Dövlət qulluğu üzrə milli təlim strategiyası hazırlanır

 

Bakıda 24 ölkə təmsilçisinin iştirakı ilə dövlət qulluğunda səmərəliliyin artırılmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir

 

Dünən Bakıda dövlət qulluqçularının potensialının gücləndirilməsi yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfransdan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğızıstan Respublikasının Dövlət Kadrlar Xidməti arasında “Dövlət qulluğunun idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında” memorandum imzalanıb.

Konfransda çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanın son dövrlərdə iqtisadi-siyasi, ticari və digər sahələrdə qazandığı nailiyyətlər barədə məlumat verib. Ötən illər ərzində dövlət qulluqçularının potensialının artırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirən komissiya sədri dövlət qulluğuna inamın artırılmasının qarşıya yeni hədəflər qoyduğunu vurğulayıb. Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığının yüksək səviyyədə davam etdiyini deyən B.Xəlilov dövlət qulluğu üzrə milli təlim strategiyasının hazırlanması istiqamətində görülən işlərdən bəhs edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard hər bir cəmiyyətdə mövcud olan dövlət qulluğunda əlaqələndirmənin qurulmasının əhəmiyyətinə toxunub. O bildirib ki, bu sahədə Avropa İttifaqı ilə Azərbaycan arasında sazişlər imzalanacaq. Bu addımlar Aİ ilə Azərbaycanı daha da yaxınlaşdıracaq.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevbu cür tədbirlərin dövlət qulluğu sahəsində yeni çağırışların müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində geniş hüquqi bazanın mövcudluğunu diqqətə çatdıran S.Babayev qeyd edib ki, ötən illərlə müqayisədə artan ticarət dövriyyəsi əlaqələrin geniş diapazonundan xəbər verir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Aİ-nin yardım proqramlarında fəal iştirak edir. Hazırda 34 layihə üzərində aparılır.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger çıxışında dövlət qulluqçularının imkanlarının genişləndirilməsi istiqamətində mütəmadi aparılmasının vacibliyindən danışıb. İstənilən sahədə uyğunsuzluğun tarazlaşdırmasında bu cür konfransların əhəmiyyətli rol oynadığını qeyd edən V.Mössinqer bildirib ki, dövlət qulluğu qloballaşan dünyada vətəndaşların tələbatına cavab verməlidir. Onun fikrincə, qanunvericilik, praktika və təlim əlaqəli şəkildə inkişaf etdirilməlidir. Liberal demokratiyalara malik olan ölkələrin ictimai mühitə uyğunlaşdırılması vacibdir. Bu baxımdan Azərbaycan gündən-günə inkişaf edir, öz iqtisadiyyatını, sənayesini uğurlu şəkildə qurmağı bacarır. Astana Dövlət Qulluğu Regional Şəbəkəsinin rəhbəri Əlixan Baymenov Qazaxıstanın dövlət qulluğu sahəsindəki təcrübəsi barədə məlumat verib. Makedoniya baş nazirinin Avropa İttifaqı məsələləri üzrə müşaviri Tatyana ArsovaAvrointeqrasiya üçün dövlət qulluğunda bacarıqların inkişaf etdirilməsi” mövzusunda təqdimatla çıxış edib. Azərbaycanın bu istiqamətdə uğurlu tədbirlər həyata keçirdiyini deyən T.Arsova Makedoniyanın ölkəmiz ilə dövlət qulluğu sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Konfrans panel sessiyalarla davam edib. Almaniyalı müstəqil ekspert Kristofer Vaynmanın moderatorluğu ilə keçirilən plenar sessiyada Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərovun “Universitet və dövlət qulluğu: inkişaf üçün əməkdaşlıq” mövzusunda çıxışı dinlənilib. Daha sonra “Dövlət qulluqçularının bacarıqlarının inkişafı üzrə metod və alətlər”, “Dövlət qulluğu üzrə təlim institutları: strategiya, qanunvericilik və təcrübə”, “Dövlət qulluğunda bacarıqların inkişafı üzrə əsas məsələlər” mövzuları ətrafında geniş müzakirələr aparılıb.

Bu gün davam edəcək konfrans Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) birgə təşkilatçılığı ilə keçirilir. Konfransda 24 ölkəni təmsil edən 80-dən artıq nümayəndə iştirak edir.

 

Cavidan

 

Palitra. - 2014.-  11 sentyabr.- S. 5.