Müstəqillik
qazandıqdan sonra gənclərin fiziki inkişafı yeni mərhələyə
keçdi
Azərbaycanda gənclərin, yeniyetmələrin və uşaqların fiziki inkişafı dövlətimizin yenidən müstəqillik qazanmasından sonra yeni mərhələyə qədəm qoydu. Bunun üçün yaxın keçmişə qısa nəzər yetirməyə dəyər. Belə ki, 1991-ci il, oktyabrın 18-də ölkəmiz müstəqillik haqqında Konstitusiya aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi və SSRİ-nin tərkibindən çıxdığını, öz dövlət müstəqilliyini dünyaya nümayiş etdirdi. Azərbaycan qısa müddətdə dünya birliyi və BMT tərəfindən tanındı və beynəlxalq hüququn subyektinə çevrildi. Amma müstəqillik ilk vaxtlarda ölkə hakimiyyətinə gələn siyasilər tərəfindən lazımınca dərk edilmədi.
Bunun nəticəsi idi ki, həmin naşı “strateqlər” və onların təmsil etdiyi qüvvələr keçid dövrü burulğanında ilişib qaldılar, onlar ölkəni xaosa, hərc-mərcliyə, dərin sosial-iqtisadi və milli böhrana sürüklədilər. Müstəqilliyin ilk illərinin sosial-siyasi gərginlikləri, düşünülməmiş siyasi qərarlar, antimilli siyasət, silahlı qarşıdurmalar yeni yaranmış dövlətin mövcudluq limitini tükətməkdə idi.
Məhz belə təhlükəli tarixi məqamda xalqın, dövlətin və müstəqilliyin xilaskarı, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. 1993-cü ilin iyunundan ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsini aradan qaldırdı. Heydər Əliyev dövlətin mövcudluğunu təhdid edən bütün təhlükələri dəf etdi və Azərbaycanı sözün əsl mənasında bir dövlət olaraq yenidən qurmağa başladı.
Qeyd etmək lazımdır ki, bu zamandan etibarən ölkənin hərtərəfli inkişafı mərhələsi fonunda Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə çox effektli xidmət edən, bayrağını dünya idman arenalarında yüksəklərə qaldıran, ən əsası, gənclərin fiziki inkişafında dönüş yaradan idman sahəsi çox sürətlə inkişaf etməyə başladı. Heydər Əliyev ölkə rəhbəri kimi fəaliyyətə qayıtdığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. O, gənclərin ictimai həyatda təşkilatlanması, aktivləşməsi və idarəçiliyə cəlb olunması ilə yanaşı, onların idmanla məşğul olmalarını da vacib amil sayırdı. Ümummilli lider eyni zamanda idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırırdı. Bu məqsədlə o, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə də ciddi diqqət yetirirdi. Heydər Əliyev 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Bakıya gələn Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roqu qəbul etmişdi. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdı.
Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətimizin başçısı Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Heydər Əliyev bu barədə deyirdi: "Sağlamlığın birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanı yüksək səviyyəyə qaldırmasıdır. Ona görə də biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöqteyi-nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik".
Qeyd edək ki, idmançıların fəaliyyətinin və uğurlarının daha da stimullaşdırılması üçün 1995-ci il martın 5-də Prezidentin yeni bir fərmanı ilə Azərbaycan Prezidenti yanında idman fondu yaradıldı.
Ölkəmizin Olimpiya hərəkatına uğurlu bir şəkildə qoşulma əzminin nəticəsi idi ki, 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. Gənclərin idmana cəlb olunması üçün Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə Olimpiya İdman Kompleksləri istifadəyə verildi. Müstəqil Azərbaycanın idmançılarının bu oyunlarda uğurlu çıxışının əsası məhz həmin ildən başlayır. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasında 23 nəfər idmançı ilə iştirak edən Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti hesab edilir. Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etmiş, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açmışdır. Artıq 1998-ci ilin yayında İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Yeniyetmələrin Respublika Oyunları keçirildi. Ölkənin bütün regionlarından minlərlə yeniyetmə idman yarışlarına cəlb olundu. Bu gün idman və gənclik problemi ilə bağlı elmi ədəbiyyatı oxuduqda MOK prezidentinin bu məsələyə münasibətinin nə qədər düzgün və obyektiv olduğunun şahidi olursan. Sosioloji sorğular göstərir ki, idman həyat və dünya haqqında ilkin təsəvvürləri formalaşdıran ən gözəl vasitədir. Məhz idmanda müasir cəmiyyət üçün son dərəcə vacib olan dəyərlər - mübarizədə imkanların bərabərliyi, uğurun bərabər mübarizədə qazanılması, birinci olmağa can atmaq, yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək bacarığını formalaşdırmaq kimi dəyərlər özünü büruzə verir. Gənc idmançıların idman meydanlarında aldıqları dərslər, əldə etdikləri vərdişlər sonralar həyatda onlara həmişə yardımçı olur. İdman insanda özünə, öz gücünə arxalanmaq, komanda yoldaşına yardım göstərmək, ən başlıcası isə vətənpərvərlik kimi vacib keyfiyyətləri formalaşdırır. İdman gəncləri təşəbbüskarlığa, əməksevərliyə, səbrə, iradəliliyə, dözümə öyrədir. Milli Olimpiya Komitəsi tərəfindən beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançılarımızın layiqincə mükafatlandırılması isə onlara göstərilən qayğının bariz nümunəsidir. Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Roq Azərbaycanın Milli Olimpiya Komitəsinin fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib.
Yeniyetmələr arasında idmanın inkişafı və təbliği istiqamətində Milli Olimpiya Komitəsinin irəli atdığı ilk addım isə iki ildən bir Yeniyetmələrin Respublika Oyunlarının təşkili və keçirilməsi oldusa, sonra bu işlər çoxplanlı şəkil aldı. Azərbaycanın yeniyetmə idmançılarının müxtəlif beynəlxalq yarışlara göndərilməsi, onların Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin himayəsi altında keçirilən böyük idman tədbirlərində iştirakı təmin olundu. Eyni zamanda, Azərbaycanda yeniyetmələr arasında qitə və dünya miqyaslı yarışların təşkili və keçirilməsi sahəsində işlər həyata keçirildi. Ötən illərdə Azərbaycanda dəfələrlə Yeniyetmələrin Respublika Oyunları keçirilmişdir.
Qeyd edək ki, artıq 2000-ci ildə keçirilən Sidney Olimpiadasında Azərbaycan 2 qızıl, bir bürünc medal qazanmaqla yarışda yüksək və ləyaqətli yerlərdən birinə sahib olmuşdu.
Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı olduğu dövrdən etibarən ölkədə idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edildi və gənclər və idman siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu. Burada Azərbaycanda 2 Fevral Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi də nəzərdə tutulmuşdu. O da məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edildi. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə , sağlam ruhuna böyük inamla yanaşdığını daim ifadə edib.
2008-ci ildə keçirilən olimpiya oyunlarında Azərbaycan yeni olimpiya zirvələrini fəth etdi. Ölkəmiz 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmaqla yenə öncül sıralarda yer aldı.
Xüsusilə qeyd edilməlidir ki, ötən illərdə Gəncə, Naxçıvan, Şəki, Quba, Şamaxı, Lənkəran, Masallı, Qazax, Bərdədə, Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində və digər bölgələrdə olimpiya-idman kompleksləri tikildi və istifadəyə verildi. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir.
Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir.
İdman sahəsində qanunvericilyin dövrün tələblərinə uyğun təkmilləşdirilməsi də idman və gənclərin fiziki inkişafı sahəsində həyata keçirilən effektli islahatlar sırasındadır - 2009-cu ildə qəbul olunmuş qanunda idmançıların konkret hüquq və vəzifələri də yer alır.
Azərbaycanın güclü bir idman ölkəsi olduğu bu il bir daha təsdiqini tapdı. Məsələn, bir neçə il öncə cüdo üzrə kişilər arasında Dünya Kuboku keçirildi. Bu, həm də olimpiya oyunlarına lisenziya turniri xarakteri daşıyırdı. İdmançılarımız bu mötəbər yarışda uğurla çıxış edərək lisenziya ballarını artırdılar. Belə ki, 2 qızıl, 1 gümüş, 1 də bürünc medal qazandılar. Eləcə də boks üzrə ilk dəfə olaraq ölkəmizdə dünya çempionatı keçirildi. Bu, olimpiya oyunlarına lisenziya xarakteri daşıyırdı. Burada ilk dəfə olaraq ən ağır çəki üzrə Azərbaycan idmançısı dünya çempionu oldu. İdmançılarımız yarışda 1 qızıl, 1 gümüş - 4 olimpiya lisenziyası qazandılar. Qadınlardan ibarət “Rabitə” voleybol komandasının klublar arasında dünya çempionluğunu qazanması isə möhtəşəm bir idman uğurudur. Bu qələbə göstərdi ki, Azərbaycan idmançıları komanda oyunlarında da ən yüksək pilləyə qalxmağa qabildirlər. Onu da demək yerinə düşər ki, Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvondo, güləş, boks, karate və s. bu kimi olimpiya növlərinə daxil olan idman yarışlarının, dünya və Avropa çempionatlarının məhz Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.
Ümumiyyətlə,bu gün idman Azərbaycanın sosial prioritetləri sırasına daxildir. Azərbaycan güclü bir idman ölkəsi kimi tanınır. İdman sosiologiyası istiqamətində araşdırmalar göstərir ki, bugünkü həyatımızın "idman və gənclik", "idman və tərəqqi", "idman və humanizm", "idman və şəxsiyyətin hərtərəfli inkişafı", "idman və kütləvi tamaşalar", "idman və mədəniyyət", "idman və ekologiya", "idman və qadın" kimi sosial məsələləri də qarşılıqlı vəhdətdədir. Bu da Azərbaycan dövlətinin sosial siyasətinin əsas qollarından birini təşkil edir. Respublikamızda son onillikdə sosial siyasətin idman və olimpiya hərəkatı istiqamətində qazanılmış uğurlar, başqa dövlətlərə örnək ola biləcək təcrübə də bunu sübut edir. Bu gün ölkədə idman çox böyük sürətlə kütləviləşir. Bu, xalqımızı daha böyük qələbələrə ruhlandırır. İdmançılara qayğı və diqqətin artırılması işi dövlət səviyyəsində davam etdirilir.
İlkin AĞAYEV
Palitra. -
2014.- 18 sentyabr.- S. 11.