“Gənclərin qələbəsi
müstəqil Azərbaycanın nəyə qadir
olduğunu göstərir”
Prezident: “Azərbaycan müstəqil dövlət olduqdan sonra
idmançılarımız iştirak
etdikləri hər Olimpiadada böyük uğurlara imza atıblar”
Prezident İlham Əliyev Çinin
Nancinq şəhərində yeniyetmələr
arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak
etmiş milli
komandamızın üzvlərini qəbul edib.
Yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında milli komandamızın Azərbaycanı layiqincə
təmsil etdiyini vurğulayan
dövlət başçısı
idmançılarımızın uğurlarını böyük qələbə kimi
qiymətləndirib.
İdmançıları təbrik edən Prezident İlham Əliyev deyib ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir. Prezident İlham Əliyev idmançıların gələcəkdə də böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib. Azərbaycanda keçirilən dünya və Avropa çempionatlarının ölkəmizdə idmanı təbliğ etdiyini, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi artırdığını vurğulayan dövlət başçısı deyib ki, idmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər. Bu sahədəki siyasətin hər bir gənc üçün böyük imkanlar açdığını vurğulayan Azərbaycan Prezidenti London Olimpiadasında əldə etdiyimiz uğurları xatırladıb. Qeyd edib ki, idmanda qazanılan uğurlarla bağlı nəsillər arasındakı əlaqə kəsilməməlidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müstəqil dövlət olduqdan sonra idmançılarımız iştirak etdikləri hər Olimpiadada böyük uğurlara imza atıblar. Dövlət başçısı yeniyetmə-uşaq idmanına da böyük diqqət göstərildiyini, bunun da ümumilikdə ölkə idmanının inkişafı baxımından vacib olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə gənc istedadlı idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı, bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı təmin edir.
Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının bizim üçün ciddi məsuliyyət olduğunu deyib və bildirib ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. Avropa idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın inkişafı, müasir infrastrukturun yaradılması, ölkəmizin iqtisadi artım templəri və idmançılarınızın uğurlu çıxışları ilə bağlıdır. Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən dövlət başçısı bildirib ki, bu oyunlar idmançıların və idman növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına isə yaxındır. Prezident İlham Əliyev gənc idmançıların milli komandamızın tərkibinə daxil olacaqlarını və bu yarışlarda uğurlar qazanacaqlarına ümidvar olduğunu söyləyib.
Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmana göstərilən qayğıya, Bakı ilə yanaşı, bölgələrimizdə də nəhəng idman infrastrukturunun yaradılmasına və idmançılarımıza diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşə yekun vuran Prezident İlham Əliyev hələ sovetlər dövründə Azərbaycan idmançılarının mühüm nailiyyətlər qazandığını söyləyib. Lakin müstəqilliyimizin ilk illərində bütün sahələr kimi, idmanın da tənəzzül dövrü yaşadığını deyib.
Milli Olimpiya
Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafı naminə gördüyü işlərdən
danışan dövlət başçısı o vaxtdan bəri ölkəni
tərk etmiş
idmançılarımızın Vətənə
qayıtması, yeni idman
komplekslərinin yaradılması, beynəlxalq idman
qurumları ilə əlaqələrin genişləndirilməsi,
idmanla bağlı bütün
qurumların uğurla birgə fəaliyyət
göstərməsi sahəsində həyata keçirilən
işləri qeyd edib.
Gənc idmançılarımızın uğurlarından çox sevindiyini deyən
Prezident İlham
Əliyev bildirib ki, gənclərin
qələbəsi müstəqil Azərbaycanın nəyə
qadir olduğunu
göstərir. Dövlət başçısı bir daha
idmançıları təbrik edib, onlara daha böyük
uğurlar arzulayıb. Sonda
xatirə şəkli çəkdirilib.
Palitra. -
2014.- 2 sentyabr.- S. 3.