Abuzər Ələkbərov: “Cənub
bölgəsi arxeoloji abidələrlə
çox zəngindir”
“Vaxtilə, Morqanın Azərbaycanda
aşkar edib, apardığı və bizim aşkar etdiyimiz
yeni materiallar Bakıda və Parisdə təşkil olunacaq
beynəlxalq sərgidə nümayiş olunacaq”
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji abidələrin külliyatı şöbəsinin rəhbəri, Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyasının və Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərovdur:
- Abuzər müəllim,
cənub bölgəsində apardığınız arxeoloji araşdırmalar barədə nə
deyə bilərsiniz?
- Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası 1985-ci ildə yaradılıb. Burada qarşımıza qoyulan əsas məqsəd, Cənub bölgəsinin arxeoloji tədqiqi, eyni zamanda arxeoloji abidələrin külliyyatının hazırlanması və xəritələşdirilməsidir. Bu, mühüm bir işdir. Abidələrin əksəriyyəti elmə məlum olmayan abidələrdir. Bunların sərhədləri müəyyən olunmalıdır. Onlarda arxeoloji tədqiqatlar aparılmalıdır ki, həmin abidə xəritəyə salınsın. Biz bu sahədə iş aparırıq.
Eyni zamanda yaşayış yerlərində, şəhər yerlərində, qala və ya qəbir abidələrində, onların mühümlüyünü nəzərə almaqla, arxeoloji tədqiqatlar aparılır. Bu işimiz uzun müddətdir ki, davam edir. Bir neçə rayon ərazisində faktiki olaraq, iş başa çatıb. Əslində, başa çatıb demək də olmur. Çünki hər gün yeni abidələr ortaya çıxır. Məsələn, Lerik, Yardımlı, Lənkəran, Astara rayonları ərazisində işlər yekunlaşmış hesab edilsə də, bu gün yeni abidələr üzə çıxır. Əksər abidələrin yerüstü əlamətləri olmur. Tutaq ki, hansısa bir kənd ərazisində arxeoloji kəşfiyyat-gəzinti zamanı heç bir əlamətə rast gəlinmir. Bir müddətdən sonra həmin ərazidə təsərrüfat işləri və ya qazıntı işləri aparıldıqda hansısa bir arxeoloji material üzə çıxır.
Misal üçün, bu il Masallı rayonunda Seybətin kəndi ərazisində kanalizasiya və qaz xətti çəkilərkən, küp qəbirlər nekropolu aşkar edilmişdi. Bizə məlumat daxil olan həmin əraziyə gələrək, tədqiqat işləri apardıq. Aşkar edilən abidə bizim tərtib etdiyimiz xəritədə qeyd edilməmişdi. Küp qəbirlərini təmizləyərək, arxeoloji materialları götürdük və həmin arxeoloji abidə Masallı rayonunun xəritəsinə salındı.
Yerüstü əlaməti olmayan abidələr Azərbaycanın Cənub ərazisində çox geniş yayılıb. Onların əksəriyyəti təsərrüfat işləri zamanı ortaya çıxır. Bu baxımdan işlərin başa çatmasını demək çox çətindir.
- Azərbaycan tərəfindən
rəhbəri olduğunuz Azərbaycan və
Fransa Beynəlxalq Arxeoloji
Ekspedisiyası hansı layihələr çərçivəsində
işlər görür?
- Biz builki
mövsümdə iki mərhələdə
işləmişik. Azərbaycan və Fransa
Beynəlxalq Arxeoloji Ekspedisiyası 2011-ci
ildə Fransa tərəfinin təşəbbüsü
ilə yaradılıb. XIX əsrin sonlarında həvəskar
fransız arxeoloqu Jak De Morqan və
qardaşı Henri Morqan
Lənkərana gələrək, Lerik rayonu ərazisində arxeoloji
kəşfiyyat işləri aparıblar. Son
Tunc və İlk Dəmir
dövrü üçün
səciyyəvi olan daş
qutu qəbirlər də arxeoloji
tədqiqatlar aparıblar və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarıblar.
Bunların arasında bəzək əşyaları, silahlar, məişət əşyaları, keramika nümunələri vardır. Bunların hamısı o vaxt Fransaya aparılıb. Fransada Senjermen
adlanan kiçik şəhər var. Artıq
bu şəhər Parisə birləşib.
Burada Fransanın Milli Arxeoloji Muzeyində saxlanılır. Layihəmiz çərçivəsində
məni ora dəvət etmişdilər.
Mən həmin muzeydə oldum. Həmin materiallarla yaxından tanış olduq. Demək olar ki, həmin materialların əksəriyyəti fondda
saxlanılır.
Muzeyə
ziyarətimiz layihə
çərçivəsində olduğu üçün
bizim fondda materiallarla tanış
olmaq imkanımız oldu. 15-20 gün ərzində biz materiallarla
tanış olduq. Bu ekspedisiya
Morqan irsinin öyrənilməsi məqsədi
ilə yaradılıb.
Yəni,
yenidən Morqan irsinə qayıdış.
Bu ekspedisiya Fransada
Elmi araşdırmalar
mərkəzi, Muzeylər
Departamenti və Leon Universiteti tərəfindən
maliyyələşdirilir. Fransa tərəfdən ekspedisiyanın
rəhbəri professor Mişel
Kazanova, Azərbaycan tərəfindən isə
mənəm. Biz bu layihəni müqavilə əsasında
həyata keçiririk.
Aşkar
olunan bütün arxeoloji materiallar bizdə qalacaq, tədqiqatların ümumi
nəticələri gələcəkdə
kataloq halında, kitab şəklində dərc olunacaq.
2011, 2012, 2013 və 2014-cü illər ərzində Lerik rayonunun əsasən, Piran kəndi ərazisində qazıntı işləri
apardıq. Lerik ərazisində dağlardan
axıb gələn Ləkər çayının
sağ sahili boyunca, Morqanın o vaxt tərtib etdiyi xəritə əsasında tədqiqat işləri aparırıq.
Morqanın vaxtilə qazıntı
işləri apardığı
həmin ərazilərdə
toxunulmamış qəbirlər
yoxdur. Ancaq biz çalışırıq
ki, vaxtilə kortəbii şəkildə,
tələsik halda tədqiq olunmuş bu qəbirlərdə yenidən arxeoloji tədqiqatlar aparaq. Bu arxeoloji ekspedisiyanın
əsas mahiyyəti bundan ibarətdir. Yəni ki, biz Morqan irsini, apardıqları tədqiqatları dəqiqliyi
ilə öyrənək.
Bunun üçün
biz 3 il ərzində
Morqanın vaxtilə gəzdiyi bütün kəndlərin ərazilərini
qarış-qarış gəzmişik.
Bu ərazilərdə yeni daş qutular
aşkar edilib. Amma çox
təəssüf ki, bunların əksəriyyəti
dağıdılıb. Qonşu İran İslam Respublikası ərazisindən
gizlin yolla, qaçaqmalçılıqla yerli
əhalinin sadəlövhlüyündən
istifadə edib, dağıntılar törədirdilər.
Müstəqillik əldə edildikdən
sonra bunun qarşısı müəyyən
qədər alındı.
Çünki sərhədlərimizi özümüz qoruyuruq.
Bu məsələ də birbaşa dövlət nəzarətindədir.
Amma çox təəssüflə
qeyd etmək lazımdır ki, dağıntılar çox
olub. Toxunulmayan qəbirlər demək
olar ki, yox dərəcəsindədir.
Bu həm bizi,
həm fransız arxeoloqlarını da məyus edir. Ancaq bütün bunlara baxmayaraq, bizim gələcək tədqiqatımız
üçün artıq
yer müəyyənləşdirilib.
Bu layihə çərçivəsində
həm Bakıda, həm də Parisdə beynəlxalq sərgi hazırlanacaq.
Vaxtilə, Morqanın Azərbaycanda
aşkar edib, apardığı materiallar,
bizim aşkar etdiyimiz yeni materiallar və Azərbaycan ərazisində
tapılan oxşar və həmdövr arxeoloji materiallar həmin sərgidə nümayiş olunacaq.
Bu çox mühüm
bir işdir. Bu sərgini Muzeylər
Departamenti və Senjermen muzeyi təşkil edəcək.
Bu da bizim
layihələrimiz çərçivəsindədir.
Ona görə bu layihə üzrə geniş hazırlıq gedir.
- Gələn il Cənub
bölgəsində hansı
ərazilərdə arxeoloji
araşdırmalarınız olacaq?
- Biz növbəti, 2015-ci ildə
müəyyən etdiyimiz
toxunulmayan qəbirləri
tədqiq etməliyik.
Onların arasında hələ
də sirr olaraq qalan qəbirlər
var. Ona görə də fransız arxeoloqlarla olan işimizi gələcəkdə
də davam etdirmək fikrindəyik.
Biz onlarla bir
ay ərzində ekspedisiyada
birgə çalışırıq.
Onlarla olan birgə ekspedisiya müddəti bitdikdən sonra biz öz işimizi davam etdiririk.
Bizim əsas
işimiz Cəlilabad rayonu ərazisindədir. Belə ki,
Cəlilabad rayonu ərazisində yer altında qalan bir çox abidələrin üzə
çıxarılması üçün
kəşfiyyat xarakterli
qazıntı işləri
aparmaq və xəritələşdirməklə məşğuluq. Bu mövsümdə Cəlilabad
rayonu ərazisində
faktiki olaraq, 20-yə qədər yeni abidə müəyyən
edilib. Bu abidələr, əsasən
Cəlilabadın Pərdi,
Xanəgah, Zəhmədabad,
Cəlahir, Edişə
və bir çox kəndləri ərazisindədir. Bu kəndlərdə çalışmağın
da özünün bir çox çətinlikləri var. Ancaq
biz bu işlərin demək olar ki, hamısının öhdəsindən gəlirik.
Cəlilabad Rayon İcra
Hakimiyyəti, rayonun Mədəniyyət və
Turizm şöbəsi,
Diyarşünaslıq Muzeyinin
əməkdaşları, rayonunun
yerli ziyalıları,
tarix müəllimləri
və yerli əhali bizim işimizə yaxından köməklik göstərirlər.
Bu da öz
növbəsində tədqiqatlarımızın
daha da səmərəli
olmasına kömək
edir.
Cəlilabad rayonunda institutumuzun başqa bir ekspedisiyası da Üç Təpə deyilən ərazidə fəaliyyət göstərir. Bu ərazidə Neolit dövrünə aid abidələrimiz
var. Əkinçiliklə, maldarlıqla məşğul
olan tayfaların tarixi izləri araşdırılır. Daha sonra,
yenə də Lerik rayonu ərazisində
Zuvandçay mağarasında
Əsədulla Cəfərovun
rəhbərliyi altında
Paleolit arxeoloji ekspedisiyası fəaliyyət
göstərir. Lerik rayonunun
Kürdəsər kəndi
ərazisində gənc
arxeoloq Ceyhun Emillinin rəhbərliyi altında arxeoloji ekspedisiya fəaliyyət göstərir. Ümumiyyətlə, cənub bölgəsinə
arxeoloji maraq böyükdür. Qeyd etdiyim
kimi, bu rayonlar İran İslam Respublikası ilə həmsərhəddir.
Vaxtilə, sərhəddə olan abidələr öyrənilməyib və
qeydə alınmayıb.
Çünki bu ərazilərə
gediş-gəliş çox
çətin idi.
- Sərhəddə
yerləşən ərazilərimizdə
arxeoloji tədqiqatlar necə aparılır?
- Bizim ekspedisiya 1985-ci ildə yaradılıb. Biz müstəqillik əldə edənə qədər çox əziyyət çəkdik. Rus əsgərləri, sərhədçiləri bizi sərhəddə olan abidələrə yaxın buraxmırdılar. Amma bu gün bizim ərazilərimizi, torpaqlarımızı öz sərhədçilərimiz qoruyur. Artıq, heç bir problemimiz yoxdur. İstənilən vaxt, istənilən ərazilərə gedə bilirik.
Məsələn, Cəlilabad rayonunun Əsədli kəndinin ərazisi də faktiki olaraq sərhəddədir. Orada hərbi kazarmalar var. Hərbi kazarmaların həyətində təmir işləri aparılarkən, küp qəbirlər aşkar olunmuşdu və dərhal bizə xəbər verilmişdi. Eyni zamanda bizim üçün şərait yaradıb, işçi qüvvəsi ayırdılar. Biz də orada tədqiqat işləri apardıq. Amma vaxtilə həmin kazarmalar Sovet dövründə tikildiyi üçün onların özülü qazılarkən, onlarla belə küp qəbirlər dağıdılıbdır. Ancaq bu barədə heç kimə məlumat belə verməyiblər. Çünki bir ögey münasibət var idi. Baxın, bu gün sərhədçilərimiz öz tariximizi qoruyurlar və tariximizə biganə qala bilmirlər. Baxmayaraq ki, bu ərazilər sərhəddə yerləşir, burada sərhədçilərin öz iş prinsipləri var. Bütün bunlara baxmayaraq, sərhədçilərimiz bizə yaxından köməklik göstərirlər. Deyərdim ki, bu bizim əldə etdiyimiz ən gözəl nemətdir.
Bu il biz Abişabad kəndi ərazisində küp qəbirlər aşkar edib. Küp qəbirlərin yayılma arealının müəyyən edilməsi, eyni zamanda dəfn adətinin xüsusiyyətlərini öyrənməkdən ötrü, Abişabadda aparılan tədqiqatların çox böyük əhəmiyyəti var.
Ümumiyyətlə, Cənub bölgəsi çox maraqlı bölgədir. Arxeoloji abidələr ilə çox
zəngindir. Gələcəkdə bu ərazidə
genişmiqyaslı arxeoloji tədqiqatların
aparılması planlaşdırılır.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-30 oktyabr.-S.7.