“Uşaq və gənclərə
milli-mənəvi dəyərləri aşılamaq üçün layihələr həyata
keçirilməlidir”
Aynurə Abdullayeva: “Məktəblərimizdə
psixoloq çatışmazlığı və karyera mərkəzlərinin
olmaması ciddi narahatlıq yaradır”
Layihə çərçivəsində
növbəti müsahibimiz 307 nömrəli
tam orta məktəbin
müəlliməsi Aynurə Abdullayevadır:
- Məktəb proqramında tədrisi aparılan bütün fənlərin bu və ya digər bilik və bacarıqların qazanılmasında, bir sözlə uşaqların mənəvi inkişafında önəmli rolu var. Tədris etdiyim “İnsan və cəmiyyət”, “Azərbaycan Respublikasının Konstitusiyasının əsasları” fənlərinin uşaq və yeniyetmələrin dünyagörüşü, mənəvi inkişafında rolu əvəzsizdir, deyərdim. Fənlər üzrə tədrisi nəzərdə tutulmuş bütün mövzular şagirdlərin layiqli vətəndaş olaraq yetişdirilməsini qarşıya məqsəd qoyur. Amma şagird və valideynlərin bu fənlərin tədrisindən alınan biliklərin qəbul imtahanlarında testlər şəklində yoxlanılmaması bəhanəsi ilə oxumaqdan yayınma istəklərini də qeyd etməyə bilmərəm. Xarici dövlətlərin orta məktəb proqramlarında “İnsan və cəmiyyət” fənni hətta bizim ali məktəblərdəki kimi fəlsəfə olaraq geniş miqyasda tədris olunur və şagirdlərin təfəkkürünün inkişafına öz müsbət töhfəsini verir.
- Ötən tədris
ilinin nəticələri ilə
bağlı nə deyərdiniz? Şagirdlərin təhsil səviyyəsi
sizi qane edirmi?
- Əsasən tədris ilinin nəticəsi deyərkən, məktəbdə ötən tədris ilində şagirdlərin tələbə adı qazanması faizi hallanır. Məktəbimizin nəticəsi heç də pis olmadı. Amma ümumilikdə şagirdlərin təhsil səviyyəsi məni qane etmir. Mən hər şeydən narazı olan müəllim görünüşü yaratmaq istəmirəm. Sadəcə heç kimə sirr deyil ki, tələbə adı qazananların çoxunun müvəffəqiyyət balı bu və ya digər fakültəyə uyğun deyildi. Yeni keçid ballarının mütəmadi aşağı salınması xoş hal kimi dəyərləndirilə bilməz. Yenə də gənc ölkə olaraq, daha uğurlu təhsil modellərini tətbiq etməyimizdə fayda var, deyə düşünürəm. Təhsil Nazirliyinin yenilik cəhdlərini yüksək qiymətləndirirəm və davamlı olmasını istəyərdim. Təbii ki, çatışmazlıqlar var, hələ bir müddət də olacaq. Əsas qarşıda duran məsələ şagirdin və valideynin təhsilə münasibətini dəyişməkdir. Orta məktəblərin nüfuzunun cəmiyyət içində bərpa olunması da ikinci prioritet olmalıdır. Daha sonra davamı gələcək. Bir şeyi də nəzərə almalıyıq ki, təhsilə bu gün edilən dəyişiklik və qoyulan kapital bir neçə il sonra nəticəsini göstərəcək, ümid edək ki, hər şey müsbətə doğru gedəcək.
- Hansı mövcud problemlərin aradan
qalxmasını istərdiniz?
- Qeyd etdiyim problemlərdən əlavə məni narahat edən problem məktəblərimizdə psixoloq çatışmazlığı və karyera mərkəzlərinin olmamasıdır. Psixoloq çatışmazlığı haqqında çox danışıldığından mən karyera mərkəzləri haqqında danışmaq istərdim. Bəlkə də mən səhv adlandırıram, amma mən belə bir mərkəz deyəndə xüsusi işçi qrupu olan, bəlkə də elə müəllimlərdən təşkil olunmuş bir qrup nəzərdə tuturam, hansı ki, şagirdlərin ixtisas və peşə seçimində onlara yol göstərsin, ümumiyyətlə hansı sahədə daha faydalı ola biləcəklərini anlamağa kömək etsinlər. Onların uyğun gördükləri təlim və yarışlarda, öz gələcəkləri üçün müsbət portfolio yaratmağa həvəsləndirsinlər. Şagirdlər, ümumiyyətlə insanlar üçün motivasiya çox önəmlidir. Əgər belə olsa, təsadüfi ballarla təsadüfi ixtisaslara yiyələnən, gələcəkdə görəcəyi işi ilə heç cür xoşbəxt olmayan insan ordusu yaranmaz.
İkinci məsələ, peşə məktəblərinin aşağı nüfuzudur ki, bu da ali məktəblərimizə sürətli axını şərtləndirir. Bəlkə mənimlə razılaşmayacaqsınız ki, bunun nəyi pisdir ki, hami oxumaq istəyir. Bu pis deyil təbii, amma kəmiyyətin hələ keyfiyyət olmadığı fikrinin tərəfdarıyam.
-Tədris ilinə
hazırlıq məqsədilə hansı təlim, yaxud kurslarda
iştirakçı olmusunuz?
- Müəllimin bütün vasitələrlə mütəmadi bilik və bacarıqlarını inkişaf etdirməsinin tərəfdarıyam və bacardığım qədər buna riayət edirəm. Avqust ayında “Tədris prosesində Promethean interaktiv texnologiyalarından istifadə olunması” , oktyabr ayında Təhsil Nazirliyinin “Şagirdlərin oxuyub- anlama bacarıqlarının inkişafı üçün müəllimlərin hazırlığı” seminarında iştirak etmişəm.
-Yerlərdə təlimlərdə
müəllimlərin iştirak səviyyəsini
necə qiymətləndirirsiniz?
- Əslində, niyəsə cəmiyyətimizdə müəllimlərin yeniliyə müsbət münasibətinin olmaması fikri formalaşıb. Amma bununla heç də razı deyiləm. Əksər müəllimlər onlara təklif olunan təlim kursu, seminarlarda həvəslə iştirak etməklə qalmır, öyrəndiklərini aktiv şəkildə fəaliyyətlərində tətbiq edirlər.
-Ümumiyyətlə,
belə təlimlər müəllimlər üçün
hansı imkanlar açır?
- Təlim kursları bütün hallarda inkişafyönümlü məqsəd daşıyır. Bir idmançı formada qalmaq üçün gündəlik fiziki məşqlərə ehtiyac duyduğu kimi, müəllim də mütəmadi təlim kurslarına ehtiyac duyur. Müəllim öyrədən olmaqla bərabər ömrü boyu öyrənəndir. Yəni sanki, bu artıq vərdiş halı alır. Təşkil olunan təlimlər də müəllimlərə fərdi və professional inkişafa dəstəkdir, deyə düşünürəm. J.Juber dediyi kimi: “Öyrətmək - ikiqat öyrənməkdir.”
- Son
zamanlar tətbiq olunan
yeniliklərdən biri kimi
müəllimlərin sınaq qiymətləndirməsi keçirildi. Siz müəllimlərin
fəaliyyətində bunun rolunu necə dəyərləndirirsiniz?
- Sınaq qiymətləndirmə, müəllimlərin attestasiya məsələsi uzun müddətdir ki, müzakirə mövzusu olaraq qalırdı və keçən il Təhsil Nazirliyi orta məktəb müəllimlərinin sınaq qiymətləndirmə imtahanını təşkil etdi. Əvvəllər müəllimlər narazılıqla qarşılasa da, sonra əslində nəticə etibarilə ziyalı təbəqə tərəfindən qəbul edildi. Müəllimlər öyrədən olaraq imtahan olunmağı nə qədər qəbul etməsələr də, qiymətləndirmə vacib amildir. Hətta dünya praktikasında elə ölkələr var ki, müəllim adını saxlamaq üçün bir neçə ildən bir imtahan verirlər. Sınaq qiymətləndirmə öz üzərində işləyən müəllimlər üçün motivasiya rolunu oynadı. Hələ ki, mükafatlandırma olmasa da, yaxşılar arasında olduğunu bilmək müəllimi az həvəsləndirmir məncə.
-Şagirdlərin
yeni ildə təhsilə
marağını necə dəyərləndirirsiniz, mövcud problemlərin aradan
qaldırılması üçün
hansı təkliflər irəli sürərdiniz?
- Tədris ili yeni başlayıb və şagirdlər hələ ki həvəsli görünürlər. Həvəsli olmayanları da mümkün yollarla tədrisə cəlb etmək, həvəsləndirmək lazımdır. Qeyd etdiyim kimi, məktəbin nüfuzunu bərpa etmək bir müəllimin edə biləcəyi iş deyil. Cəmiyyət olaraq bu işi məqsəd kimi qarşıya qoymalı və hər kəs öz işinə məsuliyyətlə yanaşmalıdır.
-Uşaqların
mənəvi inkişafı ilə bağlı dərslərdə
hansı mövzulara üstünlük
verirsiniz? Bu gün uşaqlar dövlətçilik
tariximizi, Milli qəhrəmanlarımızı
nə dərəcədə tanıyırlar?
- Məktəb təkcə tədris yox, təlim-tədris mərkəzidir. Bu baxımdan ilk öncə şagirdlərə şəxsiyyət olduqlarını aşılamağa və şəxsiyyətin azadlığı çərçivəsinin digər vətəndaşlarının azadlıq çərçivələri ilə məhdudlaşdığını izah etməyə çalışıram. Tolstoy deyib ki, “ən pis tərbiyə uşağa qul münasibəti göstərməkdir”. Onlara azadlıq verməsən nəyə qadir olduqlarını da öyrənə bilməyəcəksən. Amma əsas məsələ azadlıq və məsuliyyətin ayrılmaz olduğunu anlasalar layiqli vətəndaş yetişdirdiyimizə inana bilərik. Bunları aşılamaq üçün dövlətin təhsil qarşısında qoyduğu tələblər çərçivəsində proqramın imkan verdiyi qədər təbliğat aparıram. Şagirdlərin tariximizə, Milli qəhrəmanlarımıza kifayət qədər maraqları var, deyə düşünürəm. Məktəbdə vətənpərvərliyin təbliği məqsədilə, əlamətdar günlərlə əlaqədar təşkil etdiyimiz tədbirlərdə həvəslə iştirak edirlər.
- Uşaq
və gənclərin mənəvi inkişafı ilə bağlı
gələcəkdə bu istiqamətdə
hansı tədbirlərin təşkil olunmasını, gənclərdə
marağı artırmaq üçün
nələri təklif edərdiniz?
- Hər şeyi məktəbin
üzərinə atmaq olmaz.
Layiqli vətəndaş yetişdirmək
valideynin də marağında olmalı, hətta
marağında olmaqla qalmamalı, bu vəzifəni ürəklə yerinə
yetirməyə çalışmalıdır. Bütün valideynlər psixoloq,
pedaqoq deyil, amma valideyn olmağın xüsusi məsuliyyətləri var ki, tərbiyənin əsas
yükü onların üzərinə düşür. Son zamanlar gənclər arasında kitaba münasibət müsbət mənada xeyli dəyişib ki, məni
xüsusilə sevindirir. Düşünən
beyinlərin sayı artdıqca, cəmiyyətimizdə
yaşadığımız sosial problemlərin
sayının kəskin azalacağına inanıram. Uşaq və gənclərin inkişafına nail olmaq üçün
də milli-mənəvi dəyərlərin
aşılanması üçün tədbirlər,
layihələr həyata keçirilməlidir. Çünki
insan özünü,
kimliyini anladığı qədər
faydalıdır.
Nigar Abdullayeva
Palitra.-2014.-28 oktyabr.-S.11.