ADİU ilə
Türkiyə universitetləri arasında ilk
telekörpü
Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında ilk dəfə olaraq ADİU ilə Türkiyənin Hacettepe və İzmir Ekonomi universitetləri arasında telekörpü keçirilib. Telekörpüdə Hacettepe Universiteti ilə ADİU arasındakı mövcud əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib. Hər iki universitet arasında müəllim və tələbə mübadiləsi prosesinin genişləndirilməsi, həmçinin Mövlana proqramından daha səmərəli istifadə edilməsi məsələlərində razılıq əldə olunub. Tərəflər həmçinin təşkilatçısı olduqları Avrasiya Sosial Elmlər Forumunun da hər il müntəzəm qaydada keçirilməsi və bu çərçivədə elmi əməkdaşlıqlarını davam etdirmələrinin əhəmiyyəti üzərində dayanıblar. ADİU, Hacettepe Universiteti, Qazaxıstan Ahmet Yesevi Universiteti və Qırğızıstan Manas Universiteti tərəfindən birgə təsis edilən Avrasiya Sosial Elmlər Forumunun üçüncüsü bu il 15-16 noyabr tarixində Almatı şəhərində keçiriləcək. Telekörpüdə Forumun yüksək səviyyədə təşkil edilməsi məqsədilə bir sıra təşkilati məsələlər də müzakirə edilib.
İzmir Ekonomi Universiteti ilə təşkil olunan telekörpüdə müzakirələr nəticəsində iki universitet arasında iqtisadiyyat, biznesin təşkili, logistika, muhasibat və audit, sığortaçılıq və risklərin idarə edilməsi, beynəlxalq ticarət, dizayn, sənaye mühəndisliyi, qida mühəndisliyi və distant təhsil sahələrində tədqiqat və tədris təcrübələrinin mübadiləsi, tələbə və müəllim mübadiləsi, həmçinin də tələbə təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması üzrə razılıq əldə edilib. Müzakirələrin sonunda yaxın günlərdə iki universitet arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə geniş məzmunlu əməkdaşlıq müqaviləsinin imzalanması qərara alınıb.
Telekörpünün sonunda universitetlərin rəsmiləri tələbələri maraqlandıran sualları cavablandırıb.
Nigar
Palitra. -
2014.- 18 sentyabr.- S. 13.