AMEA-da akademik
Ramiz Mehdiyevin
kitabının müzakirəsi keçirildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabının müzakirəsi və təqdimatı keçirildi.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov təqdim olunan kitabın əhəmiyyətindən danışaraq bildirdi ki, akademik Ramiz Mehdiyevin bu kitabında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Millət vəkili bildirdi ki, akademik Ramiz Mehdiyev bəhs olunan monoqrafiyasında Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırıb. Bununla da görkəmli alim bir vətəndaş tədqiqatçı olaraq müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti bütün incəlikləri və tarixi kökləri ilə araşdırıb ortalığa çıxarmağı qarşısına məqsəd qoyub. Bildirildi ki, akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki, o cümlədən erməni mənbələrindəki və erməni tarixçilərinin əsərlərindəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas "dəlili" onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi" olması barədəki saxta erməni uydurmalarını alt-üst edir: “Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə olunmaq üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilib. Müəllif ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülüb gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, "tarixin atası" Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayır. Və öz kitabının oxucularına belə bir tarixi həqiqəti yetirir ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranıb. Bu gün ermənilərin özlərinə aid etdiyi "mədəniyyət", hətta "erməni" adının özü belə onların özlərinə - haylara aid deyil, oğurluqdur”.
Təqdimat mərasimində çıxış edən tanınmış tarixçi alimlər bildirdilər ki, kitab alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.
Nigar Abdullayeva
Palitra. -
2014.- 11 sentyabr.- S.5.