Səlahəddin Xəlilov: “Uşaqları həyata hazırlamaq üçün dilin yaxşı mənimsənilməsi şərtdir”

 

Milli mənliyimizin əsas sütunu olan dilimizin qorunması baxımından yeniyetmələrin və gənc nəslin maarifləndirilməsi, onların bununla bağlı mənən hazırlıqlı olması olduqca aktualdır.

Bu baxımdan layihə çərçivəsində bizə fikirlərini bildirən AMEA müxbir üzvü, professor Səlahəddin Xəlilov qeyd edir ki,dil bütün xalqa məxsusdur və dilin subyekti, hərəkətverici qüvvəsi də dilçilər yox, bütün sahələrdə çalışan insanlardır. Bu müqəddəs işdə hərənin öz funksiyası, öz missiyası var. O cümlədən gənc nəsil də öz üzərinə düşən funksiyanı tam məsuliyyəti ilə dərk etməlidir: “Dil milli varlığın ən mühüm göstəricilərindən biridir. Təbii ki, biz bir millət olaraq öz ana dilimizin inkişafında maraqlıyıq. Amma öncə qarşıda duran vəzifənin miqyasını və əsas istiqamətlərini düzgün təsəvvür etmək lazımdır. Dil nə isə dilçilərə aid olan, dilçiliyin miqyası ilə ölçülən bir şey deyil. Dilçiliyin inkişafı dilin inkişafının mühüm şərtlərindən və istiqamətlərindən ancaq biridir. Biz bunu ona görə xüsusi vurğulayırıq ki, çağdaş ictimai şüurda bu miqyas fərqi çox vaxt nəzərdən qaçırılır. Xüsusən də indiki gənclərdə, tələbələrdə, gənc mütəxəssislərdə bu miqyas dərk edilmir. Təkcə bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan dili ilə bağlı söz düşəndə, onun mahiyyətini, məzmununu, əhəmiyyətini, inkişaf perspektivlərini müzakirə edəndə, bir qayda olaraq dilçilərə müraciət edilir. Kütləvi informasiya vasitələrinin, jurnalistlərin məsələni məhz bu miqyasda gündəmə gətirməsi bir daha göstərir ki, dilimiz bir ictimai gerçəklik, milli atribut kimi çox məhdud və bəsit çərçivədə təsəvvür olunur. Jurnalistlər bir yana dursun, elm adamları da bu məsələyə münasibətdə eyni səhvə tez-tez yol verirlər. Məsələn, izahlı lüğətlərin yazılması əslində bir dilçilik məsələsi olmayıb, geniş dünyagörüşü tələb edirbir çox elm sahələri üzrə mütəxəssislərin səylərinin birləşməsinə ehtiyac yaranır. Belə bir faktı da xatırlatmaq yerinə düşərdi ki, müasir dilçiliyin baniləri V.HumboldtNoam Çomski siyasətçi və filosof, Freqe, VitqenşteynRassel riyaziyyatçı və filosof olmuşdilin yeni nəzəriyyələrini yaratmaqla linqvist kimi də xidmət göstəriblər. Rus dilinin klassik izahlı lüğətinin müəllifi olan Vladimir Dal da bir dilçi deyil, ensiklopedik biliklərə malik görkəmli təbiətşünas alim olub. Yalnız lüğət yazıldıqdan sonra o həm də bir leksikoqraf kimi məşhurlaşıb. Müasir dövrdə də bu cür məsuliyyətli məsələlər kollegial surətdə, müxtəlif elm sahələrini təmsil edən görkəmli alimlərin birgə iştirakı ilə həll olunur. Amma bizdə nə üçünsə bu məsul vəzifə hələ də ancaq dilçilərə aid imiş kimi başa düşülür. Nəticədə müxtəlif ixtisas sahələrinə aid anlayışlar, elmi və fəlsəfi terminlər çox bəsit və bəzən yanlış izah olunur. Eləcə də terminologiya məsələləri. Elmlər Akademiyasının strukturunda ayrıca bir Dilçilik İnstitutunun olmasındadırmı, ya nədəndirsə, dillə bağlı məsələlərdə hamı yaxasını qırağa çəkib üzünü dilçilərə tutur. Hətta Terminologiya Komitəsi də rəsmən, formal surətdə ümumakademiya miqyasında yaradılmasına baxmayaraq, reallıqda Dilçilik İnstitutunun şöbələrindən biri kimi fəaliyyət göstərir. Maraqlıdır ki, bəzən hətta kimya, biologiyas. təbiət elmlərinə dair terminologiya lüğətləri də dilçilər tərəfindən hazırlanır və bu sahədə dissertasiya işlərini də filoloqlar yazırlar”.

Professorun fikrincə, milli elmi dilin formalaşması və ədəbi dilin beynəlmiləl terminlər və elmi üslub hesabına zənginləşməsi prosesinə nəzarət etmək üçün təkcə müşavirələr, terminologiya komitələrinin iclasları kifayət deyil. Bunun üçün həmin dildə elmi və fəlsəfi əsərlər yaradılmalıdır. Dilin gözəlliyi onun səslənmə xüsusiyyətləri və bədii ifadə imkanları ilə müəyyən olunduğu kimi, dilin tutumu da onun ifadə edə bildiyi fikrin dərinliyi və dəqiqliyi ilə müəyyən olunur. Lakin bununla belə elmi-fəlsəfi dil bədii dildən fərqli olaraq milli çərçivələr daxilində deyil, daha çox ümumbəşəri elmi-fəlsəfi fikir prosesinin təsiri altında formalaşır. Fundamental elmi əsərlər təkcə müəllifin mən­sub olduğu millətin yox, bütün bəşəriyyətin intellektual sərvətinə çevrilir. Burada aparıcı olan ümumbəşəri elmi təfəkkürdür ki, o da ilk dəfə bu elmi yaradan xalqın dilində ifadə olunur, həmin dilin qəlibinə salınır. Başqa xalqlar isə orijinalda deyilmiş fikirləri ilkin dil qəlibindən çıxardaraq öz dil qəliblərinə salmaq və müstəqil yaradıcılıqla yox, tərcümə ilə bağlı «baş sındırmaq» məcburiyyətində qalırlar: “Hegel deyir: “Öz dilində elmin bütün xəzinəsini ifadə etməyi bacarmayan xalq savadlı hesab oluna bilməz. ...Başqa dildə çatdırılan biliklər öz dilimizdə nüfuz edə biləcəyimiz incəliklərdən məhrumdur. Onlar bizdən arakəsmə ilə ayrılaraq bizim ruhumuzla qaynayıb-qarışa bilmirlər!”. Ancaq tərcümələr sayəsində inkişaf etmək istəyən dillər kənar təsirlərə məruz qalır, təbii inkişaf meyllərindən, öz immanent xüsusiyyətlərindən uzaqlaşmış olur və nəticədə dildə özgələşmə prosesi gedir. Lakin əgər ancaq sözlər yox, həm də elmi mətnin ümumi ruhu milli dilə çevrilirsə və milli dilin potensialı buna imkan verirsə, ancaq bu zaman dil özgələşmədən xilas ola bilər və milli elmi dil üslubu formalaşmış olar. Bunun üçün isə əsas yük, ağırlıq mərkəzi dilin üzərinə yox, elmi-fəlsəfi fikir prosesinin üzərinə düşməlidir”.

Filosofun fikrincə, gənc mütəxəssislər də bilməlidir ki, Azərbaycan dilinin müasir mərhələdəki inkişaf yolu sahələr üzrə dil üslublarının formalaşmasından, ümumi dilçiliyin fəlsəfi fikir səviyyəsinə qaldırılmasından keçir. Amma ən önəmli olan dilçilərdən və filosoflardan öncə hər bir fəaliyyət sahəsində çalışan mütəxəssislərin milli təfəkkür sahibi olmasıdır. Çünki dilin subyekti millət özüdür: “Həyata hazırlanmaq, cəmiyyətin bir üzvünə çevrilmək üçün dilin yaxşı mənimsənilməsi ilkin əsas şərtlərdən biridir. Bu, ən erkən yaşlardan başlamış, yeniyetməlik, gənclik və daha sonrakı yaşlara qədər beləcə davam edir. O, insan həyatında iki fərqli statusda iştirak edir. İlk növbədə dil həyatın öz strukturuna daxildir. Yəni həyat dediyimiz fenomen, əgər o, real və canlıdırsa, mütləq hansı isə bir dil sayəsində aktuallaşır və bütövlük kəsb edir. Yəni dil həyatın öz bətnindədir. İkincisi, həyata qədəm qoyan, müəyyən mənada ona müsafir olan hər bir fərd üçün həyat öncədən, əvvəlki nəsillərin səyləri ilə formalaşmış ictimai gerçəklikdir və bu fərd özü ilə bu kənardakı ictimai həyat arasında bir rabitə qurur; nisbətən məhdud ictimai miqyasda, məsələn, ailədə formalaşan bir uşaq daha geniş miqyaslı bir ictimai mühitə daxil olarkən öncədən müəyyən bilikdil potensialı ilə təchiz edilmiş olur. Sonra məktəb həyatı başlanır. Və məktəb bir növ ailə ilə cəmiyyət arasında körpü rolunu oynayır; yəni uşaqları böyük həyata hazırlayır. Məktəb də öz funksiyasını ilk növbədə dil vasitəsilə həyata keçirir. Lakin tədris proqramında dilçiliyin xüsusi çəkisi çox da yüksək deyil. Buna ehtiyac da yoxdur. Çünki uşaqlar dilə onun qrammatikasını öyrənmədən əvvəl yiyələnmiş olurlar. Ailədə də, uşaq bağçasında və ibtidai məktəbdə də dilin öyrədilməsi bir növ təbii surətdə həyata keçirburada hansı isə bir dilçininya qrammatika kitablarının iştirakına ehtiyac duyulmur. Ancaq əməli dil, məişət dili mənimsənildikdən, müəyyən bir dil təcrübəsi əldə edildikdən sonra dilçilər də bu prosesə qoşulur və “kortəbii” mənimsənilmiş dilin qaydalarını, strukturunubütün bunların elmi əsaslarını öyrətməyə başlayırlar.

Amma təəssüf ki, məktəblərdə xarici dillərin tədrisi zamanı ana dilinin mənimsənilməsindəki təbiilik sanki yaddan çıxır və lap əvvəldən qrammatikaya yer ayrılır. Xüsusən sovet təhsilindən qalmış bu ənənə ona gətirib çıxarır ki, 10 il orta məktəbdə, üç il də universitetə dil öyrənən gənclərimiz qrammatikanı az-çox mənimsəsələr də, həmin dildə danışa bilmirlər”.

Filosofun fikrincə, bu cür tədris üsulu əslində dilin dilçiliklə məhdudlaşdırılması ənənəsinə daha bir misaldır.

 

İlkin AĞAYEV

Palitra.-2014.-30 oktyabr.-S.11.