İvanovkanın özünəməxsusluğunu
necə qoruyaq?
Bir neçə gün öncə İsmayıllıda səfərdə olarkən bu rayonda yerləşən İvanovka kəndinə və kolxozuna da baş çəkdim. Burada rast gəldiyimiz mənzərələri və təəssüratları qısaca olaraq oxucularla bölüşmək hər halda maraqlı olardı. Burada 2012-ci ildə səfərdə olmuşduq. Cəmisi 2 il keçməsinə baxmayaraq, istər kolxozda, istərsə də kənd həyatında çoxluca dəyişikliklər və deqradasiya olduğundan, bu barədə təəssüratlarımızı bildirmək istərdim.
Birincisi, qeyd edim ki, İvanovka kəndinin ucsuz-bucaqsız əkin sahələri və ərazisi var. Doğrusu, uğurlu bir kolxoz olmaq üçün birinci şərt olan istər əkinçilik, istərsə də maldarlıq üçün münbit və tam yararlı böyük ərazilər bu kəndə məxsusdur. Ümumiyyətlə isə İsmayıllı Azərbaycanda ən böyük əraziyə malik olan rayonlardan biridir ki, onun ərazisinin böyük bir qismi nisbətən yüksək, dağətəyi yerdə yerləşən İsmayıllının payına düşüb.
Eyni zamanda kolxozun ümumi torpaq ərazilərindən başqa, hər kəndlinin özünün yetərincə həyətyanı torpaq sahələri var. Kəndlilər kolxozdan əlavə həyətyanı sahələrində az da olsa meyvəçiliklə, bağçılıqla və eyni zamanda heyvandarlıqla məşğul olurlar.
Bu kəndi 19-cu əsrdə Rusiya əyalətlərindən bütün Qafqaza, o cümlədən daha çox Azərbaycana köçürülən malakanlar salıblar. Doğrusu, bu, nisbi bir ifadədir, çünki malakanlara qədər burada aborigenlərin yaşamadığını demək olmaz. Belə ki, hazırda da burada toplu halda yerli camaatın yaşadığının şahidi olduq. Kəndin bir tərəfi tamamilə ləzgilər və digər yerli camaata məxsusdur. Digər tərəfi isə malakanlar tərəfindən məskunlaşıb. Malakanların özlərinin dediyinə görə, kənddə 2000 civarında malakan və 1000 nəfər civarında da müsəlman əhali yaşayır.
Amma bu statistikadır... Son zamanlar say tərkibi müsəlmanların xeyrinə sürətlə dəyişir...
İvanovka öz təmiz kənd məhsulları ilə məşhurdur. Hətta Bakıda şəhərin mərkəzi yerlərində, məsələn, “Torgovı”da İvanovka kəndinin mağazasına rast gəlirsən. Ayrıca, mağazalarda, bazarlarda İvanovkanın kənd təsərrüfatı məhsulları geniş yayılıb. Hər halda, ən azından, bu məhsulları “İvanovka” adı ilə satırlar. Buna görə də demək olar ki, İvanovka sakinlərinin öz məhsullarını ölkənin mərkəzi bazarlarına çıxarmasında bir təşkilatçılıq və düzən var. Bununla belə, malakanlar şikayət edirlər ki, kolxoz iflasa uğrayır. Deyirlər ki, Nikitinin(İvanovka kolxozunu qurub gücləndirən və onu sovet sistemi dağılandan sonra da yaşadan şəxs) vaxtında çox güclü kolxoz olub, xeyli sayda gəlir götürüblər. Bir sıra şərtlərlə tanış olduqdan sonra doğrudan da təxmin etmək olar ki, son vaxtlar kolxoz çox kəskin böhran günlərini yaşayır. Kolxozçunun maaşı son zamanlar artmaqla, cəmi 50, bəzən 70 manat civarındadır. Bundan əlavə, ona kolxoz təsərrüfatından əldə edilmiş ərzaq məhsulları payı da verilir. Heç kəs kolxozdan həvəslə danışmır, hamısı pessimist mövqedədir. Danışdırılanlar isə dövlətdən kolxozun dirçəldilməsi üçün dotasiya gözlləyir. Əsasən texnika sarıdan korluq çəkdiklərini bildirirlər. Yeni texnikanın alınmasının vacibliyi daha çox önə çəkilir. Üzümçülük və taxılçılığın xüsusilə azaldığını qeyd edirlər. Qeyd edək ki, İvanovka tarlaları, üzümçülük bağları əvvəlki kimi səliqə və həvəslə becərilmir. İvanovka üzümlüklərinin arasını çoxlu alaqlarının basdığını, üzümlüklərin yetərincə təmizlənmədiyinin də şahidi olduq.
Amma kolxozçuların əlavə gəlirləri də var. Məsələn, ilin əsasən dörd isti ayı “r” hərfi olmayan ayında – may, iyun, iyul, avqustda, havalar isti keçərsə, həm də sentyabrda kənd turizmindən gəlir götürürlər. Çox vaxt heç bir standartı olmayan adicə rus otağında gecələmək üçün hər adambaşına 10 manat ödəməlisən. İndi havalar tədricən soyumağa başladığı və yay ayları bitdiyi üçün gəlib-gedənlərin sayı azalmaqdadır. Onu da deyim ki, yay vaxtı əsasən Bakıdan gələnlər çox olur İvanovkaya. Deyirdilər ki, həmin vaxtlar kənddə turistlər tərəfindən tutulmamış, boş ev tapmaq demək olar ki, mümkün olmur... Amma qeyd edim ki, artıq belə deyil. Artıq malakanlar sürətlə köçüb Rusiyaya getdiklərindən və İvanovka daha əvvəlki kimi özünəməxsusluğu ilə şəhərli turistləri cəlb etmədiyindən, kənddə boş kirayə evlərin sayı çoxdur. Hətta, qiymətlər bir gün üçün adambaşına 7-8 manata enib.
Malakanlar Rusiyadan da qazanırlar. Cavanların çoxu Rusiyaya köçüb gedib, bəzi hallarda ailələrinə pul göndərirlər. İndi buradakı evlərini satıb Rusiyaya köçmək istəyənlərin sayı olduqca çoxalıb. Belə ki, hər 5-6 malakan evindən birinin qapısına “satılır” sözünün yazıldığını görmək mümkündür. Köçənlər əsasən Şimali Qafqaza və Rusiyanın nisbtən isti, cənub bölgələrinə gedirlər. Hətta bizə evlərini satmaqla bağlı təkliflər də etdilər. Belə ki, kəndin qırağında yerləşən evi 15 min dollara almaq mümkündür. Kəndin mərkəzində isə evlərin qiyməti 30 min və daha bahadır deyirlər. Bütün malakan evləri əslində çoxdan tikilən evlərdir və hamısı bir-birinə bənzəyir. Doğrusu, əvvəllər, bu evlər yeni və dəbdəbəli olmasa da öz səliqəliliyi, əsl “kolxoz” nizamı ilə çox yaxşı təsir bağışlayırdı. İndi isə malakanlar daha yeni ev tikmirlər. Çünki əllərinə pul keçən malakanlar burada ev tikməyə yox, köçüb getməyə üstünlük verirlər. Ona görə də onlar tez-tez zarafatla deyirlər: “İvanovka yavaş-yavaş “Mamedovka”ya çevrilir...”
Daha bir təzadlı məqam o idi ki, malakanların gözəl nizamla düzülmüş evlərinin sırasını kəndin mərkəzində hündür, əsl Azərbaycansayağı, əzəmətli villalar pozur. Bu villalar çoxlu pulla tikilsə və nə qədər əzəmətli görünsə də, kəndin ümumi kolxoz nizamına ziddir və kapitalizmin “kabusu” kimi səliqəli və qənaətcil görünüşlü kolxozçu malakan evlərinin nizamını çoxdan korlayır, yaxud dağıdır. Əslində bu villalar bəzi məmurlarta məxsusdur ki, görünür onlar burada da öz əzəmətlərini göstərmək üçün fürsət biliblər... Maraqlı bir məqam o idi ki, malakanlar bu cür villaların, hətta pulu olmadan borca düşüb iki-üç mərtəbəli evlər tikən azərbaycanlı-müsəlman insanları anlamadıqlarını deyirlər. Bir malakan bu barədə belə deyirdi: “Başa düşmürük ki, pulun olmaya-olmaya bütün ömrünü bu qədər böyük ev tikməyə və sonra da onu ölənə qədər təmir etməyə niyə həsr etməlisən?...” Doğrusu, malakan evi alıb, onu sökən, yerinə iki-üç mərtəbəli dəbdəbəli ev ucaldan, həyəti təmtəraqla bəzəyən bizimkilərin sayı olduqca çoxalıb bu kənddə...
Kənddə uzaqdan bir toz qaldıran, sürətlə “çapan” maşın görsən, bil ki, bu maşını malakan yox, müsəlman, yəni bizimki sürür. Malakanlar əsasən köhnə sovet, rus maşınları sürürlər və çox sakit, bütün sürücülük qaydalarına əsasən maşın idarə edirlər. Amma oradakı müsəlmanlar barədə bunu deməık olmaz. Lap Bakıdan gələnlər belə, daha çox yol hərəkəti qaydalarını pozurlar və kəndin yollarında tez-tez qaza basırlar. Bu da camaatın haqlı narahatlığına səbəb olur. Bir neçə il öncə bir yeniyetmə malakanın bakılı sürücü tərəfindən maşınla vurulub öldürüldüyünü eşitdim. Buna görə də malakanlar bu cür ölüm-itimlərə son qoymaq məqsədilə asfaltda qıraqdan gələn maşınların sürətini azaltmaları üçün maneələr yaradıblar.
Malakanların özlərinin də nə qədər həvəslə işlədikləri bir qədər mübahisəlidir. Doğrusu, malakanlıq inancında spirtli içki içməmək, donuz əti yeməmək kimi müsəlmanlığa xas şərtlər mövcud olsa da, buradakı malakanların praktikada tamam fərqli olduqları görünürdü. Belə ki, donuz əti yemək və spirtli içki içmək burada ən çox yayılan adi gündəlik adətlərdəndir. İvanovka bu baxımdan əsl rus kəndindən xaraktercə heç nəyi ilə fərqli təsir bağışlamadı. Baxmayaraq ki, kənd müsəlman kəndlərinin və rayonlarının əhatəsindədir, bu sarıdan tipik rus kəndini xatırladır. Bəzi həyətlərdən gecə vaxtı sərxoş, mahnı oxuyan erkək malakanların səsləri eşidilir. Yalnız qocalar arasında nisbətən dindar olanlarını tapmaq mümkündür ki, onlar malakanlıq ayinlərinə bu və ya digər dərəcədə əməl etsinlər.
Malakanların toy adətləri də israfçı Azərbaycan toylarından fərqlənir və toyları çox sadə bir tərzdə keçirilir. Kolxoza aid kütləvi tədbirlər keçirilən, kluba oxşar ictimai yerləri var, orada toy çaldırırlar.
İvanovka kəndinin bizim üçün çox orijinal sayıla biləcək xüsusiyyətllərindən biri odur ki, Çərşənbə, Şənbə və Bazar günləri həmin toy çalınan məkanda diskoteka olur. Amma bəziləri çox sevinməsin, bu diskotekalar Bakı barlarında qurulan diskotekalardan fərqlidir. Həm də son vaxtlar gənc insanların kəndi kütləvi şəkildə tərk edib getməsinə görə, bu diskotekalar sönük keçirilir, yaxud tez-tez təxirə salınır. Əsasən azyaşlı, yeniyetmə qız və oğlanlar diskotekaya gəlirlər. Yetkin insanlar isə qıraqda durub tamaşa edirdilər. Kənddə toy olan gün isə diskoteka keçirilmir. Deyilənə görə, diskotekalar qışda və yağmurlu havalarda da keçirilir və bu zaman içəridəki zalda təşkil olunur. Yayda və isti havalarda isə klubun qabağındakı meydanda diskoteka təşkil olunur. “Diskoteka” eşqi ilə çoxlu gənc oğlanların Bakıdan, eləcə də ətraf yerlərdən həmin məkana yığışdığının da şahidi olduq... Amma onlar bu cür diskoteka gözləmədiklərindən bir qədər pərt olmuşdular... Hə, bir də malakanlar deyirlər ki, kənddə müsəlman əhalinin sayının getdikcə çoxalmasına və onların gənc oğlanlarının diskotekalara can atmasına görə, diskotekalar getdikcə daha çox təxirə salınır...
İlkin AĞAYEV
Palitra. -
2014.- 11 sentyabr.- S. 7.