Tələbə gənclərin fiziki-mənəvi inkişafında dərnəklər mühüm rol oynayır

 

Ülvi Babayev: “Qafqaz Universitetində “İnsanlığa yardım” devizi ilə təşkil olunan Hacı Zeynalabdin Tağıyev dərnəyinin fəaliyyəti çox genişdir

 

Tələbə gənclərin fiziki mənəvi inkişafını təmin etmək üçün onların təhsil aldıqları ali təhsil müəssisələrində müxtəlif sahələr üzrə dərnəklərin fəaliyyəti də xeyli dərəcədə önəmli rol oynayır. Bu dəfə layihə çərçivəsində Qafqaz Universitetində fəaliyyət göstərən dərnəklərin fəaliyyəti barədə məlumat verəcəyik.

Qeyd edək ki, universitetdə bir neçə bu cür klubya dərnək fəaliyyət göstərir. Məsələn, İdman Dünyası Klubu 2007-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqamətləri universitet tələbələri arasında müxtəlif idman növləri üzrə birinciliklər, spartakiadalar, çempionat və turnirlər təşkil etmək, ölkəmizdə keçirilən idman yarışlarında, o cümlədən universitetlərarası universiadalarda onların iştirakının təmin edilməsinə yardım etmək, idman şöbəsinin fəaliyyət planında olan tədbirlərin həyata keçirilməsinə kömək göstərmək, hər ay “Ayın idman qonağı” rubrikası ilə bağlı tanınmış idmançılarla universitetdə tələbələrin görüşünü təşkil etməkdir. Ədəbiyyat klubu 2002-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqaməti universitetdə ədəbi-bədii gecələrin təşkili, ədəbiyyatşünaslıq və dilçiliyə, dünyada baş verən mühüm ədəbi proseslərə dair yenilikləri yaymaq, ədəbi simaları və onların sənət mümunələrini tanıtmak, müxtəlif ədəbi janrlara maraq göstərən gənc yazarları şeir, hekayə və məqalə yarışmaları vasitəsilə üzə çıxarmaq, onların əsərlərini klubun nəşri olan ‘’Bulaq’’ jurnalında dərc etmək, Azərbaycan ədəbiyyatının dünəninə baxmaqla bu gününü obyektiv qiymətləndirməyə imkan verən ədəbi əsərlərin müzakirəsini təşkil etmək, universitet əməkdaşlarının hədiyyəsi olan, oxucularda maraq doğuran ədəbi əsərlərdən ibarət kitab rəfini tələbələrin istifadəsinə hazırlamaqdır. Ekologiya klubu 2005-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqamətləri ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsini tənzimləmək, canlılara dair zəruri bilik və bacarıqlar mənimsətmək məqsədilə tələbələr arasında ekoloji təbliğatı və maarifləndirməni gücləndirilmək, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsinə dair seminarlar keçirmək, universitetdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı məlumat saatları təşkil etmək, ekoloji siyasətə dair ilk sənəd kimi dayanıqlı inkişaf prinsiplərinə əsaslanan «Azərbaycan Respublikasının ekoloji Konsepsiyası»na dair posterlər hazırlamaq, sağlam həyat tərzinin təmin edilməsi, xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması, onlara qarşı mübarizədə informasiya çatışmazlığının aradan qaldırılması və ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirərək, ağac və güləkmə kampaniyaları keçirmək, ənənəvi olaraq hər il 5 iyun tarixdə “Beynəlxalq ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Universitetdə mədəni - kütləvi aksiya təşkil etməkdir.

Piklubu gənc riyaziyyatçıların təşkilatçılığı ilə 2007-ci ildən fəaliyyət göstərir. Klubun əsas fəaliyyət istiqamətləri praktik fəaliyyətdə tətbiq məqsədilə zəruri bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün real zəmin yaradaraq riyaziyyatı sevdirmək, riyaziyyatın ümumbəşəri mədəniyyətin tərkib hissəsi və cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olması haqqında təsəvvürlər yaratmaq, bu elmin əyləncəli tərəflərini önə çəkmək, orta ümumtəhsil məktəblərində məntiqi təfəkkürün formalaşması, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsi məqsədilə fənni təşviq etmək, riyaziyyat sahəsi üzrə şagirdlərin öz yaş həddinə uyğun müvafiq bacarıqlar əldə etməsi, müxtəlif forma və məzmuna malik məlumatların məntiqi cəhətdən dərk və təhlil edilməsi, riyazi biliklərin gündəlik həyatda tətbiq edilməsi vərdişlərini formalaşdırmaq, daha geniş miqyaslı olimpiada layihələrini həyata keçirmək, səmərəli düşünmə vərdişlərinin və fikrin ifadə bacarıqlarının inkişafına şərait yaradan riyaziyyat-məntiq bilik sərgilərinin keçirilməsidir.

Bundan başqa, xeyriyyəçilik aşılayan Hacı Zeynalabdin Tağıyev dərnəyi də universitetdə fəaliyyəti ilə tanınır.

Dərnəyin fəaliyyəti ilə bağlı universitetin Dərnəklər koordinatoru Ülvi Babayevlə söhbətləşdik.

- Hacı Zeynalabdin Tağıyev dərnəyini yaxından tanımaq istərdik. Ətraflı məlumat verərdiniz.

- Hacı Zeynalabdin Tağıyev nəyinki Azərbaycan tarixində, onun ictimai-sosial həyatında, eləcə də bütün dünyada bənzərsiz şəxsiyyətdir. 2006-cı ildə biz bu yardımlaşma dərnəyini təşkil edərkən adının qoyulması ilə bağlı çox düşündük.hesab edirəm ki, nəticə çox uğurlu alındı. “İnsanlığa yardım” devizi ilə təşkil olunan dərnəyin fəaliyyəti çox genişdir.

Qeyd etmək istərdim ki, hər il davam edən bu fəaliyyətə tələbələr könüllü şəkildə üzv olurlar. Dərnəyin fəaliyyətini, onun təşkilini birbaşa olaraq tələbələrimiz öz üzərinə götürürlər. Nəzərə alsaq ki, Tağıyev dərnəyinə bu il də 50 tələbə üzv olmaq üçün qeydiyyatdan keçib, bu o deməkdir ki, ümumilikdə 200 tələbə üzvümüz var. Təbii ki, universitet rəhbərliyinin və hörmətli rektorumuzun da bu dərnəyə xüsusi qayğısı da danılmazdır.

-Yardım etdiyiniz ailələrlə necə tanış olursunuz?

- Tələbələrimiz vasitəsilə. Onlar həmin ailələrlə əlaqə qurub evlərinə gedirlər. Maddi vəziyyətləri ilə yaxından tanış olduqdan sonra onlara yardım göstərilməsini nəzərdə tuturuq. Yəni, onlara kortəbii şəkildə deyil, araşdıraraq dəstək olmağa çalışırıq. Məlumat üçün qeyd edim ki, hal-hazırda Tağıyev klubunun müəyyən etdiyi 30-dan çox ailə var ki, onlara hər ay yardım olunur. Bəzən bu say dəyişə bilir. Belə ki, müəyyən müddət sonra hər hansı bir ailənin maddi vəziyyəti düzəlirsə, biz bunu başqa bir ailə ilə əvəz edirik.

-Dərnəyin fəaliyyətinə nələr daxildir?

- Biz universitet olaraq ilk növbədə təhsilə önəm verdiyimiz üçün bununla bağlı yardımlarımıza daha çox diqqət yetiririk. Belə ki, təhsil almaq istəyən abituriyentlərimizə dərnək tərəfindən kurslar təşkil olunur. Burada iştirak edən, maddi vəziyyəti aşağı olan abituriyentlərlə isə universitetin pedoqoji fakültələrində təhsil alan təcrübəli tələbələri məşğul olur.

Bizim digər bir fəaliyyətimiz də universitetin yeməkxanası ilə bağlıdır. Belə ki, müəllimlər yeməkxanada hər gün dörd çeşiddə yemək yemək imkanına sahibdirlər. Ancaq Tağıyev dərnəyi imkansız tələbələrə pulsuz yemək imkanı qazanmaq üçün belə bir üsula əl atıb. Belə ki, müəllimlər istədikləri üç çeşid yemək götürür, qalan digər bir çeşid yeməyin qəbzini həmin qutuya atırlar. Belə olan halda həm yemək israfının qarşısı alınmış olur, həm də müəllimlərin pulunu ödədiyi yemək qəbzi vasitəsilə ehtiyacı olan tələbələr universitetin yeməkxanasından pulsuz istifadə edə bilirlər.

Bundan başqa dərnəyin tərkibində “Üç əl” layihəsi fəaliyyət göstərir. Bu layihə üç gün davam edir. Layihə nədən ibarətdir? Burada ehtiyacımız olmayan kitablar, əşyalar, paltarlar və digər əşyalar Tağıyev klubuna təhvil verilir. Bu da klub üzvləri tərəfindən universitetin foyesində təşkil olunur. Burada toplanan əşyalar ehtiyacı olan şəxslərə çatdırılır.

-Yardım göstərdiyiniz başqa müəssisələr və şəxslər varmı?

- Əlbəttə. Bizim nəzərimizdə olan müəssisələr içərisində uşaq evləri, yaşlılar evi, sağlamlıq cəhətdən məhdud olan şəxslərin xüsusi yeri var. Onların ehtiyacı olan şeylər dərnəyimiz tərəfindən qarşılanır, onların könlünü həm maddi, həm mənəvi cəhətdən xoş tutmağa çalışırıq.

-Maddi olaraq bu qədər dəstək olduğunuz insanlara, mənəvi yardımınız nələrdən ibarət olur?

- Bizim fəaliyyətimizin geniş olmasının digər bir səbəbi də yardım etdiyimiz insanlarla sadəcə maddi ünsiyyət qurulmamasıdır. Belə ki, biz əlimizdən gəldiyi qədər həmin ailələrin mənəvi ehtiyaclarını da qarşılamağa çalışırıq. Bunu da uşaq evlərində müxtəlif oyunlar təşkil etməklə, qocalar evində, fiziki fəaliyyəti məhdud olan şəxslərə konsertlər verməklə, müəyyən tanınmış simaları dəvət etməklə, eyni zamanda onlarla qurduğumuz dialoqlar vasitəsilə yanlarında olmağa çalışırıq. Yeri gəlmişkən deyim ki, universitetin özünün xor kollektivi, dram və rəqs qrupları vasitəsilə pullu konsertlər təşkil edilirondan əldə etdiyimiz maddi vəsaitlə ehtiyacı olan şəxslərə yardım edirik.

-Dərnəyin nəzərdə tutduğunuz yeni layihəsi varmı?

- Hamımıza məlumdur ki, ölkəmizdə az öncə Qurban bayramı qeyd olundu. Qurban bayramı üçün bizim xüsusi planlarımız nələrdir? Bu günlər ərzində biz yığılan yardımlar hesabına ehtiyacı olan ailələrə kəsilən qurbanlardan ət payladıq. Qeyd etmək istərdim ki, dərnəyə yığılan yardımda müəyyən sənət adamlarının, adamlarının və müəllimlərimizin də böyük rolu olur. Sual verə bilərsiniz ki, bu fəaliyyəti kim ortaya çıxarır? Əlbəttə ki, dərnəyə üzv olan tələbələrimiz. Ətlərin doğranmasından tutmuş, ailələrə çatdırılmasına qədər, hər işlə onlar məşğul olur.

 

İlkin AĞAYEV

Palitra.-2014.-25 oktyabr.-S.11.