Azərbaycan: zəngin tarix, zəngin musiqi

 

Hər bir xalqı, milləti xarici ölkələrdə tanıtdıran, yalnız onun özünə xas olan vizit vərəqəsi olur. Azərbaycan xalqı üçün də belə bir vizit vərəqəsini tam cəsarətlə illərin, əsrlərin daş süzgəcindən cilalana-cilalana süzülüb gələn, cilalandıqca pardaxlanan, öz ideya əhəmiyyətinə və formasına görə bütün bəşəriyyət tarixində ən yüksək insan nailiyyəti hesab edilən muğamlarımızı hesab edə bilərik.

Əlbəttə, muğamın dərinlik və incəliklərinə kifayət qədər bələd olmayanlar üçün deyilən fikirlər mübaliğəli görünə bilər. Lakin hər halda bu faktdır ki, bir çox yaxın və uzaq xarici ölkələrdə Azərbaycanımızı məhz muğamlarımızla tanıyırlar. Bu baxımdan qeyd etmək yerinə düşərdi ki, müstəqillik yolları ilə inamlı addımlarla irəliləyən respublikamız mədəniyyətin müxtəlif, xüsusilə də musiqi sahəsində daha böyük nailiyyətlər qazanmaqdadır. Artıq xoş bir ənənəyə çevrilən, hər il Qəbələdə keçirilən musiqi festivalında dünyanın ən məşhur, sayılıb-seçilən incəsənət xadimlərinin iştirakı Azərbaycanın bütün dünyada musiqi ölkəsi kimi tanınmasına səbəb olub. Bu baxımdan təsadüfi deyil ki, bu beynəlxalq musiqi festivalında iştirak etməyi bir çox musiqiçilər özləri üçün böyük şərəf saydıqlarını heç gizlətmirlər də. Bundan başqa respublikamızda xalqımızın hər il böyük maraqsevgi hissi ilə qarşılanan və haqlı olaraq yaradılması ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlanan muğam festivalı xüsusilə qeyd edilməlidir. Belə ki, bu festival da tədricən beynəlxalq səciyyə daşımaqdadır.

Böyük fəxr hissi ilə deməliyik ki, Azərbaycan xalqı həmişə musiqi sahəsində öndə olub. Belə ki, hələ 1918-ci ildə Şərqdə ilk dəfə müstəqil demokratik respublika qurulan Azərbaycanımızda AXC-nin cəmi 23 aylıq hakimiyyəti dövründə son dərəcə gərgin günlər yaşamasına baxmayaraq, 1919-cu ildə bütün müsəlman dünyasında birinci dəfə konservatoriya açılmasının vacibliyi qeyd olunub, lakin vəziyyətin gərginliyi səbəbindən o vaxtlar bu təhsil ocağını açmaq mümkün olmayıb. Amma hər halda bütün müsəlman dünyasında ilk dəfə 1921-ci ildə konservatoriya məhz Vətənimizdə-Bakıda açılıb. Elə, buradaca qeyd etmək yerinə düşərdi ki, Şərqdə ilk opera - “Leyli və Məcnun” da ölməz bəstəkarımız Üzeyir Hacıbəyov tərəfindən yazılıb və 1908-ci ildə Bakıda tamaşaya qoyulub. Bundan başqa bütün müsəlman-Şərq dünyasında ilk dəfə balet də məhz Azərbaycanda yazılıb. Bu əsər 1940-cı ildə Ə. Bədəlbəyli tərəfindən yazılmış “Qız qalası” baleti olub. Deyilənlərə əlavə olaraq onu da qeyd etmək yerinə düşərdi ki, dünyada ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova da azərbaycanlı olub. Onun yazmış olduğu “Gəlin qayası” operası hələ də dünyanın musiqi inciləri arasında özünə xas layiqli yer tutmaqdadır. Digər böyük bəstəkarımız - Arif Məlikovun müharibədən sonrakı dövrdə yazdığı “Məhəbbət əfsanəsi” baletinitam cəsarətlə bütün dünyaya səs salan musiqi əsəri hesab etmək olar. Bu əsərin necə böyük müvəffəqiyyət qazanmasını səciyyələndirmək üçün təkcə belə bir faktı qeyd etmək yerinə düşərdi ki, dünyanın bir çox ölkəsində məxsusi olaraq yalnız bu əsərin səhnəyə qoyulması üçün bir neçə teatr binası tikilib, bir çoxları isə sökülərək təzədən tikilib. Hələ görkəmli bəstəkarlarımız Süleyman Ələsgərovun, Qara Qarayevin, Fikrət Əmirovun və s. nisbətən sonrakı dövrlərdə yazmış olduqları müxtəlif musiqi əsərləri haqqında da ən xoş sözləri söyləmək olar.

Bütün bunları qeyd etdikcə istər-istəməz düşünməli olursan -görəsən, bütün bu nailiyyətlər, müvəffəqiyyətlər təsadüfidirmi? Hələ bədnam qonşularımız nə qədər musiqi əsərlərimizə sahib durmaq istəmişlər?! Neçə-neçə musiqi əsərlərimizi xaricdə öz musiqiləri kimi təqdim etmişlər?! Onlar hətta utanıb-çəkinmədən əsl erməni həyasızlığı ilə dahi bəstəkarımız Ü. Hacıbəyovun yazdığı “Arşın mal alan”, “O olmasın, bu olsunkimi səhnə əsərlərini də bir çox hallarda özlərininki kimi qələmə verməyə çalışıblar. Lakin bütün bunlara baxmayaraq Azərbaycan musiqisi müzəffər addımlarla dünyanı fəth etməkdə, özünə daha çox pərəstişkar tapmaqdadır. Bu da tamamilə təbiidir. Belə ki, Azərbaycan xalqı dünyanın ən qədim tarixə malik mədəni xalqlarından biridir. Hələ tarixin ən qədim çağlarından Azərbaycan xalqının özünəməxsus musiqisi, mədəniyyəti yaranıb. Belə ki, Bakı yaxınlığındakı Qobustan qayaüstü təsvirlərdə hələ mezolit dövrünə (e.ə. 12 - 8 ci minilliklər) aid abidələrdə rəqs səhnələri təsvir olunub ki, bunlar da xalqımızın ən qədim dövrlərdən musiqi duyumunu, müxtəlif hadisələri - xüsusilə də əmək məhsuldarlığını musiqi ilə müşayiət etmələrinin göstəricisidir. Belə ki, Yazılı təpəsinin qarşısındakı qayalıq və daşlıqların, eləcə də Böyükdaş, KiçikdaşCinqirdağ üzərindəki yazılar, rəsmlər eneolit dövrünə aiddir. Elə, buradaca bir neçə rəqs edən qadın fiqurları təsvir olunub ki, bunların da məhsul bayramı ilə əlaqədar olması güman olunur. Sonrakı dövrlərdə bəzi tapıntılar-məsələn, e.ə. II-I əsrlərə aid Mingəçevir küp qəbirlərindəki gildən hazırlanan qadın heykəlləri də bu dövrdə baş vermiş hadisələrin sübutudur. Elə buradaca qeyd etmək yerinə düşərdi ki, qayalıqlarda başlarında lələk olan bir neçə kişi fiquru da təsvir olunub ki, bu da öz növbəsində əmək məhsuldarlığının göstəricisi idi. Böyükdaş qayasında iki, yaxud da bir neçə adamın keçinin, başqa bir təsvirdə isə bir neçə adamın kollektiv şəkildə müxtəlif heyvanların ətrafında mərasim rəqslərini, ayinlərini icra etmələri təsvir edilmişdir. Bunların arasında ən maraqlısı isə Böyükdaş qayasının üstündə hazırkı dövrün “Yallı” sına uyğun gələn rəqsin təsviridir. Bu rəqsin də insanların əmək məhsuldarlığını artırmaq üçün icra etmələri güman olunur.

Tarixin nisbətən sonrakı mərhələlərində də Azərbaycan xalqının mədəniyyəti yerində dayanıb durmamış, inkişafını davam etdirib. Xüsusilə orta əsrlər dövründə, AlbaniyaAtropatena Sasanilər tərəfindən işğal edildikdən sonra belə xalqımız musiqi sahəsində daha böyük nailiyyətlərə imza atıb.

Məsələn, hələ VII əsrdə Sasanilərdə II Xosrov Pərvizin hakimiyyəti illərində sarayda həm müğənni, həm də bəstəkar kimi tanınan Barbed (yaxud da Fəhləbad) adlı musiqiçi olub. Onun ifası doğrudan da çox gözəl olub. Buna görə də onun adı vaxtı ilə ifa etdiyi musiqi alətinə verilib, bu musiqi aləti isə sonradan neçə-neçə məclislərin bəzəyi olub. Barbedin sonrakı illərdə həm özünün, həm də ifa etdiyi musiqi alətinin adı Nizami Gəncəvinin “Xəmsə”sində bir neçə yerdə xatırlanıb. Yeri gəlmişkən II Xosrov Pərvizin sarayında yaşayıb-yaratmış başqa bir musiqiçinin - Niqişenin (yaxud Naxişenin) də adı bir neçə yerdə xatırlanır.

Göstərilməlidir ki, o dövrlərdə Sasanilərdə, eləcə də azərbaycanlılarda müğənnilərin repertuarında müxtəlif qəhrəmanlıq, mahnı - mədhiyyələr, mövsümi - bayramlara həsr olunmuş, habelə lirik - məhəbbət, nəhayət dini mahiyyət daşıyan janrlarda musiqi nömrələri olub.

Həmin dövrlərdə artıq hazırkı zamanda da işlənən musiqi alətləri - ud (dar), barbud (barbiton), arfa (çanq), gitaranın bir növü (tambur), tsitra (kənnar), fleyta (ney), qaboy (mar), kiçik balaban (dümbələk) yaranmışdı və müxtəlif məclislərdə onlardan geniş miqyasda istifadə edilirdi. Qeyd etmək yerinə düşərdi ki, Sasani hakimiyyəti dövründə musiqi terminləri arasında “rast” sözünə də tez-tez rast gəlinir ki, bu da düzgün, “birbaşa” mənasını verirdi. Bu ifadə müsəlman şərqində, o cümlədən azərbaycanlılar arasında da muğamın (məqamın) bir şöbəsi kimi verilmişdir.

O vaxtlar alban əyanlarının da həyatında musiqi mühüm yer tuturdu. Belə ki, Azərbaycanda tapılan və hazırda Sankt-Peterburqun məşhur Ermitaj muzeyində saxlanılan döymə bürünc boşqabda itlərin yaxınlığında atı şahə qalxmış süvari təsvir olunub. Bu qabın ətrafı konsentrik dairələrlə əhatə olunmuşdur ki, onlarda da insanın musiqiçilər və rəqqaslarla əhatə olunmuş halda vəhşi heyvanlarla , quş və yırtıcılarla birgə təsviri verilib. Burada bir detal diqqəti xüsusilə cəlb edir: vəhşi heyvanlarla vuruşan insanlar çılpaq, yaxud da romalılara xas paltar geyindikləri halda, rəqqaslar şərqlilər kimi şalvar və köynəkdə təsvir olunublar. Bu isə bilavasitə onu sübut edirdi ki, alban feodallarının saraylarında şərq musiqiçiləri və rəqqasları fəaliyyət göstəriblər. Tariximizin sonrakı zaman kəsiyində - Ərəb xilafəti dövründə də Azərbaycan musiqisi inkişafını dayandırmayıb.

Ərəblər ilk vaxtlar sosial-iqtisadi inkişaf baxımından yerli xalqdan geri qaldıqları üçün Azərbaycanda onlara qədər formalaşmış olan feodal münasibətlərinin inkişafını ləngitdilər. Lakin hər halda onlar ölkənin müxtəlif hissələrini vahid bir tam halında birləşdirmişdilər. Azərbaycanın digər işğal olunmuş ölkələrlə bir məkana qatılması həm vahid dil və dinə, eləcə də vahid adət-ənənəyə malik Azərbaycan xalqının yaranmasına, həm də xalqımızın beynəlxalq ənənələrinin genişlənməsinə, digər xalqların təsiri ilə burada yeni musiqi janrlarının yaranmasına səbəb oldu. Bu barədə məşhur musiqi tədqiqatçısı V. Vinoqradovun qiymətli fikirləri var. Belə ki, o, özünün məşhur “Muzıka Vostoka” (“Şərq Musiqisi”) əsərində göstərir: “Xilafət dövründə Şərqin müxtəlif xalqları kifayət qədər bir-birlərindən uzaq məsafədə yerləşsələr də, vahid bir dövlətin tərkibində olmaq onların bir-birlərinə yaxın musiqiyə sahib olmalarına səbəb olub. Məsələn, bir tərəfdən özbəklərin, digər tərəfdən isə Misir, yaxud əlcəzairlilərin musiqisis.

 

(ardı var)

İlqar Abdullayev,

“KASPİ” təhsil mərkəzinin tarix müəllimi.

Gülnarə Əmrahova

Cəlilabad rayon Göytəpə

şəhər 7 illik musiqi

məktəbinin müəllimi.

Palitra.-2014.-29 oktyabr.-S.13.