“Gənclərin mənfi istiqamətə
yönəlməsinin əsas günahkarı sosial
şəbəkələrdir”
Dövlət
İdarəçilik Akademiyasında çıxış edən
Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev cəmiyyətdə narahatlıq doğuran bir sıra məsələlərə
toxunub.
Ramiz Mehdiyev
vurğulayıb ki, yeni
texnologiyalar və innovasiyalar
tamamilə yeni bir məkan
və ünsiyyət vasitələri yaradıb. Nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri
araşdırılmır. Bu gün gənclər həyatlarının, demək
olar, çox hissəsini
məhz virtual məkanda keçirirlər:
“Aydındır ki, kimsə nə bu prosesin qarşısını
ala, nə də ona
müdaxilə edə bilir. Amma bu proseslər ən
azı təhlil olunmalıdır. Araşdırma
bacarığından və sanballı təhsildən uzaq olan bir
gənc isə doğru ilə
yanlış informasiyanı, əlbəttə bir-birindən
ayıra bilməyəcək. İnternet məkanı
ilə bağlı kifayət qədər dərin, fəlsəfi,
etik və metodoloji
problemlər var. Təəssüf ki, onlar ənənəvi
tədqiqatlarla məşğul olan alimlərimizin
diqqətindən kənarda qalıb”.
O bəzi regionlarda ya oğlanların, ya da qızların təhsilə marağının azalmasından, bəzi gənclərimizin radikal dini qrupların təsirinə düşməsindən də narahatlığını bildirib. Ramiz Mehdiyev vurğulayıb ki, bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir.
Bəs, akademik Ramiz Mehdiyevin toxunduğu məsələlər
barədə gənclərimiz nə düşünürlər?
Yeni Nəsil Gənclərin İctimai Birliyinin sədri, Asif Səlimov Ramiz Mehdiyevin gənclərlə bağlı olan və cəmiyyətdə narahatlıq törədən məsələlərə toxunmasını bir gənc kimi onu da düşündürdüyünü deyir: “Bu çıxışda toxunulan problemlərin dəqiq analiz olunmuş şəkildə iradlarla qaldırılması əslində aktiv bir gənc kimi mənə xoş təsir bağışladı.
Bir neçə il əvvəl ölkədə sosiallıq fərqli idi. İndiki problemlərin bəziləri deyərdim ki, virtual məkana daxil olandan sonra bundan düzgün istifadə etməməkdən yaranıb. İnsanlarımız ölkə daxilində və xaricində olan yenilikləri televiziyalardan, qəzetdən və radiodan öyrənirdilər. Bu günün tələblərinə uyğun olaraq isə çoxları TV-lərdən və qəzetdən az istifadə edir, radiodan isə demək olar ki, istifadə etmirlər. Eyni zamanda gənclərin ictimai işlərdə aktivliyinin artırılması və sosial inkişaflarının təmin olunması da əsasən sosial şəbəkələrdə baş verir. Bu məsələnin müsbət tərəfi də var. İndi isə mənfi tərəflərini təhlil etmək istərdim. Virtual məkan dedikdə yalnız maarifləndirici məlumatlar yayan bir yeri təsəvvürümüzə gətirməyimiz düzgün deyil. Universitetlərdə təhsil alan tələbələrin deyərdim ki, 90%-i, orta məktəblərdə təhsil alan şagirdlərin isə 60-70%-i sosial şəbəkələrdən istifadə edirlər. Bu məsələ ilə bağlı ciddi addımların atılması və araşdırılmaların başladılması zəruridir. Gənclər günün istənilən vaxtı “Facebook”, “Twitter” “Odnoklassniki” və digər sosial şəbəkələrdən istifadə edirlər. Fikrimcə, bir məhdudiyyət qoyulması üçün addımlar atmaq məqsədəuyğundur. Çünki gənclərdə artıq bu, asılılıq halına gəlib. Bu tip təşəbbüslərdən biri artıq BDU tərəfindən uğurla həyata keçirilir. Belə ki, tədris otaqlarında dərs gedən müddətdə tələbələr telefon vasitəsilə sosial şəbəkələrə, ümumiyyətlə internetə daxil ola bilmirlər. Bu, həm dərsin keyfiyyətini, həm də tələbənin özünü idarəetmə mədəniyyətini artırır.
Sosial şəbəkələrdə həmçinin neqativ məlumatlar da öz əksini tapır. Gənclərin mənfi istiqamətə yönəlməsinin əsas günahkarı sosial şəbəkələrdir. Gənclər arasında hər il intihar hadisələrinin artması, radikal işlərin təşkil olunması və həyata keçirilməsi, gənclərin narkomaniyaya və insan alverinə məruz qalmasının əsas mənbəyi virtual məkan, daha dəqiq desək sosial şəbəkələr və qruplardır. Nəzərə alsaq ki, ölkədə sosial şəbəkələrdən istifadə edənlərin 70-80%-i gənclərdir, burada məsələ daha da qəlizləşir. Gənclərin sosial inkişaf dövrlərində müxtəlif dini və siyasi radikal işlərə cəlb etmək, onların həssaslığından istifadə edərək istənilən istiqamətə yönləndirmək sosial şəbəkələr yolu ilə çox asandır. Çox təəssüflə deyirəm ki, bunun nəticəsidir ki, bir çox gənclərimiz müxtəlif dini qruplaşmalarda Azərbaycanı təmsil edir və bununla da ölkəmizin xarici imicinə xələl yetirir. Bu məqama-gənclərin yanlış istiqamətdə dini, yalançı dini təşkilatlara qoşulmasına Ramiz Mehdiyev də toxundu. Mən bu tip gənclərin vaxtında, düzgün maarifləndirilməsinin tərəfindəyəm. Bu tip məsələlərdə bütün məsuliyyəti dövlətin boynuna ata bilmərik, bir fərd kimi hər birimiz bu işdə dövlətə dəstək olmalıyıq. Düşünürəm ki, bu yönümdə maarifləndirici addımlar atılarsa cəmiyyətimizdə sağlam gənclik formalaşacaq”.
“Nə qədər
potensial, savadlı gənc kadrlar
yetişsə, idarəçilik o qədər
mükəmməl dayaqlara sahib
olar”
Memarlıq və İnşaat
Universitetinin Mexanikləşdirmə və
informasiya texnologiyaları fakültəsinin
4-cü kurs tələbəsi Esmira Babayeva məlum
iradların bir həyəcan siqnalı olduğunu düşünür.
O, gələcək potensial məmurlar, kadrlar olacaq tələbələrimizi
Ramiz Mehdiyevin verdiyi tövsiyələrə diqqətlə yanaşmağa çağırır: “Akademikin fikirləri ilə tam
razıyam ki, internet məkanı
ilə bağlı kifayət qədər dərin, fəlsəfi,
etik və metodoloji
problemlər var. Həmçinin gənclərimizin
internetdən səmərəli istifadə etməmələri
də göz önündədir. O fikirlə
də razıyam ki, internetin
insanların həyatına təsiri bizdə
araşdırılmır. Bunla
bağlı elmi araşdırmalara, alimlərin
aktiv fəaliyyətinə ehtiyac
yaranıb. Xüsusən də, bu məsələdə
gənclərimiz daha çox
zərər çəkirlər. Sırf, internetin
gənclərimizin həyatına təsiri ilə bağlı
araşdırma olmalıdır. Ramiz Mehdiyevin fikirlərində də
yer aldığı kimi,
gənclərimizin böyük qismi vaxtının çoxunu
virtual məkanda keçirirlərsə,
niyə də bu sahə üzrə, bu məsələlər üzrə ciddi araşdırılmalar aparılmasın?
Ümumiyyətlə bir gənc, tələbə
kimi qeyd edə bilərəm
ki, təkcə öz
universitetimizdən götürsək, müşahidələrimə
görə, tələbələrin 80-90 faizi
virtual məkana bağlıdırlar.
Əminəm ki, bu,
eynilə digər ali təhsil
ocaqlarımızda da belədir. Nəinki ali təhsil ocaqlarında, bu
gün artıq orta məktəblərdə
də, şagirdlər internet
imkanlarından geniş yararlanırlar. Mən
akademikin Cənub və Şimal
regionları arasında maraqlı müqayisələr
aparması, birində qızların digərində isə
oğlanların təhsilə meylinin
azalması problemindən narahatlığını da maraqla
qarşıladım. Doğrudan da, bütün bunlar sonda dövlətin əsas
təməl siyasətinə, bünövrəsinə, idarəçiliyinə
ciddi problemlər yaradır. Nə qədər
potensial, savadlı gənc kadrlar
yetişsə, dövlət bir o qədər güclü
olar, idarəçilik o
qədər mükəmməl dayaqlara sahib olar.”
Tural Tağıyev
Palitra.-2014.-31 oktyabr.-S.6.