“İdman gənclərin fiziki-mənəvi
inkişafında çox yaxşı rol oynayır”
“Gələn il keçiriləcək
Avropa Oyunları gənc nəslin idmana olan
marağını daha da
artıracaq”
İdmanın gənclərin fiziki inkişafında mühüm rolu var. Bu gün Azərbaycanda keçirilən dünya və Avropa çempionatları da ölkəmizdə idmanı təbliğ edir, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi daha da artırıb. İdmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər. Prezident İlham Əliyev bugünlərdə Beyləqanda Gənclər Mərkəzinin açılışında çıxışında bildirib ki, bizim gənclərimiz həm fiziki cəhətdən sağlam, eyni zamanda, bilikli, savadlı olmalıdırlar: “Olimpiya mərkəzlərinin yaradılması nəticəsində bu gün Azərbaycanda nəinki peşəkar idman sürətlə inkişaf edir, eyni zamanda, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və gözəl nəticələr əldə edirlər. Azərbaycan bu gün dünya miqyasında idman dövləti kimi tanınır. Son Olimpiya Oyunlarında böyük qələbə - 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerə layiq görülmüşük. Əlbəttə ki, gənc idmançılarımızın hazırlanması işində bölgələrdə fəaliyyət göstərən Olimpiya mərkəzləri xüsusi yer tutur. Onu da qeyd etməliyəm ki, Çində yeniyetmələrin Olimpiya Oyunları başa çatdı və bizim gənc idmançılarımız çox böyük qələbələr əldə ediblər. Bu, bir daha onu göstərir ki, gənclərimiz nə qədər istedadlıdır, güclüdür və Vətənə bağlıdır. Bu yaxınlarda Ümumdünya Şahmat Olimpiadası da keçirilib. Orada da Azərbaycan idmançıları ən yüksək yerlərə qalxıblar və həm Ümumdünya Şahmat Olimpiadasında, həm yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan Ermənistandan qat-qat yüksək pilləyə qalxıb. Bu, onu göstərir ki, biz həm fiziki, eyni zamanda, intellektual cəhətdən daha güclüyük, üstünük və bu üstünlük hər yerdə özünü büruzə verir”. Bu gün ölkəmizi beynəlxalq yarışlarda təmsil edən və qalib kimi Vətənə dönən idmançılarımız var ki, onlardan biri də kantakt karate idman növü ilə məşğul olan Avropa çempionu, Dünya kubokunun qalibi Həsən Əsgərovdur:
-Mən 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə 285 nömrəli orta məktəbə getmişəm, 2001-ci ildən isə təhsilimi 215 saylı orta məktəbdə davam etdirmişəm. 2000-ci ildən idmanla, yeni karateylə məşğul olmuşam. 2009-cu ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam, 2013-cü ildə oranı başa vuraraq hərbi xidmətə getmişəm. 2014-cü ildə hərbi xidməti başa vurmuşam. Sonra yenə idmana qayıdaraq peşəmi davam etdirmişəm. Hazırda məşq keçirəm, həm də yarışlarda hakim kimi iştirak edirəm. Özüm də məşq edib noyabrda Riqada keçiriləcək Avropa çempionatına hazırlaşıram. İndi məşğul olduğum idman növü kantak karate adlanır, Federasiyanın adı isə VKC-dır. Kantak karate adını verir. Amma əvvəllər budo növü ilə məşğul olmuşam, sonralar yeni, 2007-ci ildən kantak karateyə keçmişəm. Ümumiyyətlə, idmanla 9 yaşından məşğul olmuşam.
- İdmana həvəs necə
yaranıb?
- Ailəmizdə idmanla məşğul olan yoxdur, amma idmançı olmaq mənim uşaqlıq arzum olub. Qardaşım, o da təzə başlayıb məşqə, mən özüm ona öyrədirəm.
Hər dəfə televizora baxanda döyüşlər maraqlı gəlirdi, mən də dedim gedim özümü sınayım görüm necə alınır. Beləliklə, məşğul olmağa başladım, heç də pis alınmadı. İlk dəfə İsmət Qayıbov adına İdman Məktəbinə getmişəm. İlk müəllimim Yura Mustafayev, sonralar isə idman yerimi dəyişdiyim üçün öz şəxsi müəllimim Samir Aslanov olub. Ümumiyyətlə, müxtəlif yarışlarda iştirak etmişəm.
Lakin bu növdə inkişaf etmək olmurdu, maliyyəni özün təmin etməliydin. Ona görə də kantak karateyə keçdim. Hazırda kantak karate növü ilə məşğul olduğum WKC-nin prezidenti Nurəddin Quliyevdir.
- İndiyədək hansı uğurları
qazanıbsınız?
- Əvvəllər ancaq Azərbaycanda keçirilən
yarışlarda iştirak etsəm də sonralar federasiyanı dəyişəndən sonra müxtəlif ölkələrdə də
çıxış etmişəm. Bir çox yarışlarda qalib
olmuşam. Məsələn, 6 dəfə
Azərbaycan çempionu olmuşam,
5 Azərbaycan kuboku, sonra
ulu öndər Heydər Əliyevə həsir
olunmuş yarışlarda yer
tutmuşam. Təbii ki,
uduzduğum yarışlarda, 3-cü, 2-ci
yerə çıxdığım yarışlar da olub. Böyük
uğurlarıma gəldikdə isə Avropa
çempionu, Dünya
kubokunda birinci yerə
çıxmışam. Dəfələrlə müxtəlif
turnirlərdə Azərbaycan çempionu
olmuşam. Beynəlxalq yarışlarda
uğurlarıma gəldikdə isə 2012-ci ildə aprelin 25-29-da Ukraynanın Odessa
şəhərində keçirilən kantak
karate üzrə Avropa
Çempionatında iştirak etdim. Daha sonra Ukraynada Donetskidə “5
world cup finals kantak karate” 2012-ci il 6-8 iyul
tarixində keçirilib.
Orada da birinci yer
qazandım.
Ondan sonra çiynimdən zədə
aldığım üçün
yarışlara bir müddət ara
vermişəm, amma indi Riqada noyabrda
keçiriləcək yarışlara
hazırlaşıram. Mən həyatımı
idmana həsr eləmişəm, həm
də özüm indi məşq də keçirəm, öna görə başqa heç nə ilə məşğul olmağa
vaxt olmur.
-Qalib
gələndə hansı
hissləri keçirirsiniz?
- Çox gözəl hisslərdir. Qalib gələndə elə bil ki, bütün dünyanı mənə verirlər. Başqa bir ölkədə Azərbaycan bayrağının ucaldılması, himnimizin oxunması zamanı böyük şərəf duyuram və fəxr edirəm ki, bunu edən mənəm.
-Heç yarışlarda erməni
rəqiblə qarşılaşmısınızmı?
- Yox, indiyədək heç erməni ilə qarşılaşmamışam. Ən böyük arzum olub, amma nədənsə mənimlə düşməyiblər. Elə yarışlar da olub ki, rəqibimin döyüşlərini izləyəndə erməni uduzub mənimlə düşə bilməyib. Ancaq çox istərdim ki, erməni rəqiblə qarşılaşım və ona bir daha azərbaycanlılara necə məğlub olduqlarını sübut edim.
-Gələcəklə bağlı hansı
planlarınız var?
- Sözün düzü, hələ o barədə konkret bir fikrim yoxdur.Yəqin ki, tanınmış məşqçi olmaq istərdim. Bundan başqa gələcəkdə böyük bir federasiya qurub, inkişaf etdirmək fikrim var.
-İdmanın gənclərin fiziki
inkişafında rolunu necə görürsünüz?
- Ümumiyyətlə, idmanın gənclərin fiziki-mənəvi inkişafında çox yaxşı rolu var. Mən özüm də bu sahənin daha da inkişafına çalışıram. Bizim indi can atdığımız odur ki, imkansız uşaqların idmanda böyük əməyi ola bilər. Məhz bu baxımdan mənim istəyim idmana gəlmək istəyən həmin uşaqları qabağa çəkməkdir. Gələcəkdə onların idmanımıza, ölkəmizə böyük yardımları toxuna bilər, çünki onlar nəyə görəsə can atacaqlar, ona görə sənətlərini inkişaf etdirə biləcəklər.
-Hazırda karate öyrənməyə
uşaqlar, gənclər gəlirmi?
- Bəli, gəlirlər. Əksəriyyəti 6 yaşından yuxarıdır, 10-15 yaş arasındadırlar. Məsləhətim odur ki, Azərbaycana layiqli idmançı olsunlar, həmçinin gələcəkdə öz sənətlərini sevsinlər. Mənim də çalışdığım onları gələcəkdə Avropa, dünya çempionu etməkdir. Mən də öyrədirəm onları. Hər yaşda olan uşaq var. Onlara məşq keçdikcə öz uşaqlığım yadıma düşür. Çünki bir vaxtlar mənə öyrədirdilər, indi isə mən öyrədirəm.
-Bu idman növünü çətin hesab edirsinizmi? Ümumiyyətlə, idmançı olmaq
çətindirmi?
- Əvvəllər
çətin gələ
bilərdi, amma indi elə deyil. Müəyyən vaxta kimi hər
bir sənətdə çətinlik olur, amma öyrənəndən,
sirrlərini bələd
olandan sonra heç də elə omur. Mən öz sənətimi sevirəm. Mənə görə idmançı
olmaq fəxredici bir hissdir.
-Qalib
gəldiyiniz yarışlarda
sizi necə qarşılayırlar?
-Çox yaxşı qarşılayırlar.
Demək
olar ki, Azərbaycanı tanımayan
ölkə yoxdur.
Həm də azərbaycanlı döyüşçü yarışa
çıxanda başqa
ölkələr biraz
bizdən çəkinirlər.
Yarışlardan sonra bizdən
xarici ölkə mətbuatı üçün
müsahibələr alırlar.
Məsələn, mən xarici
mətbuata Avropa Çempionatında qalib olduqda müsahibə vermişdim.
-Bakıda
keçiriləcək Avropa
oyunlarına karate də
salınıbmı, ümumiyyətlə,
belə beynəlxalq yarışların ölkəmizdə
keçirilməsini necə
dəyərləndirirsiniz?
- Bəli salınıb, amma mən məşğul olduğum idman növü deyil, karatenin digər növüdür. Belə beynəlxalq
idman yarışlarının
ölkəmizdə keçirilməsinə
gəldikdə isə
çox yaxşıdır.
Son illər davamlı
olaraq ölkəmiz müxtəlif beynəlxalq
tədbirlərə ev sahibliyi edir. Bu özünü
idman sahəsində də göstərir.
Mənim
fikrimcə, bütün
dünyada tanınmağımızda
belə yarışların
mühüm rolu var. Avropa Oyunlarında ölkəmizə gələn
idmançılar, qonaqlar
da bir daha
görəcəklər ki,
Azərbaycan belə beynəlxalq yarışları
təşkil etməyə
qadirdir. Gələn
il keçiriləcək
Avropa Oyunları gənc nəslin idmana olan marağını
daha da artıracaq.
Eyni zamanda belə beynəlxalq tədbirlər
üçün hər
cür şərait
var. Belə yarışlar
biz idmançıları daha
da ruhlandırır.
Ölkəmizdə idmana verilən
qiymət yeni-yeni qələbələr qazanmağa
sövq edir. Mən özüm də hansısa beynəlxalq yarışlarda olanda ölkəmizlə qürür
duyuram.
Nigar Abdullayeva
Palitra. - 2014.- 2 sentyabr.- S. 11.