Türkiyədə Azərbaycan Gecəsi təşkil olunub

 

Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 11-ci Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycan Gecəsi təşkil olunub. Bu barədə qəzetimizə səfirlikdən bildirilib. Gecədə səfirliyin əməkdaşları, çox sayda elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, Ankara ictimaiyyətinin çox sayda nümayəndələri və azərbaycanlı tələbələrimiz iştirak ediblər. 11-ci Beynəlxalq Anadolu Günləri festivalının həyata keçirildiyi böyük sahədə səfirliyin təşəbbüsləri ilə Azərbaycan Evi yaradılıb. Azərbaycan Evində ölkəmizə xas əyani təbliğat vasitələri nümayiş etdirilmiş, şənlik iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunub, eləcə də, Azərbaycan milli mətbəxinə xas ləziz şəkərbura və paxlavalar paylanılıb.

Tədbirdə iştirak edərək konsert vermək məqsədilə Şirvan şəhərindən Ankaraya səfərə gəlmiş Şirvan şəhəri musiqi və rəqs ansamblının konserti şənlik iştirakçılarına xoş anlar yaşadıb, böyük maraqla izlənib. Azərbaycana xas bir-birindən gözəl musiqi və rəqslər ölkəmizin mədəniyyətinin təbliğinə mühüm töhfələr verib.

Gecədə ilkin olaraq Səfir Faiq Bağırov adından səfirliyin müşaviri Ceyhun Zeynalov daha sonra Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov çıxış edib. Qonaqlar çıxış etdikləri müddətdə Etimesqut Rayon Bələdiyyəsinə təşəkkürlərini bildiribiki qardaş ölkə münasibətlərinin əhəmiyyəti, ümummilli liderimizin "bir millət iki dövlət" kəlamının mahiyyəti, əlaqələrimizdəki bu kimi mədəni tədbirlərin mühüm rolu, eləcə də iki ölkə münasibətlərinin ümid vəd edən gələcəyindən söz açıb.

Daha sonra səfirlik adından Etimesqut Rayon Bələdiyyəsinin başçısı Ənvər Dəmirələ təşəkkür plaketi təqdim edilib. Ənvər Dəmirəl də öz növbəsində təşəkkür plaketi təqdim edib.

 

İlkin

 

Palitra. - 2014.- 9 sentyabr.- S. 6.