Quba soyqırımı kompleksi gənc nəslin yaddaşında əbədi iz buraxır

 

Yeniyetmə yaşında ölkəmizin tarixi, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı haqqında bu qədər dərin bilgi əldə etmək onların mənəvi inkişafı, Azərbaycan sevgisini daha da artırmaqla yanaşı erməni vəhşiliyini də daha yaxşı dərk etmələri üçün vacibdir.

Məlum olduğu kimi dövlət başçısının tapşırığına uyğun olaraq məktəblilərin respublikanın müxtəlif bölgələrinə tur-ekskursiyaları təşkil edilir. Aksiya çərçivəsində ölkəmizin müxtəlif guşələrində yerləşən tarixi məkanlar, muzeylər, mədəniyyət abidələri ilə tanış olan şagirdlər eyni zamanda bölgələrdəki inkişafın da canlı şahidi olurlar. Tur-aksiyanın yeniyetmələrin mənəvi inkişafında mühüm rol oynayacağı şübhəsizdir. Belə ki, müxtəlif tarixi məkanlarla tanışlıq, kitablar vasitəsilə məlumat aldıqları məkanlarla canlı tanışlıq onların mənəvi inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna dərəcədə böyük rol oynayacaq. Elə aksiyada iştirak edən şagirdlərin açıqlamaları da təsdiq edir ki, dövlət başçısının tapşırığı əsasında həyata keçirilən və yekunlaşmaqda olan aksiya gənc nəslin ölkəmizi tanıması, mənəvi inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silinməz izlər buraxacaq. Layihə çərçivəsində təqdim edəcəyimiz yazıda da bu məqamlara toxunacağıq. Tur-aksiyası çərçivəsində respublikanın şimal bölgəsinə ekskursiya edən ZaqatalaQax məktəblilərindən ibarət qruplar Quba rayonunun görməli yerləri ilə tanış olublar.

Aksiyanın iştirakçıları əvvəlcə Quba şəhərindəki Cümə məscidini və ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbəni ziyarət ediblər. Burada məktəblilərin diqqətinə çatdırılıb ki, tarixən tolerant ölkə olan Azərbaycanda bütün dini azlıqlara qarşı hörmət və ehtiram göstərilir. Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsinə gəliblər. Tur-aksiya iştirakçıları burada xalçanın toxunması prosesini əyani izləmək imkanı qazandılar. Məktəblilər Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ürək ağrısı ilə izləyiblər. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Ziyarətçilərə məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.

Diqqətə çatdırılıb ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq gənc nəslin yaddaşında əbədi olaraq iz buraxacaq. Yeniyetmə yaşında ölkəmizin tarixi, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı haqqında bu qədər dərin bilgi əldə etmək onların mənəvi inkişafı, Azərbaycan sevgisini daha da artırmaqla yanaşı erməni vəhşiliyini də daha yaxşı dərk etmələri üçün vacibdir.

 

Doğma yurdumuzun tarixini daha dərindən bilməliyik”

Bunu İsmayıllı şəhərindəki 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Ayşən Salmanovanın açıqlamaları da təsdiqləyir: “Vətənimizi hamı sevməlidir. Bunun üçün doğma yurdumuzun tarixini daha dərindən bilməliyik. Belə aksiyaların keçirilməsi bu işdə bizə çox böyük kömək olacaq. ŞabranQusar rayonlarında bir sıra tarixi məkanlarda olduq. Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi, “Qədim Şabran” şəhərinin qalıqları bütün şagirdlərin diqqətini çəkdi. Amma yaddaşımda heç vaxt silinməyəcək izlər buraxan məkan erməni vandallarının xalqımızın başına gətirdikləri müsibətlərin bariz sübutu olan kütləvi məzarlıq olacaq. Soyqırımı faktını bunun qədər açıq-aydın göstərə biləcək başqa yer görməmişəm. Məncə, burada şərhə ehtiyac yoxdur. Ötən əsrin əvvəllərində amansızcasına qətlə yetirilən soydaşlarımızın ağrı-acısını yaşadım”. Qəbələ, İsmayıllı və Şamaxı məktəblilərinin növbəti qrupu da 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilən Qubada olublar. Bu dəfə də şagirdlərin əsas diqqəti soyqırımı kompleksi olub. Quba Soyqırımı Memorial Kompleksində məktəblilər ekskursiyaya rəhbərlik edən tarixçi-bələdçinin dediklərinə diqqətlə qulaq asıb, bütün eşitdiklərini yadda saxlamağa çalışıblar. Məhz bu səbəbdəndir ki, Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq nəzərdə tutulduğu vaxtdan xeyli uzun çəkib.

 

“Bölgələrin inkişafı, tarixi abidələr yevlaxlı şagirdlərin marağına səbəb olub

Dörd gün müddətində İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən yevlaxlı şagirdlər rayona qayıdıblar. Qrupun rəhbəri, Rayon Təhsil Şöbəsinin məsləhətçisi Etibar Məmmədov səfərdən yüksək təəssüratla qayıtdıqlarını deyib: “Şagirdlərimiz dörd gün ərzində İsmayıllı, Qəbələ və Şəki rayonlarının təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olublar. Təbiətin gözəlliyi hamımızı heyran etdi. Bölgələrin sosial-iqtisadi inkişafı, tarixi abidələr şagirdlərin marağına səbəb olub. Bütün iştirakçılar adından tur-aksiyanın təşkilatçılarına, xüsusən də dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Malbinəsi kənd orta məktəbinin X sinif şagirdi Nərmin Bəşirzadə səfər təəssüratlarını belə ifadə edib: “Bu, mənim füsunkar təbiətlə, tarixi abidələrlə ilk tanışlığım idi. Gördüyüm hər şey marağıma səbəb oldu. Səfər etdiyimiz yerlərdə çoxlu xarici turistlərlə qarşılaşırdıq. Onların üzündəki maraq və heyranlıq ifadəsi məndə qürur hissi doğururdu. Kaş tezliklə Qarabağa da belə səfər edəydik”. Tur-aksiya şagirdlərin ölkəmizin qədim tarixi ilə bağlı biliklərini daha da artırıb. Goranboy məktəblisi Mayıl Məmmədli respublikamızın şimal-qərb bölgəsinə ekskursiya ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, bu səfər onun və dostlarının yaddaşından heç zaman silinməyəcək. Səfər çərçivəsində əvvəlcə İsmayıllının Lahıc qəsəbəsi ilə tanış olduqlarını bildirən goranboylu gənc bu yaşayış məskəni barədə əvvəlcədən tarix kitablarından müəyyən bilgiyə malik olduqlarını, əyani tanışlıqdan sonra isə Lahıc barədə məlumatların daha da genişləndiyini diqqətə çatdırıb. Sonra isə Qəbələyə gəldiklərini, bu şəhərin son illərdə çox abadlaşdığını, gözəlləşdiyini vurğulayan gənc rayonda aparılan tikinti-quruculuq işlərinə heyran qaldığını söyləyib. Şəki barədə təəssüratlarını bölüşən Goranboy məktəblisi deyib: “Şəki şəhərində bizi çox səmimi qarşıladılar. Bu, bizə çox yaxşı təsir bağışladı. Bu gün səhərdən Şəkinin tarixi yerləri ilə tanış oluruq. Şəki xanlarının sarayı həqiqətən də Azərbaycanın XVIII əsrə aid ən möhtəşəm memarlıq abidələrindən biridir. Bu saray haqqında şübhəsiz ki, hamımız əvvəlcədən məlumatlı idik. Lakin əyani surətdə gördükdən sonra bu abidəyə vurğunluğumuz daha da artdı. Digər tarixi abidələrlə tanışlıqdan sonra Şəkinin çox qədim bir yaşayış məskəni olduğunu bir daha yəqin etdik”.

 

Şəfəq Məcidova:

Bu aksiya bizə Vətənimizi sevməyi öyrədir”

Ağdaş şəhərindəki şəhid Müşfiq İsayev adına tam orta məktəbin X sinif şagirdi Şəfəq Məcidova aksiyanın gənclərimizin gələcəyi üçün çox uğurlu bir layihə olduğunu qeyd edib. Ağdaş məktəblisi bildirib ki, bu ekskursiya onlara ölkəmizin səfalı guşələrini, füsunkar təbiətini öz gözləri ilə görmək, gözəl şəhərlərimizi, orada yaşayan əhalinin yaşayış və məişət tərzini öyrənmək, eyni zamanda, tarixi abidələrlə, muzeylərlə yaxından tanış olmaq imkanı yaradıb.

Məktəbli qız daha sonra deyib: “Ölkəmizin qədimliyini təsdiq edən sənətkarlıq nümunələrinə baxarkən bir daha əmin olduq ki, Azərbaycan xalqı çox qədim xalqdır. Burada insanların məskunlaşmasının tarixi çox qədimdir. Bu aksiya bizə Vətənimizi sevməyi öyrədir. Vətənimizi sevmək üçün isə onu görmək və tanımaq çox vacibdir”.

Siracəddin Əhmədov: “Yaşı min illərlə ölçülən daş divarlara toxunmaq insanda qəribə hisslər oyadır”.

Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Siracəddin Əhmədov ilk tanışlıqlarının “Qədim Şabran” şəhərinin qalıqları olduğunu deyib: “Bu şəhər haqqında çox oxumuşam. Arxeoloji qazıntılar aparılan ərazidə olmaq, yaşı min illərlə ölçülən daş divarlara toxunmaq insanda qəribə hisslər oyadır. Səyahət etmək ən maraqlı məşğuliyyətlərdən biridir. Hər addımda yeniliklərlə qarşılaşırsan. Bizim ekskursiya proqramına nəzər yetirsəniz görərsiniz ki, 4 gün ərzində xeyli görməli yerlərdə olacağıq. Əminəm ki, bu səfər inanılmaz təəssüratlarla yadda qalacaq”.

 

Anar Miriyev

 

Palitra. - 2014.-  6 sentyabr.- S. 11.