“Marneuli gənclərinin inkişafı üçün Azərbaycan tərəfindən
mühüm işlər görülüb”
Merab
Topçişvili: “Gürcüstandakı azərbaycanlı gənclərin
dövlət qulluğunda işləmələri
üçün heç bir maneə yoxdur”
Gürcüstanın Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili ilə müsahibəni təqdim edirik
-Dövlətlərimiz arasındakı münasibəti
necə qiymətləndirirsiz?
-Gürcüstan və Azərbaycan xalqları hər zaman dost olublar. Tarix boyu ölkələrimiz arasında hər bir sahədə isti münasibətlər olub və hazırda bu münasibətlər qorunub saxlanmaqdadır. Azərbaycan və Gürcüstan həm iqtisadi, həm də mədəniyyət sahəsində strateji partnyor və dost ölkədir.
- Azərbaycanlıların əsas məşğuliyyəti
nədir və Gürcüstan dövləti
tərəfindən bu baxımdan onlara hər hansı dəstək göstərilirmi?
-Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tam hüquqlu vətəndaşıdırlar. Ölkəmizdə aparılan islahatlardan və güzəştlərdən onlarda tam sərbəst şəkildə istifadə edirlər. Marneuli əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Bizim özəlliyimiz istehsal etdiyimiz kənd təsərrüfatı məhsulların keyfiyyətində və təbiiliyindədir. Şəhər və rayonlarda əhali bizneslə məşğuldurlar. Ticarət obyektlərinin şəhərdə zənginliyi insanların ən çox gəlir mənbəyi kimi qeyd etmək olar. Dövlətimiz tərəfindən bu istiqamətdə vətəndaşlara bir sıra yardımlar, layihələr və proqramlar həyata keçirilir. Kənd təsərrüfatının inkişafı üçün əhaliyə vauçerlər təqdim olundu, 26 000 Marneuli rayon sakinləri dövlətin bu proqramından istifadə etdilər. Kənd təsərrüfatına kreditlərin verilməsi, biznesin aparılması və yaradılması istiqamətində qanunların sadələşməsi və əhalinin bu istiqamətdə ideyalarının reallaşdırılması üçün dövlət tərəfindən irimiqyaslı vacib layihələr həyata keçirilir. Marneulidə yaşayan insanlar da bu imkanlardan geniş şəkildə istifadə edirlər.
-Marneulidəki azərbaycanlı gənclərin ictimai-siyasi aktivliyi
hansı səviyyədədir?
-Gürcüstanda yaşayan azərbaycanlı gənclər çox fəal və bacarıqlıdırlar. Biz müntəzəm şəkildə onlarla görüşlər keçiririk, fikir mübadiləsi aparırıq və mən tam səmimi deyə bilərəm ki, Gürcüstanın, eləcə də Marneulinin gələcəyi parlaq olacaq. Yüzlərlə Marneuli şəhərindən olan azərbaycanlı gənclər Tbilisinin ali təhsil ocaqlarına təhsil alırlar, dövlət dilini mükəmməl şəkildə mənimsəyiblər və yaxşı mütəxəssis olmaq üzrədirlər. Bizim bu cür gənclərə hər zaman etiyacımız var. Ölkənin və rayonumuzun ictimai-siyasi proseslərində də o gənclər olduqca fəaldırlar və öz mövelərini sərbəst şəkildə büruzə verə bilirlər.
-Azərbaycan dövləti tərəfindən Marneulidəki
azərbaycanlılara hansı dəstək göstərilir?
-Biz bu dəstəyi hər zaman hiss edirik. Marneuli gənclərinin inkişafı
üçün cəmiyyətə
inteqrasiyası, təhsili
üçün Azərbaycan
dövləti tərəfindən
bir sıra mühüm işlər görünüb. Marneulidə
yüksək səviyyədə
inşa olunan Tea House
- da gənclərin inkişafı və maarifləndirilməsi üçün
bütün şərait
yaradılıb, azərbaycanlıların
maarifləndirilməsi və
inkişafı ilə
məşğul olan,
Marneulidə fəaliyyət
göstərən təşkilatlara
dəstək göstərilir,
Ata Holding mərkəzinin isə
gənclərin fiziki inkişafı üçün
zəmin yaradıb, bundan başqa kəndlərdə Heydər
Əliyev Fondu tərəfindən məktəb
binalarda yenidənqurma
işləri, tikintisi
Azərbaycan dövlətinin
burada yaşayan soydaşları və
region gəncləri üçün
qayğısından xəbər
verir. Bizim regiona hər zaman Azərbaycanın diqqəti hiss olunur. Bunun üçün Azərbaycan
dövlətinə minnətdarlığımı
bildirirəm. Gələcəkdə
də bu tip layihələrin Marneulidə
həyata keçirilməsi
itiqamətində müəyyən
addımların atılacağını
düşünürük.
-Azərbaycanlıların
gürcü cəmiyyətinə
inteqrasiyasında əsas
problem nədir?
-Azərbaycanlıların
gürcü cəmiyyətinə
inteqrasiya prosesi artıq neçə ildir ki, başlayıb.
Lakin hələ də bu problem davam etməkdədir. İnteqrasiyaya mane olan səbəblər çoxdur, başlıca səbəb təbii ki, dövlət dilinin azərbaycanlılar
tərəfindən tam mənimsəməməsidir.
Bu istiqamətdə gənclərlə işlər
aparılır, xüsusi
təhsil proqramları
həyata keçirilir.
Dövlətimiz tərəfindən irimiqyaslı layihələr
həyata keçirilir.
Regionda fəaliyyət göstərən
QHT-lər də bu işdə önəmli addımlar atırlar, işlər həyata keçirirlər.
Düşünürəm ki, gələcəkdə
cəmiyyətə inteqrasiya
problemi öz həllini tapacaq.
-Gürcüstan
dövləti tərəfindən
azərbaycanlıların gürcü
dilini öyrənməsi
istiqamətində hansı
layihələr həyata
keçirilir?
-Gürcüstan dövləti bu istiqamətdə bir sıra layihələr həyata keçirməkdədir.
Azərbaycandilli məktəblərdə gürcü dilinin tədris saatları çoxaldılıb, xüsusi
metodikalar tətbiq olunub, məktəblərə
yüksək ixtisaslı
müəllimlər cəlb
olunur, könüllülər
evlərdə yaşayaraq
ətrafdakı gənclərə
və uşaqlara dil öyrədirlər.
Ali təhsil ocaqlarına
qəbulolma şansını
artırmaq üçün
1+4 dövlət proqramı
həyata keçirilir,
milli imtahanlar Gürüstanda yaşayan
milli azlıqların ana dillərində keçirilir. Marneulidə “Gürcü dili evi” fəaliyyət göstərir ki, burada əhali üçün pulsuz gürcü dili tədris olunur. Bu işin nəticəsidir ki, bu gün
ali məktəblərdə
təhsil alan azərbaycanlıların sayı
min nəfərdən çoxdur.
-Bildiyimiz
kimi bu yaxınlarda
Gürcüstanda yerli
özünüidarəetmə orqanlarına seçkilər
keçirildi. Azərbaycanlılar bələdiyyələrdə
yetərincə təmsil olunurmu?
- Seçildiyim Marneuli rayonunda seçkilər olduqca maraqlı oldu. Mən seçicilərimə mənə etibar etdikləri üçün təşəkkür edirəm, onların etimadını doğrultmaq üçün əlimnən gələni edəcəyimə söz veirirəm. Marneuli əhalisinin əksər hissəsi azərbaycanlı olduğuna görə yerli bələdiyyədə və azərbaycanlılar yaşadıqları bölgələrdə azərbaycanlı nümayəndələr təmsil olunur. Bizim üçün əsas məqsəd savadlı və mütəxəssis kadrların idarəetmə orqanlarında təmsil olunmasıdır ki, işimiz keyfiyyətli olsun. Kadrlar isə yetərincə bölgədə var. Rayonidarəetmə sisteminin rəhbər vəzifələrinə azərbaycanlılar təyin olunub ki, onlara xalq etimad göstərir. Düşünürəm ki, onların vasitəsi və səfərbər işlərinin nəticəsində rayonumuzda mövcud olan bir çox problemlər öz həllini tapacaq. Bizim üçün milli mənsubiyyətin önəmi yoxdur, bizim üçün Gürcüstan vətəndaşı və işində mütəxəssis kadr var və əsas vəzifəmiz vətəndaşlarımız üçün müsbət işlər görməkdir. Çalışırıq hər bir sakinimizin fikirılərini dinləyək və xalqa yaxın olaq, birlikdə çatışmamazlıqlarımızı aradan qaldıraq. Bunun üçün sistematik şəkildə onlarla görüşlər keçirib fikirlərini dinləyirik.
-Etiraf edək ki,
Gürcüstandakı azərbaycanlılar iş
üçün Azərbaycana və digər
ölkələrə gedirlər. Onların potensialından Gürcüstan dövlətinin
faydalanmağı üçün
hansı addımlar atılmalıdır?
-İşsizlik problemi dünyanın və ölkəmizin hər yerində mövcud olduğu kimi Marneulidə də var. Bu problemin həllini çalışırıq, öncə gənclər arasında tapaq. İstedadlı, ali təhsilli, dövlət dilini mükəmməl şəkildə mənimsəyən, vətəninə, millətinə sadiq olan gənclərə hər yerdə ehtiyac duyulur. Onların potensialından istifadə etmək bizim inkişafımıza gətirib çıxaracaqdır. Əhalinin işlə təmin olunması üçün yuxarıda qeyd etdiyim kimi dövlət tərəfindən də şərait yaradılır. Əsas prioritetimiz ondan ibarətdir ki, insanlarımız ölkəni tərk etmədən evlərinin içində qazanc mənbəyi tapsınlar və vətənlərinə xidmət etsinlər. Azərbaycanlı gənclərin dövlət qulluğunda işləmələri üçün də heç bir maneələr yoxdur. Onlar karyeralarını Gürcüstanda qurub vətəndaşı olduqları ölkəyə xidmət edə bilərlər. Bu proses artıq başlayıb. Regionda iş yerlərinin açılması, zavodların tikilməsi gündəmdə olan məsələlərdəndir. Xarici investorlarının Marneuliyə cəlb olunması prioritetlərimizdəndir.
-Regionda əhalinin inkişafı,
yaşayış məskənlərinin inkişafı istiqamətində
hansı işlər görülüb və
hansı layihələrin həyata keçirilməsi nəzərdə
tutulur?
-Marneulinin əsas problemlərindən biri suvarma, içməli su, yolların təmiri və çəkilməsi, işıqlandırma, qazlaşdırma, enerji və digər problemlərdir. Bu istiqamətdə bir sıra işlər görünüb. Təkcə bu il ərzində Marneulinin 35 kəndində və şəhərin 28 küçəsi işıqlandırılıb, 30-dan çox kənddə içməli su problemi öz həllini tapıb, 140km suvarma kanalları təmizlənilib, 25 km uzunluğunda yol asfaltlaşdırılıb. Bu proses davam etməkdədir.
İşimizi öncə bu tip problemlərin aradan qaldırılması istiqamətində aparırıq. Avropa İttifaqı ilə saziş imzalayan ölkəmiz regionların inkişafına böyük diqqət ayırır. Düşünürəm ki, bu proses Marneulidə də uğurla həyata keçiriləcək. Marneulidə ilk dəfə beynəlxalq mədəniyyət festivalının keçirilməsi də bizim avrointeqrasiya prosesində öz töhvəsini verdi. Müxtəlif mədəni tədbirlərin keçirilməsi, xüsusən də azərbaycanlıların bayramlarının təntənəli surətdə qeyd olunması mədəniyyət sahəsində gördüyümüz işlərdən xəbər verir. Misal olaraq, Novruz bayramını xüsusən qeyd etmək istəyirəm. Hər il Marneulidə keçirilən Novruz bayramında Gürcüstanın hər bir regionundan nümayəndələr qatılır, hər il ölkə rəhbərliyi şəxsən bu təntənələrdə iştirak edir. Bu il də ötən illərdə olduğu kimi bu bayramı çox yüksək səviyyədə keçirilməsini nəzərdə tuturuq.
-Bu günlərdə Marneulidə
beynəlxalq mədəniyyət festivalı keçirildi.
Festivalın mahiyyəti nədən ibarət idi
və bu cür tədbirlərin
yenə də keçirilməsi nəzərdə tutulurmu?
- “One Caucasus” mədəniyyət
festivalını Marneulidə keçirməkdə əsas məqsəd
gənclərin inkişafı idi. 20
ölkəni təmsil edən könüllülər kəndlərdə
gənclər üçün 1 ay ərzində müxtəlif kurslar
və seminarlar təşkil etmişdilər.
4 gün isə Marneulinin
Tserakvi kəndində konsert
proqramları təşkil olundu. Açıq səma altında keçirilən festivala yüzlərlə gənclər
qatılmışdı. Bu cür beynəlxalq festivalların keçirilməsi
rayonumuz üçün
çox önəmlidir, həm ölkəmizin
təbliği baxımdan, həm də gənclərin Avropa gəncləri ilə
tanışlığı, inteqrasiyası baxımından.
Bu tip festival
və mədəni tədbirlərin keçirilməsini bundan sonra da
nəzərdə tuturuq.
Fuad Hüseynzadə
Palitra. -
2014.- 11 sentyabr.- S. 6.