Uşaq idman
müəssisələri yaradılacaq
Bədən tərbiyəsi və idmanın idarə edilməsində yeni modelin yaradılması bu sahəyə daha çox gənc nəslin cəlb edilməsini, onların fiziki-mənəvi hazırlığının yüksəlməsini təmin edəcək
Azərbaycan
idmançıları qazandıqları nailiyyətlərlə
ölkəmizin dünyada idman
ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir.
Ölkəmizdə idmanın inkişafı istiqamətində
həyata keçirilən işlər Azərbaycan
idmanının dünyadakı nüfuzunu
xeyli artırıb. Bu
inkişaf və nüfuz
idmançılarımızın beynəlxalq
yarışlarda əldə etdiyi
medalların və ölkəmizdə keçirilən beynəlxalq
turnirlərin sayında əksini tapıb. Bu
iki bir-birinə bağlı olan məsələnin arxasında Azərbaycan
dövlətinin gördüyü nəhəng
iş dayanır. Azərbaycan dövləti
idmanın inkişafında nə qədər maraqlı olduğunu həyata keçirdiyi
siyasət və bu sahəni prioritetlərindən
biri elan etməsi ilə
ortaya qoyub. Dövlət
idmanın inkişafı üçün
lazım olan bütün
tədbirləri həyata keçirərək ölkədə
sağlam həyat tərzinin təbliğinə
çalışır.
Bunun üçün bütün mümkün vasitələrdən istifadə edilir. İdmanın inkişaf etdirilməsi həm dövlətin dünyadakı təbliği, müsbət imici üçün, həm də ölkədə gənc nəslin formalaşması üçün vacibdir. Elə bu amili nəzərə alan dövlət başçısı İlham Əliyev bildirib ki, insanların sağlamlığını şərtləndirən amillərdən biri də idmandır: “Azərbaycanda bu sahədə də çox böyük işlər görülür. Son illər ərzində ölkəmizdə 30-dan çox Olimpiya-İdman Mərkəzi, idman meydançaları tikilmişdir. Ümumiyyətlə ölkəmizdə idmanla, fiziki hazırlıqla məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır. Biz gəncləri idmana cəlb etməklə bir neçə məqsədi güdürük. Birinci növbədə, onlar sağlam olurlar, digər tərəfdən, biz gəncləri pis vərdişlərdən də çəkindirməliyik”. Layihə çərçivəsində təqdim etdiyimiz bu yazı da gənc nəslin fiziki-mənəvi inkişafında böyük rol oynayan bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiyada nəzərdə tutulan bir çox məqamlarla bağlıdır.
Bədən tərbiyəsi və idmanın idarə
olunması sistemi təkmilləşdirilir
Belə ki, bədən tərbiyəsi və idman sahəsində əldə edilən inkişafın qalıcı olması, bu sahəyə daha çox uşaq və yeniyetmələri cəlb etmək üçün bədən tərbiyəsi və idmanın idarə olunması sistemi təkmilləşdiriləcək. Bədən tərbiyəsi-sağlamlıq və kütləvi idmanın yüksək səviyyəli idmançıların və idmanın ehtiyat qüvvəsinin hazırlanması məsələlərinin kompleks həllini təmin etmək üçün bədən tərbiyəsi və idmanın idarə edilməsinin müasir sisteminin yaradılması qarşıda duran ən vacib vəzifələrdən biridir. Bunun üçün ölkədə bədən tərbiyəsi və idmanın proqram-normativ əsası sayılan - Ümumrespublika Bədən tərbiyəsi və idman kompleksinin, yeniyetmə və gənclərin fiziki hazırlığının əsasını təşkil edən “Vətənin Müdafiəsinə Hazıram” Kompleksinin yaradılması nəzərdə tutulur. Kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin, o cümlədən respublika və beynəlxalq yarışların Vahid Təqvim Planı yaradılacaq. 2020-ci ilə kimi Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın idarə edilməsi sisteminin təkmilləşdirilməsinin bir sıra vəzifələrini qarşıya məqsəd kimi qoyur. Bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsinin yeni müasir strukturu hazırlanacaq, bədən tərbiyəsi və idman sahəsi üzrə müəyyən edilmiş dövlət orqanı ilə ölkədə bədən tərbiyəsi və idman hərəkatında iştirak edən digər orqanların qarşılıqlı fəaliyyətləri, bədən tərbiyəsi və idman sahəsi üzrə dövlət icra hakimiyyət orqan ilə ictimai, qeyri-hökumət və özəl bədən tərbiyəsi və idman yönümlü təşkilatlar və birliklərin qarşılıqlı fəaliyyətlərinin, hüquqi münasibətlərinin və bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi üzrə dövlət maliyyə siyasətinin təkmilləşdirliməsi nəzərdə tutulur. Yeni dövrün tələblərinə uyğun olaraq respublika, regional və bələdiyyə səviyyələrində bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsinin yeni təkmilləşdirilmiş model strukturu yaradılır. Yeni model bədən tərbiyəsi və idmana daha çox gənc nəslin cəlb edilməsinə imkan verəcək. Digər tərəfdən, şəhər və rayonlarda əhalinin sayına görə - bədən tərbiyəsi və idman yönümlü təşkilatların sayı artırılacaq. Bədən tərbiyəsi və idmanın inkişafı üzrə dövlət proqramlarının icrasında iştirak edən dövlət qurumları və digər təşkilatların konkret olaraq müəyyənləşdirilməsi, onların qarşılıqlı fəaliyyətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişafı üzrə regional, şəhər və rayonlar üzrə dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bədən tərbiyəsi və idmanın bələdiyyə orqanları tərəfindən idarə edilməsi sistemi də hazırlanır. Eyni zamanda bədən tərbiyəsi və idman haqqında qanunda bədən tərbiyəsi və idman hərəkatının idarə edilməsi sistemi və strukturu ilə bağlı əlavələrin və dəyişikliklərin edilməsi məqsədəuyğun sayılır.
Fiziki hazırlığın təkmilləşməsi
Ümumiyyətlə, Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı dövlətin, eləcədə ölkədə fəaliyyət göstərən bütün dövlət orqanlarının qarşısında duran ən əsas və vacib vəzifələrdən biridir. Xalqın sosial inkişafının və mədəniyyətinin ən əsas sahələrindən biri olan bədən tərbiyəsi və idmana daima ciddi münasibət göstərən, böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Heydər Əliyev idman ictimaiyyəti ilə görüşlərində bu sahənin dövlətimiz və onun vətəndaşları üçün nə qədər vacib olduğunu dəfələrlə vurğulayıb. Bədən tərbiyəsi və idmanın inkişafı prosesi kütləvi bədən tərbiyəsi hərəkatı xarakteri daşıyır. Bu məsələnin həllində dövlət orqanları və ictimai təşkilatların fəaliyyəti vəhdət təşkil edərək insanların fiziki-mənəvi hazırlığının təkmilləşməsi və yüksəlməsinə yönəldilib.
Bədən tərbiyəsi və idman hərəkatının təşkili və idarə olunması xalqın maraqları və dövlətin siyasətinə uyğun olmalıdır. Bu sahədə dövlət siyasəti “Bədən tərbiyəsi və idman haqqında” qanunun 3-cü maddəsində aşağıdakı kimi müəyyən edilib:
- Bədən tərbiyəsi və idmanın hüquqi bazasını yaratmaq;
- Bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi;
- Yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi və idman təşkilatları, uşaq idman müəssisələri sistemini yaratmaq;
- Bədən tərbiyəsi və idmanın inkişafı üçün zəruri maddi-texniki bazanı yaratmaq;
- Bədən tərbiyəsi və idman sənayesini inkişaf etdirmək;
- Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün idman təşkilatları üçün bərabər imkanlar yaratmaq.
Dövlət siyasətinin bu müddəaları, eyni zamanda ölkədə bədən tərbiyəsi və idman hərəkatında dövlətin rolunu və fəaliyyət istiqamətlərini əks etdirir.
Bədən tərbiyəsi və idmanın ölkədə kütləvi inkişafı, beynəlxalq aləmdə uğurlar qazana biləcək yüksək səviyyəli idmançıların hazırlanması hazırkı mərhələdə həddindən artıq mürəkkəb və çətin bir prosesdir. Bu proses onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan bütün resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir. Milli Strategiyanın həyata keçirilməsinin təmin edilməsində hazırda mövcud olan hüquqi-normativ aktlara və bundan sonra dövlət tərəfindən qəbul ediləcək yeni direktiv sənədlərə istinad edilir. Milli Strategiyanın məqsəd və vəzifələri, hədəf və istiqamətləri onun uğurla reallaşdırıla bilməsi üçün bədən tərbiyəsi və idman sahəsindəki qanunvericilikdə müvafiq dəyişikliklərin aparılması və əlavələrin edilməsini tələb edir. Əks halda Milli Strategiyanın və Dövlət Proqramlarının müəyyən edilmiş müddətlərdə icrası qeyri-mümkün olacaq.
Anar Miriyev
Palitra. -
2014.- 11 sentyabr.- S. 11.