Türk xalqları yeni
media ilə bağlı ortaq
beyin mərkəzləri yarada
bilər
Əflatun Amaşov: “Saytlar
və onlayn
televiziyalarda, sosial şəbəkələrdə,
hətta “wikipedik” məlumatlara aid müxtəlif ortaq
layihələr həyata keçirmək mümkündür”
Çağlar Deniz: “Ortaq dil və əlifba məsələlərində
bu cür təşəbbüslərin
müsbət nəticələri olacaq”
İnformasiya əsrində və qloballaşmanın çağırışları şəraitində türk xalqlarının və cəmiyyətlərinin mədəni və siyasi müstəvidə inteqrasiyası üçün olduqca böyük zəmin yaranıb. Bu inteqrasiyanı sürətləndirə və daha çevik hala gətirə biləcək əsas amillərdən biri isə mediadır. Bu baxımdan türk ölkələrinin media zəminində inteqrasiyası, onların informasiya mübadiləsini, bir-birilərini daha yaxından tanımalarını, bir-birindən operativ xəbərdar olmalarını, həmçinin dünyada baş verən proseslərə daha çevik və birgə mənafedən reaksiya vermələrini təmin etmiş olacaq. Həmçinin, türk toplumlarının media sahəsində ortaq layihələri, iş birlikləri sözügedən sahədə təcrübə və bilik mübadiləsini təmin edəcək ki, bu da mediada yeni texnologiyaların, standartların türk ölkələrində tətbiqinə geniş imkanlar yaradacaq. Bu gün medianın dünyada təsir gücündən danışarkən, yeni medianın, sosial şəbəkələrin rolunu qeyd etməmək olmaz. Bu baxımdan türk cəmiyyətlərinin media müstəvisində iş birliyi, xeyli dərəcədə yeni media sahəsində əməkdaşlıqdan, inteqrasiyadan asılıdır.
Beləliklə, türk toplumlarının yeni media sahəsində iş birliyi barəsində nələri qeyd etmək olar? Bu sahədə hansı proseslər gedir? Bununla bağlı hansı təkliflər və təşəbbüslər reallaşdırıla bilər?
Qeyd edək ki, çağdaş dövrdə türkdilli ölkələrin və toplumların media birliyini formalaşdırmaq yolunda atılan ən önəmli addımlar sırasında Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaradılmasını, Türkdilli Ölkələrin və Toplumların Media forumlarının keçirilməsini xüsusi vurğulamaq lazımdır. Adıçəkilən Birliyin Nizamnaməsində də türk xalqlarının və toplumlarının mediada inteqrasiyası üçün vacib nüanslar öz əksini tapıb. Məsələn, sənəddə beynəlxalq arenada türkdilli ölkələr arasındakı əlaqələrin sağlam təməllər üzərində qurulması prinsipi, həmçinin bu ölkələrdə yaşayan millətlərin qarşılıqlı anlayış və dialoq, mədəni yaxınlıq kimi ortaq dəyərlərə sadiqliyi əsas tutulmaqla, qarşılıqlı fəaliyyət aspektləri müəyyənləşdirilib. Burada medianın katalizator rolu önə çəkilir, birgə tarixi köklər, mədəniyyət, dil, adət-ənənə, məişət yaxınlığının təbliğindəki əməkdaşlıq istiqamətləri əksini tapır. Nizamnamədə dünyaya inteqrasiya üçün peşəkarlıq vərdişlərinə yiyələnmə, təcrübə mübadiləsinin gücləndirilməsi də vacib amillərdən biri kimi qeyd edilir.
Qeyd edək ki, birliyin mərkəzi aparatı Ankarada yerləşir. Həmçinin, media birliyinin hər bir ölkədə, eləcə də muxtar vilayətdə, yaxud hansısa digər ərazi vahidində yerli komitələri var.
Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda isə konkret bölgələr üzrə komitə rəhbərləri müəyyənləşdirilib. Onlar il boyu müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil edirlər. Nizamnaməyə görə, quruma sədr rəhbərlik edir. Forumu təşkil edən ölkənin nümayəndəsi növbəlilik əsasında bu postu tutur.
Sədr, baş katib və komitə rəhbərləri birlikdə qurumun koordinasiya şurasını formalaşdırırlar və yekun qərarların çıxarılmasında iştirak edirlər. Ümumiyyətlə, Türkdilli Ölkələrin və Toplumların Media Birliyi strukturlaşmadan dərhal sonra əməli işə - türk xalqlarının inteqrasiyasını media vasitəsilə sürətləndirməyə keçmək üçün bir sıra layihələrə başlayıb. Belə ki, artıq türk ölkələrinin media sahəsində ortaq layihələri gerşəkləşdirilir ki, bunların sırasında yeni media sahəsində görüləcək işlərin də xüsusi çəkisi var. Bu isə onu göstərir ki, birlik işlək mexanizmə malikdir və türk toplumlarının yaxınlaşmasını sürətləndirməkdə olduqca önəmli funksiya həyata keçirir.
Əflatun Amaşov: “Yeni media imkan verir ki, türk toplumları bir-birindən daha çox və birbaşa informasiya alsınlar. Bu isə informasiyasızlıqdan, yaxud da kənar amillər tərəfindən birgə maraqlara xətər toxundurulmasını əngəlləyir”
Birliyin fəaliyyəti ilə bağlı qəzetimizə fikirlərini bildirən Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin ilk sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova görə, türk xalqlarının yaşadıqları areal kifayət qədər böyükdür: “Həmin məkanda baş verənlərdən daha operativ şəkildə xəbərdar olmaq və həmin proseslərə təsir imkanları baxımından yeni media sahəsində əməkdaşlığın böyük önəmi var. Yeni media sahəsində qarşılıqlı əməkdaşlıq qloballaşan dünyaya birgə inteqrasiyanı sürətləndirir və ümumi cizgilərimizin, birgə mənafeyə söykənən mövqeyimizin də formalaşmasında əhəmiyyət kəsb edir. Həmçinin, yeni media vasitəsilə inteqrasiyada adət-ənənə, dil, din, mənşə, tarix birliyi, məişət yaxınlığı məsələlərində ortaq maraqların təmin olunması və cəmiyyətlərin geniş təbəqələrinin bunlarla bağlı maariflənməsi daha mobil üsullarla baş verir. Eyni zamanda yeni media vasitələri imkan verir ki, türk toplumları bir-birindən daha çox və birbaşa informasiya alsınlar. Bu isə informasiyasızlıqdan, yaxud da kənar amillər tərəfindən birgə maraqlara xətər toxundurulmasını əngəlləyir. Eyni zamanda yeni media vasitələrində, sosial şəbəkələrdə birgə maraqlara qarşı hər hansı informasiya təxribatının qarşısının alınması üçün koordinasiyalı fəaliyyət göstərmək də bu sahədə işin vacib bir hissəsidir”.
Ə.Amaşovun fikrincə, fərqli ərazilərdə yaşayan türk xalqlarının hər birinin ictimai təfəkküründə fərqliliklər ola bilər: “Buna baxmayaraq, media dəyərləri prinsip etibarilə yekcins xarakter daşıyır. Eləcə də yeni media vasitəsilə bu fərqliliklərin ümumi harmoniyasını və türk xalqlarını ümumiləşdirən dəyərləri, maraqları təqdim etmək olar. Bununla bağlı istər saytlar və onlayn televiziyalar, istərsə də sosial şəbəkələrdə, hətta “wikipedik” məlumatlara aid müxtəlif ortaq layihələr həyata keçirmək mümkündür”.
Ə.Amaşov onu da qeyd etdi ki, hazırda ilk olaraq Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin internet portalını yaratmaq, ölkələrin və toplumların yerli komitələri tərəfindən onun idarə olunması mexanizmini formalaşdırmaq gündəmdədir: “Bundan başqa, türk toplumlarının media qurumlarının ortaq tarix, dil, milli mənsubiyyət və mədəniyyətə əsaslanan mənfəətlərinin və əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylər artırılmalıdır. Bütün bunlar yeni mediada da kompleks fəaliyyətlə ərsəyə gələ bilər”.
“Yeni mediada iş birliyi sayəsində bir-birilərini daha real təqib edən türk xalqları, aralarında yaradılan süni fərqliliklərin əslində nə dərəcədə bəsit olduğunu bir daha görə biləcəklər”
Digər tərəfdən, türk xalqlarının yeni media vasitəsilə inteqrasiyasına elmi-sosioloji aspektdən də nəzər salmağa dəyər. Türk xalqlarının yeni media vasitəsilə sürətlə inteqrasiya edə biləcəyi barədə qəzetimizə açıqlama verən türk sosioloq, Uşak Universitetinin Sosioloji bölümünün yardımçı dosenti, dr. A. Çağlar Deniz də Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaradılmasını və Türkdilli Ölkələrin və Toplumların Media forumlarının keçirilməsini bu sahədə çox önəmli strukturlaşma sayır: “Fərqli coğrafiyalara dağılmış türk xalqları arasında sosial media vasitəsi ilə yeni bir bağ qurmaq, dövrümüzün inkişaf prosesləri baxımından çox mühümdür. Yaxud belə bir bağlılığın, türkdilli xalqlar arasında bir əsr öncə var olan müştərək mədəni bağın - Təbriz, Səmərqənd, Kazan və Urumçidə oxuna bilən, İstanbulda çap edilən bir qəzetin və ya çağdaş dövrə uyğun bənzər media vasitələrinin yenidən qurulması da mühümdür. Siyasi olaraq bəzən pərakəndə bir halda olan türk xalqlarının, mədəni birləşməsinə yol açacaq bənzər təşəbbüslər iqtisadi və sosial paralellər üçün də bir canlanmaya səbəb olacaq. Xüsusilə, ortaq dil və əlifba məsələlərinin aşılmasında, bu cür təşəbbüslərin müsbət nəticələri olacaq. Yeni mediada iş birliyi sayəsində bir-birilərini daha real təqib edə bilən türk xalqları, aralarında yaradılan süni fərqliliklərin əslində nə dərəcədə bəsit olduğunu bir daha görə biləcəklər. Yeni media sosiologiyası baxımından da bu cür təşəbbüslərin önəmli ictimai sonuclara hamilə olduğunu ifadə etmək istərdim”.
Bu məqamla bağlı qeyd etmək lazımdır ki, Azərbaycanda yeni media fenomeninin elmi baxımdan öyrənilməsinə də ciddi ehtiyac var. Eləcə də əksər türkdilli ölkələrdə bu ehtiyac kəskin duyulur. Bu gün biz yeni media barədə təzahürləri qeyd etsək də, çoxları mahiyyətdən xəbərsizdir. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun sosiologiya üzrə doktorantı kimi yeni medianın sosioloji problemləri ilə bağlı tədqiqat apararkən bu barədə yetərincə çatışmazlıqlar aşkar etmişik ki, bu, artıq ayrıca bir mövzudur. Məsələn, Azərbaycanda internet sosiologiyası, yeni medianın sosioloji problemləri, internet psixologiyası, internetin fəlsəfi problemləri ilə bağlı elmi istiqamətlər və tədqiqatlar yox səviyyəsindədir. Halbuki inkişaf etmiş xarici ölkələrdə interneti və yeni medianı qeyd edilən aspektlərdən öyrənən beyin mərkəzləri çoxdan fəaliyyət göstərir. Təsadüfi deyil ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev DİA-da keçirilən tədbirdə bu barədə bildirib: “Yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır”. Akademikin fikrincə, bu yeni texnologiyalar ənənəvi tədqiqatlarla məşğul olan alimlərimizin və akademiyanın diqqətindən kənarda qalıb.
Xülasə, bu baxımdan türk toplumlarının müvafiq sahə alimlərini internetin və yeni medianın tədqiqinə cəlb etmək, media mənsubları ilə interneti tədqiq edən elm adamlarının işbirliyinə nail olmaq və yeni media ilə bağlı ortaq beyin mərkəzləri ərsəyə gətirmək də işin xeyrinə olardı...
İlkin AĞAYEV
“Türkdilli ölkələrin media
birliyi: tarixi zərurətin
doğurduğu reallıq” mövzusunda
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi, Azərbaycan Mətbuat
Şurası və Türkiyə Nazirlər Kabinetinin
Türk Əməkdaşlıq və Koodinasiya Agentliyinin
(TİKA) Bakı nümayəndəliyinin keçirdiyi
yazı müsabiqəsinə
təqdim etmək üçün
Palitra.-2014.-28 oktyabr.-S.10.