayıbsa, düşünürəm ki, bu heç də az bir say deyil. Deməli, Azərbaycan
gəncləri bacarır, Vətənini sevir və yetərincə
təmsil etməyə çalışır. Çünki hər tədbirlərimizdə istənilən,
hər bir layihəmizdə yüzlərlə, hətta minlərlə
azərbaycanlı gənc bizi dəstəkləyir və
iştirak edərək bizə köməkliklərini göstərməyə
çalışır. Hər bir tədbirdən,
layihədən sonra yüzlərlə gənc bizimlə
çalışmaq istəyir. Əsas Vətəni
sevməkdir, yaşatmaqdır, adını uca etməkdir,
layiqincə təmsil etməkdir. Bunu
bacarsan, harada olursan ol, dünyanın hansı nöqtəsində
olmağından asılı olmayaraq nələrisə etmək
istəyəcəksən. Bizdə gənclərdə
alınır. Arzum budur ki, hər bir azərbaycanlı
gənc hər bir yerdə Vətənini layiqincə təmsil
etsin və Azərbaycanın adını ucaltsın.
Bundan gözəl bir hiss, sevgi yoxdur. Mən Vətənimi
çox sevirəm !!!
Fuad Hüseynzadə`
Palitra.-2014.-24 oktyabr.-S.11.