Gürcüstan gündəliyi

 

(əvvəli ötən saylarımızda)

 

Proqrama uyğun olaraq səfərin ikinci günü Gürcüstanın Kaxeti bölgəsində olduq. Öncə qeyd edim ki, Kaxeti ölkənin qədim tarixi ərazisidir və doqquz inzibati ərazi vahidindən biridir. Bura öz üzümü, daha doğrusu şərabı ilə məşhurdur. Ümumiyyətlə, üzümya şərab gürcülərdə milli sərvət hesab olunur. Eyni zamanda gürcü mentalitetində şərab milli rəmzə çevrilib. Məsələn, Azərbaycanda üzümçülüyə kənd təsərrüfatının bir sahəsi olaraq baxılır. Gürcülərdə isə milli gəlir mənbəyi hesab olunur və onların adət-ənənəsində özünəməxsus rol oynayır. Bizdə dostu duz-çörəklə qarşılayarlar, gürcülərdə isə şərabla... Hətta şərabçılıqla bağlı Gürcüstanda meksikasayağı ənənəvi oyunlar da keçirilir. Onlar digər xalqlarla birgə belə, bu ənənəvi oyunlar, şərabdüzəltmə mərasimləri təşkil edilər. Süfrələrinin bəzəyi də elə əsasən şərab hesab olur. Yeri gəlmişkən, gürcü mətbəxinin özəlliyi haqda da bir neçə kəlmə yazım.

Gürcü mətbəxi dünyada öz acı yeməkləri ilə tanınır. Hətta gürcülər bu acılıqla bəzən fəxr də edirlər. Restoranlarda acısız yemək sifariş edəndə jurnalist sanki inciyirmiş kimi adama baxırlar. Buna görə, bizim Əli Zülfüqaroğlu gürcü mətbəxindən ürəklə dada bilmədi. Gürcülərin acı yeməklərini onları acılaya-acılaya məcburən yeyirdi.

 

Ürəkləri Azərbaycanda olan Gürcüstan vətəndaşları...

 

Kaxeti bölgəsində azərbaycanlıların əksəriyyəti Saqareco rayonunda yaşayırlar. Biz rayonun Ləmbəli kəndində yeni inşa edilən məktəblə tanış olduq, eləcə həmyerlilərimizlə görüşdük. Kənd əhalisi əsasən su təhsil problemlərindən şikayətlənirdi. Ümumiyyətlə, əhali ilə söhbətimizdən görünürdü ki, onlar Gürcüstan dövlətində yaşasalar da, elə gözləri ürəkləri Azərbaycandadır. Azərbaycan həm onların ümid yeridir...

Kənd bələdiyyəsinin sədri Qəzənfər Məmmədov isə məktəblərdə müəllim çatışmazlığından danışdı. Lakin gözlənilir ki, 2015-ci ildə istifadəyə veriləcək məktəb kənddə təhsillə bağlı problemləri aradan qaldıracaq. Ümumiyyətlə, Georgi Margelaşvili hakimiyyəti bu sahəyə öz diqqətini artırmaqdadır. Əvvəlki illərlə müqayisədə azərbaycanlıların təhsilə yiyələnməsində irəliləyiş var. Xüsusən azərbaycanlı gənclərin Gürcüstan ali məktəblərinə qəbulunda bu özünü daha çox büruzə verir. Bunu Gürcüstandakı Azərbaycan Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin Mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva da qrup üzvləri ilə söhbətində dedi. O, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil sahəsində əldə etdiyi uğurlardan danışaraq dedi ki, burada ali məktəblərə daxil olan tələbələrin sayı günü-gündən çoxalmaqdadır: “Müqayisə üçün qeyd edim ki, əgər 2006-cı ildə onların sayı 20 nəfər idisə, bu gün artıq 1700-dən çox tələbəmiz dövlət dilində müxtəlif elmi pillələr üzrə təhsil alır. Bu, həm gənclərimizin dövlət dilinə təhsilə olan marağının mənimsəmələrinin bir göstəricisidir”. Onu da əlavə edim ki, bu tələbələrin arasında ən yaxşı nəticə göstərərək Prezident təqaüdü alanlar da var. Onlardan elə bizim əziyyətimizi çəkən Ləman Məmmədovanı qeyd etmək olar. İctimai aktivlik göstərən Ləman xanım 5 dil bilir. Elə bir çox rəsmilərlə görüşdə gürcü dilindən tərcümələri o edirdi. Maşallah, danışmaqda da pərgardır, öz pozitiv enerjisi gülər üzü ilə qrup üzləri arasında müsbət əhval-ruhiyyə yaradırdı.

Bizim əziyyətimizi çəkənlərdən danışarkən Avropa Tarixçilər Assosiasiyasının üzvü, tarixçi Nərgiz xanım Nəbiyevanın adını yazmaya bilmərəm. Nərgiz xanım 4 gün ərzində bizim səfər müəlliməmiz oldu.

Kaxeti bölgəsindəki, Siqnaqi şəhəri maraq doğurur. Klassik quruluşlu Siqnaqi dünyadasevgililər şəhəriadı ilə məşhurdur. Buradakı nikah idarəsi günün bütün saatlarında istənilən dövlətin vətəndaşının üzünə açıqdır. Hətta düşmən xalqdan olan sevgililər belə, gəlib burda nikaha girərək murada qovuşurlar.

 

Gürcülərdə vətəndaş təəssübkeşliyi

 

Səfərin növbəti günü Gürcüstan Milli Muzeyinin ilk ziyarətçiləri biz olduq. Burda Gürcüstanla bağlı ən qədim zamandan başlayaraq müasir dövrə qədər olan tarixi eksponatlara rast gəlmək mümkündür. Hətta Azərbaycana aid daş kitabə burda sərgilənib. Lakin Azərbaycana aid olub, amma başqa ölkənin adı ilə təqdim olunan eksponatlarla da qarşılaşdıq. Belə ki, muzeydə Azərbaycan miniatürləri İran əsərləri kimi göstərilmişdi. Hər halda muzey bələdiçisinə bununla bağlı iradımı bildirdim. Eyni zamanda fürsətdən istifadə edib əcnəbi turistlərə bunun yanlış olduğunu göstərdim.

Muzeydə diqqətimi çəkəm bir məqam da 1921-1991-ci illər arası rus işğalı dövrü ilə bağlı ayrıca bölmənin yaradılmasıdır. Muzey bələdçisinin bildirdiyinə görə, Saakaşvili hakimiyyətə gələndən sonra muzeydə bu bölmə fəaliyyətə başlayıb. Ümumiyyətlə, Saakaşvili gürcülərdə sanki bir rus nifrəti yaradıb. Avrointeqrasiya yolunu tutan Gürcüstanda bu gün ruslara qarşı qısqanclıq hökm sürür. Hətta sadə əhali belə, maksimum rusca danışmaqdan imtina edirlər. Əhali, xüsusən gənclər ingilis dilini öyrənməyə üstünlük verirlər. Amma gürcülər qədər qərbmeyilli olsalar da sadə əhalinin arasında əcnəbilərə qarşı gülərüzlük az hiss olunurdu. Amma xalqda vətəndaş təəssübkeşliyini biz aydın hiss edirdik. Hətta bunun şahidi olduq. Səfər yoldaşımız Rufik İsmayılov əlindəki zibili atmaq üçün zibil qabı axtarırdı. Rufikin əcnəbi olduğunu bilən orta yaşlı bir xanım ona yaxınlaşaraq ingiliscə buna görə təşəkkür etdi. Belə hallara çox da rast gəlməyən Rufik az sonra bildi ki, bu xanım nəyə görə ona təşəkkür etdi...

Biz Gürcüstanda olarkən ermənilərin cəbhə bölgəsində yaratdığı təxribatlara görə Vətəndə gərgin anlar yaşanırdı. Şəhidlərimizə görə hər kəsdə bir narahatçılıq vardı. Çalışırdıq ki, Vətəndən kənarda olsaq da şəhidlərimizi ictimai şəkildə anaq. Marneulidə bu, bizə nəsib oldu. Belə ki, bizim Marneuli İcra Hakimiyyətində rayon icra başçısı Merab Topçişvili ilə görüşümüz oldu. Bu görüşdə Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev digər rəsmilər iştirak edirdilər. Sofiya Şamanidinin öz çıxışında məlum təxribat hadisəsindən təəssüfünü bildirməsi bizim istəyimiz üçün imkan yaratdı. Məhz bu zaman təxribatda şəhid olan əsgərlərimizin anılması təklifini irəli sürdük. Beləcə, bütün tədbir iştirakçıları bir dəqiqəlik sükutla hər iki ölkənin şəhidlərini yad etdilər. Bundan sonra sanki hər kəsdə mənəvi olaraq bir rahatlıq yarandı.

Ümumiyyətlə, Marneulidə olmağımız, səfərimizin, deyərdim ki, kuliminasiya nöqtəsi idi. İstər rəsmi görüşlərdə, istərsə fərdi söhbətlərdə hər kəsdə bir səmimilik var idi. Xüsusən Merab Topçişvili tərəfindən verilən şam süfrəsində bu səmimilik daha çox özünü göstərdi. Bəlkə buradakı qədər heç yerdə Gürcüstan-Azərbaycan dostluğu ilə bağlı səmimi sözlər deyilməmişdi. İcra başçısının məsləhətçisi Temur Beridzenin söhbətləri isə hamımız tərəfindən daha çox xoş qarşılanırdı. Temur müəllimin azəricə danışması, hətta bəzən Borçalı ləhcəsində cümlələr işlətməsi jurnalistlərdə ona qarşı bir vurğunluq yaratmışdı.

 

Perspektiv imkanlara yol açan səfərlər

 

Gürcüstanın gənclər idman naziri Levan Kipiani söz verdiyi kimi səfərin sonuncu günü gürcü jurnalistləri ilə bizim görüşümüzü təşkil etdi. Görüşdə Gürcüstan Regional Televiziyalar Assosiasiyasının (RTA) rəhbəri Natia Kupaşvili ilə bizim təklif etdiyimizGürcüstan-Azərbaycan tanıtımlayihəsinin həyata keçirilməsi ilə bağlı sözləşməmiz oldu. Eyni zamanda Diaspor Jurnalistləri Birliyinin İdarə heyətinin üzvü Süleyman İsmayılbəyli tərəfindən bənzəri olmayan Azərbaycan-Gürcüstan Jurnalistlər Birliyinin yaradılması təklifi irəli sürüldü. Bu təklif gürcü həmkarlarımız tərəfindən müsbət qarşılandı. Bu layihə reallaşsa Azərbaycanda, elə Gürcüstanda da bir ilk olacaq. Çünki heç bir ölkənin belə bir ikitərəfli jurnalist qurumu yoxdur. Beləcə, biz Gürcüstan bir layihə ilə getmişdik, iki layihə ilə geri qayıtdıq. Əslində bizim bu təkliflərimizGürcüstan, Azərbaycan jurnalistlərinin gözü iləlayihəsinin nəticəsi davamıdır. Bu o deməkdir ki, layihə öz hədəfinə çatıb perspektiv imkanlara yol açıb.

 

Fuad Hüseynzadə

Bakı-Tbilisi-Bakı

 

Palitra. - 2014.- 2 sentyabr.- S. 7.