Bütün ölkə üzrə uşaq idmanı təşviq ediləcək

 

Bölgələrdə müasir idman obeyktlərinin yaradılması ölkə üzrə uşaq və yeniyetmələrin sağlam həyat tərzinə meyil etməsində, fiziki-mənəvi baxımdan sağlam formalaşmasında böyük rol oynayır

Güclənən Azərbaycanın digər sahələri kimi idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatının daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayıb. Bu gün ölkəmiz böyük quruculuq işlərinin həyata keçirildiyi məkana çevrilib. Paytaxtla yanaşı, hər bir bölgədə bu quruculuq işlərini müşahidə etmək mümkündür. Həmin tikinti-quruculuq işlərinin tərkib hissəsi kimi Azərbaycanda böyük idman infrastrukturu formalaşdırılıb. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu sahənin inkişafının gənc nəslin fiziki-mənəvi inkişafına təsiri ilə bağlı məqamlara toxunacağıq.

 

İdman kütləviləşdirilir

 

Əvvəla onu qeyd edək ki, 40-a yaxın Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək idmançıların ixtiyarına verilməsi dünya miqyasında görünməmiş olaydır. Bölgələrdə, ucqar bölgələrdə müasir idman obeyktlərinin yaradılması həmin bölgənin uşaq və yeniyetmələrinin, gənclərin sağlam həyat tərzinə meyil etməsində böyük rol oynayır. Azərbaycan idmançılarının dünya arenalarında qazandığı uğurlar, idman sahəsinə dövlətin göstərdiyi diqqət və qayğı idmanı cəmiyyət həyatının ən nüfuzlu sahəsinə çevirib. Bu amillər bölgələrdə yaşayan gənc nəslin idmana yönəlməsinə çox müsbət təsir edir. Yəni, dövlətin idman sahəsinin inkişafına göstərdiyi diqqət gənc nəslin bu sahəyə istiqamətlənməsini təmin edir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev idmanı inkişaf etdirmək üçün ilk növbədə idman infrastrukturunun yaradılmasının vacib olduğunun doğru qiymətləndirərək bu sahəyə xüsusi diqqət ayırır. Bu siyasətdə xüsusi məqam isə ondan ibarət oldu ki, dövlət başçısı bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək onun bütün ölkəyə yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Güclü idman bazası həm paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Azərbaycan gəncləri müasir Olimpiya İdman Komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşırlar. Deməli, dövlət başçısının həyata keçirdiyi siyasət idmanın inkişafını, idman, eyni zamanda digər infrastrukturun formalaşdırılmasını, sağlam nəsil yetişdirilməsinin və ümumilikdə Azərbaycanın inkişafını hədəfləyib. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları medallar, Bakının dünyanın idman mərkəzlərindən birinə çevrilməsi dövlət siyasətinin nə qədər doğru olduğunu açıq şəkildə isbat edir. Əslində Azərbaycan bir-birinin ardınca nüfuzlu yarışları, dünyaAvropa birinciliklərini keçirməklə addım-addım Olimpiya Oyunlarına doğru inamla irəliləyir. Ölkəmiz Beynəlxalq Olimpiya Komitəsinin nəzdində potensial namizəd kimi tanınır və Azərbaycanın keçirdiyi nüfuzlu yarışlar bu qurumun da diqqət mərkəzində olur. Beynəlxalq təşkilatlar iddiaçı ölkələrdəki inkişafı, infrastrukturun müasirləşməsini və bunların fonunda dünya və qitə birinciliklərini necə keçirməsini diqqətlə izləyirlər. Bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiyada nəzərdə tutulan bir çox məqamlar da bu sahənin daha da inkişafını nəzərdə tutur. Belə ki, uşaq idmanı, sağlamlıq imkanları məhdud olan insanların və əlillərin idmanla məşğulluğu haqqında yeni qanunlar yaradılacaq. Məqsəd bütün ölkə üzrə uşaq idmanını təşviq etmək, idmanı kütləviləşdirməkdir. Bu isə təbii olaraq gələcək üçün fiziki-mənəvi baxımdan sağlam nəsil yetişdirilməsi deməkdir.

 

2020-ci ilə kimi bütün təhsil müəssisələri idman zalları, üzgüçülük hovuzları və idman meydançaları ilə təmin olunacaq

 

Bədən tərbiyəsi və idmanın inkişafında əsas istiqamətlərdən biri onun infrastrukturunun formalaşdırılması, maddi-texniki bazasının yaradılması, möhkəmləndirilməsi və inkişafı, konkret olaraq yeni inşa ediləcək bədən tərbiyəsi, sağlamlıq, idman obyektləri və qurğularının sayının və ünvanının hər il üçün planlaşdırılması, mövcud olanların isə rekonstruksiyası yolu ilə modernləşdirilməsidir. Milli Strategiya bu məsələlərin səmərəli formada planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üçün bir sıra vəzifələri müəyyənləşdirilib. Belə ki, kütləvi idmanın (o cümlədən sağlamlıq imkanları məhdud olan insanlar və əlillər də nəzərə alınmaqla) infrastrukturunun təhsil müəssisələrində və yaşayış yerlərində inkişafının təmin edilməsi, idarə mənsubiyyətindən, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün idman obyektlərinin dövlət reyestriinformasiya bankının yaradılması, bu obyektlərdən məqsədyönlü istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi, əhalinin idman obyektləri ilə təminatı üzrə yeni dövlət normativlərinin hazırlanması nəzərdə tutulur. Eyni zamanda ərazi vahidlərinin (bələdiyyələrin) idman obyektləri ilə təminatının dövlət standartlarının yaradılması, idman qurğularında idman bölmələrinin yerli əhalinin tələbatına uyğun il boyu fəaliyyətinin təmin edilməsi, yaşayış yerlərində və yeni tikilən yaşayış massivlərində idman şəhərcikləri, bədən tərbiyəsi-sağlamlıq zonaları və digər idmanyönümlü obyektlərin nümunəvi layihələrinin hazırlanması və müvafiq təşkilatlar tərəfindən məcburi qaydada icrasının təmin edilməsi kimi məsələlər həll ediləcək. 2020-ci ilə kimi bütün ümumtəhsil məktəblərində, kolleclərdə aliorta ixtisas təhsil müəssisələrində müasir idman avadanlıqları ilə təchiz edilmiş idman zalları, üzgüçülük hovuzları və idman meydançalarının inşası planlaşdırılır. Yaşayış massivlərində, xüsusən yeni tikilən yaşayış yerlərində uşaq idman şəhərciklərinin, digər idman obyektlərinin planlaşdırılması və inşası, regionların sosial-iqtisadi inkişaf proqramlarında yeni idman qurğularının, xüsusən müvafiq regionlar üçün ənənəvi və prioritet sayılan və dayaq idman növü kimi müəyyən edilmiş idman növləri üzrə təlim-idman bazalarının tikintisinin planlaşdırılması və inşası da nəzərdə tutulur.

Sağlamlıq imkanları məhdud olanların idmanla məşğul olmasına şərait yaradılacaq

Regionlarda inşası nəzərdə tutulmuş sosial-mədəni obyektlərdə, o cümlədən təhsil müəssisələrində, turizm mərkəzlərində, mədəniyyət evlərində, istirahət parklarında, sağlamlıq mərkəzləri və zonalarında, sanatoriya-kurort müəssisələrində idman obyektlərinin və bədən tərbiyəsi və idman yönümlü fəal istirahət güşələrinin planlaşdırılması, yeni inşa edilən yaşayış massivlərində idman şəhərciklərinin məcburi qaydada layihələrə salınmasına və inşasına “Bədən tərbiyəsi və idman haqqında” Qanununa əsasən nail olunması, 2020-ci ilə kimi respublikanın bütün şəhər və rayonlarında müasir Olimpiya komplekslərinin inşa edilməsi, mövcud olan və gələcəkdə inşa ediləcək idman qurğularında, o cümlədən Olimpiya komplekslərində sağlamlıq imkanları məhdud olan insanların bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün imkan və şəraitlərin yaradılması nəzərdə tutulur. Qaçqınlar üçün inşa edilmiş və ediləcək qəsəbələrdə idman obyektlərinin tikintisinin və qaçqın uşaqların istifadələrinə verilməsinin təmin edilməsi, təhsil müəssisələrinin idman qurğularından dərslərdən sonra müvafiq ərazilərdə yerləşən idman təşkilatlarının xüsusən uşaq idman məktəblərinin tələbatlarına uyğun istifadə edə bilmələrinə şərait yaradılması kimi məsələlər həllini tapacaq.

 

Anar Miriyev

 

Palitra. - 2014.-  13 sentyabr.- S. 11.