Xoşbəxt
Yusifzadə haqqında bədii-sənədli film
çəkilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında “Fədakar” adlı ikihissəli bədii-sənədli film çəkilib.
Filmin ssenari müəllifi Eldar İskəndərzadənin verdiyi məlumata görə, X.Yusifzadənin 85 illik yubileyi münasibətilə lentə alınan bu ekran əsəri Dövlət Neft Şirkətinin sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilib. E.İskəndərzadə qeyd edib ki, Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maraqlı hekayətdir. “Fədakar” filmində onun ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi neft daşlarında, Bakı şəhərinin ayrı-ayrı yerlərində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.
Filmdəki
obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov,
əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov,
Əlican Əzizov, Əliqulu Səmədov, Namis
Şirməmmədov, Mirzə Ağazadə, Şamil
Süleymanov, aktyorlardan
Hikmət Rəhimov, Günəş Mehdiyeva,
Könül Şahbazova,
Rauf Hüseynov və
başqaları canlandırırlar. “Fədakar” filmi 2015-ci ilin yanvar ayında, X.Yusifzadənin yubileyi
ərəfəsində tamaşaçılara təqdim ediləcək.
Filmin quruluşçu
rejissoru Vasif Məmmədzadə,
quruluşçu operatoru
Rafiq Quliyev, məsləhətçisi
Xalik Məmmədovdur.
Palitra. -
2014.- 19 sentyabr.- S. 2.