“Palitra”nın
15 il ərzində ən böyük
qazancı oxucu etibarı olub
139 yaşlı Azərbaycan mətbuatında 15 illik dövr çox qısa zaman kəsiyi kimi görünə bilər. Amma qısa zaman olmasına baxmayaraq “Palitra” qəzeti 15 il ərzində ölkə mətbuatında özünə layiqli yer qazana, öz dəsti-xətti ilə seçilə bilib.
Bəli, “Palitra” qəzetinin ilk
sayının işıq üzü
görməsindən nə az, nə də
çox düz 15 il ötür. 1999-cu ilin sentyabr ayından nəşrə
başlayan “Palitra” bu gün 2257-ci nömrəsi
ilə oxucuların görüşünə gəlib. Bu illər ərzində qəzet olaraq öz dəsti-xəttini
yaratmaq o qədər
də asan olmayıb. Ortaya çıxan bütün çətinliklərə baxmayaraq, qəzet sadiq
qaldığı mövqedən-dövlətçiliyə
xidmətdən heç vaxt
geri çəkilməyib. 15 il ərzində daim oxuculara dəqiq, obyektiv xəbər,
analitik şərhlər
çatdırmağı özünün
əsas xətti hesab edən qəzet həmişə
milli maraqları ön
planda saxlayıb.
Son vaxtların ən çox müzakirə olunan məsələsi dövlətin, xalqın maraqlarının əleyhinə dezinformasiya yaymaqla bağlıdır. Qürurla bildirə bilərik ki, 15 il ərzində “Palitra” qəzeti heç vaxt dövlətçiliyə xidmətdən vaz keçməyərək, milli-dövlət maraqlarına zidd olan heç bir informasiya və ya dezinformasiyaya səhifələrində yer verməyib. Əksinə qəzetin əsas iş meyarı dövləti maraqları ön planda saxlayaraq, oxucuya dəqiq və obyektiv xəbər çatdırmaq olub. Azərbaycan dövlətinə qarşı xarici və bəzi üzdəniraq yerli qüvvələrin apardığı informasiya savaşı bu gün də davam edir. “Palitra” qəzeti erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən həmin qüvvələrə qarşı daima barışmaz mövqe ortaya qoyaraq, bu qüvvələrin əsl mahiyyətinin cəmiyyətə çatdırılmasında ön sıralarda dayanıb. Çap olunduğu ilk nömrədən etibarən ulu öndərin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində apardığı siyasəti təbliğ edən qəzetimiz bu gün həmin siyasi kursu uğurla davam etdirən dövlət başçısının siyasətini təbliğ edir. Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada liderlər sırasında yer alır. Kifayət qədər həssas regionda yerləşməsinə baxmayaraq, müstəqil siyasi kurs həyata keçirmək və ölkənin sabitliyinə, inkişafına nail olmaq asan məsələ deyil. “Palitra” qəzeti də məhz bu inkişafın, sabitliyin nə qədər əhəmiyyətli olduğunu konkret faktlar, təhlili yazılar, ekspert rəyləri ilə oxucularına çatdırmağa çalışır. Bununla yanaşı, qəzetimizin səhifələrində bölgə xəbərləri həmişə bolluğu ilə seçilib. Ölkədə həyata keçirilən iqtisadi kurs nəticəsində bu gün ölkəmizin regionları inkişaf dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafına hesablanan dövlət proqramlarının həyata keçirilməsinin nəticəsini bu gün regionlara səfər edən hər kəs öz gözləri ilə görür. “Palitra” qəzeti regionlarımızın inkişafı, çiçəklənməsi istiqamətində görülən işlərə səhifələrində həvəslə yer ayırmaqla, dövlət başçısının rəhbərliyi ilə görülən işlərə işıq tutmağa çalışıb. Həmin xəbərlərlə bağlı regionlardan edilən telefon zəngləri, gələn məktublar doğru yol seçdiyimizin təsdiqidir. Biz heç vaxt oxucunu aldatmamışıq, ona bu qədər xəbər bolluğunda yalan xəbər sırımağa çalışmadığımız üçün etibar qazanmışıq. Bu gün sözü dəyərdən salan, oxucuya çap və elektron media vasitəsilə yalan xəbər çatdıran çox mənbələr var. Amma biz “Palitra”çılar həmişə sözün qədrini, xəbərin mahiyyətini, çəkisini bilənlərdən olmuşuq. Oxucunun etibarı bizim üçün həmişə iş fəaliyyətində əsas olub. Biz bu etibarı 15 il ərzində oxucuya yalan “satmadığımız” üçün qazanmışıq. Cəmiyyət həyatının müxtəlif sahələrində görülən işləri, mövcud problemləri diqqətə çatdırmağa çalışmışıq. Bəzi reytinq davasına girən KİV orqanları üçün sosial sferada görülən işlər, təhsil, elm, mədəniyyət sahəsindəki yeniliklər, konkret desək, cəmiyyət üçün nümunə olan hansısa alimimizin həyatı, fəaliyyəti ikinci planda ola bilər. Amma “Palitra” cəmiyyət üçün vacib olan bu sahələri heç vaxt diqqətdən kənarda saxlamayıb. KİVDF-nin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz layihələr elm, təhsil və mədəniyyət sahələrinin inkişafı ilə bağlı olub. Bu gün isə uşaq və gənclərin fiziki-mənəvi inkişafı ilə bağlı layihə həyata keçiririk. Yəni, “Palitra” olaraq, heç vaxt ucuz şou, yalan, “şok” xəbər dalınca qaçmayaraq, cəmiyyət həyatının reallıqlarını, onun elmini, təhsilini, mədəniyyətini təbliğ etməyi vacib hesab etmişik. Elə bunun nəticəsi olaraq elm-mədəniyyət sahəsində nüfuz və sabit oxucular qazanmışıq. Bu gün həftənin 5 günü oxucuların görüşünə gəlməklə yanaşı, onlayn şəkildə “Plaitra news.az” saytımız da fəaliyyət göstərir. Oxuculara etibar etdiyi obyektiv xəbər, təhlili yazılar, cəmiyyət həyatının ayrı-ayrı sahələrində baş verən yeniliklər kollektivin gərgin və şərəfli əməyi sayəsində həm qəzet səhifəsi, həm də internet versiyası vasitəsilə çatdırılır. Azad medianın, söz azadlığının inkişafına xüsusi diqqət ayıran dövlətimiz qəzetimizin fəaliyyəti, maddi-texniki bazasının gücləndirilməsi üçün heç vaxt yardımını əsirgəməyib. Dövlət tərəfindən birdəfəlik maddi yardım və müxtəlif layihələr çərçivəsində dəstək alan redaksiyalar arasında “Palitra” da yer alır. Jurnalistlərin sosial-maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlətin qəbul etdiyi xoşməramlı addımlardan qəzetimizə də pay düşüb. Dövlət başçısının sərəncamı ilə inşa olunan və ötən il Prezidentin açılışını etdiyi binadan mənzil alanlar arasında “Palitra”nın əməkdaşları var. Bu, 15 yaşlı qəzetimizin obyektiv fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir. “Palitra”nın 15 il ərzində ən böyük qazancı oxucu etibarı olub. Özümüzə ən böyük təbrikimiz bu etibarı qorumaqla, xalqımıza qələbə xəbərini çatdırmaq olsun! 15 yaşın mübarək!
Anar Miriyev
Palitra. -
2014.- 6 sentyabr.- S. 5.