“Azərbaycan və Moldova həlli uzanan münaqişələrlə bağlı vahid mövqedən çıxış edir

 

Elmar Məmmədyarov: “ABŞ konkret təklif edib ki, böyük sülh sazişi üzərində aparılsın”

 

Natalia German: “Azərbaycanın təcrübəsini Moldovanın inkişafı üçün mühüm hesab edirik”

 

“NATO sammiti çərçivəsində Uelsdə prezidentlər səviyyəsində keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkəsinin hansı istiqamətdə aparmalı olduğunu öyrənmək istəyirdi”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov XİN-də moldovalı həmkarı Natalia Germanla keçirdiyi birgə mətbuat konfransında deyib. O qeyd edib ki, görüşdə böyük sülh sazişinin layihəsi üzrə işin başlanmasının vaxtının çatdığı bildirilib: “Azərbaycanın mövqeyi belədir ki, görüş xətrinə görüş olmamalı və konkret məsələlər müzakirəyə çıxarılmalıdır.

Ən böyük problem Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğudur. Onlar işğal etdikləri ərazilərdən çıxmalıdırlar. Onların işğal edilmiş ərazilərdə qalması təhlükəlidir və Azərbaycan bununla heç vaxt razılaşmayacaq”. Nazirin sözlərinə görə, ABŞ konkret təklif edib ki, böyük sülh sazişi üzərində aparılsın: “Güman ki, bu ay ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik regiona səfər edəcək və Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək”. Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan və Moldova həlli uzanan münaqişələrlə bağlı vahid mövqedən çıxış edirlər. Nazir bildirib ki, bir çox beynəlxalq məsələlərdə, o cümlədən Dağlıq Qarabağ və Dnestryanı münaqişələrdə iki ölkənin mövqeyi üst-üstə düşür. Nazirin sözlərinə görə, görüş zaman əsasən iqtisadi layihələr və Azərbaycan tərəfinin Moldovaya sərmayə qoyması müzakirə edilib. O qeyd edib ki, Azərbaycan investisiyası Moldovada artıq mövcuddur. Lakin Moldova həm investisiya, həm də biznes sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır. Moldovalı nazir isə qeyd edib ki, Azərbaycan və Moldova arasında mütəmadi olaraq yüksək səviyyəli görüşlər keçirilir. Xanım German bildirib ki, ölkələr arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq mövcuddur: “Amma hesab edirik ki, ikitərəfli əlaqələr daha dərindən inkişaf etdirilməlidir. Moldova Azərbaycanla iqtisadi-ticari əlaqələri gücləndirmək niyyətindədir. Azərbaycan biznesi, investisiyası artıq Moldovada təmsil olunub, lakin biz daha geniş əməkdaşlıqda maraqlıyıq, Moldova Azərbaycanı potensial səhmdar kimi görür”. N.German qeyd edib ki, Moldova öz kənd təsərrüfatı məhsullarını Azərbaycan bazarlarına çıxarmaq niyyətindədir. O, Azərbaycanın təcrübəsini Moldovanın inkişafı üçün mühüm saydıqlarını nəzərə çatdırıb. Qonağın sözlərinə görə, bu ilin sonuna kimi Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçiriləcək. N.German deyib ki, MoldovaAİ-nin əməkdaşlığının yeni səviyyəyə çıxması ilə ölkə azərbaycanlı adamları üçün yeni bazar təqdim etməyə hazırdır: "İki ölkənin əməkdaşlığı üçün daha bir sahə təhsildir. Moldovanın ali məktəbləri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır".

 

Tural

 

Palitra. - 2014.- 9 sentyabr.- S. 6.