Teatr tamaşaları yeni nəslin mənəvi inkişafına
müsbət təsir edir
Son vaxtlar ölkəmizdə davamlı olaraq müxtəlif beynəlxalq tədbirlər keçirilir. Onların sırasına teatrla bağlı festivallar da daxildir. Həmin festivallarda həm xarici, həm də yerli teatrlarımız iştirak edərək müxtəlif tamaşalar təqdim edirlər. Həmin festival iştirakçıları sırasında tamaşalarda gənc aktyorlarımız rol almaqla yanaşı, eyni zamanda tamaşaçı kimi iştirakçı olurlar. Beləliklə, bu festivallar gənclərimizin mədəniyyətə daha diqqət ayırmasına yardım etməklə onların mənəvi inkişafında böyük rol oynayır.
Sentyabrın 10-da başlayan I Şəki Beynəlxalq Teatr Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi festival «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq keçirilir. Prezidentin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktik konfransların keçirilməsi nəzərdə tutulub.
Proqramın icrasını təmin etmək məqsədilə 2014-cü il 10-19 sentyabr tarixində I Şəki Beynəlxalq Teatr Festivalı keçirilir. Festival çərçivəsində respublikanın 12 sənət ocağı 12 tamaşa ilə çıxış edir. Festivalda həmçinin Kalmıkiya Milli Dram Teatrının (Rusiya Federasiyası) və Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının kollektivləri iştirak edirlər. Tamaşalar Şəki Dövlət Dram Teatrında və şəhərdəki amfiteatrda (yay teatrı) nümayiş olunur.
Festivalda öncə ev sahibi - Şəki Dövlət Dram Teatrı görkəmli dramaturq İlyas Əfəndiyevin «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsini, sentyabrın 11-də isə qonaq kollektiv - Kalmıkiya Milli Dram Teatrı Boris Manciyevin «Mən aktrisayam» əsərini teatrsevərlərə təqdim edib. Festivalın üçüncü günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin «Qızlar, mən gəldim» («Müharibə») tamaşasını nümayiş etdirib. Sentyabrın 13-də növbə əvvəlcə Şəkidədəki amfiteatrda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının «Çanta trio» tamaşası göstərilib. Axşam isə Gəncə Dövlət Dram Teatrı Şəki səhnəsinə çıxıb. Gəncəlilər böyük rus yazıçısı N.V.Qoqolun «Evlənmə» komediyasını oynayıblar. 14 sentyabrda yenidən amfiteatrda Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasını nümayiş etdirib. Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada əsas rollarda aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Əməkdar artist Azad Məmmədov çıxış ediblər. Həmin gün axşam Şəki Dövlət Dram Teatrının binasında daha bir qonaq kollektiv - Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı İran-Qayıpın «Yestay və Korlan» məhəbbət dramını təqdim edib. Əsər qazax dilində oynanılsa da, aktyorların mükəmməl ifası, fonda kölgə teatrı və qum üzərində rəsm texnikasından istifadə tamaşanı daha da mənalandırır, mövzunu daha anlaşıqlı edib. Sentyabrın 15-də N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı italyan dramaturqu E.Filipponun «Ruhlar» əsərini təqdim edib. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi tamaşada əsas rollarda Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Tərlan Abdullayev, Aynur Əhmədova və başqaları çıxış ediblər. İnsanın həyatda öz yerini tapmaq uğrunda mübarizəsini əks etdirən tamaşa anşlaqla keçib.
Sentyabrın 16-da festivalda növbəti kollektiv - Dövlət Pantomima Teatrı «Pantomima buketi» konsert-tamaşası ilə çıxış edib. Tamaşaçılar yumoristik səhnəcikləri, romantik etüdləri maraqla qarşılayıblar. Tamaşaların sonunda iştirakçı kollektivlərə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları təqdim edilib.
Tamaşalara daha çox sayda gəncləri
cəlb etmək vacibdir
I Şəki Beynəlxalq teatr festivalında iştirak edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan Şəkidə keçirilən Beynəlxalq Teatr Festivalında iştirak, yenidən qurulan bu möhtəşəm teatrın səhnəsində Şəki teatrsevərləri qarşısında çıxış etmək öz kollektivləri üçün olduqca əlamətdardır. Festivala görkəmli maarifçi, filosof, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin məşhur “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını gətirdiklərini bildirən teatrın rəhbəri repertuarda görkəmli dramaturqun yaradıcılığına geniş yer ayrıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, mərhum rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi bu tamaşa teatrın repertuarında möhkəm yer tutur. Kollektiv bir müddət əvvəl bu tamaşanı İsveçdə də nümayiş etdirib. İsveç tamaşaçıları Azərbaycan teatr sənətinin bugünkü inkişaf səviyyəsini, M.F.Axundzadənin dramaturji dühasını izləmək imkanı əldə ediblər.
Teatrın gələcək planlarına toxunan İsrafil İsrafilov bildirib ki, Azərbaycan teatr sənətini yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da təbliğ etməyə çalışırlar: “142-ci teatr mövsümünü öz teatrımızda İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri ilə açacağıq. Daha sonra tamaşaçılara Vaqif Səmədoğlunun pyesi əsasında hazırlanan “Generalın son əmri” tamaşasını təqdim edəcəyik. Oktyabrın 1-dən 5-dək Gürcüstanda, 11-dən 14-dək isə Albaniyada keçiriləcək beynəlxalq teatr festivallarında iştirak edəcəyik. Xarici səfərlərimiz başa çatdıqdan sonra teatrımız Bakıda keçiriləcək ənənəvi III Beynəlxalq teatr forumu və konfransına hazırlıq işlərinə başlayacaq. Bu tədbirdə dünyanın bir neçə qitəsini təmsil edən teatr kollektivlərini qəbul edəcəyik”. O da vurğulanıb ki, bu tamaşalar teatrsevərlər, o cümlədən yeni nəsil üçün mühüm əhəmiyyət kəsb edir ki, bu da onların mənəvi inkişafına müsbət təsir edir. Qeyd edilib ki, tamaşalara daha çox sayda gəncləri cəlb etmək, onlara vətənpərvərliyi, milli-mənəvi dəyərlərimizi aşılamaq vacibdir.
“Tamaşada bu qədər
tamaşaçını, uşaqları, gəncləri
görmək məndə böyük sevinc hissi yaradıb”
I Şəki Beynəlxalq teatr festivalında iştirak edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov isə bildirib ki, Şəkidə Beynəlxalq teatr festivalının keçirilməsi çox əlamətdar hadisədir: “Bir şəkili kimi, bundan qürur duyuram. Bu günlər Şəkidə çox gözəl ab-hava var, hər tərəf qaynayır. Şəhər sakinlərinin sevincini yaxşı başa düşürük. Onlar televiziya ekranlarından izlədikləri aktyorları indi canlı görürlər, tamaşalarını seyr edirlər. Bütün bunlar sakinlərdə xoş əhval-ruhiyyə yaradır. Bildirib ki, kollektivimiz festivalda Şəki tamaşaçılarına “Çanta trio” tamaşasını təqdim edib.
Tamaşaçıların çox fəal olduqlarını bildirən baş rejissor daha sonra deyib: “Şəki qədim zamanlardan da çox teatral bir şəhər olub. Bu şəhərin hər bir küçəsi, məhəlləsi, şəkililərin ləhcəsi, danışığı özü bir teatrdır. Şəki tamaşaçısı qarşısında çıxış etmək çox məsuliyyətli bir işdir. Zalda bu qədər tamaşaçını, uşaqları, gəncləri görmək məndə böyük sevinc hissi yaradıb. Çünki tamaşaçı nə qədər çox olarsa, aktyor da bir o qədər həvəslə oynayar”. Teatrın baş rejissoru bildirib ki, yaradıcı kollektiv bu tamaşanı ilk dəfə Hindistanın Nyu Dehli şəhərində keçirilən “İşara” Beynəlxalq kukla teatrları festivalında nümayiş etdirib. Daha sonra teatr bu tamaşa ilə Kurqanda keçirilən beynəlxalq festivalda iştirak edib. Şəki festivalından sonra isə yaradıcı kollektiv “Çanta trio” tamaşasını Misirdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdirəcək. Qeyd edək ki, bu gün Şəkidə təşkil olunan I Şəki Beynəlxalq Teatr Festivalı başa çatır.
Nigar Abdullayeva
Palitra. -
2014.- 19 sentyabr.- S. 11.