Muğam ifaçımız Vyanada möhtəşəm konsertlə
çıxış edib
Azərbaycanın
Əməkdar Artisti Fərqanə
Qasımova Vyanada təşkil olunan “Salam Orient”
(Salam Şərq) festivalı çərçivəsində
solo konsert proqramı
ilə çıxış edib.
Vyananın mərkəzində yerləşən “Odeon” teatrında keçirilən konsertdən əvvəl çıxış edən festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix rəhbərlik etdiyi festivalda Azərbaycan musiqisinin yenidən səslənməsindən məmnun olduğunu diqqətə çatdırıb. O, konsertin ərsəyə gəlməsində göstərdiyi təşkilati dəstəyə görə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
N.Ehrlix qeyd edib ki, o, Şərq dünyası ilə daim maraqlanan bir insan kimi Azərbaycan musiqi mühiti ilə yaxından tanışdır və Xalq Artisti Alim Qasımovun sənətinin daimi izləyicilərindəndir. Bu əlaqələrin tarixinə toxunan N.Ehrlix Alim Qasımovun 1999-cu ildə Beynəlxalq UNESCO Musiqi Mükafatı ilə təltif olunmasından sonra Vyanada onun rəhbərlik etdiyi festival çərçivəsində konsert proqramı ilə çıxış etdiyini məmnunluqla xatırlayıb. Alim Qasımovun yaradıcılığı barədə tamaşaçılara məlumat verən N.Ehrlix zaman keçdikcə muğam ustadının öz tələbəsi və qızı Fərqanə Qasımova ilə birgə ifalarının muğam dünyasına yeni rəng, yeni nəfəs qatdığını bildirib. Bu gün Fərqanə Qasımova muğam sənətində öz dəst-xəttinə malik qadın ifaçı kimi tanınır. Məhz buna görə də builki festivalın devizi “Qadın səsləri” olduğunu nəzərə alaraq, Fərqanə Qasımovanın bu nüfuzlu festivala dəvət etmək qərarı verilib.
Fərqanə Qasımova konsertdə “Dəli Kür” filmindən mahnı, “Dilkeş” təsnifi, “Bayatı-Şiraz” muğam dəstgahı, bəstəkar Emin Sabitoğlunun “Arzular” mahnısını, eləcə də Azərbaycan muğam musiqisinin digər incilərini səsləndirib. İfaçını tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət ediblər.
Sonra konsertə xüsusi qonaq qismində qatılan Alim Qasımov tamaşaçıların təkidi və sürəkli alqışları ilə səhnəyə çıxıb və Fərqanə Qasımova ilə birgə eyni səhnəni bölüşüb.
Qeyd edək ki, Azərbaycan Xalq Artisti, dünya
şöhrətli muğam
ifaçısı Alim Qasımov və
Əməkdar Artist Fərqanə
Qasımova Vyanaya səfərdən əvvəl
“El Servantino” Beynəlxalq
festivalı çərçivəsində Meksikanın Mexiko, Merida, Qvadalaxara və Quanaxuato
şəhərlərində konsert
proqramları ilə çıxış ediblər.
Tural
Palitra.-2014.-31 oktyabr.-S.13.