Azərbaycan: zəngin tarix, zəngin musiqi

 (əvvəli ötən sayımızda)

 

İslam diniona qədər mövcud olmuş musiqi - poeziyanın köməyindən istifadə etməli olmuşdur. Bunlardan birincisi azan olub. Azan İslam aləmində gündə beş dəfə molla-azançı (müəzzin) tərəfindən müsəlmanları sülhə və ibadətə çağıran Yaxın və Orta Şərqdə geniş yayılmış vokal-deklamasion improvizasiya hesab olunur. Yeri gəlmişkən İslam aləmində ilk müəzzin məşhur şairmusiqiçi Həsən Ben Tabit olub.

İslam dünyasında avazla oxumağın ikinci forması isə “Qurani-Kərim”in psalmelodik ifasıdır. Bu zamanQuran” ayələri aramla, monoton formada qədim - bədəvi ifadə formasında oxunur.

Misirin bir çox məscidlərində artıq IX əsrdə “Quran” müxtəlif melodiyalarla avazla oxunub. Lakin sonradan məxsusi olaraq bu üçün ora qazı tərəfindən göndərilmiş nümayəndə tərəfindən “Quran”ın avazla oxunuşu qadağan olunub. Lakin Bağdadda oturan baş qazı “Quran” surələrinin avazla oxunuşuna üstünlük verib.

“Quran”ın melodik şəkildə oxunuşundan danışarkən xüsusilə qeyd etmək yerinə düşər ki, dünyəvi hökumət dairələri, eləcə də xalq kütlələri tərəfindən bu çox yüksək qiymətləndirilirdi. Lakin ortodoksal irtica tərəfindən “Qurani-Kərim”in melodik oxunuşu qadağan olunsa da onun avazla, melodik oxunuşunun necə böyük səmərə verdiyini sübut edən faktlar vardır. Belə ki, böyük Azərbaycan şairi Əbdülqadir Marağayi Təbriz sarayında hökmdar Miranşah tərəfindən amansızcasına cəzaya məruz qalacağını hiss edərək Bağdada, əmir Teymurun yanına qaçır. Lakin burada da Əmir Teymur tərəfindən asılmaqla ölüm cəzasına məhkum edilir. Cəllad Əbdülqadir Marağaini asmaq istədikdə isə o, “Qurani - Kərim”in surələrini yanıqlı və məlahətli səslə melodik ritmdə oxumağa başlayır. MarağaininQurani - Kərim” surələrini yanıqlı səslə avazlı ifası Teymurun çox xoşuna gəlir və onun ölüm hökmünü ləğv edir. Sonra isə onu hətta öz sarayına müğənni götürür. Azərbaycan hökmdarlarının öz saraylarında müğənni saxlamaları adət - ənənəsi sonrakı dövrlərdə də olmuşdur.

Belə ki, XV əsrdə Azərbaycanda olmuş Venesiya səfiri Ambrozio Kontarini öz xatirələrində göstərir ki, Uzun Həsənin sarayında həmişə onun göstərişi ilə çalıb - oxuyan musiqiçilər, müğənnilər var. Eləcə də nisbətən sonrakı dövrlərdə I Şah Abbasın (1587 - 1629) sarayına göndərilmiş alman imperatoru II Rudolfun səfirinin katibiöz gündəliyində şahın getdiyi bütün yerlərdə xalqın onu şadyanalıqla, mahnı və rəqslə qarşıladıqlarını bildirir.

Qeyd etmək yerinə düşərdi ki, hələ XIII əsrdə yaşamış məşhur azərbaycan musiqiçisi Səfiəddin Urməvi Hülaki xanın canişini Şəmsəddin Cüveyninin oğlu Şərafəddinə həsr etdiyi məşhur “Kompozisiyanın əsasları haqqında Şərəfi traktatı” əsərində bütün Şərq dünyasında ilk dəfə not yazıları vasitəsi ilə müxtəlif musiqi melodiyalarını qələmə almışdır. Təəssüflər olsun ki, xalqımızın bu böyük musiqiçi övladları haqqında orta məktəb dərsliklərində çox cüzi məlumat verilmişdir. Göstərmək yerinə düşərdi ki, Səfiəddin Urməvi ömrünün ahıl vaxtlarında çox kasıblamış, müflisləşmiş, borca düşərək həbsxanaya salınmış, burada da dünyasını dəyişərək əbədiyyətə qovuşmuşdur.

Bir qədər sonra XVI əsrdə isə Azərbaycanda alimlər musiqinin dini - teatrlaşdırılmış iki - matəm mərasimləri (taziyə) və ölməz bəstəkarımız Ü. Hacıbəyovun çox düzgün qiymətləndirdiyi kimi - oratoriyalara çox uyğun gələn şəbih formaları meydana gəlmişdir.

Təziyələr Məhərrəmlik günlərində - Aşuranın onuncu günündə Həzrəti Əlinin(ə.s.) oğlu Hüseynin faciəli ölümü şərəfinə icra olunurmuş. Yenə həmin Məhərrəmlik günlərində şəbih də icra olunurmuş. Bu mərasimlər haqqında o dövrlərdə Azərbaycanda olmuş məşhur səyyah Y. Streys də məlumat vermişdir. Şübhə yoxdur ki, Y. Streysin diqqətini bu zamanQuran” ayə və surələrinin muğam - xüsusən də segah üstündə oxunması daha çox cəlb etmişdir.

Nisbətən sonrakı dövrdə, XVII əsrdə yaşamış Mirzəbəy tərəfindən yazılmış “Risaleyi musiqi” əsəri də musiqiyə aid kitablar içində diqqəti xüsusilə cəlb edir. Belə ki, bu əsərdə müəllif 12 əsas məqamı - rast, uşşak, busəlik, iraq, bozurq, hicaz, hüseyni, rəxavi, isfahani, nəva, zəngulə və kiçiyi qeyd etmişdir. Mirzəbəy sonrakı 24 şöbənin ( o, onları avaz adlandırmışdır) adını çəkməsə də, göstərdiklərindən məlum olur ki, hələ o dövrlərdə Azərbaycan musiqisinə cahargah, şur, novruzi - əcayi və s. kimi dəstgahlar bəlli olmuşdur.

Əlbəttə, sonrakı dövrlərdə də muğam sənəti inkişafını davam edirirdi. Belə ki, XIX əsrin əvvəllərində Ələkbər, Səfər, Yusif, Qaraçı Əsəd, Mirzə Hüseyn (onun adı ilə adlanan məşhur “Mirzə Hüseyn segahı” da məlumdur) s. Azərbaycan musiqi tarixində böyük rol oynamışlar. Daha sonrakı dövrlərdə isə digər xanəndələrimiz - Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdı oğlu, Ələsgər Abdullayev, Keçəci oğlu Məhəmməd və s. xüsusilə fərqlənmişlər. Məşhur müğənni və tarzən Mirzə Sadıqcan isə tarı yenidən qurmaqla onu dizin üstündən sinəyə gətirmişdir. Sadıqcan həmin vaxtlarda tarın simlərinə oktavadörd köklü simlər əlavə edərək onu solo ifaçıları üçün əlverişli olan dolğun səsli, onbirsimli virtuoz musiqi aləti səviyyəsinə qaldırdı.

Türkmənçay müqaviləsindən sonra Cənubi Qafqazın paytaxtı hesab edilən Tiflisdə məşhur italyan skripkaçısı Malaqolinin konsertində Azərbaycan muğamlarını öz yanıqlı və məharətli səsi ilə ifa edən Səttar hətta qeyri - azərbaycanlılar tərəfindən belə Malaqolinin özündən daha çox alqış qazanmışdı.

Qeyd etməliyik ki, XX əsrdə də matəm mərasimlərində taziyənin muğam üstündə ifa olunması üçün xüsusi adamlar olurmuş. Bununla əlaqədar çox maraqlı bir hadisəni qeyd etmək yerinə düşərdi. Belə ki, 1937 - ci ildə, Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilərkən Mir Cəfər Bağırovla birgə “Koroğlu” operasına baxan Stalin tamaşadan sonra yaradıcı heyətlə tanış olarkən birdən o vaxtın məşhur aktyoru Hüseynqulu Sarabskinin qarşısında dayanaraq ona zəndlə baxır. Həmin vaxtlarda isə 37 - ci ilin tuthatutu təzə başlanıbmış və Hüseynqulu Sarabskinitez - tez NKVD - yə çağırıb, onun vaxtı ilə Müsavatla, AXC hökuməti ilə əməkdaşlığı haqqında sorğu - sual edirmişlər. (Belə bir əməkdaşlıq isə həqiqətən də olmuşdu.) Deyilənə görə, bu məşhur aktyor həmin vaxtlar tamam bədbinləşibmiş və artıq ölümünü gözləyirmiş. Sonradan özününetiraf etdiyinə görə, Stalin onun tuşunda dayanıb ona zəndlə baxanda artıq axırının çatdığını düşünür. Lakin bu zaman Stalin yavaşca ona yaxınlaşıb mehribanlıqla soruşur: - Vaşa familiə sluçayno ne Rzayev? (Sarabskinin əsl familiyası doğurdan da Rzayev imiş.) Sarabski də təsdiq edir. Belə olduqda Stalin ehtiramla ona əl uzadıb görüşüronu məşhur inqilabçı Xanlar Səfərəliyevin dəfnindən tanıdığını deyir. (O zamanlar Hüseynqulu Sarabski doğrudan da Xanlar Səfərəliyevin dəfnində yanıqlı səsi ilə taziyə deyibmiş). Sonra isə Stalin Hüseynqulu Sarabskini Mir Cəfər Bağırova göstərib deyir ki, bəs Xanların dəfnində onun ifasında taziyəyə qulaq asarkən başqaları ilə bərabər onu da ağlamaq tutub. (Hələ Stalin gürcü ola - ola...) Sonra isə Azərbaycan rejissorlarının H. Sarabskidən istifadə etməmələrindən təəccübləndiyini bildirir... Bundan sonra isə H. Sarabskinin qarşısında təzədən sanki “yaşıl işıq” yanır... Demək olar ki, butun tamaşalarda ona müəyyən bir rol verilir.Daha sonrakı dövrdə isə dahi bəstəkarımız Ü.Hacıbəyovun “Koroğlu” operasında baş rolun ifaçısı Bülbül (Murtuza Məmmədov) xüsusilə fərqlənmişdir.

Yaxud nisbətən sonrakı dövrlərdə, 70 - ci illərdə A. Zeynallı adına musiqi məktəbinə imtahan verərkən həyatdan erkən köçmüş sevimli muğam ustamız Səxavət Məmmədov birinci iki imtahandan nisbətən aşağı qiymət alır. Buna görə də başa düşür ki, bəs keçid balını toplamaq üçün o, sonuncu- ixtisasdan olan muğam imtahanından hökmən “əla” almalıdır. Bunu bilən S.Məmmədov imtahanda bacardığı qədər yaxşı oxusa da ona əvvəlcə “əla” yazmırlar. Belə olduqda S.Məmmədov təkidlə komissiya tələb edir. Nəhayət, komissiya qarşısında təkrar imtahan verməli olan S. Məmmədov bütün gələcək taleyinin xeyli dərəcədə bu imtahandan asılı olacağını bildiyinə görə bu dəfə daha ürəklə, bütün varlığı ilə oxuyur. Hətta o qədər ürəklə oxuyur ki, sonuncu zəngulələrdən sonra artıq emosiyalarını cilovlaya bilməyib hönkürür. Bu zaman komissiya üzvlərindən olan iki xanım da uzaq dağ rayonundan gəlmiş bu, çəlimsiz, arıq uşağın keçirdiyi hisslər qarşısında duruş gətirə bilməyib, ağlayırlar. Bundan sonra isə komissiyanın S. Məmmədova “əla” qiymət verməkdən başqa çarələri qalmır...

Hazırkı zamanda da yuxarıda göstərdiyimiz kimi ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın himayədarlığı ilə muğam sənətinin azərbaycan xalqının vizit vərəqinə çevrildiyini desək yanılmarıq. Belə ki, ölkəmizdə yenicə keçirilib başa çatan, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutmuş Üzeyr Hacıbəyov adına VI Beynəlxalq Musiqi Festivalının gedişində qonaqlara rus dilində nəşr olunmuş “Azərbaycan muğamının ensiklopediyası”nın («Gnüiklopediə azerbaydjanskoqo muqama») təqdimetmə mərasimi olub.

Bu mərasimi giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə qonqların nəzərinə çatdırmışdır ki, hələ 2008 - ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Muğam ensiklopediyası” çapdan çıxmışdır. Bu baxımdan bu əsərin rus dilində çapdan çıxması rus dilli əhali üçün, eləcə də keçmiş SSRİ respublikalarında yaşayan digər xalqların Azərbaycan muğamı haqqında daha dərin təsəvvürə malik olmaları işində mühüm rol oynayacağı şəksizdir.

Ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın himayəsi ilə Azərbaycan muğamının bədii qiyməti çox yüksəlmişdir. Buna görə də heç də təsadüfi deyil ki, 2003 - ildə UNESCO muğamı bəşəriyyətin qeyri - maddişifahi ünsürlərindən biri kimi dəyərləndirmişdir.

Bu baxımdan şübhə yoxdur ki, gələcəkdə də Azərbaycan musiqisini daha böyük nailiyyətlər gözləyir.

 

İlqar Abdullayev,

“KASPİ” təhsil mərkəzinin tarix müəllimi.

Gülnarə Əmrahova,

Cəlilabad rayon Göytəpə şəhər 7 illik musiqi

məktəbinin müəllimi.

 

Palitra.-2014.-30 oktyabr.-S.13.