Ankarada “Qarabağda
üç nəslin bir
soyqırımı” mövzusunda sərgi
açılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi açılıb.
Sərginin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, TÜRKSAM-ın rəhbəri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğan, dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, şəhər ictimaiyyətinin tanınmış simaları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.
Cəmil Çiçək sərginin “Xatirə kitabı”nda Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıb.
Səfirlikdən bildiriblər ki, sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəl və sonrakı vəziyyətini əks etdirən fotostendlər qurulub, digər əyani vəsaitlər nümayiş etdirilir. Sərgi iştirakçılarına Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanılıb.
Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur.
Sentyabrın 20-dək davam edəcək sərgi çərçivəsində mövzu ilə bağlı elmi konfransın təşkili də nəzərdə tutulub.
Tural
Palitra. -
2014.- 19 sentyabr.- S. 7.