Mançester Universitetinin tələbəsi: “İnsanlarımızda təəssürat yaranıb ki, xaricdə nə varsa yaxşıdır”

 

Nicat Cəfərli: “Özümüzü inkişaf etdirib nailiyyətlər qazanmalıyıq”

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı 628 balla Qafqaz Universitetinə qəbul olan, hazırda isə Böyük Britaniyanın Mançester Universitetində təhsilini davam etdirən Nicat Cəfərlidir. Bu savadlı və aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz.

-Mən, Cəfərli Nicat Etibar oğlu İsmayıllı rayonu Təzəkənd kəndində doğulmuşam. Kəndimizdəki M.Əzimov adına tam orta məktəbdə oxumuşam. Məktəb illərində həm dərslərdə, həm də idmanda nailiyyətlərim olub. Valideynlərimin deməsinə görə ibtidai siniflərdən belə daim müəllimlərim dərslərə hazırlıq səviyyəmdən razı qalıblar. Orta məktəbi əla qiymətlərlə bitirib, 628 balla Qafqaz Universitetinə qəbul oldumBiznesin idarə olunması ixtisası üzrə təhsilimi davam etdirdim. Bütün bu nailiyyətlərimə görə ilk növbədə orta məktəb müəllimlərimə çox borcluyam.

- Belə yüksək balla ali məktəbə qəbul olan biri təbii ki, daha iddialı olmalı idi. Başqa ölkənin ali təhsilini almaq marağı sizdə haradan yarandı?

-Haqlısınız. Adətən yüksək balla ali məktəblərə qəbul olan gənclərimiz daha iddialı olurlar. Əslində xaricdə oxumaq orta məktəbdə oxuyan vaxtlarımdan arzum olub. Anam ingilis dili müəlliməsidir və görünür bu da məndə xarici dil öyrənmək, xaricdə təhsil almaq həvəsini çox artırıb. Oxuduğum bədii kitablarda təsvir olunan ölkələrin həyat tərzi də məndə böyük maraq oyadırdı. Nəhayət Qafqaz Universitetində aldığım yüksək səviyyəli təhsil də özümə inamı artırdı. Bu işdə mənim ən yaxın dəstəkçilərim valideynlərim olublar. Təbii ki, mənim və mənim kimi gənclərin xaricdə təhsil almasına ən böyük dəstəyi dövlətimiz verir. İnanıram ki, inşallah, dövlətin gənclərə olan bu qayğısı vətənimizə və millətimizə çox xeyir verəcək.

-Qafqaz Universiteti barədə məlumatlıyıq. Xaricdə oxuduğunuz ali təhsil ocağı barədə məlumat verərdiniz.

-Qafqaz Universitetində iki il təhsil aldıqdan sonra 2013-cü ildə Böyük Britaniyanın Mançester Universitetində Mühasibat və Maliyyə ixtisasına qəbul oldum. Birinci kursu əla qiymətlərlə (“first class student”) bitirdim. Qısaca desəm, universitetdə təhsil yüksək səviyyədədir. İstər dərs deyən müəllimlərin akademik səviyyəsi, istərsə də universitetdəki sosiallıq məni çox qane edir. Ən təqdir etdiyim isə, universitetin sahib olduğu infrastrukturdur. Xüsusilə kitabxananı qeyd etməliyəm, bu Krallıqdakı 3-cü ən böyük kitabxanadır. Universitetin tədris, araşdırma və yataqxana binalarına demək olar səhərin hər yerində rast gəlmək olur. Bu da 40 mindən çox tələbə üçün əvəzedilməz imkandır.

-Azərbaycanlı tələbələrin təşkilatlanma işləri nə yerdədir? Bir-birinizə dəstək olursunuzmu?

-Ümumiyyətlə, hər şey normal səviyyədədir. Təhsil aldığım universitetdə 130 nəfərdən artıq üzvü olan Azərbaycanlı Tələbələr Cəmiyyəti fəaliyyət göstərir. Mən də elə ilk ildən bu cəmiyyətə qoşulmuşam və hətta, idarə heyətinə maliyyə işləri üzrə seçilmişəm. Onu da qeyd edim ki, bizim cəmiyyətin prezidenti və idarə heyəti tam demokratik şəkildə seçilir. Hətta digər tələbələrimizin də iştirakı ilə namizədlər arasında debatlar da keçirilir. Tədbirlərə gəldikdə, bu il ərzində müxtəlif tədbirlər olub. Məsələn, Xocalı Soyqırımının və digər Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı orijinal layihələrimiz olub. Ən uğurlu işimiz isə yəqin ki, Britaniyada indiyədək azərbaycanlı tələbələr tərəfindən hazırlanan ən geniş iştirakçısı olan Azərbaycan Gecəsi oldu. Tədbirdə 100-dən çox müxtəlif millətlərdən olan tələbələr və qonaqlar iştirak etdilər. Qonaqlara milli musiqi, milli xörəklər, Azərbaycana aid gözəl rəsm qalereyası və s. təqdim olundu, həmçinin bir sözlə çox uğurlu layihə idi. Düşünürəm ki, xarici tələbələrin diqqətini bu cur orijinal layihələrlə cəlb edib onlarda Azərbaycana və Azərbaycan mədəniyyətinə maraq oyatmaq lazımdır. Bütün bunlardan əlavə universitetin bir neçə cəmiyyətinə də üzvəm və onların da tədbirlərində vaxt tapdıqca iştirak edirəm. Məsəl üçün UNESCO-nun kimsəsiz uşaqlar üçün təşkil etdiyi xeyriyyə futbol çempionatında da komanda kapitanı kimi iştirak etmişəm.

-Universitetdəki sosiallığın sizi qane etməsini dediniz. Bəs bundan dərəcədə yararlana bilirsiniz?

-Bir az əvvəl qeyd etdiyim kimi, bizim tələbələr çox aktivdirlər, müxtəlif fəaliyyətlərə qoşulurlar, hətta tanıdığım tələbələrimizdən universitet nəzdində səyahət cəmiyyəti təşkil edən var. Həmçinin xüsusilə yuxarı kurs tələbələrimizin müxtəlif ölkələrdən yaxşı münasibətdə olduğu dostları var, bu da sosiallığı artırır. Mənə elə gəlir burada əsas məsələ elə sosial olmaqdır. Yəni, əgər hansısa həqiqətləri insanlara çatdırmaq istəyiriksə bunun üçün müəyyən bir meydandakı aksiyadan daha çox təsirli olan vasitə birbaşa ünsiyyətdir. Hər bir tələbə xarici dostları ilə bir neçə dəfə ölkəmizlə bağlı söhbət edəndə bunun effekti doğurdan da böyük olur. Onu da qeyd edim ki, bizim Londondakı səfirliyimizlə əlaqələrimiz yüksək səviyyədədir. Onlar bizi mütəmadi olaraq Krallıqdakı müxtəlif tədbirlə bağlı məlumatlandırırlar, biz bacardığımız qədər iştirak edirik.

-Gəncliyimizin hazırkı durumu sizi qane edirmi? Gənclərin maraq məşğuliyyətlərində hansı mənfi hallar var?

-Səmimi desəm, bu çox geniş mövzudur fikrimcə, müsbət hallar qədər çoxdursa da mənfi tendensiyalar da var. Son illərdə gənclərin təhsilə, xüsusilə keyfiyyətli təhsilə həm marağı həm tələbinin artmağı çox təqdirəlayiq haldır. Bundan başqa gənclər indi cəmiyyətdəki problemlərin həllinə daha diqqətlidirlər, il boyu ölkədə müxtəlif tədbirlər, görüşlər, yay məktəbləri, seminarlar s. keçirilir. Azərbaycandakı dostlarımdan da eşidirəm ki, bu tədbirlərə maraq da, iştirak da çox yüksəkdir. Digər bir məsələ budur ki, indi gənclərimiz daha çox məlumatlıdırlar, dünya görüşləri daha yüksəkdir. Eyni zamanda dünyada olan proseslərlə vaxtında tanış ola bilirlər. Yəqin ki, bunda internetin xüsusilə sosial şəbəkələrin rolu böyük olub. Əsas mənfi hal kimi isə qloballaşmanın gətirdiyi problemləri qeyd etmək olar. Təəssüf ki, insanlarımızda belə bir təəssürat yaranıb ki, xaricdə varsa yaxşıdır. Amma bu heç belə deyil. Mən özüm bir il burda yaşayandan sonra buna daha da əminəm. Yəni, milli-mənəvi dəyərlərimizin aşınmasına qətiyyən imkan vermək olmaz. Gənclər bu gün Avropadan yüksək təhsil, peşəkarlıq s. kimi müsbət keyfiyyətləri mənimsəməlidirlər. Lakin unutmamalıdırlar ki, demək olar, heç bir qərb ölkəsində bizdəki əxlaqi, mənəvi dini dəyərlər yoxdur. Ona görə düşünürəm ki, bir azərbaycanlı kimi hər birimiz Qərbdən müsbət dəyərləri öyrənməli, ölkəmizdə tətbiq etməliyik, amma bu tarix boyu sahib olduğumuz adət-ənənələrimizi, insanlar arasındakı həqiqi səmimiyyəti, dinimizi, dəyərlərimizi unutmağa səbəb olmamalıdır.

-Bəs son illərdə dövlətin gənclərimizin daha çox xaricdə təhsil almaları üçün göstərdiyi dəstəyi necə dəyərləndirərdiniz?

-Bu, heç şübhəsiz çox müsbət haldır. Bayaq da dediyim kimi, gənclər arasında olan bu tələbat onu göstərir ki, artıq keyfiyyətli təhsilin, elmin dəyərini anlayanlar cəmiyyətdə çoxalırlar. Doğrudan da dünyadakı istər sənaye, istər iqtisadi digər sahələrdəki yeni standartlara uyğunlaşmaq, bunu ölkəmizdə tətbiq eləmək üçün xaricdə təhsil almış gənclərə çox ehtiyac var. Danılmaz faktdır ki, əgər xaricdə təhsil üzrə dövlət proqramı olmasaydı, əksər tələbələrin başqa ölkələrə oxumağa getməsi mümkün olmazdı. Bir daha qeyd edirəm ki, bu, çox uzaqgörən siyasətdir düzgün atılmış strateji addımdır. Mən çox istərdim ki, bu proqramlar daha da genişlənsin tələbə göndərdiyimiz ölkələr arasına yeniləri əlavə olunsun. Tələbələr gərək belə fürsətləri qaçırmasınlar, özümüzü inkişaf etdirib nailiyyətlər qazanmalıyıq.

- Xaricdə təhsil üçün açılan imkanları yüksək dəyərləndirdiniz. Ölkəmizdə ali təhsil almaq üçün yaradılan şərait necə, sizi qane edirmi?

-Sadaladığım fürsətlər elə özü bu suala cavabdır. Amma etiraf etməliyik ki, hələ həll etməli olduğumuz çox məsələlər var. Ən əsası, ölkə daxilindəki ali təhsil müəssisələrinin bir çoxu hələ də müasir standartlara cavab vermir. Maddi texniki baza problemləri və dərslərdə praktikaya az önəm verilməsi əsas çətinliklərdəndir. Ona görə də bu məsələlərin həllini tapmasına ehtiyac var və əgər belə olsa biz xaricdə verilən təhsili elə öz vətənimizdə çatdırmaq adına çox böyük addım atmış olardıq. Dövlətimizin orta məktəblərdə apardığı islahatlar çox müsbət haldır, və gələcəkdə bu məktəblərdə ali məktəblər üçün daha müasir təhsilə yiyələnmiş tələbələr yetişəcək. Buna görə də ali məktəblərimiz də belə bir tələbata cavab verə biləcək səviyyədə olmalıdır. Düşünürəm ki, bu məsələdə lazımi orqanlarda işlər görülür, proqramlar hazırlanır, amma bu işdə bütün gənclərin və tələbələrin də üzərinə məsuliyyət düşür. Ümumiyyətlə, hər şeyi hazır şəkildə gözləmək düzgün deyil. Gərək hamımız üzərimizə düşən məsuliyyəti anlayaq və lazımi işlər görək.

-Gələcəklə bağlı hansısa planlarınız varmı?

-Hazırda əsas məqsədim bakalavr təhsilimi maksimum şəkildə yaxşı bitirməkdir və Krallıqda olan imkanlardan da məqsədyönlü şəkildə istifadə etmək istəyirəm. Bundan sonra Vətənə qayıtmaq, hərbi xidmət və yəqin ki, magistr təhsili almaq barədə düşünürəm. Mənim fikrimcə, insan gərək planlı yaşasın. Amma çox da uzun müddətli planlar quran biri deyiləm. Gərək hər şeyə hazırlıqlı olasan. Əsas məsələ hansı işləri necə və ya harada etdiyimiz yox, nə üçün etdiyimizdir. Yəni, gərək niyyəti, məqsədi yüksək tutasan, Vətənə, millətə xeyir vermək, insanlara fayda vermək belə ali məqsədlərdəndir. Mən də çalışıram ki, harada olmağımdan asılı olmayaraq öz vətənimə, dinimə, xalqımızın dəyərlərinə bağlı qalım və ali məqsədlər uğrunda yaşayım.

 

Tural Tağıyev

 

Palitra. - 2014.- 17 sentyabr.- S. 6.