İnformasiya təhlükəsizliyinin
məsuliyyətini media və mətbuat
xidmətləri tam dərk etməlidir
İnformasiya əsrində təhlükəsizlik məsələləri həlledici dərəcədə informasiya müstəvisinə keçib. Yeni medianın, sosial şəbəkələrin geniş vüsət aldığı bir şəraitdə hər bir dövlətin, öz informasiya təhlükəsizliyini təmin etməsi olduqca aktuallaşıb. Bu, artıq hər bir dövlət və onun cəmiyyəti üçün həyati vacib xarakterə malikdir. Çünki bu gün bir sıra güclər azad internet, söz azadlığı üçün olan şəraitdən yararlanaraq, cəmiyyətlərdə, xüsusilə də milli və müstəqil inkişaf yolu keçən ölkələrdə təlatümlər yaratmağa çalışırlar, onlar kütlələri öz istəklərinə uyğun yönləndirməyə, çaş-baş salmağa və sair təxribatlara əl atırlar. Burada isə məqsəd həmin ölkələrdə, cəmiyyətlərdə gedən prosesləri öz nəzarətləri altına almaq, onları inkişafdan saxlamaq və poliqona çevirməkdir.
Qeyd edək ki, insanlar qeyri-rəsmi, çətin, "solaxay" yollarla əldə etdikləri informasiyaların düzgün olduğuna daha çox inanırlar. Belə bir məzmunlu fikir yeni dövrün Qərb mütəfəkkirlərindən olan Robert Çaldiniyə məxsusdur. Yeni medianın, sosial şəbəkələrin sürəti şəraitində son dövrlərdə biz bir daha buna əmin oluruq. Bu, bütün cəmiyyətlərdə, xüsusən də postsovet ölkələrində, Şərq ölkələrində özünü qabarıq göstərir. Sosial şəbəkələr vasitəsilə dünyanı, cəmiyyətləri yönləndirməyə çalışanlar da məhs insan psixologiyasının bu xüsusiyyətindən yararlanmağa çalışırlar. Bu, yeni media və sosial şəbəkələr məsələsi ilə bağlı müzakirələrin nə qədər aktual olduğunu bir daha ortaya çıxarır. Xüsusən də müharibə aparan, işğalda olan torpaqlarını azad etməyə çalışan bir ölkədə bu məsələ olduqca vacibdir. Çünki düşmən qüvvələr internet məkanından yararlanaraq, istənilən dezinformasiyalar yaya, saxta xəbər saytları, sosial şəbəkələrdə saxta profillər yaradaraq, cəmiyyət üzvlərimizi çaş-baş sala bilərlər. Belə zamanlarda isə xüsusilə xəbər saytlarımız, yeni media qurumlarımız olduqca diqqətli olmalıdırlar. Halbuki ötən avqustun əvvəllərində, biz bir çox saytların bu məsələdə olduqca səriştəsiz və qeyri-peşəkar işlədiyini, cəbhə xətti ilə bağlı dezinformasiyaların mexaniki daşıyıcısına, yayıcısına çevrildiyini gördük. Bu isə faktiki olaraq düşmən dəyirmanına su tökmək demək idi…
Məlumdur ki, ölkəmizin sürətli inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Ona görə də ölkəmizdəki demokratik ab-havadan, söz və məlumat azadlığından sui-istifadə edən həmin dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. Təbii ki, bu cür antiazərbaycan dairələrin təxribatçı fəaliyyəti heç zaman dövlətimizi öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək. Həmçinin onlar bununla cəmiyyətimizi müstəqil və milli inkişaf yolundan sapındıra bilməzlər. Bu cür dairələr və onlara pul, “ənam” gücünə məqsədli işləyən bəzi ünsürlərə qarşı, həmişə olduğu kimi ,bundan sonra da milli maraqlara və qanunvericiliyə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcək. Bununla belə, qeyd etdiyimiz kimi, avqustun əvvəllərində cəbhədə baş vermiş olaylarla bağlı qeyri-peşəkar media fəaliyyəti və dezinformasiya yaymaqla bağlı da dəqiq ölçülər götürülməsi vaxtı çatıb. İnternet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsi, bu təhlükəli halların aradan qaldırılmasını qaçılmaz edib. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Bu məsuliyyət bütün media qurumları, o cümlədən yeni mediada çıxış edənlər tərəfindən tam dərk edilməli və ona uyğun fəaliyyət göstərilməlidir. Ona görə də Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin qatıldığı müşavirədə deyib ki, beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyalar tətbiq olunur: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaq”.
Göründüyü kimi, medianın ən mühüm funksiyalarından biri də milli və dövləti maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Xüsusilə də müharibə aparan bir cəmiyyətdə, onun milli və dövləti maraqlarına zidd, düşünülməmiş, ya da qəsdən dezinformasiyalar yayanların müvafiq məsuliyyətə cəlb edilməsi tam qanuna və məqsədə uyğundur. İnformasiya cəmiyyətinin sürətinə uyğun çevik, operativ informasiya yaymaq bir şərtlə məqbul sayılır ki, yayılan xəbərlər doğru olsun və peşəkarlıqla hazırlansın. Bu, media işçilərinə aid olduğu kimi, eyni zamanda mətbuat xidmətlərinə də aiddir.
İlkin AĞAYEV
Palitra. -
2014.- 2 sentyabr.- S. 4.