İradə Musayeva: “Hazırkı ədəbi
mühitimiz çox
maraqsız və quramadır”
Müsahibimiz filologiya
üzrə fəlsəfə doktoru, tənqidçi
İradə Musayevadır
- İlk tənqidi məqalənizi nə vaxt yazmısınız?
- İlk dəfə tələbə olanda “Ədəbiyyat və incəsənət” qəzetində “Qiymət” adında məqaləm çap olunub. Amma o tənqidi məqalə deyildi. Ümumiyyətlə, mən onu hekayə kimi yazdım, qəzetdə publisistik material kimi verdilər. Amma özüm haqqında tənqidçi adını ilk dəfə “Azərbaycan” jurnalında çap olunan Vaqif Səmədoğlunun yaradıcılığı ilə bağlı “Ölüm, səni çox yaşadım” adlı məqaləmə görə aldım. Yəni, ilk dəfə mənim yazımın tənqidi məqalə olduğunu bu jurnal və əlbəttə ki, Vaqif Yusifli aydınlaşdırdı.
-Tənqidçi olmaq asandır, yoxsa yazıçı?
- Heç biri. Yaxşı yazıçı və ya tənqidçi olmaq bütün ömrünü tələb edir - Belinski, Tolstoy, Hemenquey, Kafka kimi. Elə həddə çatdırır ki, ya kəndirdən, ya da qələmdən özünü asmalı olursan. Amma biz bu peşələrə əyləncə, məşğuliyyət, zövq mənbəyi kimi baxırıq. Yeyib-içib, gəzib-dolanıb, vaxt tapanda da yazı stolunun arxasında otururuq. İşarası yazılan yazılar ədəbiyyat ola bilmir. Ədəbiyyat ruhla, insanın ilahi tərəfi, canı, mənəvi aləmi ilə bağlıdır. İnsanın ruhu mədəsi kimi deyil, hər şeyi qəbul edə bilmir. Ona görə də belə qeyri-səmimi, ağrı, əzab, zəhmətlə doğulmayan əsərlər oxucunun ruhuna yol tapa bilmir. Yalançı kədər, yalançı sevinc, ürəkbulandırıcı sevgi qafiyələri və sairə ifadələr oxucunu usandırır.
-Tənqiddən zövq alırsınız, yoxsa tərifdən?
- Əslində, ancaq yaxşı əsəri oxuyanda zövq alıram. Amma tənqidçi olmaq bu zövqə də mane olur. Çünki adi oxucu kimi yox, tənqidçi kimi əsəri oxuyanda ədəbiyyatşünaslıq qanunlarının diktəsi öz sözünü deyir. Obraz, xarakter, prototip, tipikləşdirmə, ümumiləşdirmə, metod, cərəyan, peyzaj, bədii ifadə vasitələri və sair qanunlardan doğan sualların müşayiəti ilə əsəri oxuyursan. Məsələn, oxucu hansısa bir əsərin qəhrəmanı Arifə elə Arif kimi baxır. Amma tənqidçi, ədəbiyyatşünas tez aydınlaşdırmağa çalışır ki, görək yazıçı bu obrazı necə işləyib? Onun xarakterini, tipini, portretini necə yaradıb? Yəni, daha çox sənətkarlıq istedadını aşkarlayır. Təbii ki, dünya ədəbiyyatının nəhənglərini oxuyanda bu “sınama” prosesi tez keçir, artıq 10-15 səhifədən sonra hətta özünü də unudursan. Bu, artıq dahilik olur. Bütün nəzəriyyələri, qanunları, hətta tənqidçiləri içində əridən dahilikdir.
- Hansı janrda əsərlər oxumağı sevirsiniz?
- Əvvəllər şeir oxumağı və təhlil etməyi
sevirdim… Amma indi daha çox roman tənqidi ilə məşğulam. Onu da deyim ki, şeir
tənqidçisi olmaq,
roman tənqidçisi olmaqdan
çox çətindir.
-Müasir ədəbi tənqiddə
ən çox oxunan və obyektivliyinə görə,
çox zaman birmənalı qəbul edilən tənqidçi kimi tanınırsınız.
Bir çox yazıçılar
var ki, əsərləri
haqqında sizin rəyinizi bilmək istəyirlər. Niyə
görə az
yazırsınız?
- Az yazıram.
Bir az
öncə dediyim məsələ - vaxtsızlıq.
Ona görə özümü
də tənqid edirəm. Sırf tənqidçi olmaq
lazımdır. Mən
isə həm ali məktəbdə
müəllimə, həm
ictimaiyyətçi, həm
televiziya verilişlərində
ekspert, həm də ev işləri
ilə ciddi məşğul olan evdar qadın, həmçinin, valideyn vəzifəsini icra edirəm. Bir az da məni qələmdən
soyudan keyfiyyətsiz yazıların çoxluğudur.
İstedadsızlar qələmi yerə
qoymur ki, meyarlar bilinsin. Hamı hər şeydən yazır.
Hamının yazması və hər şeydən yazmasına əslində etiraz etməməliyik. Amma ədəbiyyat
dəstə-dəstə, qrup-qrup,
təşkilat-təşkilat yaradıcılığın meydanı
deyil. Sanki müasir Azərbaycan ədəbi prosesində hamı bir-birinin cibindən çıxır.
Hamı dostdur, düşmənlər isə
ideya, fikir düşməni deyil, can
düşməni, qan
düşmənidir. Qruplaşmış düşmənçiliklər var. Hər hansı bir saytın, ya da qəzetin
işçiləri olan
yazarlar bir otaqda oturursa, mütləq növbə ilə bir-birini dahi elan etməlidir.
Ədəbiyyatı, sözü ilahi
məqamından endirib,
bu qədər kiçiltmək olmaz.
-Kimləri özünüzə ustad
sayırsınız?
- Tənqidçi
olmaq asan deyil, xüsusilə qadın müəllif üçün. Dünya təcrübəsi
də bunu deyir. Sənətdə, ədəbiyyatda konkret ustad olmaz.
Belə olsa, deməli sən heç kimsən, yəni dublikatsan. Füzulinin
Nizamiyə, Aşıq
Ələsgərin Aşıq
Alıya “ustad” dediyinə baxmayın. Onların hər birinin bəhrələndiyi yüzlərlə
mənbələr, müəlliflər
var. Bu, ustad söhbəti
sadəcə etik bir jestdir. Az öncə
də qeyd etdik, əlbəttə tənqidçi olmaq çox çətindir. Bu dəqiqə bizdə
professional tənqidçi 5-6 nəfər olar, ya olmaz. Tənqid hesabatlarında onlarla ad sadalayırlar. Bunların içində
yazıçılar, dilçilər,
jurnalistlər, bəlkə
dərinə getsək,
aşıqlar, müğənnilər
də var. Ancaq oxusanız, görəcəksiniz
ki, “dost tostu”dur, ədəbiyyatla əlaqəsi
yoxdur.
Qadın kimi isə tənqidçilikdə
çətinlik hiss etmirəm.
Ümumiyyətlə isə bütün
sənətlərdə qadınlar
kişilərdən azdır.
Məsələn, rəssam kişilər
çoxdur, ya qadınlar? Bəstəkarlar,
yazıçılar da
eləcə...
-Nə vaxtsa bədii əsər yazmısınızmı?
Bir çox tənqidçilər
bunu edib.
- Bədii əsər yazmağa cəsarət etməmişəm.
Tənqiddə nə qədər
ürəkli olsam da, bədii əsər müəllifi
olmaq iddiasında çox qorxağam. Yaxşı yazıçı olmaq mənə o qədər çətin gəlir ki, bu işi
ləyaqətlə yerinə
yetirənləri qəhrəman
hesab edirəm. Mənim bədii mətnə qarşı tələbkarlığım
o qədər ciddidir ki, özümü bu meydanda sınamağa
ürək eləmərəm.
Bir neçə dəfə yazmışam. Amma bir neçə cümlədən sonra özümü “ yıxıb-sürümüşəm”.
-Kimləri oxuyursunuz? Hamını və çap
olunan hər əsəri oxumaq məcburiyyəti tənqidçini
incidirmi?
- Mənə qalsa, dünya ədəbiyyatını, klassik
ədəbiyyatı oxuyardım.
A. Ekzüperini, K. Hamsunu,
A.Kamyunu, C.Steynbeki yenidən arxayın oxumaq istərdim. Hər dəfə M.Füzulidən
mühazirə deyəndə,
danışa-danışa özümə
söz verirəm ki, evə çatan
kimi Füzulini büsbütün yenidən
oxuyacağam və hətta, onunla bağlı tədqiqatlar da aparmaq istəyirdim.
Klassik ədəbiyyatımız haqqında
yanlış araşdırmalar
çoxdur. Məsələn, İ.Nəsimini, N.Gəncəvinin
özünü, M.Füzulini
- xüsusilə onun “Leyli və Məcnun”unu
tamamilə səhv izah ediblər. Dərsliklər hələ də
Leylinin faciəsini izah edəndə “qadın hüquqsuzluğu”
şablonunu yapışdırıb,
əsəri təhrif
edirlər.
M.F.Axundov da, H.Cavid də
çox primitiv metodologiya ilə təqdim olunur. Bircə qaldı
hər çap olunan əsəri oxumaq məcburiyyəti.
Əlbəttə incidir. Amma bu, bir dəfə olur. Hər istedadsız yazıçıdan
bircə əsər oxuyuram. Nə qədər desələr
də ki, “Dəyişdim, əvvəlki
əsərimi özüm
də bəyənmirəm”
inanmıram. İnsana yenidən
istedad verilmir, doğulanda nədirsə,
odur.
-Azərbaycan ədəbiyyatının tənqidçisi
olmaq necədir? Zövq verir, yoxsa əzab?
- Az öncə
də dediyim kimi, zövq vermir. Hazırkı ədəbi mühitimiz
çox maraqsız və quramadır. Qeyri-təbii
bir mənzərə formalaşıb. Bunun da obyektiv və subyektiv səbəbləri
var.
Xəyalə GÜNƏŞ
Palitra. -
2014.- 10 sentyabr.- S. 13.