Tarixi abidələr baxımından Abşeron unikal ərazidir”

 

Müsahibimiz Abşeron arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri namizədi İdris Əliyevdir.

 

-İdris müəllim, Abşeronda aparılan arxeoloji tədqiqatlar hansı dövrün tarixi səhifələrini aşkar edir?

- İlk növbədə onu demək istəyirəm ki, Abşeronda arxeoloji qazıntılar 1965-ci ildən aparılır. Ancaq Abşeronda arxeoloji qazıntıların ilk mərhələsi 1940-cı ildən başlayıb. Bu da bizim ilk qocaman arxeoloqumuz olan İsaq Cəfərzadə 1941-ci ildə Damba tikilən zaman orada arxeoloji materiallar aşkar edib. Daş qutular, qayaüstü təsvirlər, hətta skif mədəniyyətinə məxsus ox ucları tapıldı. Bununla bağlı birinci dəfə İsaq Cəfərzadə məsələ qaldırdı ki, Abşeron qədim məskunlaşma ərazisi kimi qəbul oluna bilər. Bu təxminən, eramızdan əvvəl VI-V əsrləri əhatə edir. Amma bundan əvvəl deyilirdi ki, Abşeron daha gec, yəni, məskunlaşma ərazisi kimi təxminən orta əsrlərdə başlayıb. Burada Abşeron qalaları, Abşeron abidələri nəzərdə tutulurdu.

1941-ci ildən sonra belə bir qərar qəbul edildi ki, Abşeron qədim məskunlaşma zonasıdır. Amma 1960-cı illərin əvvəlində torpaq işləri zamanı Abşeronda bir neçə abidə aşkar edildi. Məlum oldu ki, bu abidələr daha qədim, yəni, Abşeronda nəinki VI əsr, hətta orta Tunc dövrünə aid materiallar mövcuddur. Bunlar da Şüvəlanda, Türkanda, Dübəndidə, Pirallahıda mayak ətrafında aşkar edilən çoxsaylı abidələrdir. 1960-cı illərdə bu işlərə Qardaşxan Aslanov rəhbərlik edirdi. O, Azərbaycanın ikinci nəsil arxeoloqlarından biri sayılır. 1975-ci ilə kimi o, Abşeron ərazisində qazıntı işləri apardı. Əsasən Abşeronun şərq hissəsində. Məlum oldu ki, Abşeronda orta əsr qalaları ilə yanaşı, qədim yaşayış məskənləri çoxluq təşkil edirdi. 1990-cı ilin əvvəllərindən isə bu işlərə mən rəhbərlik etməyə başladım. Məlum oldu ki, Abşeronda hələ də çoxsaylı abidələr mövcuddur.

-Abşeron abidələrinin xüsusiyyətləri nədən ibarətdir?

-Burada əsasən, orta Tunc dövrünə aid bir çox daş tikililərə rast gəlinir. Çox güman ki, bəzi daş tikililər heyvandarlıqla bağlı tikilmiş memarlıq abidələridir. Digər abidələr isə kurqanlar və məbədlərdir.

Xüsusi memarlığı ilə fərqlənən kurqanlar, yonulmuş daşlardan dairəvi şəkildə təşkil olunub. Abşerona xas olan unikal məqam ondan ibarətdir ki, burada qurbangahlar, daş bütlər, daş heykəllər aşkarlanıb. Bəzi bütlərin cinsi, əlamətləri göstərilirsə, digər bütlər isə primitiv sayılır.

Bunlar əsasən qurbangahın yanında qərbə tərəf istiqamətləndirilmiş bütlərdir. Abşeron kurqanlarında əsasən əhəng daşından istifadə olunurdu. Abşeronda qalın mədəni təbəqə demək olar ki, çox çətin müşahidə olunur. Bu onunla izah olunur ki, burada olan yaşayış yerləri mütəmadi olaraq yerlərini dəyişirdilər. Maraqlısı odur ki, bunların yayılması çox sıx rast gəlinir. Hər 1 kilometrdən yaşayış məskənləri aşkar edilib. Təəssüf ki, Abşeronun şərqində bir çoxu dağılıb. Məsələn, Maştağa qəsəbəsinin Albalılıq ərazisindən tutmuş Pirallahı qəsəbəsinə, Şahburnuna kimi uzanan ərazilərdə abidələr müşahidə olunur.

Burada məlum olub ki, yaşayış yerlərinə yaxın dəfn kurqanları yerləşirdi. Ən iri kurqanın diametri 20 m, mərkəzdə isə daşdan tikilmiş memarlıq qurğusu müşahidə olunurdu. Bu xüsusi abidədir ki, qazıntı zamanı tədqiqatdan sonra da Dübəndi ərazisində hələ də qoruyub saxlayırıq.

-Abşeronun maddi-mədəniyyəti haqqında nə deyə bilərsiniz və fərqliliyini nədə görürsünüz?

- Burada müxtəlif dövrlərə aid materiallar aşkar edilib. İlk Tunc dövründən orta əsrlərə kimi bir çox abidələr tapılıb. Abşeronda yalnız antik dövr müşahidə olunmur. Yəni, antik dövrlə bağlı material aşkar edilməyib. Bunun da səbəbi var. Güman edirik ki, antik dövrə aid olan qədim abidələr dəniz yaxınlığında olub. Ola bilər ki, dənizin transqreysiya - yəni dənizin qalxması ilə bağlı, abidələr suyun altında qalıblar. Yəni, biz belə düşünürük.

Abşeron abidələrinin xüsusiyyətlərindən biri odur ki, mədəni təbəqənin qalınlığı çox azdır. Bəzi yerlərdə insanın fəaliyyətini əks etdirən təbəqə azdır. Məsələn, Azərbaycanın digər ərazilərində qazıntı zamanı yüzlərlə küp, maddi-mədəni əşyalar tapırıqsa, Abşeronda bunlar ayrı-ayrı nüsxələrlə təqdim olunur.

Mən bunu xüsusi qeyd edim ki, Abşeronda hər varsa, çox unikaldır. Yəni, Abşeronda olan qalalar heç bir yerdə yoxdur. Abşeronda olan maddi-mədəniyyət-məsələn, daş üzərində qayıq təsvirləri Cənubi Qafqazın heç bir yerində müşahidə olunmur.

Qayaüstü rəsmlər Abşeron təsvirləri müxtəlif səhnələri əks etdirir. Burada ov səhnəsi, nikah mərasimi, heyvanat aləmi, dini panteonu əks etdirən süjetlər məqsədyönlüdür. Yəni, bu süjetlərdə reallıq var, obraz var hərəkət var. Bu baxımdan Abşeron unikal ərazidir.

Abşeronda aşkar edilən bütlər, digər regionlarda o dərəcədə aşkar edilməyib. Məsələn, Şamaxıda, Naxçıvan ərazisində daş bütlər tapılıb. Lakin Abşeronda bir qayda olaraq sistem kimidir. Bunların antropomof qol, qıç, baş, göz elementlərini göstərən materiallar var. Ancaq bu baxımdan Abşeronda külli miqdarda materiallar aşkar edilməyib. Bu o demək deyil ki, Abşeron öz tarixi əhəmiyyətini itirə bilər. Abşeronda müxtəlif əlaqələr yəni, Cənubi Qafqazla, Şimali Qafqazla, Ön Asiya ilə, hətta Misirlə mədəni əlaqələri göstərən bir çox amillər var.

Burada saxsı nümunələrdən başqa ideoloji baxımdan eynilik var. Belə analogiyalar çoxdur.

Abşeron abidələrini qazıyıb üzə çıxarmaq çox çətin bir prosesdir. İlk növbədə onu qeyd edim ki, vaxtı ilə Abşeron gəzən qumların, yəni barxanların altında olub. Ona görə bütün qədimi yaşayış yerləri qumun altında qalıb. Adətən Abşeron tədqiqatçısı üçün böyük problem odur ki, əvvəlcə 0.5, 1 metr qum qatını təmizləməlidir. Bu prosesdən sonra mədəni təbəqənin öyrənilməsinə başlaya bilər.

İkinci mərhələdə Abşeron abidələri sistematik halda dağıdılır. Bunun qarşısını nə Mədəniyyət və Turizm Nazirliyi, nə də ki, yerli icra strukturları ala bilirlər. Ümumiyyətlə, Abşeronda Mədəniyyət və Turizm Nazirliyinin inspektorları demək olar ki, yoxdur. Əgər rayonlarda belə inspektr varsa, Abşeron abidələrinə nəzarət edən inspektor yoxdur. Rayon səviyyəsində də bu işlər görülmür.

Misal üçün deyə bilərəm ki, Abşeron rayonu əsasən təsərrüfat rayonu olduğu üçün yarımadada yerləşən bir çox ərazilərdə torpaqayırmanı nə Mədəniyyət və Turizm Nazirliyinin, nə də ki, AMEA-nın rəyi nəzərə alınmır. Təəssüf ki, bir çox ərazilərimiz torpaq payı kimi paylanılır.

Lakin elə abidələr kompleksi var ki, mən onu qiymətləndirirəm. Dənizboyu ərazilərdə yerləşən abidələr, qayaüstü rəsmlər hasara alınaraq qorunur. Xüsusən, Abşeron mayakı ətrafında olan Skif dövrünə aid çoxsaylı daş qutular, Xocalı-Gədəbəy mədəniyyətini əks etdirən elementlər dövlət tərəfindən mühafizə edilir.

Əgər 1970-80-ci illərdə Abşeron abidələrinə zərər gətirən qumdaşıma prosesi var idisə, hal-hazırda güclü hasarlama prosesi gedir. Qeyd edim ki, Maştağa qəsəbəsində Albalılıq bağları ərazisində Tunc dövrünə aid bir neçə yaşayış yerləri var idi. Təəssüf ki, onlar bağ sahəsi kimi paylanıldı. Çünki, yerüstü əlamətləri olmadığı üçün, yəni, Abşeron ərazisi qum təbəqəsi ilə örtülü olduğu üçün onları aşkar etmək olmur. Burada kəşfiyyat xarakterli işlər aparılmalıdır ki, hansı ərazilərdə abidələr var. Bəzi insanlar elə düşünürlər ki, abidə mütləq Qız Qalasına, Mərdəkan Qalasına bənzəməlidir. Lakin bir saxsı parçası da abidə hesab oluna bilər.

Suraxanıda XIX əsrin əvvəlinə aid qədim karvan yolunun üstündə yerləşən iki quyudan ibarət Müzəffər ovdanı mövcuddur. Çox unikal bir ovdandır. Həmin ovdanı şəxsi fərdə torpaq payı kimi ayırıblar və o şəxs abidəni hasara alıb. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə aparır. Bu abidənin qorunması zəruridir.

İsaq Cəfərzadə 1940-cı ildə deyirdi ki, Abşeronda orta əsr və VI əsr Skif dövrünə aid abidələrimiz mövcuddur. Hazırda ilk Tunc dövrünə aid materiallar aşkar edirik. Əsasən də Türkan, Hövsan istiqamətində yerləşən boş sahələrdə işlər aparılır. Son tapıntımız Türkan yaşayış yerindən kiçik daş üzərində dörd qayıq və dörd avarçəkən təsvir olunub.

5 min il bundan əvvələ aid duzun istifadəsi və saxlanması ilə bağlı küp tapdıq. Küpün daxilində o dövrdən qalan duz aşkar etdik. Kurqanlar Abşeronda xüsusi bir sistemlə qurulub. Yəni, cənub və şimal daşı ayrıca göstərilib. Dairədən tikilmiş qəbir kompleksi özü bir memarlıq abidəsidir. Bunların tədqiqatından sonra, biz qoruyub saxlamaq niyyətindəyik.

Maraqlı ərazilərimizdən biri də abidələrlə zəngin olan Dübəndi-Kələğaz deyilən sahədir. Bura həm də tarixietnoqrafik baxımdan unikal məkandır. Bura Abşeronda yeganə yerdir ki, həm turizm baxımından, həm təbiət baxımından, həm də qədim landşaft baxımından çox münasib bir yerdir. Təəssüf ki, bu yerlərdə də relyef pozulur. Qala qoruğundan tutmuş dənizə kimi yol üstündə orta əsrlərə aid qədim evlər, tağlı evlər, samanlıqlar, aşkarlanan kurqanlar ən unikal ərazilərdir. Dəniz qırağından 100 metr aralıqda, Dübəndidə mağaralarda qayaüstü təsvirlər var. Bura turizm üçün çox unikal bir ərazidir. Dübəndi Abşeronda yeganə ərazidir ki, ilk görkəmini saxlayıb. Əgər orada tikintiyə yol verilsə, bura dönüb massiv olacaq.

Abşeron maraqlı bir yerdir. E. ə. III-II minilliklərdə Abşeron böyük inkişaf yolu keçib. Zaman keçdikcə birdən-birə məhv olub. Bunun səbəbi nədir? Bir sual da yaranır ki, niyə görə antik abidələr aşkar edilmir? Güman edirik ki, antik abidələr suyun altındadır. Çünki Abşeron əhalisi, burada yaşayan qədim tayfalar suya yaxın məskunlaşma prosesini həyata keçiriblər. Su çəkildikcə onlar suyun arxasınca gediblər. Qeyd edim ki, Abşeronda su mənbələri məhduddur. Güman edilir ki, dəniz qalxdıqdan sonra bu abidələr suyun altında qalıb. Bəzi abidələr dənizin qırağındadır. Abşeron dənizlə bağlı bir yerdir. Hal-hazırda arxeologiya elmi Abşeronun yaşayış ərazisi kimi istifadəsinin nə dərəcədə düzgün olduğunu öyrənir.

Bu gələcəkdə Abşeron üçün, əhali üçün problem yarada bilər. İlk növbədə Abşeronda su mənbələri çox azdır. Dəniz çəkildikcə quyularda su çəkilir. Əgər 10 il bundan əvvəl 8-10 metr dərinlikdən su çıxırdısa, hal-hazırda su 18-20 metrdən çıxır. Əsas su qatları 40 metr dərinlikdədir. Bu su qatları çəkilsə, mənfi nəticə olacaq.

 

Palitra. - 2014.- 2 sentyabr.- S. 13.